"Müxalifət qüvvələri pərakəndə haldadır"
- Tahir bəy, ölkədəki ictimai-siyasi vəziyyəti necə xarakterizə edərdiniz?
- Parlament seçkiləri ilidir. Bu il də bütün dövlətlər, o cümlədən, Azərbaycan üçün də ən mühüm olan sabitliklə xarakterizə olunur. Ölkədə sabitlik var, bütün makroiqtisadi, xarici siyasətdə nailiyyətlər əldə olunub. Sosial proqramlar həyata keçirilir. Ölkədə ictimai-siyasi qüvvələr aydın şəkildə görünür. Yeni Azərbaycan Partiyası iqtidaryönlü partiyalarla birlikdə Prezidentin kursunu dəstəkləyir. Müxalifət qüvvələri isə, pərakəndə haldadır. Elə bir vəziyyətdədirlər ki, hətta öz aralarında birləşə bilmirlər. Belə olan halda, elə indidən görünür ki, hakim partiyanın qələbə qazanacağı şəksizdir. Artıq Mərkəzi Seçki Komissiyası seçkilərin siyahısını yoxlamağa başlayıb. Yəni, bir növ artıq hardasa seçkilərə hazırlıq gedir. Düşünürəm ki, bütün bunların hamısı müsbət haldır. Əlbəttə, ermənilərin təcavüzü davam edir. Bu da Azərbaycana öz təsirini göstərir. Yeniləşdirilmiş Madrid prinsipini Azərbaycan tərəfinin qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi bunu uzadır. Ancaq hər halda, bu, onu göstərir ki, cənab Prezidentin xarici siyasəti uğur qazanıb
- Müxalifət düşərgəsində əmsil olunan partiyalar hazırkı mərhələdə guya Azərbaycanda ictimai-siyasi sabitliyin kövrək olduğunu və bu kimi iddialarla çıxış edir. Opponentlərinizin bu cür mövqeyini və münasibətini necə şərh edərdiniz?
- Bilirsiniz, birmənalı şəkildə deyərdim ki, Seçki Məcəlləsi kifayət qədər hazırkı qüvvələr nisbətinə cavab verir. Müxalifət köhnə bayatı oxuyur, nostalji hisslər keçirir. Onlar nə vaxtsa qüvvədə olanda seçki komissiyalarının tərkibinin dəyişilməsini irəli sürüb. İndi heç kim danışa bilmir. Çünki onun artıq qüvvəsi yoxdur. Gərək paritet qüvvələr nisbəti ola ki, paritet komissiyalarda təmsilçilik iddiasında olasan! Bu olmayandan sonra seçki komissiyaları dəyişdirilə, Seçki Məcəlləsində dəyişiklik oluna bilər. Düşünürəm ki, Seçki Məcəlləsinə dəyişilməsinə ehtiyac yoxdur. Bəlkə də ən düzgün şəkildə indiki qüvvələr nisbətini əks etdirir. Seçki ilində Seçki Məcəlləsi ilə dürüst-doğru seçki keçirmək mümkündür. Ona görə də, onların fikri obyektiv deyil. O ki qaldı ölkədə siyasi sabitliyin kövrək olmasına, bu yalandır, illüziyadır. Avropa Şurasının Prezidentin son əfv fərmanını qiymətləndirməsi onu göstərir ki, beynəlxalq qüvvələr ölkədəki qüvvələr nisbətini dəyərincə qiymətləndirir. Hesab edirəm ki, müxalifətin şansının olmaması bu cür iddiaların səslənməsinə səbəbdir.
- Hazırkı mərhələdə müxalifətin parlament seçkilərinə pərakəndə və dağınıq halda getməsi hansı fikri deməyə əsas verir? Onlar bu seçkilərdə hər hansı bir uğur əldə etmək imkanları varmı?
- Tutaq ki, nəzəri şəkildə müxalifət birləşdi. Hansı güclər birləşib vahid qüvvə yaradıb ki, parlamentdə təmsil olunma iddiasında da olsun?! Belə bir güc yoxdur. Ona görə də, müxalifət əvvəlcədən bu pərakəndəliyi bilir. Onlar birləşə bilmir, bir-birilərinə qarşı ittihamlar irəli sürürlər. Bunların da səbəbləri məlumdur. Birincisi, müxalifət liderləri özlərinin liderlik ambisiyaları var. Heç biri ikinci olmaq istəmir. Ona görə də, birləşə bilmir. İkincisi, elə sözlərlə bir-birilərinə qarşı ittihamlar səsləndirir, təhqir edirlər ki, onların birləşmələri də mümkün deyil. Yəni, aralarında səmimiyyət yoxdur. Səmimiyyət olmadığına görə, onların birliyi uğurlu alına bilməz. Ola bilər ki, bir neçə blok yaransın. Amma onlarda da güc faktoru kimi iştirak edib, müvəffəqiyyət qazanmaq şansları yoxdur. Buna görə də, əvvəlcədən uduzacaqlarını bilirlər və bu səbəbdən də, sapan çöpündən yapışan kimi bu cür ittihamlar irəli sürüb, özlərinə bəraət qazanmaq istəyirlər.
- Dediniz ki, müxalifət birləşə bilmir. Onlar qurum, blok yaratmaq ideyaları ilə çıxış edirlər. Bəs onda bu blok və qurum yaratmaq istəkləri nədən qaynaqlanır?
- Bunlara qarşı xarici havadarları tərəfindən ittihamlar səslənir ki, birləşə bilmirsiniz. Bunlar da sosial baza əldə etmək üçün görüntü yaratmaq istəyirlər. Guya ki, birlik arzulayır, birlik vasitəsilə nəyəsə nail olmaq üçün can atırlar. Bu, mümkün deyil. Ona görə də, görüntü yaratmaq istəyirlər ki, gələcəkdəki ittihamlarına don geyindirsinlər, bəraət qazandırsınlar. Yəni, bizim birliyimiz var idi, amma bizə imkan vermədilər.