"Uğurlu iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təməlini qoyur"
- Eldar müəllim, dünyada hökm sürən iqtisadi böhran fonunda Azərbaycanın iqtisadi göstəricilərini necə qiymətləndirirsiniz?
- Azərbaycan dünyada iqtisadi və maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, bu böhrandan ən az zərər çəkən ölkə oldu. İqtisadiyyatın dinamik inkişafını, əvvəlki illərdə olduğu kimi, təmin edilib və regionda öz liderlik mövqeyini saxlayıb. Ümumi daxili məhsulun (ÜDM) həcmi dünyanın inkişaf etmiş ölkələrində 3,3 faiz aşağı düşdüyü halda Azərbaycanda 9,3 faiz artıb. Əldə edilən bu yüksək nailiyyət, hər şeydən əvvəl, bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilən liberal iqtisadi siyasət strategiyası ilə əlaqədardır. Ölkəmizdə davamlı sosial- iqtisadi inkişafa və dayanaqlı cəmiyyətin formalaşmasına yönəlmiş bu məqsədyönlü və ardıcıl iqtisadi siyasətin aparılması Azərbaycan iqtisadiyyatının gələcəkdə də dinamik inkişafının təməlini qoyur. Belə ki, hələ də davam edən qlobal iqtisadi böhran dünyanın əksər ölkələrində iqtisadiyyata sarsıdıcı təsir etsə də, Azərbaycanda həm neft və həm də qeyri - neft sektorunda artım qeydə alınıb. Çox sevindirici haldır ki, regionlarda yeni istehsal və emal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi minlərlə iş yerinin açılmasına, yeni malların istehsalına və məhsulların çeşidinin genişlənməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, 2009-cu ildə ÜDM-nin 15,7 milyard manatı və ya 45,4 faizi qeyri-neft sahələrinin payına düşüb. Göründüyü kimi, bu sahə də son illər dinamik inkişaf edir və neft sektoru (47 faiz) ilə olan fərq aradan qaldırılır. Bu isə, o deməkdir ki, bəzilərinin iddia etdiyi kimi hökumət yalnız neft sektoruna yox, eyni zamanda, qeyri- neft sektoruna da diqqət və qayğı ilə yanaşır. Əldə edilən bu uğurlar bir daha sübut edir ki, dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının tarazlı inkişafı üçün lazım olan bütün tədbirlər görülür. Böhran ili olmasına baxmayaraq, ölkəmizdə həyata keçirilən sistemli tədbirlər sayəsində yoxsulluğun səviyyəsi 2,2 faiz bəndi azalaraq 11 faizə endirilib. Orta aylıq əmək haqqı 8,6 faiz artaraq, 298 manat təşkil edib. Bu da ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin sosial ədalət prinsipinə əsaslandığını göstərir.
- Kənd təsərrüfatında görülən işlər barədə nə deyə bilərsiniz?
- 2009-cu il kənd təsərrüfatı üçün də uğurlu il olub. Ölkə başçısının imzaladığı fərman və sərəncamlara əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən verilən subsidiyalar və güzəştlər, təsdiq edilmiş müxtəlif məqsədli proqramların yerinə yetirilməsi üçün həyata keçirilən silsilə tədbirlər kənd təsərrüfatı istehsalının maddi və texniki bazasını möhkəmləndirilib. Eyni zamanda, sahibkarların marağını artırıb. Əvəlki illərdə olduğu kimi, keçən ildə də bu sahədə dinamik inkişaf olub. Kənd təsərrüfatında yaranan əlavə dəyərin real artımı 2008- ci ilə nisbətən 3,5 faiz artaraq 2,3 milyard manat təşkil edib. ÜDM-nin 6,7 faizi ( 2008- ci ildə 5,8 faiz) kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatının payına düşüb. Hesabat ilində bir çox kənd təsərrüfatı məhsullarının, o cümlədən, meyvə, üzüm, çay yarpağı, bostan, bütün növ heyvandarlıq məhsullarının istehsalı artıb. Taxıl istehsalında isə, ölkəmizdə misli görünməmiş artım qeyd edilib. Belə ki, onun həcmi 3 milyon tona çatdırılaraq, ölkəmizin tarixində ən yüksək- rekord göstəriciyə nail olunub. Əlbəttə ki, bütün bu yüksək göstəricilər respublika hökumətinin həyata keçirdiyi iqtisadi islahatların və inkişaf strategiyasının məntiqi nəticəsidir.
- Ölkəmizdə aqrar sektorun hazırkı durumunu necə qiymətləndirirsiniz? "Pambıqçılıq haqqında" qanunun qəbulu bu sahənin inkişafına nə kimi təsiri olacaq?
- Hökumət keçən il "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasını təmin etmək üçün Dövlət Taxıl Fondunun formalaşması və fəaliyyəti, dövlət qış otlaqlarının və suvarılan torpaqların inventarlaşdırılması və digər istiqamətlərdə konkret tədbirlər həyata keçirib. 2009- cu ildə aqrar sahənin kreditləşdirilməsi davam etdirilmiş və bu məqsədlə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 10,9 milyon manatdan çox mikrokredit, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına quşçuluğun inkişafı, ət, süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin yaradılması ilə bağlı 19 sahibkarlıq subyektinə 31,8 milyon manat güzəştli kredit ayrılıb. Meliorasiya və irriqasiya işlərinin yerinə yetirilməsi, baytarlıq və fitosanitar tədbirlərin həyata keçirilməsi və digər məsələlər də hökumətin diqqətində olmuş və lazımi işlər görülüb. Ölkəmizin iqtisadi inkişafında özünəməxsus xüsusi yeri olan, ÜMD-nin formalaşmasında və əhalinin yerli istehsal hesabına ərzaqla təmin edilməsində böyük təsiri olan aqrar bölmənin aşağıdakı məsələlərinə 2010-cu ildə hökumətin diqqət və qayğı göstərməsini məqsədə müvafiq hesab edirəm. Belə ki, aqrar bölmənin yüksək ixtisaslı mütəxəssislərlə təminatı sahəsində son vaxtlar baş verən əsaslı müsbət dəyişikliklərə baxmayaraq, aparılan rəsmi sorğular kənd təsərrüfatı mütəxəssislərinə kəskin ehtiyac olduğunu göstərir. Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarını ən çox narahat edən məsələ istehsal edilən məhsulların vaxtında satışının təşkilidir. Bu sahədə müəyyən tədbirlər- soyuducu anbarların tikilməsi təqdirəlayiqdir. Eyni zamanda, şəhərlərdə bir neçə yerdə kənd təsərrüfatı məhsullarının satışı bazarlarının təşkili işinə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr də cəlb edilməlidir. Azərbaycanın təbii- iqlim və torpaq şəraiti bir çox strateji kənd təsərrüfatı məhsullarının, o cümlədən, pambıqçılığın inkişafı üçün əlverişli olduğundan hökumətin bu sahəyə xüsusi diqqət və dəstək göstərməsi məqsədəmüvafiq olardı. Çünki pambıq təkcə yüngül sənayenin yox, həm də yeyinti, səhiyyə və hərbi sənayeni xammalla təmin edir, onun gövdəsindən mebel və digər məişət malları istehsal olunur, habelə, odun kimi istifadə edilir. Apardığımız adi bir hesablama onu göstərir ki, 300 min ton pambıq istehsal edib onun təkcə mahlıcını son hazır məhsula (paltar) kimi ölkəmizdə emal etsək, 1,5 milyard manat əlavə dəyər yaratmaqla ümumi daxili məhsulu xeyli artıra bilərik. Bunun üçün respublikamızda pambıq paltarlar istehsalının təşkili məqsədilə hökumət əyiricilik, toxuculuq və tikiş müəssisələrinin yaradılması ilə məşğul olmalıdır. Dövlət başçısı respublikamızda istehsalı mümkün olan məhsulların idxalına son qoymağı və yerli istehsalatı təşkil etməyi hökumətin qarşısında bir vəzifə olaraq qoyub. Hesab edirik ki, pambıqçılıq üçün əlverişli şəraiti və ənənəsi olan rayonlarımızda pambıq əkilsə, bu, həm ölkə iqtisadiyyatına və həm də sahibkarlara böyük fayda verərdi. Ona görə də bizim komitənin üzvləri "Pambıqçılıq haqqında" qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim etmişdir. Şübhə etmirik ki, qanunun qəbulu və hökumətin dəstəyi ilə strateji əhəmiyyət kəsb edən pambıqçılıq ölkəmizdə inkişaf edəcəkdir.Qloballaşan dünya iqtisadiyyatına inteqrasiyada əsas amillərdən biri olan rəqabətə davamlı məhsullar istehsal etmək üçün innovasiyalı texnika və texnologiyalardan istifadə olunmasıdır. Bu məqsədlə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına ehtiyac vardır. Hökumət pambıqçılığın inkişafı və kənd təsərrüfatı kooperativlərinin yaradılması üçün təsirli tədbirlər görəcək.