PDF Oxu

Müsahibə

  • 5

Əflatun Amaşov: "Mətbuat Şurası səlahiyyətlərinin artırılması ilə bağlı ölkə rəhbərliyinə və parlamentə müraciət etməyi nəzərdə tutur"

Əflatun Amaşov: "Mətbuat Şurası səlahiyyətlərinin artırılması ilə bağlı ölkə rəhbərliyinə və parlamentə müraciət etməyi nəzərdə tutur"
- Əflatun müəllim, artıq Mətbuat Şurasının 7 illik tarixi var. Ölkəmizdə belə bir Şuranın yaradılması hansı zərurətlərdən irəli gəlib?
- Mətbuat Şurası Azərbaycan üçün tamamilə yeni bir model idi. Nəinki Azərbaycan, hətta MDB ölkələri üçün belə bir qurumun yaradılması əsl yenilik oldu. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi bağlandı. Artıq cəmiyyətdə mətbuatla hakimiyyət, mətbuatla ictimaiyyət arasında müəyyən boşluqlar yarandı. Düzdür, bu vaxta qədər Azərbaycanda çoxsaylı jurnalist təşkilatları var idi. Ancaq onlar ayrı-ayrı istiqamətdə fəaliyyət göstərirdilər. O zaman Mətbuat Şurasının yaradılmasına böyük ehtiyac var idi. Beləliklə, 2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurası yaradıldı. Mətbuatla hakimiyyət, mətbuatla ictimaiyyət arasında münasibətlərin tənzimlənməsində bu model MDB məkanında ilk model kimi özünü doğrultdu.
- Bir qurum rəhbəri olaraq siz, Mətbuat Şurasının bu neçə illik fəaliyyətini necə qiymətləndirirsiz?
- Biz Mətbuat Şurasının 5 illik fəaliyyəti ilə bağlı Bakıda Beynəlxalq konfrans keçirdik. Azərbaycanda Mətbuat Şurasının keçdiyi yolu orada təhlil etdik. Konfransa Avropanın bir sıra ölkələrindən, MDB məkanına daxil olan ölkələrindən eksperlər dəvət etdik və Mətbuat Şurasının bu modeli əsas model kimi qəbul olundu. Azərbaycandan kənarda, digər ölkələrdə Mətbuat Şuraları yaradılarkən Azərbaycan Mətbuat Şurasının modeli əsas götürülür. Qırğızıstanda və digər ölkələrdə Mətbuat Şurası Azərbaycan Mətbuat Şurasının modeli əsasında yaradılıb və tətbiq olunub.
- Mətbuat Şurasının əsas missiyası nədən ibarətdir?
- Mətbuat Şurasının əsas missiyası mətbuatla ictimaiyyət, mətbuatla hakimiyyət arasında problemləri həll etməkdən ibarətdir. Şura yaradılandan indiyə kimi bizim quruma 12 mindən çox şikayət daxil olub. Azərbaycan Mətbuat Şurası təqribən 5 minə yaxın vətəndaşın şikayətini özünün komissiyalarında, İdarə Heyətində baxıb və qərarlar çıxarıb. İndi təsəvvür edin ki, əgər həmin şikayətlər birbaşa məhkəməyə yönəlsəydi, hazırda məhkəmələrdə jurnalistlərlə bağlı baxılan məsələlərin sayı-hesabı olmazdı.
- Bundan sonra Şuranın fəaliyyətində hansısa dəyişikliklər nəzərdə tutulurmu?
- Biz Şuranın 7 illik fəaliyyətini bir daha nəzərdən keçirdik və belə qərara gəldik ki, Şuranın fəaliyyətinin səmərəliliyi daha da artırılmalıdır. Ona görə də biz ATƏT-in Bakı ofisi ilə ilin sonuna qədər böyük bir layihə üzərində işləmək qərarına gəlmişik. Birgə fəaliyyət nəticəsində jurnalistlərin peşə davranışları qaydaları xarici ekspertlər tərəfindən yenidən hazırlanacaq. Hazırlandıqdan sonra sənəd həm Şura üzvü olan Kütləvi İnformasiya Vasitələri, həm də ölkəmizdə fəaliyyət göstərən bütün media qurumlarının rəhbərləri tərəfindən imzalanacaq. Bundan əlavə, Şura "Diffomasiya haqqında" qanun layihəsini hazırlayıb ilin sonunadək parlamentə təqdim edəcək. Biz istəyirik ki Mətbuat Şurası bundan sonra da mətbuatla ictimaiyyət, mətbuatla hakimiyyət arasında münasibətlərdə boşluqları doldursun.
- Əflatun müəllim, Mətbuat Şurası ölkə jurnalistikasında olan problemlərinin həllinə hansı prizmadan yanaşır, onların inkişafına daha çox hansı tərəfdən yardım etməyə səy göstərir?
- Mətbuat Şurası Azərbaycan mətbuatının bir nömrəli problemi olaraq KİV-in iqtisadi durumunu önə çəkir. Artıq iki ildən çox bir müddətdə KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyasını işləmişik və həmin konsepsiya Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Fondun yaradılmasında Mətbuat Şurası ikinci olaraq çalışıb, Fondun Müşahidə Şurasının formalaşmasında özünün namizədlərini verib. Indiki şəraitdə biz reklam bazarının inkişafında, jurnalistlərin peşəkarlığının artırılmasında və digər məsələlərdə görürük ki, Azərbaycan jurnalistikası üzərinə götürülən lokomotiv missiyasını uğurla həyata keçirə bilmir. Lakin buna baxmayaraq, Mətbuat Şurası demək olar ki, qarşıya qoyduğu bütün məsələləri həll etməyə çalışır. Məsələn, 2009-cu ildə reketçiliklə bağlı mübarizə elan etmişdi. Bu müddətdə 100-ə yaxın etik normalara əməl etməyən, mütəmadi olaraq prinsipləri pozan KİV-lər qara siyahıya salınıb. Biz düşünürdük ki, bu məsələ ilə bağlı bu ilin sonunadək bütün problemləri yekunlaşdıraq. Lakin çox təəssüf ki, obyektiv və subyektiv səbəblərdən hələki bu problem özünün həllini tapmayıb. Eyni zamanda, biz onunda tərəfdarıyıq ki, ölkəmizdə jurnalistlər özlərinin yazılarına görə, hüquq mühafizə orqanları tərəfindən tənbeh olunmasınlar, həbs olunmasınlar. Bütün bu problemlər Mətbuat Şurası tərəfindən həyata keçirilsin. Hazırda bu problemlərin heç biri Mətbaut Şurasından asılı deyil. Lakin Şura öz missiyasından kənarda bu məsələlərlə də məşğuldur.
- Mətbuat Şurasının öhdəliklərində və ya səlahiyyətlərində hər hansı bir dəyişikliklər ediləcəkmi və bu dəyişikliklər özündə nələri ehtiva edəcək?
- Bu dəyişiklik ondan ibarət ola bilər ki, mətbuatla ictimaiyyət arasında olan problemləri maneəsiz həll etmək imkanımız olsun. Bizə daxil olan şikayətləri müəyyən mərhələsinə qədər deyil, daha səmərəli həll edə bilək. Hal-hazırda bununla bağlı biz mexanizm hazırlamaq haqqında düşünürük. Mexanizmə əsasən KİV haqqında bütün problemlər birbaşa Mətbuat Şurasına aid olsun. Əlavə səalhiyyətlər gəldikdə isə Mətbuat Şurası bu məsələ ilə əlaqədar idarə heyətində müzakirələr aparıb. Ola bilsin ki, Mətbuat Şurası özünün öhdəlikləri və səlahiyyətlər saxlanmaqla bərabər verdiyi qərarların hüququ gücə malik olması ilə bağlı parlamentə, ölkə rəhbərliyinə Mətbuat Şurası ilə bağlı qanunun vacibliyi ilə əlaqədar müraciət ünvanlasın. Hal-hazırda bu gündəmdə olan bir məsələdir.

Digər xəbərlər