Bəybala Əbil: "Müxalifət düşərgəsində Rusiya və İran maraqlarına xidmət edən partiyalar var"
- Müsavat partiyası, AXCP (i) və "KXCP"-nin birgə gizli toplantı keçirdikləri bildirilir. Hətta o da qeyd olunur ki, bu toplantı hansısa xarici qüvvənin tapşırığı ilə həyata keçirilib? Həqiqətən, belə bir toplantı baş tutubmu?
- "KXCP" heç bir partiya və təşkilatla gizli görüş keçirmir. Növbəti parlament seçkiləri ərəfəsində olduğumuza görə, bəzi müxalifət partiyaları ilə görüşlər keçiririk. Hətta bu istiqamətdəki görüşlərimiz keçən ildən start götürüb. Sualınızda qeyd etdiyiniz toplantının isə "KXCP"-yə aidiyyatı yoxdur. Bizim bu cür tədbirlərdə iştirak etməyə ehtiyacımız yoxdur.
- Bəybala bəy, ümumiyyətlə, belə bir toplantı keçirilibmi?
- Xeyr, belə bir toplantı keçirilməyib. Amma partiya rəhbərləri arasında daim görüşlər keçirilir və seçki prosesi ilə bağlı müəyyən müzakirələr aparılır.
- Mətbuat orqanlarında həmin toplantının, həqiqətən, baş tutduğu və onun məhz Amerikadakı anti-Azərbaycan qüvvələr tərəfindən təşkil olunduğu haqqında konkret yazılar dərc olunur. Bu barədə nə deyə bilərsiniz?
- Məgər Azərbaycanın hər hansı partiya və təşkilatı istənilən müzakirə ətrafında görüş və ya tədbir keçirə bilməzmi? Mütləq həmin tədbirlər müəyyən qüvvələrlə əlaqələndirilməlidir? Bu, məsələyə bu aspektdən yanaşanların öz problemidir.
- Bəs, demək olarmı ki, "KXCP" sədri Mirmahmud Fəttayevin müxalifətin birliyini yaratmaq səyləri iflasa uğrayıb?
- Mən belə düşünmürəm. Burada müxalifətin ümumi birliyindən söhbət getmir. Əsas məsələ müxalifət partiyalarının seçkilərə birgə qoşulması təklifidir. Mirmahmud Fəttayev də bu təşəbbüslə çıxış edib. Ümidvaram ki, təşəbbüs öz müsbət nəticəsini verəcək. Mətbuatın nə yazmasından asılı olmayaraq, bu istiqamətdə müzakirələr davam edir.
- Əldə etdiyimiz məlumatlara görə, "Azadlıq" bloku bu təklifə rədd cavabı verib?
- Xeyr, "Azadlıq" bloku bu təklifə rədd cavabı verməyib. Sadəcə olaraq, təklifdə nəzərdə tutulan hansısa formatı qəbul etmir. Seçki ili yeni başlayıb və müzakirələr hələ davam edir. Hesab edirəm ki, "Azadlıq" bloku, Müsavat və digər partiyalar bir araya gələcəklər.
- Necə düşünürsünüz, "Azadlıq" bloku ilə Müsavat partiyası bu məsələ ətrafında ortaq mövqeyə gələ biləcəklər?
- Faktiki olaraq, bu istiqamətdə müzakirələr gedir. Nəticə yaxın gələcəkdə məlum olacaq.
- Mirmahmud Fəttayevin müxalifətin birgə fəaliyyəti istiqamətindəki səyləri fonunda "KXCP"-yə yaxın mətubat orqanın da Lalə Hacıyeva haqqında "Madam" ləqəbli "KQB" agenti" adlı məqalə dərc olundu. Bu ziddiyyətli məqamı nə ilə izah etmək olar?
- Həmin qəzet müstəqil bir qəzetdir. O nə "KXCP"-yə, nə də ki, Mirmahmud Fəttayevə mənsubdur. Məqaləni yazan şəxs, sadəcə, sıravi "KXCP" üzvüdür. Həmin yazıda Lalə xanımın konkret adı çəkilməyib. Həmin qəzet materialı internetdən götürülüb və düzgün qəbul olunmayıb. Hər iki tərəf başa düşməlidir ki, bu azad mətbuatın ifadə etdiyi fikirdir. Yəqin ki, bu məsələdə tərəflər arasında barışıq elan olunar.
- Yəni, siz deyirsiniz ki, Lalə Hacıyeva bu məsələdə dözümsüzlük nümayiş etdirdi?
- Lalə xanım yox, sadəcə, onun ətrafındakılar dözümsüzlük göstərdi. Məncə, bu, artıq iş idi.
- Ətrafındakılar dedikdə, Əvəz Temirxanı nəzərdə tutursunuz?
- Onu və digərlərini nəzərdə tuturam.
- Bəybala bəy, Müsavat partiyası müxaləfətin birliyini pozmağa yönələn müəyyən addımlar atdı. Məsələn, partiya başqanı İsa Qəmbərov müxalifət partiyalarını Rusiyaya, İrana və s. ölkələrə işləməkdə günahlandırdı. Onun ittihamları ilə nə dərəcədə razılaşırsınız?
- O fikirlərini müəyyən arqumentlərə əsaslanaraq söyləyir. Bu, heç də sağlam müxalifətin parçalanması kimi başa düşülməməlidir. Əksinə, bu fikirlər sağlam müxalifət partiyalarının birləşdirilməsi üçün atılan addım kimi qiymətləndirilməlidir.
- İsa Qəmbərov fikirlərini arqumentlərə əsaslanaraq söyləyirsə, onda belə çıxır ki, həqiqətən də, müxalifət partiyaları ayrı-ayrı xarici dövlətlərin maraqlarına xidmət edir?
- Bəli. Azərbaycanın siyasi səhnəsində Rusiya və İranın maraqlarından çıxış edən partiyalar daim mövcud olub. Bu tendensiyanı 1989-1990-cı illərdən bu günə kimi müşahidə etmək olar. Bu gün də bu cür qüvvələr fəaliyyət göstərir və onlar aydın şəkildə hiss olunur. Bu baxımdan, Müsavat başqanının fikirlərini təbii qəbul edirəm. Hesab edirəm ki, onun fikirləri ciddi arqumentlərə əsaslanır.
- Əgər İsa Qəmbərovun fikirləri ciddi arqumentlərə söykənirsə, onda nə üçün o, həmin faktları hüquq-mühafizə orqanlarına təqdim etmir? Sizcə, bu daha məqsədəuyğun olmazdımı?
- Bu, onun öz problemidir. Özü nə istəyirsə, onu da edir. Bu, onun haqqıdır və haqqını da bu cür həyata keçirir.
- Müxalifət partiyaları arasında seçkilərə birgə qatılmaqla bağlı hər hansı razılıq əldə olunmasa, "KXCP" seçkilərə hansı formatda qatılacaq?
- "KXCP" "Demokratiya Uğrunda İttifaq" adlı 5 siyasi partiyanın daxil olduğu qurumda təmsil olunur. Böyük ehtimalla partiyamız seçkilərdə həmin qurum çərçivəsində iştirak edəcək.