PDF Oxu

Müsahibə

  • 9

"Ermənistana təzyiqlər daha da artacaq"

"Ermənistana təzyiqlər daha da artacaq"

- Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün birgə fəaliyyət göstərməklə bağlı bəyanat veriblər. Sizcə, bu bəyanat reallığı əks etdirirmi?

- Fransanın son dövrlərdə bu məsələ ətrafında müəyyən fəallıq özünü göstərməkdədir. Bir tərəfdən də, onlar hiss edirlər ki, Rusiyanın son dönəmlərdə Cənubi Qafqazda fəallaşması onların bir sıra maraqlarına xələl gətirir. Fransa həm də Avropa Birliyi çərçivəsində müəyyən təzyiq vasitələrinə malik dövlət kimi öz maraqlarını təmin etmək üçün addımlar atmağa başlayıb. Keçmiş dövrdə Fransa özünü bu proseslərə bir o qədər də bağlı göstərmir və müəyyən neytrallıq statusunu saxlayırdı. Heç şübhəsiz ki, Azərbaycan-Fransa münasibətləri kontekstində məsələ bu dərəcəyə gəlib çatmamışdı. Çünki ilk illərdə Fransanın birtərəfli mövqe sərgiləməsi fonunda Azərbaycanın dövlət rəhbərliyi bu ölkənin mövqelərinin ədalətli müstəviyə çıxarılması üçün çox ciddi diplomatik səylər göstərmiş oldu. Nəticə isə hal-hazırda ondan ibarətdir ki, Fransa son aylar Ermənistanın siyasi rəhbərliyində fəaliyyət göstərən şəxsləri qəbul etməklə, bu yöndəki müxtəlif planlarını məsləhətləşmələr adı altında gündəmə gətirir. Yəqin ki, yaxın vaxtlarda Fransada prezidentlər səviyyəsində görüşlər keçirilə, eyni zamanda, adıçəkilən ölkənin aktivliyi nəticəsində, danışıqların yeni detalları, tezisləri və prinsipləri də ortalığa çıxa bilər. Təşəbbüskarlığın Rusiyadan Amerikaya, ABŞ-dan Fransaya keçməsi ilə Dağlıq Qarabağ məsələsi mahiyyət etibar ilə böyük həmsədrlər arasında dolaşmaqda davam edəcəkdir. Dağlıq Qarabağ məsələsi, sanki Rusiya, Amerika və Fransa arasındakı bir savaş mövzusuna çevrilmişdir. Ona görə də, belə hesab edirəm ki, biz Fransanın bu fəallaşmasını nə böyük ruh yüksəkliyi ilə, nə də son dərəcədə böyük pessimizmlə qarşılamamalıyıq. Bu ölkə rəsmilərinin Azərbaycanla da fəal işləmələrə hazırlığını, bizim dövlət başçısının, o cümlədən, xarici işlər nazirinin səfərləri zamanı da dilə gətiriblər. Görünür, Fransa belə bir kursu seçməyə çalışır ki, dövlət siyasətinin bütün gücünü Ermənistanı dəstəkləməyə sərf etməsin.

-Son zamanlar ərzində RF Dağlıq Qarabağ münaqişəsinin həllində özünün maraqlı olduğunu göstərir. Adıçəkilən ölkə münaqişənin həllində göstərdiyi səylərdə nə qədər səmimidir?

- Ümumiyyətlə, böyük dövlətlərin siyasətində səmimiyyət axtarmaq doğru olmazdı. Regionda mövqelərini möhkəmləndirən Rusiyanın indiki gerçəklikdə Dağlıq Qarabağla bağlı siyasətində səmimi davranışlar göstərməsi mümkün deyil. Yəni RF-nin bu məsələdə səmimi olması üçün müsbət şərait yaranmayıb. Elə siyasət formalaşmayıb ki, onun əsasında adıçəkilən ölkə Cənubi Qafqaz ölkələri ilə normal, bərabər əməkdaşlıq siyasəti aparsın. Əgər, rəsmi Moskva Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünü tanıyıb, bu ölkələrlə normal iqtisad və siyasi münasibətlər qursaydı, Qərbin bu bölgəyə gəlişinin qarşısını alardı. RF regiona təsirlərini artırdıqca, bu təzyiqlərə tab gətirmək üçün Azərbaycan və Gürcüstan, hətta Ermənistan da Qərblə daha yaxın münasibətlərə getməli olur. Rusiyanın Cənubi Qafqazdakı hərbi əməliyyatlar fonunda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Moskvanın təşkilatçılığı ilə 5 görüşün keçirilməsi ona xidmət edir ki, RF münaqişənin həlli ilə bağlı işlər apardığını dünyaya nümayiş etdirir. Dağlıq Qarabağ münaqişəsi RF-də dəfələrlə gündəmə gəlsə də, adıçəkilən dövlətin siyasi elitası belə hesab edir ki, əgər Azərbaycanın ərazi bütövlüyü məsələsi öz həllini taparsa, ölkəmiz tamam başqa siyasət yürüdəcək. Yəni RF bundan ehtiyat edir. Belə bir yanaşma imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın.      

- Müsəlman ölkələri arasında Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox səylər göstərən Türkiyədir. Digər islam ölkələri nədən bu münaqişənin həllində aktivlik nümayiş etdirmirlər?

- Yəqin ki, hər bir müsəlman ölkəsinin özünəməxsus siyasi arqumenti var. Hər bir ölkə öz maraqlarını müdafiə edir. Digər tərəfdən isə, islam ölkələrinin birliyi Qərb ölkələri kimi, dünyanın siyasi mənzərəsinin müəyyənləşdirilməsi məsələsində həlledici rol oynaya bilmir. Ayrı-ayrı ölkələrin ikitərəfli münasibətlərdə göstərdikləri mövqeləri Ermənistana təzyiq vasitəsinə keçirə bilmirik. Bunun səbəbi də müsəlman ölkələrinin supergücə malik ölkələrlə əlaqələrinə xələr gətirməməsi istəyindən irəli gəlir. Buna görə də islam ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik nümayiş etdirmirlər.  

- Yaxın zamanlarda Türkiyə-Ermənistan arasında əlaqələrin qurulması mümkündürmü? 

- Fikrimcə, ABŞ Konqresində soyqırımı məsələsi ilə bağlı keçirilən müzakirələr, bütövlükdə, Ermənistan və Türkiyə münasibətlərini protokollardan əvvəlki soyuq münasibətlərə qaytardı. Çünki açıq şəkildə bəlli oldu ki, Ermənistan bir tərəfdən guya protokollar ətrafında əməkdaşlıq davranışlarını nümayiş etdirir və Qərbin gözündə özünün nüfuzunu qaldırmağa çalışır, o biri tərəfdən isə, Türkiyəyə yeni həmlələr hazırlayır. Fikrimcə, güclü bir dövlətçilik ənənələrinə malik olan qardaş Türkiyənin siyasi elitasında dayanan insanlar bunu  gördükdən sonra, Azərbaycan-Türkiyə münasibətlərini yeni bir səviyəyə qaldıracaqlar. İkinci bir tərəfdən isə, həm beynəlxalq miqyasda, həm də  regional kontekstdə Ermənistana qarşı təsir və təzyiqlər gücləndiriləcəklər. Çünki bu bölgənin ən aktiv geosiyasi oyunçularından biri qardaş ölkədir. Rusiya Abxaziya məsələsindən sonra, Türkiyənin regionda aktiv mövqeyini tanımağa məcbur oldu. Çünki əks-halda Qərb RF-nin üzərinə daha sürətlə gəlməkdə idi, bu, rəsmi Moskvanın maraqlarına böyük zərbə vura bilərdi. Yaxın gələcəkdə Türkiyə və Azərbaycan tərəfindən Ermənistana qarşı təzyiqlər artacaq. Bunun da fonunda, işğalçı ölkədə vəziyyət daha da ağırlaşacaq. Həmçinin, bu, regional siyasətə də öz təsirini göstərəcək.

Digər xəbərlər