- Əli bəy, parlament seçkiləri ərəfəsi müxalifət düşərgəsində bloklaşma prosesi gedir. AMİP nədənsə bu proseslərdən kənarda qalıb. Sizcə, bu, bloklaşmaya gedənlərin AMİP-ə qarşı bilərəkdən yürütdükləri siyasətin nəticəsidir?
- Bildiyimiz kimi, bu il ölkəmiz üçün əhəmiyyətli bir ildir. Təbii ki, söhbət parlament seçkilərindən gedir. Bu, həm də cəmiyyətdə getdikcə siyasi fəallığın artması ilə müşahidə olunmaqdadır. Bloklaşma və birliklərin yaranması təbii haldır. Bu istiqamətdə müzakirələri də müsbət qiymətləndirirəm. Amma partiya olaraq hər hansı bir bloklaşmada iştirak etmirik. Bu, heç də o demək deyil ki, biz özümüzü müxalifətin inteqrasiyasından təcrid etmişik. Müəyyən təkliflər almışıq, müəyyən təmaslar olubdur. Biz onun tərəfdarıyıq ki, hər hansı blok və ya birlik yaranarsa, o, əsaslı təməllər üzərində qurulmalı və ömrü uzun olmalıdır. Yeni blok həm də təmsil olunan partiyaların müxtəlif parametrlərinə görə simmetriya təşkil etməlidir. AMİP ölkədə nüfuzu olan partiyalarla əməkdaşlıq etməyin tərəfdarıdır. Məhz bu baxımdan bu məsələlərə həssaslıqla yanaşırıq. Eyni zamanda, onun da tərəfdarı deyilik ki, nəticə olmadan müzakirələr cəmiyyəti əhatə etsin. Bəzən müxalifət düşərgəsində nəticəsi olmayan işə girişir, onu geniş müzakirə edir və sonradan bu birliyin baş tutmamasında bir-birini ittiham edirlər. Düşünürük ki, bu müzakirələr aparılmalıdır və sonda cəmiyyətə, mətbuata bildirilməlidir.
- Əli Kərimovun iddiasına görə, yarana biləcək format yalnız "Azadlıq" bloku ətrafında olacaq.
- Bu, Əli Kərimovun iddiasıdır, fikridir. Hər bir kəsin öz iddiası, fikri ola bilər. Amma iddialar imkanlarla üst-üstə düşməlidir. Tərs mütənasib təşkil edəndə, bu, bir növ gülüş predmetinə çevrilir. Ona görə də, bu kimi iddialara əhəmiyyət vermirik.
- Bəzən müxalifət partiyasının hər hansı təklifini dəyərləndirməyə çalışırsınız. Amma indi fərqli mövqe ortaya qoyursunuz...
- Dəyərləndirməni o istiqamətdə bildirdim ki, müzakirələr elə partiyalarda aparılmalıdır ki, AMİP-lə həmin partiyalar arasında müxtəlif parametrlərə görə bir simmetriklik olsun. AXCP (i) ilə bizim aramızda elə bir simmetriya, uyğunluq yoxdur. Ona görə də, düşünürəm ki, həmin partiya ilə hər hansı bir müzakirə aparmaq, bir yerdə olmaq bizim üçün münasib deyil.
- Həmin simmetriyanı Müsavatla, ADP ilə tapmaq mümkündür?
- Hər şeyi razılaşdırmaq mümkün deyil. Amma elə məqamlar, prinsiplər var ki, onun ortaq məxrəcini tapmaq olar. İndidən nəyi isə qəti şəkildə demək çətindir ki, hansı siyasi qüvvələrlə dil tapmaq, bir yerdə olmaq alınacaq. Bu, aparılan məsləhətləşmələrdən asılı olacaq.
- AMİP-in AXCP (i) ilə olan arzuolunmaz münasibətləri "VİP"-lə də yaxşı deyil. Eyni zamanda, bu proseslərdə ADP-nin də adı çəkilir. Deyəsən, müxalifət düşərgəsində AMİP-in dost deyəcəyi partiya qalmayıb. Belə düşünmək olar?
- Kimlər necə baxırsa, bu, onların özlərinin problemidir. Partiyamız heç kimə düşmən mövqeyindən yanaşmayıb.
- İsa Qəmbərov müxalifəti silkələyən açıqlamalarla çıxış etdi. AMİP isə nədənsə münasibət bildirmədi...
- Hər bir fikrə münasibət bildirməyi doğru saymazdım. Müsavat və ALP arasında bir gərginlik var. Bu ittihamlar kimə aiddirsə, o da öz üzərinə götürdü. Ona görə də, AMİP-in əlavə fikir söyləməsinə ehtiyac yoxdur.