Dövlət Sığorta Şirkəti etibarlı təminatçıdır
- Məmməd müəllim, Azərbaycanda mövcud olan sığorta sistemi haqqında nə deyə bilərsiniz? Dünya iqtisadi böhranı şəraitində sığorta sahəsində vəziyyət necədir?
- Öncə, qeyd etmək istəyirəm ki, başa vurduğumuz 2009-cu ildə dünyanı bürümüş böhran bir çox dövlətlərin, o cümlədən, inkişaf etmiş ölkələrin iqtisadiyyatına, maliyyə-kredit sektoruna, investisiya qoyuluşuna ciddi zərbə vurub. Hesabat ilində dünya iqtisadiyyatının 1,1%, ticarət dövriyyəsinin 11,0%-dən çox azalması barədə Beynəlxalq Valyuta Fondu məlumat vermişdir. Bir sıra dövlətlər maliyyə vəziyyətini tənzimləmək və böhranın nəticəsini aradan qaldırmaq məqsədi ilə beynəlxalq maliyyə-kredit təşkilatlarına müraciət etmişlər.
Azərbaycan Respublikasının iqtisadiyyatı həyata keçirilən tədbirlər nəticəsində böhranın törədə biləcəyi fəsadları qabaqlayaraq böhrana məruz qalmadı. 2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr arasındadır. Bununla da Azərbaycan nəyə qadir olduğunu bir daha bütün dünyaya sübut etdi.
Həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişaf etməsinə imkan yaratmışdır. 2009-cu ildə 9,2 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdur ki, bunun da 7,3 milyard daxili sərmayələr hesabına olmuşdur. Bütün bunlar respublikada əhalinin maddi-rifah halının yaxşılaşmasına, əmək haqlarının və pensiyaların artmasına səbəb olmuşdur.
Respublika iqtisadiyyatının dinamik inkişafı, əhalinin maddi-rifah halının yaxşılaşması, sənayenin inkişafı bütün sahələrdə olduğu kimi, sığorta bazarının inkişafına zəmin yaradır. Qüvvədə olan "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu Respublikada sığorta bazarının formalaşmasına, təkmilləşdirilməsinə, inkişafına, sığortalılara dolğun sığorta təminatı yaratmağa münbit şərait yaratmışdır.
Sığortaçılar respublikada mövcud olan iqtisadi şəraitdən istifadə edərək əhaliyə müxtəlif növ sığorta xidmətləri göstərməklə 2009-cu ildə respublika üzrə 163.31 milyon manat sığorta haqqı toplanılmasına nail olmuşlar.
- Dövlət Sığorta Şirkətinin sığorta bazarında yeri və rolu haqqında nə deyə bilərsiniz?
- Dövlət Sığorta Şirkəti sığorta bazarında fəaliyyət göstərən 28 sığortaçı arasında ən təcrübəli şirkətlərdən biri olmaqla, respublika ərazisində fəaliyyət göstərən 80 filialda yüksək ixtisaslı mütəxəssislər hüquqi və fiziki şəxslərə 30-a yaxın sığorta növü üzrə xidmət göstərirlər.
Belə ki, yanğından icbari sığorta, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ekoloji icbari sığorta, sərnişinlərin icbari sığortası, vətəndaşlara məxsus tikintilərin, ev əmlakının mal-qaranın, nəqliyyat vasitələrinin, kənd təsərrüfatı bitkilərinin məhsulunun, bədbəxt hadisələrdən, tibbi sığorta və sair sığorta növləri üzrə müqavilə bağlanması təmin edilmişdir.
Şirkətin kollektivi mövcud imkanlardan istifadə edərək, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2009-cu ildə 26,5 milyon manat sığorta haqqı toplanmasını təmin etmişdir ki, bu da 2008-ci ildən 4,7 milyon manat çoxdur. Şirkətin 2009-cu ildəki fəaliyyəti sığortalılar və kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilərək şirkətlər arasında "İlin şirkəti" mükafatına layiq görülmüşdür. Bu da şirkətin kollektivini cari ildə də daha yüksək nailiyyətlər qazanmağa istiqamətləndirməklə, yüksək əzmlə çalışmağa, sığortalılara daha dolğun və önəmli sığorta xidməti göstərməyə sövq edir.
Şirkətimiz sığorta fəaliyyətinin və idarəetmənin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsinə, sığortalılara xidmət keyfiyyətinin yüksəldilməsinə görə beynəlxalq İSO 9001 2008 keyfiyyət sertifikatını almışdır.
- Rəhbərlik etdiyiniz sığorta şirkətinə müddətsiz lisenziyanın verilməsinin önəmi nədən ibarətdir?
- 2009-cu il qeyd olunanlarla bərabər həm də şirkətə müddətsiz lisenziya verilməsi ilə yadda qalmışdır. Şirkət, sığortalılara dolğun sığorta xidməti göstərməsi üçün qüvvədə olan sığorta qaydaları və təlimatlarını yenidən beynəlxalq standartlara uyğun hazırlayıb, Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırmışdır. Bu qaydalar hüquqi və fiziki şəxslərin əmlak mənafeləri və orada çalışan işçi və qulluqçulara daha dolğun sığorta təminatı yaratmağa zəmin yaradacaqdır.
Şirkət sığortalılar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və şirkətdə maliyyə sabitliyinin qorunması üçün xarici ölkələrin və daxili sığorta şirkətləri ilə təkrar sığorta sahəsində əməkdaşlıq edir. Əhali arasında sığortanın geniş yayılması təbliğ olunması və maarifləndirilməsi sahəsində kütləvi informasiya vasitələrində təbliğat işləri aparılır, respublikanın magistral yollarında reklam lövhələrindən istifadə olunur.
Respublikamızda sığorta sahəsinin inkişafına hökumətin xüsusi diqqət və nəzarəti vardır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisi, Maliyyə Nazirliyi və Sığorta Nəzarəti xidməti tərəfindən müxtəlif normativ hüquqi aktlar qəbul edilmişdir.
Hərbi qulluqçuların, dövlət qulluqçularının, məhkəmə və hüquq-mühafizə orqanlarında çalışan işçilərin, millət vəkillərinin, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə qulluq edən şəxslərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə onların həyat və sağlamlığının icbari sığortası haqqında müvafiq qanunlar qəbul edilmişdir. Dövlət Sığorta Şirkətinin geniş şəbəkəyə malik olmasına görə, qeyd olunan sığortaların aparılması qanunla bilavasitə Dövlət Sığorta Şirkətinə həvalə olunmuşdur. Şirkətin müvafiq qurumları bu növ sığorta ilə əhatə olunmuş sığortalılara yüksək səviyyədə sığorta xidməti göstərir.
Bildiyiniz kimi, kənd təsərrüfatı sahəsi respublika iqtisadiyyatının əsas prioritet istiqamətlərindən biridir. Bu sahənin inkişafı üçün fermer təsərrüfatlarına, ümumiyyətlə, kənd təsərrüfatı məhsulu istehsalçılarına müxtəlif güzəştlər və imtiyazlar verilmişdir. Kənd təsərrüfatında sığortaya dövlət qayğısı kimi "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Qanunun qəbul edilməsi buna əyani sübutdur. Bu Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı Qərarı ilə buğda, arpa, qarğıdalı, günəbaxan dəni, kartof, şəkər çuğunduru, tərəvəz, sitrus bitkiləri və meyvə bağlarının məhsulunun sığortası üzrə hesablanmış sığorta haqqının 50% büdcə vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı bitkilərinin sığortası sahəsində İsmayıllı, Lənkəran, Daşkəsən və sairə rayon filiallarının mütəxəssisləri fermer təsərrüfatları ilə müəyyən iş aparmış və həmin rayonun fermer təsərrüfatlarına qərarda nəzərdə tutulmuş sığorta hadisələri nəticəsində dəyən zərər müqavilə əsasında ödənilmişdir ki, bu da fermerlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün əsas istiqamətlərdən biridir.
Təəssüflə qeyd etməliyik ki, respublika ərazisində fəaliyyət göstərən kəndli fermer təsərrüfatları bu məsələyə lazımi əhəmiyyət verməyərək, kənd təsərrüfatı bitkilərinin məhsulunun sığorta olunmasını təmin etmirlər.
- Bəs sığortalılara dəyən zərərlərin tam ödənilməsində təminat hansı səviyyədədir? Sizcə, sığorta sahəsində qanunvericiliyi qənaətbəxş saymaq olarmı?
- Şirkətimizdə qüvvədə olan normativ-hüquqi aktların və könüllü sığorta qaydalarının təkmilləşdirilməsi üzərində daimi tədqiqatlar aparılır. Qeyd etmək olar nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında Qanun 1996-cı ildə qüvvəyə minmiş və 1999-cu ildə həmin Qanuna müvafiq dəyişikliklər edilməsinə baxmayaraq, Qanunda nəzərdə tutulmuş (əmlaka dəyən zərər görə 1000 manat, səhhətə dəyən zərər görə 5000 manat) 6000 manat məsuliyyət məbləği bu gün respublika avtomobil parkında qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üçün çox az bir məbləğdir. Yol-nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxslərin mənafeyini qorumaq məqsədilə bu növ sığorta üzrə məsuliyyət məbləğinin bir neçə dəfə artırılması barədə aidiyyatı təşkilatlara təklif verilmişdir. Hazırda bizim təşəbbüsümüzlə qaldırılan məsələ Maliyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən baxılıb aidiyyatı təşkilatlara təqdim edilmişdir.
Bu dəyişikliklər nəzərə alındıqda, sığortalılara dəyən zərərlərin tam ödənilməsinə təminat yaratmaqla, bərabər bu növ sığorta üzrə daxil olmalarda xeyli artacaqdır.
Bununla yanaşı, Yanğından icbari sığorta, sərnişinlərin icbari sığortası və ekoloji sığorta haqqında qanunlarda da dəyişikliklərin aparılması nəzərdə tutulur.
Qeyd olunanlarla yanaşı, şirkətimizdə beynəlxalq standartlara uyğun sığortaların əmlak mənafelərinə cavab verən vətəndaşlara məxsus tikintilərin, ev əmlakının, mal-qaranın, nəqliyyat vasitələrinin, mənzillərin təmirinin sığortası qaydaları mövcuddur.
- Əhali sığorta xidmətlərindən, qaydalarından lazımi səviyyədə istifadə edirmi?
- Çox təəssüflə qeyd edirəm ki, regionlarda olan vətəndaşlar sığortanın bu qaydalarından lazımi səviyyədə istifadə etmirlər, baxmayaraq ki, şirkət geniş şəbəkəyə malik olmaqla, respublikanın bütün rayon və şəhərlərindəki filiallarında mütəxəssislər və sığorta vasitəçiləri fəaliyyət göstərir. Son dövrlər respublika ərazisində baş verən təbii fəlakətlər (zəlzələ, sel, daşqın, sürüşmə və yanğın) nəticəsində vətəndaşların tikililərinə, ev əmlakına böyük məbləğdə zərər dəyir. Onların əmlakları sığorta olunmadığından onlara dəyən zərərlər sığortaçılar tərəfindən yox, büdcədən ayrılan vəsait hesabına yardım şəklində ödənilir. Məlumdur ki, respublikanın iqtisadiyyatı bazar münasibətləri prinsipi üzərində qurulub, ona görə hər bir sahibkar, vətəndaş öz əmlakı və sağlamlığını sığortalamalıdır ki, onlara dəyən zərərin ödənilməsinə sığorta təminatı yaradılsın.
Məsələn, 2009-cu ildə Gədəbəy rayonu ərazisinə düşmüş güclü dolu nəticəsində zərər çəkmiş vətəndaşlara onların bağladığı sığorta müqaviləsi müqabilində müvafiq sığorta ödənişi verilmişdir ki, bu da onların zədələnmiş tikintilərinin bərpasına köməklik etmişdir. Şirkətimiz respublika Prezidentinin 2009-cu ilin yekununa görə Nazirlər Kabinetinin iclasında qarşıda qoyduğu vəzifələri özünə rəhbər tutaraq şirkətin fəaliyyətini 2010-cu ildə daha da genişləndirməyi, sığortalılara dolğun sığorta xidməti göstərmək, əlavə sosial təminat yaratmaq və ümumi daxili məhsul istehsalında sığorta haqlarının payını artırmağı qarşıda vəzifə kimi qoymuşdur.
Respublika ərazisində, mülkiyyət formasından asılı olmayaraq, fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təklif olunur ki, Dövlət Sığorta Şirkətində mövcud olan sığorta xidmətlərindən istifadə edərək yanğın, zəlzələ, təbii fəlakətlər və gözlənilməz hadisələr nəticəsində dəyən zərərlərin ödənilməsinə təminat yaratmaq məqsədi ilə onlara məxsus əmlakları, işçi, qulluqçuların həyat və sağlamlığını, məsuliyyətlərini, nəqliyyat vasitələrini sığorta etdirmək üçün Dövlət Sığorta Şirkətinin yerli filiallarına müraciət etsinlər.