Azərbaycan yaxın iki il ərzində ÜTT-ə üzv qəbul olunacaq
- Vüsal müəllim, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması məsələsi hələ də gecikir. Bunun səbəbini nə ilə izah etmək olar?
- Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində 1997-ci ildən danışıqlar aparılır. Bu proses tələsmədən, lakin sürətlə davam etdirilməlidir. Çünki tələsərək Qırğızıstan və Gürcüstan kimi bu təşkilata qəbul olunmağın mənası yoxdur. Bütün məsələlər dəqiqləşdirilməli, onlara aydınlıq gətirilməlidir. İndiki məqamda bu prosesə təsir edən ən böyük maneə ondan ibarətdir ki, başda Rusiya olmaqla, Azərbaycanın əsas ticarət partnyorları ÜTT-nin üzvü deyil. Bu da müəyyən qədər Azərbaycanın xarici ticarətində problemlərin və uyğunsuzluqların yaranmasına gətirib çıxarır. Onu da qeyd edim ki, yaxın gələcəkdə Rusiyanın da bu təşkilata üzv olması gözlənilir. Hesab edirəm ki, Azərbaycan yaxın iki il ərzində ÜTT-yə qəbul olunacaq.
- Ölkəmiz bu təşkilata üzv olarsa, onun əldə edəcəkləri nədən ibarət olacaq?
- Azərbaycanın ÜTT-yə üzv qəbul olmaqda başlıca məqsədi dünya iqtisadiyyat sisteminə daha yaxşı inteqrasiya olunması məsələsidir. Həmçinin, bu təşkilata üzv olan dövlətlərin bir-birinə verdikləri imtiyazlardan faydalanmaq məqsədi var. Azərbaycan dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatlarını həyata keçirmək və bunun səmərəsindən istifadə etmək istəyir. Eyni zamanda, ölkədə aparılan iqtisadi islahatların sayəsində beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən yardımların ayrılmasına nail olmaq istəyir. Digər məsələ, xarici investisiyaların birbaşa Azərbaycana cəlb edilməsidir ki, ÜTT-yə üzv olduqdan sonra bu proses sürətlənəcək. Ölkəmiz ÜTT-yə qəbul olmaqla bu təşkilatın vasitələrinin həlli mexanizmindən istifadə etmək imkanını əldə etməyə çalışır. Bütün bu sadalananlara çatmaq üçün, əlbəttə, ÜTT-yə üzv olmaq olduqca vacibdir.
- Azərbaycanın ÜTT-yə qoşulması, nəticə etibarilə bu qurumun diqtəsi səbəbindən qiymətlərin artacağı və bununla da inflyasiyanın yüksəlməsinə gətirib çıxara biləcəyi qeyd olunur. Bu fikir nə dərəcədə əsaslıdır?
- Azərbaycan ÜTT-yə üzv olmaq istəməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da səy göstərməlidir. Qeyri-neft sektorunun inkişafı elə bir səviyyədə olmalıdır ki, ÜTT-yə üzv olduqdan sonra yerli istehsalın tənəzzülünün şahidi olmayaq. Əksinə, yerli istehsal ÜTT-nin verdiyi imkanlardan istifadə edərək, xarici bazarlarda yer tuta bilsin. Digər tərəfdən, qeyri-neft sektorunun inkişafı ilə ölkəyə birbaşa investisiyaları cəlb etməyə, mülkiyyət hüquqları sahəsində nailiyyətlər əldə etməyə və s. çalışmalıyıq. Azərbaycanın ÜTT-yə üzv olduğu ilkin vaxtlarda müəyyən problemlərin yaşanacağı istisna deyil. Amma ümumilikdə Azərbaycanın ÜTT-yə üzv olması ölkəmizin xeyirinədir. Qlobal İqtisadiyyat Forumunun verdiyi açıqlamaya görə, indiki halda, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti dünyada 51-ci yerdədir. Bu, kifayət qədər yüksək bir göstəricidir. İqtisadi cəhətdən ölkəmizdən daha zəif olan ölkələrin ÜTT-yə üzv olması və onun qaydalarını mənimsəməsi, onu göstərir ki, bu prosedur Azərbaycan üçün daha asan olacaq. Çünki ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyəti daha yüksəkdir.
Bir daha vurğulayıram ki, Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində texniki məsələlər ətrafında danışıqların aparılması qalıb. Bu da çoxtərəfli və ikitərəfli danışıqlar prosesindən asılıdır. Danışıqlarda kənd təsərrüfatı və balıq məhsullarının "baund" tarif dərəcələrinin təkmilləşdirilməsi önə çəkiləcək. Eyni zamanda, bir sıra təşkilati məsələlər, eləcə də, xidmətlər və tariflər üzrə cədvəllərin hazırlanması sahəsində bir sıra işlər qalıb.
- Bəzi iddialara əsasən, Azərbaycanda ekoloji cəhətdən təmiz enerji növlərinin yaradılmasına ehtiyac var. Bunun üçün hansı islahatların aparılmasına zərurət var?
- Prezident İlham Əliyevin alternativ enerji mənbələrinin tapılması və inkişaf etdirilməsi istiqamətində müvafiq fərmanı var. Bunun əsasında Sənaye və Energetika Nazirliyində alternativ enerji agentliyi yaradılıb. Bu sahədə Dövlət Proqramının qəbulu və bu istiqamətdə xarici investisiyaların cəlb olunması ilə böyük dövlət siyasətinin həyata keçirilməsi müşahidə edilir. Çünki bütün dünyada, xüsusilə, Almaniyada enerjinin 20 faizi alternativ mənbələr əsasında formalaşır. Azərbaycanda da alternativ enerji mənbələrinin inkişafına çox böyük ehtiyac var. Xüsusilə, külək, günəş, su enerjisi və bu enerjini yaradan avadanlıqların istehsalı ilə məşğul ola bilərik. Eyni zamanda, alternativ enerji mənbələrinin inkişafı ilə bağlı elmi mərkəzlər formalaşdırılmasına, bu enerjini istehsalçılara çatdıra bilən infrastrukturun qurulmasına səy göstərə bilərik. Bütün bu məsələlər Dövlət Proqramında öz əksini tapıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər bilavasitə hökumətin nəzarətindədir.
Düşünürəm ki, Azərbaycan gec-tez alternativ enerji mənbələrinin inkişafı sahəsində bir sıra ciddi işlər görəcək. Bu gün Nargin adasında qurulması gözlənilən böyük turizm infrastrukturu da tamamilə alternativ enerji mənbələri üzərində qurulacaq. Ölkəmizin bir sıra ərazilərində artıq yeni alternativ enerji mənbələrindən, xüsusilə, külək və günəş mənbələrindən istifadə olunur. Çünki ölkəmizdə küləkli və günəşli günlərin sayı olduqca çoxdur. Eyni zamanda, su-elektrik stansiyalarının imkanları getdikcə artırılır. Son zamanlar 20-dən çox kiçik mobil tipli su elektrik stansiyası qurulub. Təsadüfi deyil ki, bu gün Azərbaycanın enerji gücü 5 min meqavatı keçir. Biz təkcə özümüzü deyil, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan və İran istiqamətində də enerji ixracatına başlamışıq. Bu gələcəkdə Azərbaycanın öz daxili alternativ mənbələrinə istinad edərək, regional enerji ixracatçısına çevrilməsinə gətirib çıxara bilər.
- Bu ilin birinci ayında iqtisadiyyatımızda 9 faiz artım qeydə alınıb. Bu artımın növbəti mərhələlərdə də davam etməsi gözlənilir?
- Bu il Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının və digər beynəlxalq təşkilatların verdiyi göstəricilərə görə, Azərbaycanda iqtisadi artım 5 faizdən 10 faizə qədərdir. Bu, real addımdır. Əvvəla, bu il Azərbaycanın neft sektorunda ciddi artım gözlənilir. Bu, il ərzində 55-60 milyon ton neftin hasil olunması deməkdir. Bununla yanaşı, qaz hasilatında, eləcə də, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı və onunla bağlı olan emal sənayesinin inkişafında artımın olacağı gözlənilir. Bu istiqamətdə regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və ərzaq təhlükəsizliyi dövlət proqramları çərçivəsində məqsədyönlü siyasət həyata keçirilir. Növbəti aylarda da bu artımın şahidi olacaq.