- Sərdar bəy, partiyaların birlik yaratmaq iddiaları Müsavatın tələbləri səbəbindən reallaşmır. Bununla bağlı nə deyə bilərsiniz?
- Demokratiyanın əsas əlamətlərindən biri inteqrasiyadır. O yerdə ki, inteqrasiya yoxdursa, deməli, demokratiya da yoxdur. Bu baxımdan, demokratik partiya kimi, istənilən prosedurlarda iştirakımızı inteqratik proseslərin üzərində qurmaq istəyirik. Bu da, o deməkdir ki, qarşıdan gələn seçkilərdə hansısa bir partiya ilə birlikdə iştirak edəcəyik.
- "Azadlıq" bloku artıq qərar verib ki, onlar heç bir başqa formatda seçkilərdə iştirak etməyi nəzərdə tutmurlar. Sizcə, bunu müxalifətin inteqrasiyasına yaradılan problem kimi dəyərləndirmək olar?
- Əksinə, onlar digər partiyalarla birlikdə seçkilərə getməyin mümkünlüyü haqqında fikir bildirib.
- Arif Hacıyev də həmin fikri acı təəssüf hissi ilə qarşıladığını bildirib...
- Müsavat partiyası müxalif koalisiya ilə planlaşdırılmış şəkildə seçkiyə getmək istəyirdi. Həmin koalisiya alınmadığına görə, bu, onlarda acı təəssüf yaradıb. Müxalifət təkcə Müsavat partiyasından ibarət deyil və birliklər də onun düşündüyü birliklərdən ibarət deyil. Müsavat özü-özünü bu birliklərdən kənarda qoyursa, biz neyləyə bilərik?
- Sizcə, nəyə görə onlar hesab edirlər ki, müxalifət yalnız Müsavat partiyasından ibarətdir?
- Biz heç kəsə qadağan edə bilmərik ki, özünü tərifləməsin, yeganə müxalifət qüvvə hesab etməsin. Bu, onların subyektiv fikridir. Ona da hörmətlə yanaşmalıyıq və sevinməliyik ki, kimsə özünü bir nömrəli müxalifətçi hesab edir.
- Dediniz ki, sevinməliyik ki, Müsavat özünü müxalifət hesab edir. Əslində, bəs necədir?
- Kimsə anasının qarnında bu dünyaya gələndə müxalifətçi kimi doğulmayıb. Müxalifətçilik mövqedir, yəni bu, bir sifətdir. Sifət də mövqe ilə müəyyən olunur.
- A.Hacıyevin iddiasına görə, müxalifətin geniş formatda yaradılmamasının başlıca səbəbi Müsavat-"Ümid", Müsavat-ALP ziddiyyətləri əsas problem təşkil edir...
- Mənə elə gəlir ki, heç bir ziddiyyət yoxdur. Sadəcə olaraq, Müsavat real təklif verməmişdir. İrəli sürdükləri təklif Azərbaycan reallıqlarını cavab verməyən təklif idi. Ancaq özlərini birlik tərəfdarı kimi göstərdilər. Əslində, real birlik istəyən qüvvə kimi addım atmadılar. Bütün qüvvələri ittiham etdilər. Xüsusən, əməkdaşlıq etmək istədikləri qüvvələrin müttəfiqlərinə qarşı ağır ittihamlar irəli sürdülər. Ona görə də, bu cür ağır vəziyyətə düşdülər.
- Mətbuata istinadən, demək olar ki, Müsavatın əvvələr hədəfində "Ümid" və ALP idi. İndi isə bu siyahıya ADP də daxil olub. Nələr baş verir?
- Bu sual Müsavata verilsə yaxşıdır. Görünür, Müsavatın yuxarıda qeyd olunan partiyalara hücumu kifayət qədər onlara siyasi dividend gətirməyib. İndi də cəbhəni genişləndirmək məqsədilə bizi hədəf seçiblər. Elə bu məqsədlə də nailiyyətlərini artırmaq istəyirlər. Amma əksinə olaraq, Müsavatın seçkiqabağı müəyyənləşdirdiyi bu siyasəti uğursuz oldu və siyasi günün tələblərinə uyğun gəlmədi. Ona görə də, nailiyyət qazanmadı. Bütün Azərbaycan müxalifətinə Müsavat tərəfindən ittiham irəli sürülsə belə, yenə də heç bir nəticə verməyəcək.
- Düşünmək olar ki, Müsavatı partiyalara qarşı ittihamlar, tənqidlər səsləndirməyə hansısa qüvvələr təhrik edir?
- Mən elə düşünmürəm. Sadəcə olaraq, nailiyyətsizlik sindromudur. Uzun müddət nailiyyətsiz qalan siyasi qüvvə özünün nailiyyətsizliyinin səbəbini həmişə müttəfiqlərində axtarmağa cəhd edir. Çalışır ki, öz üzvlərini ətrafında saxlamaq üçün hədəfin başqalarına yönəltsin. Buna kateqorizasiya deyirllər. İndiki halda, Müsavatda kateqorizasiyanın əlamətləri görsənir. Bu, ancaq onunla bağlıdır.
- Uğur əldə etmək üçün müttəfiqlərinə şər atmaq lazımdır?
- Bu, bir qanunauyğunluqdur. Münaqişələrin mahiyyəti ilə bağlıdır. Müsavat nailiyyətsizliyinin səbəbini öz cəbhəsində axtarmalıdır.
- İsa Qəmbərovun ittihamlarına müxalifət partiya sədlərinin münasibət bildirməməsi müəyyən şübhələrin yaranmasına əsas vermir ki?
- Sadəcə, biz bilirik ki, münaqişədə tərəf kimi çıxış etmək münaqişəni həll etməkdə problem yaradır. Bu, münaqişəni həll etmək niyyətindən xəbər vermir. Ona görə də, tərəf hansısa bir əsaslı ittiham irəli sürürsə, biz də həmin ittihamlara görə əks-cavab veririk. Bu da münaqişənin qızışmasına gətirib çıxara bilər. Münaqişənin həlli tələb edir ki, bunu təhlil etmək lazımdır. Biz bununla bağlı Müsavat partiyasının liderləri ilə görüşüb, fikir mübadiləsi aparmışıq. Bir də ki, gərək əməkdaşlığa cəhd edəsən ki, münaqişə aradan götürülsün. Biz bu addımı da atmışıq. Dəfələrlə Müsavat partiyasını ümumi müxalifət birliyinə inandırmağa çalışmışıq.
- Məlumata görə, ADP-"Ümid"-"Azadlıq" bloku birgə qurum yaratmağı qərara alıblar. Bu formatın genişlənməsi mümkündürmü?
- Bu gündəmdə duran əsas variantlardan biridir. Biz çalışırıq ki, bütün müxalifət bir yerdə olsun. Amma əlimizdə səlahiyyət olmadığından, biz buna heç kimi məcbur edə bilmərik. Sadəcə olaraq, əməkdaşlığa açıq olduğumuzu bildiririk. Amma kimsə özünü belə bir əməkdaşlığa hazır bilmirsə, o da qıraqda qalacaq.
- Bəs "Demokratiya Uğrunda İttifaq"la necə olacaq?
- Onlarla bağlı heç bir münaqişəmiz yoxdur. Onlar da istəsə, bu birlikdə təmsil oluna bilərlər.
- Mirmahmud Fəttayev partiya sədrləri ilə danışıqlar apardı...
- Bizimlə danışıq aparmadığına görə, biz onun ideyası ilə bağlı heç bir məlumata malik deyilik. Ancaq mən öz ideyamla bağlı şəxsən onunla danışıq aparmışam.
- Hazırkı mərhələdə müxalifətin pərakəndə, bir-birinə qarşı olan ziddiyyətli münasibəti parlament seçkilərində müxalifətin uğursuzluğunu şərtləndirən amillərdən biri ola biləcəkmi?
- Yəqin ki, yaxın gələkdə müxalifətin birliyinə nail olunacaq. Müxalifətin birliyi onun qələbəsinin yeganə əsası deyil.
- Hansı resurslar əsasında müxalifətin birliyinə nail olacaqsınız?
- Burada mənəvi resurslardan söhbət gedir. Birliyin yaranması, qüvvələrin öz aralarında olan ziddiyyətləri, ittihamları bir kənara qoyub, milli maraqlara xidmət etməsi mənəvi resurs tələb edir.