PDF Oxu

Müsahibə

  • 12

"Türk-islam dünyasının birliyinə ehtiyac duyulur"

"Türk-islam dünyasının birliyinə ehtiyac duyulur"

Politoloq Qabil Hüseynlinin "Səs"-ə müsahibəsi

- ABŞ-ın "erməni soyqırımı" məsələsini gündəmə gətirməsi Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir edəcəkmi?

- Dağlıq Qarabağ probleminin həllində onsuz da ABŞ və digər həmsədr dövlətlər mənfi bir yaxınlaşma sərgiləməkdədirlər. Bunlar həm "Madrid" prinsiplərində, həm problemin həlli ilə bağlı göstərilən səylərdə özünü büruzə verir. Əlbəttə ki, qondarma "erməni soyqırımı"nın tanınması ermənilərin dünya meydanında daha təsirli rol oynamalarında və onların əzablar çəkmiş obrazının yaradılmasında və beləliklə, dünya tərəfindən daha çox rəğbət görməsində əhəmiyyətli rol oynayır. Bu səbəbdən də, qondarma "erməni soyqırımı", həm təkcə Dağlıq Qarabağ probleminin mənfi həllinə deyil, həm də ermənilərin regionda iddialarla gündəmi məşğul etmələrində mühüm rol oynaya bilər. Yəni erməni elə bir məxluqdur ki, əgər bu gün onun bir arzusu yerinə yertirilirsə, sabah başqa bir qondarma iddianı ortaya atmağı və onu icra etdirməyi bacarır. Bu səbəbdən də, tarixdə mövcud olmayan belə bir hadisənin Konqresdə müzakirə edilməsi fikrimcə, regiondakı separatçı meyillərin güclənməsinə təsir göstərəcək.
Mən bir məsələni də qeyd edim ki, bu məsələdə Azərbaycan dövləti və bütövlükdə, cəmiyyətimiz Türkiyəyə dəstək nümayiş etdirdi. Prezident İlham Əliyevin türkiyəli həmkarı Abdullah Gülə zəng etməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz göstəricisidir.

- Sizcə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyilmi?

- Fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin həllində həm Rusiya, həm də Amerika maraqlı görünür. Burada məsələ problemin həllinə maraqlı görünmək yox, onun necə həll edilməsinə yanaşma tərzindədir. ABŞ maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsi kimin xeyirinə olursa-olsun, (əlbəttə, erməniləri burada önə çəkirlər) öz həllini tapsın. Yəni regionda sabitlik yaransın və beləliklə də, Birləşmiş Ştatların sərbəst hərəkəti üçün meydan açılsın. Rusiya isə ermənilərə bir tarixi dost kimi yanaşır. Burada RF-nin Dağlıq Qarabağ probleminin ədalətli həllində maraqlı olacağını düşünmək çox çətindir. Çünki bu problemi onlar yaradıblar və onlar da uzun müddətdir ki, dondurulmuş vəziyyətdə saxlayıblar. Belə bir şəraitdə Rusiyanın addımlarını proqnozlaşdırmaq çətindir.
"Erməni soyqırımı"nı öz parlamentində müzakirə edən 26 dövlətdən biri də Rusiyadır. Bu problemin qabardılmasında və onun gündəmdə saxlanılmasında Rusiyanın rolu böyükdür. Sovet dövründə hər il aprelin 24-də ölkənin bir nömrəli qəzeti olan "Praqa" qəzetində soyqırımla bağlı böyük bir baş məqalə dərc olunurdu. Bu, sovet dövlətinin mövqeyini əks etdirən bir məqalə idi. Bununla da, məsələ həm gündəmdə saxlanılır, həm ermənilər müəyyən qədər sakitləşdirilir, həm də məsələnin beynəlxalq təşkilatların diqqət mərkəzinə çıxarılmasında səylər göstərilir. Qeyd edim ki, müxtəlif xalqların hər birinin tarixində başqa xalqlara qarşı münasibətdə soyqırımı hadisələri olub. ABŞ əgər doğurdan da, soyqırımın əleyhinədirsə, nə üçün ikinci dünya müharibəsinin qurtarmasından bir neçə ay sonra Yaponiyaya hücum etdi və özünün dünyada ilk dəfə yaratdığı atom bombalarını ora atmaqla yüz minlərlə insanlar çox dəhşətli yanğınların və onun törətdiyi radiasiya zəhərlənmələrinin qurbanına çevrildi.

- Bəzi ekspertlər qeyd edirlər ki, "erməni soyqırımı" məsələsinin ölkələrin parlamentində müzakirə etməsini Türkiyə narahatlıqla qarşılamamalıdırlar.

- Bu, birinci dəfə Fransada qəbul edilib. Sonradan isə bu qanuna düzəliş edildi ki, Fransa ərazisində soyqırımı inkar edən hər hansı bir fikir söyləmək və yaxud yazı yazmaq cinayət hadisəsi hesab edilir. Gördüyünüz kimi, məsələlər getdikcə qəlizləşir. İndi Amerikada da bu məsələ müzakirə edilsə və qəbul edilsə, artıq ermənilər cızığından çıxacaq və həyasızlaşacaq. İndi isə onların Türkiyəyə qarşı torpaq iddiaları və təzminat iddiaları artacaq. Bütün bunlar, onu göstərir ki, ermənilər Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal ediblər. Ermənilər Dağlıq Qarabağın bir neçə kəndində soyqırımı hadisəsi törədiblər. Amma bu məsələdə ABŞ-ın heç tükü də tərpənmir. Bunlar hamısı insanlığa qarşı yönəldilmiş cinayətlərdir. 30 mindən artıq insanın öldürülməsi və bir milyondan çox insanın öz yurd-yuvalarından didərgin salınması və ərazimizin 20 faizini işğal edilməsinə heç bir dövlət siyasi qiymət vermək istəmir. Bunu adi bir münaqişə adlandırırlar. Bu, münaqişə deyil, irimiqyaslı müharibədir və bu müharibənin nəticəsində insanlar məhv edilib.

- Nə üçün ABŞ müttəfiqqi olan Türkiyəni incik salır?

- Bu da paradoksal bir hadisədir. Fikrimcə, ABŞ çox kinli bir siyasət həyata keçirir. Ümumiyyətlə, mən Birləşmiş Ştatların xarici siyasətinin kinli bir yaddaşa malik olması barədə fikirlər irəli sürən ekspertlərə rast gəlmişəm. Amerikalılar şantaj yolu ilə Türkiyədən İsveçrədə bağlanılmış protokolların tezliklə parlamentdən keçirilməsini və Ermənistanla sərhədlərin açılmasını tələb etdilər. Türkiyə isə bunu Dağlıq Qarabağ probleminin həlli ilə əlaqələndirdi və göstərdi ki, orda bir insanlıq dramı yaşanır və bəşəriyyət fikrini buna qarşı yönəltməlidir. Bu hadisə iki NATO dövləti arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxardı. Yəni, ABŞ ona aid olmayan bir məsələdən sırf tarixçilərin işi olan bir məsələdən siyasi məqsədlər üçün istifadə etməyə başladı. Belə ki, qondarma "erməni soyqırımı"nı gündəmə gətirməklə Türkiyəyə təzyiq göstərməyə başladı.

- Belə olan tədqirdə, türk-islam dünyasının birliyinə ehtiyac duyulmurmu?

- Çox təəssüflər olsun ki, təkcə bu hadisəyə görə yox, ümumən türk dünyasının, islam dünyasının bir mövqedən çıxış etməsinə ehtiyac duyulur. Amma bunları yaratmaq mümkün olmur. Yəni türk dünyasının bir hissəsi Rusiyanın təsiri altındadır. İslam dünyasının isə bir qismi geridə qalıb, başqa bir qismi isə ABŞ-ın təsiri altındadır.

Digər xəbərlər