Gültəkin Hacıbəyli: "Qızların erkən yaşlarında nigaha daxil olunması ciddi problemdir"
- Gültəkin xanım, "Təhsil haqqında" yeni qanun qəbul edilib. Üstündən xeyli müddət keçməsinə baxmayaraq, yeni qanunla da bağlı müzakirələr, diskussiyalar davam edir. Bu ziddiyyətli məqam nə ilə izah oluna bilər?
- Yeni Təhsil qanunu qəbul olunmazdan öncə cəmiyyətdə belə bir fikir var idi ki, bu sənəd qəbul edilərsə, Azərbaycan təhsilində olan bütün neqativ hallar aradan qalxacaq və bununla Azərbaycan təhsili Avropa təhsili səviyyəsinə yüksələ biləcək. Bu, kökündən yanlış yanaşma idi. Çünki qanun ictimai münasibətlərin ancaq hüquqi tənzimi vasitəsidir. Qanun ictimai münasibətləri tənzimləyən normaların kağızda əks olunmuş bir sistemidir. Lakin kağız üzərində ifadə olunan bu normaların reallıqda həyata keçməsi, real ictimai münasibətləri tənzimləməsi isə daha çətin, daha ağrılı bir prosesdir. Eyni zamanda, bu qanun böyük bir fəaliyyətin başlanğıcıdır. Ancaq, təbii ki, bu qanunun özündə də mənim fərqli görmək istədiyim məqamlar var.
- Söhbət hansı fərqli məqamlardan gedir?
- Məsələn, icbari təhsilin 9 ildən 12 ilə qaldırılması mənim ən böyük arzularımdan biridir. Düşünürəm ki, Azərbaycanın iqtisadi yüksəlişi, Azərbaycan insanının rifah halı, Azərbaycan dövlətinin gücü, qüdrəti buna imkan verir ki, biz də bir çox qabaqcıl ölkələrdə olduğu kimi, 12 illik icbari təhsil sistemini ölkəmizdə tətbiq edək. Eyni zamanda, bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan çox mürəkkəb bir coğrafiyada yerləşir. Biz hər zaman haqlı olaraq Azərbaycanın Şimalla Cənub, Şərqlə Qərb arasında bir keçid, körpü rolunu oynamasıyla, Azərbaycanın mədəniyyətlərin, sivilizasiyaların qovşağunda yerləşməsiylə fəxr etmişik. Bu, həm də bizim bölüşdüyümüz dəyərlər sistemini zənginləşdirən bir gerçəklikdir. Ancaq digər tərəfdən, Azərbaycanın bu coğrafiyada yerləşməsi müəyyən mənada ölkəmizin bir çox məsələlərdə həssaslıq nümayiş etdirməsi zərurətini ortaya qoyur.
- Sizcə, icbari təhsilin 9 illik olması, xüsusilə qızların təhsildən yayındırılmasına və vaxtından əvvəl zorla erkən nigahlara cəlb olunmasına gətirib çıxarmır, buna yol açmış olmur ki?
- Bu məsələ məni də çox narahat edir. Elə bu yaxınlarda rəhbərlik etdiyim "Demokratik İnkişaf" və millət vəkili Məlahət İbrahimqızının rəhbəri olduğu "Lider qadınlar" ictimai birlikləri birgə "Savadlı ana savadlı gələcəkdir" adlı layihənin icrasına başlayıb. Əslində bu layihə Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsündən irəli gəlib. Mehriban xanım Azərbaycan qadınlarının 3-cü qurultayında üzünü Azərbycan ictimaiyyətinə tutaraq, kifayət qədər açıq və qətiyyətlə bütün cəmiyyətimizi erkən nigahlarla mübarizəyə səslədi, bu cür halların yolverilməzliyini bəyan edərək, cəmiyyətimizi bu istiqamətdə əməli addımlar atmağa çağırıb. Bizim layihəmiz də, məhz, hörmətli Mehriban xanımın bu təşəbbüsünə, bu çağırışına bir dəstəkdir. Demək istəyirəm ki, bu, doğrudan da, aktual bir problemdir. Bu gün bu problem nəinki aktuallığını itirir, əksinə daha da "geniş vüsət" almaqdadır. Bir zamanlar Azərbaycan qadını özünün tarixi nailiyyəti ilə haqlı olaraq öyünürdü və düşünürəm ki, biz bu gün də 1918-ci ildə yaradılmış və varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin bir çox Avropa ölkələrindən, ABŞ-dan daha öncə qadınlara seçmək və seçilmək hüququnu verməsi ilə haqlı olaraq qürur duyuruq. Azərbaycan qadını Şərqdə qara çadradan çıxaraq azadlığa qovuşan ilk qadın idi. Ancaq təəssüflər olsun ki, vaxtilə azadlığa qovuşan, elmə yiyələnən, nailiyyətlər qazanan, rəhbər vəzifələrə yüksələn, sözünü yüksək kürsülərdən deməyi bacaran Azərbaycan qadınını bu gün yenidən həmin o buxovun, o qara çadranın, qara dünyanın içərisinə qaytarmaq cəhdləri var və bunlar göz önündədir. Bu, məni həddindən artıq çox narahat edir. Xüsusilə də gənc qızların, 12-13-14 yaşlı körpə fidanlarımızın qapanmasını görəndə mən, doğrudan da, dərin narahatçılıq hissi keçirirəm. Ən azı bu insanların seçmək hüququ əlindən alınır.
- Necə hesab edirsiniz, bütün bunlar, bu kimi ağrılı hallar təhsil sistemimizin, təhsil siyasətimizin düzgün qurulmamasından, həyata keçirilməməsindən qaynaqlanmır ki?
- Cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü təhsildən qaynaqlanır. Mən vaxtaşırı olaraq təhsildə olan problemləri açıq tənqid edirəm və bu zaman bəzi həmkarlarımın "məgər digər sahələrdə problemlər yoxdurmu" etiraz xarakterli suallarını eşidirəm. Düzdür, mən heç də bu fikirdə deyiləm ki, digər sahələrdə problem yoxdur, digər sahələrdə də kifayət qədər ciddi problemlər var, ancaq biz bu gün həkimlərin savadsızlığından, peşəkar həkim kadrlarının çatışmamazlığından danışırıqsa, o zaman anlamalıyıq ki, bu problemin kökü təhsildən qaynaqlanır. Əgər biz məhkəmə sistemində olan çatışmamazlıqlardan danışırıqsa, onda anlamalıyıq ki, ədalət prinsipini, qanunu tapdalayan hakimi təhsil sistemi yetişdirir. Korrupsioner məmur da, savadsız "alim" də qüsurlu təhsil sisteminin "övladlarıdır". Bu baxımdan düşünürəm ki, təhsildə olan vəziyyət düzəlməyincə, digər sahələrdə olan nöqsanların da aradan qalxmasından danışmaq mümkün deyil. Təhsilin bir funksiyası savadlı mütəxəssis yetişdirməkdirsə, digər funksiyası isə kamil şəxsiyyət, vətəndaş yetişdirməkdir. Hər iki cəhət bir-birilə vəhdət təşkil etməlidir. Yəni, düzgün təhsil konsepsiyası həm şəxsiyyət, vətəndaş yetişdirməyi, həm də peşəkar yeyişdirməyi qarşısına məqsəd qoymalıdır. Əgər bu cəhətlərdən, bu istiqamətlərdən biri axsayarsa, nəticə uğurlu ola bilməz. Məsələn, həkim savadlıdırsa, lakin vicdanlı, vətənpərvər deyilsə, o, öz işinə biganə yanaşa bilər. Bu gün 8, 10, 12 yaşlı məktəbli müəlliminə öz əli ilə rüşvət verirsə, həmin müəllim bu məktəbliyə düzlük, ədalət, bütövlük, saflıq, təmənnasızlıq, insansevərlik kimi dəyərləri necə aşılayacaq? Belə riyakarlıq mühitində böyüyən uşaqdan gələcəkdə kamil şəxsiyyət və əqidəli ziyalı yetişəcəkmi?
Hər birimiz üçün bəlli olan həqiqət var ki, təhsil millətin onurğa sütunudur, gələcəyidir və bu gün o millətlər güclüdürlər ki, onların gücü təhsil sistemi və həmin təhsil sistemi üzərində bərqərar olan güclü elmi potensialı var. Bu gün silah deyil, elm, texnologiya əsridir və bu əsrdə millətlərin, xalqların yaşamaq uğrunda mübarizəsindən üzüağ çıxmaq üçün, sözsüz ki, təhsil səviyyəsini artırmalı, yüksək elmi biliklərə, elmi texnologiyalara yiyələnməliyik.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: cəmiyyətdə olan əksər problemlər təhsildən qaynaqlandığı kimi, təhsilin problemləri də tək Təhsil Nazirliyinin yox, bütün cəmiyyətin problemləridir. Bu problemlərə ayrı-ayrılıqda hər birimiz, bütövlükdə isə cəmiyyət sahib çıxmalıdır.