Azərbaycanın Xocalı və Çexiyanın Lidese şəhərləri qardaşlaşdılar
- Vahid müəllim, bu günlərdə Çexiyada Lidise şəhəri və Xocalı şəhərinin əməkdaşlığı haqqında sənəd imzalandı. Həmin mərasimdə iştirak edən şəxs kimi bu məsələ haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, hər il Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Xocalı faciəsinin ildönümlərinə dair tədbirlər planının təsdiq edir və bu plana uyğun olaraq müvafiq tədbirlər keçirilir. Qeyd etmək istəyirəm ki, Xocalı soyqırımı ilə bağlı tədbirlərin yalnız ölkə daxilində deyil, xaricdə də geniş formada keçirilməsi dövlətimizin siyasətinin əsas istiqamətlərindən biridir. Genişmiqyaslı layihələrin reallaşdırılması nəticə etibarilə Xocalı faciəsinə aid həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çexiyada baş tutan tədbirlər də yuxarıda qeyd etdiyim plana uyğun olaraq həyata keçirilib. Lidise şəhərində bir neçə ildir ki, Xocalı soyqırımını anma mərasimləri keçirilir. Heydər Əliyev Fondunun və Çexiyada fəaliyyət göstərən Azər-Çex Cəmiyyətinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə 2007-ci ildən bəri 3 il ərzində Lidise Xatirə Kompleksində Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu il də Çexiyanın Lidise Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbirlər oldu. Mərasimdə öncə Lidise faciəsinin qurbanlarının xatirəsinə əbədi yanan məşəlin önünə əklil qoyulub. Onu da qeyd edim ki, dünyada ən böyük qızılgül bağı Lidisedədir. Dünyanın 140 ölkəsindən həmin bağda gül əkilib. Lidise faciəsinin qurbanlarının xatirəsini əziz tutaraq Azərbaycandan gedən nümayəndə heyəti də həmin bağda əkmək üçün qızılgül kolları aparmışdı.
Qeyd etdiyim kimi, Lidisedə Xocalı faciəsinə həsr olunmuş bir sıra tədbirlər keçirildi. Lidise Xatirə-Kompleksinin rəhbəri Miloş Çervençl çıxış edərək, tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Mərasimdə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə də çıxış etdi. O, Lidise qətliamından sağ çıxmış şəxsləri salamladı, anım mərasimini Xocalı faciəsinin xatırlanmasında yeni mərhələ, eləcə də, Çexiya ilə Azərbaycan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlığın digər bir bariz nümunəsi kimi xarakterizə etdi. Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, tədbirdə Çexiya parlamentinin üzvləri də iştirak edirdi. Onlardan biri - senator V.Koukal Xocalı faciəsinin qurbanlarının ailə üzvlərinə başsağlığı verdi.
- Lidise şəhərinin küçələrindən birinə Xocalı adının veriləcəyi bildirilirdi. Bu təşəbbüs reallaşdırıldımı?
- Bəli, bu məsələ artıq həll olunub. Fevralın 11-də Lidise şəhər bələdiyyəsinin qərarı ilə qəsəbədə yeni salınacaq yaşayış massivinin küçələrinin birinə Xocalı adı veriləcək. Artıq yeni massivin ərazisi müəyyənləşib və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Mərasimin keçirilməsi üçün Lidise şəhərinin seçilməsi ilə əlaqədar qeyd edim ki, bu şəhər Xocalı ilə eyni acı taleyi paylaşır. Praqanın şimal-qərbində yerləşən Lidisedə 1942-ci ilin iyununda faşistlər tərəfindən kütləvi qırğın törədilib, 340 insanın, o cümlədən, 88 uşağın həyatına son qoyulub. Lidise şəhəri 1942-ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilib, əhalisi terrora məruz qalıb.
- Xocalı soyqırımı ilə bağlı daha hansı tədbirlər keçirildi?
- Hesab edirəm ki, bu cür tədbirlər gələcəkdə daha müsbət nəticələr verəcək. Mən Çexiyada keçirilən tədbirlərin timsalında deyə bilərəm ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlər dünya ictimaiyyəti tərəfindən qəbul olunmaqdadır. Yeri gəlmişkən, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun layihələrinin və "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Onu da deyim ki, Lidise şəhərində Xocalı faciəsi haqqında Heydər Əliyev Fondunun hazırladığı sərgi nümayiş olunub, Dağlıq Qarabağ münaqişəsi haqqında seminar keçirilib və sənədli film göstərilib. Məlumat üçün bildirim ki, bu tədbirlərə Çexiya Senatının təmsilçiləri, Türkiyə və bəzi MDB ölkələrinin Çexiyadakı səfirliklərinin, diasporların nümayəndələri və KİV təmsilçiləri qatılıb.
- Bildiyimizə görə, Çexiyada yaşayan ermənilər bu tədbirlərin keçirilməsinə mane olmağa çalışıblar. Bu haqda nə deyə bilərsiniz?
- Tədbirlərin keçirilməsinə qarşı çıxan erməni diasporu və Ermənistan rəsmiləri Lidise şəhərinin rəhbərliyinə ciddi təzyiqlər göstəriblər. Belə ki, tədbirin keçirilməsinə mane olmaq məqsədilə Ermənistanın Avstriyadakı səfiri Aşot Ovakiyamyan Çexiyadakı erməni keşişi Barseqa Pilavcyan, "Erməni" klubunun sədri Tiqran Abramyan, "Orer" jurnalının baş redaktoru Akop Asatryanın müşayiəti ilə Lidise şəhərinə gələrək Lidise Xatirə-Kompleksinin və Lidise qəsəbə admnistrasiyasının rəhbərliyi ilə görüşüblər. Onlar Xocalı faciəsini guya Azərbaycanın o vaxtkı rəhbərliyinin törətdiyini bildirərək, bu barədə uydurma faktlar təqdim ediblər. Bundan başqa onlar Lidisedə Xocalı faciəsi ilə bağlı anım tədbirinin, fotosərginin keçirilməsinə və əməkdaşlıq haqqında protokol imzalanmasına etiraz ediblər. Buna baxmayaraq, biz Azərbaycan tərəfi olaraq Lidise rəhbərliyi ilə görüşərək, Xocalı soyqırımı haqqında əsil həqiqətləri diqqətə çatdırdıq. Onlara ermənilərin təqdim etdiyi faktların uydurması olduğunu bildirdik. Beləliklə, fevralın 26-da anım tədbiri, martın 1-də isə Xocalı rayon icra hakimiyyəti ilə Lidise Xatirə-Kompleksi və onun tabeçiliyində olan NKP Lejaki Memorialı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanması baş tutdu.
- İmzalanmış memorandumda hansı məsələlər nəzərdə tutulur?
- Bu sənəd şəhərlər arasında birbaşa əməkdaşlıq əlaqələri qurmağı, xalqlar arasında mədəni əlaqələrin yaranmasına dəstək verməyi və sosial-mədəni sahədə əməkdaşlıq istiqamətində digər bir sıra öhdəlikləri nəzərdə tutur. Memoranduma görə, Lidise Xatirə- Kompleksi və Xocalı rayon icra hakimiyyətinin əməkdaşlığı əsasən, qarşılıqlı təşviqat-təbliğat işlərinin aparılmasını, hər iki şəhərdə baş vermiş faciəyə dair sərgilərin təşkilini, Lidise sakinlərinin və Xocalı faciəsi şahidlərinin görüşlərini, elmi tədqiqatlar üçün arxiv materiallarindan istifadə üçün şəraitin yaradilmasını, soyqırıma aid nəşrlərin mübadiləsini, eləcə də, birgə nəşlərin layihəsinin hazırlanmasını və tarixi materiallarin çap olunmasını, uşaq və gənclər üçün tədris xarakterli yarış və müsabiqələrin təşkilini əhatə edir.
- Vahid müəllim, sizcə, gələcəkdə bu istiqamətdəki fəaliyyəti genişləndirmək üçün daha hansı addımlar atılmalıdır?
- Lidise ilə Xocalı şəhəri arasında əməkdaşlıq haqqında sənədin imzalanması mühüm hadisədir. Bu fakt böyük faciələrlə üzləşmiş hər iki şəhərlə bağlı həqiqətləri dünyaya çatdırılmasında çox ciddi faktdır. Xüsusilə, ötən ilin sonlarında baş vermiş ermənilər tərəfindən törədilmiş Xocalı qətliamına dair faktların beynəlxalq müstəvidə qəbul olunması istiqamətində atılan vacib addımdır". Yuxarıda qeyd etdiyim kimi Lidise alman faşistləri tərəfindən tamamilə dağıdılıb. Müharibədən sonra indiki yaşayış ərazisi həmin dağılmış ərazinin yaxınlığında salınıb. Dağılmış ərazi isə Xatirə-Kompleksi kimi qorunur. Bu kompleks çox möhtəşəmdir. Hər il Çexiyaya gələn 3 milyona qədər turist bu kompleksi ziyarət edir. Bu kompleksdə Xocalı faciəsinə aid xüsusi lövhə yerləşdirilsə, ermənilərin xalqımıza qarşı törətdiyi qətliamın dünyada tanınmasına kömək göstərə bilər. Ən azından, 3 milyon turist bu faciə ilə bağlı məlumat əldə edəcəklər. İnanırıq ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində toraqlarımız işğaldan azad olunacaq və Xocalıda soyqırımı əks etdirən böyük xatirə kompleksi yaradılacaq. Onun yaradılmasında Lidise Xatirə-Kompleksinin təcrübəsindən istifadə olunmalıdır.