PDF Oxu

Müsahibə

  • 6

Qadın ana olmaqla bərabər, eyni zamanda, cəmiyyətin əsas dayaqlarından biridir

Qadın ana olmaqla bərabər, eyni zamanda, cəmiyyətin əsas dayaqlarından biridir
- Hicran xanım, martın 8-də bütün dünyada qadınların bayramı qeyd ediləcək. Bu bayram ərəfəsində Azərbaycan qadınlarının cəmiyyətin inkişaf və tərəqqisində rolu haqqında nə deyə bilərsiniz?
- Ölkə əhalisinin yarısından çoxunu təşkil edən Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Müqəddəs sayılan qadın xeyir-bərəkət, sülh, əmin-amanlıq rəmzi hesab olunur. Çünki bəşəriyyət həmişə qadınla ucalmışdır. Dünyamızın sivilizasiyası qadınların ağlı, zəhməti, yaradıcı təxəyyülü sayəsində inkişaf etmişdir. Bu, bir həqiqətdir ki, dahiləri, müdrikləri, qəhrəmanları analar böyütmüşlər. Təsadüfi deyil ki, biz hər bir işi analarımızın xeyir-duası ilə görürük. Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar Tanrının təbiətə bəxş etdiyi müqəddəs bir varlıqdır. Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi və mədəni proseslərdə fəal iştirak edir. Bu gün o, nazirdir, millət vəkilidir, akademikdir, dövlət qulluqçusudur. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər.
- Bəs Azərbaycanda dövlət qadın siyasəti hansı səviyyədə həyata keçirilir?
- Qadın məsələləri həmişə dövlətimizin diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi dövrdən qadınların problemləri ilə maraqlanmış, onların irəli çəkilməsi üçün şərait yaratmışdır.
Ulu öndərimizin verdiyi bir çox qərar və sərəncamlar onun cəmiyyətdə gender balansının formalaşdırılması sahəsində uzaqgörən siyasətinin əməli ifadəsidir. 1998-ci ildə ümumilli liderimizin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci il martın 6-da isə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanın qəbul edilməsi bu siyasətin həyata keçirilməsi istiqamətində atılan növbəti addım idi. Bütün fəaliyyətində ümummilli liderimizin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamaqla bu sahəyə dövlət qayğısını bir daha nümayiş etdirir.
- Müasir Azərbaycan ailəsinin inkişafı, eləcə də, milli-mənəvi dəyərlərlərimizin qorunmasında zərif cinsin nümayəndələri nə kimi üstünlüyə malikdir?
- Qadın ana olmaqla bərabər, eyni zamanda, cəmiyyətin əsas dayaqlarından biridir. Ona görə də, biz qadınları həm də cəmiyyətin inkişafında fəal rol oynayan dövlət qurucuları kimi görmək istəyirik. Qadın ailə çərçivəsində önəmli rol oynamaqla yanaşı, həm də sosial proseslərin aktiv hərəkətverici qüvvəsi kimi çıxış etməlidir. Zərif cinsin nümayəndələri milli-mənəvi dəyərlərin, ailə ənənələrinin nəsillərdən-nəsillərə ötürülməsi kimi ağır və məsul missiyanı özlərinin kövrək çiyinlərində ləyaqətlə daşıyırlar. Yeni əsrin qadını tarixi dəyərləri öz simasında ehtiva etməklə bərabər, həm də müasir proseslərlə ayaqlaşmalı, intellektual səviyyəsini daim artırmalı, yüksək təhsilə malik kamil şəxsiyyət kimi formalaşmalıdır. O, milli keyfiyyətləri ümumbəşəri dəyərlərlə uzlaşdırmalı, hüquqlarını darindən bilməli, özünü zorakılığın bütün formalarından qorumağa qadir olmalıdır.Yalnız bütün bu amillərin birgə təsiri sayəsində qadınlar ictimai inkişafın katalizatoru funksiyasını yerinə yetirə və cəmiyyətdə sosial harmoniyanın tənzimlənməsini həyata keçirə bilərlər. Məmnunluq hissi ilə qeyd etməyi özümə borc bilirəm ki, iqtidarın həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində bu gün ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılmışdır.
- Hicran xanım, beynəlxalq müstəvidə gender balansı probleminin həlli ilə bağlı nə deyə bilərsiniz?
- Hazırda qadın məsələləri, cəmiyyətdə gender balansı problemi bütün dünyanın diqqət mərkəzindədir. BMT, Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatlar hər bir ölkədə qadın hüquqlarının müdafiəsinə böyük həssaslıqla yanaşırlar. Bu, heç də təsadüfi deyil, çünki psixoloji və fiziki təzyiq bütövlükdə qadın hüquqlarına ciddi xələl gətirə bilər.
Bu gün bizə sözünü beynəlxalq tribunalardan qətiyyətlə deyə bilən, qlobal məsələlərin həllinə layiqli töhfə verməyə qadir olan qadınlar lazımdır. Fərəhlidir ki, bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan qadın hərəkatının lideri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva bütün bu keyfiyyətləri özünün təkrarsız şəxsiyyətində üzvi surətdə birləşdirir. O, həm nüfuzlu ictimai xadim, həm istedadlı alim, həm qayğıkeş ana, həm layiqli həyat yoldaşıdır. Bu xoşbəxtlik hər bir millətə nəsib olmur. Onun cəmiyyətimizdə yaratdığı misilsiz aura insanları daxili zənginliyə və mənəvi saflığa səsləyir. Hər bir Azərbaycan qadınının, ailəsinin və uşağının problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanımın təşəbbüsü ilə uşaqların sağlamlığı, təhsili, tərbiyəsi sahəsində böyük layihələr uğurla həyata keçirilir.
- Ümumiyyətlə, qadınların ictimai fəaliyyət imkanları nə qədərdir? Bu gün ölkəmizdə qadınlarla bağlı xeyli sayda qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.
- Elm və texnologiya günbəgün inkişaf edir, iqtisadi cəhətdən sərbəstlik əldə edən qadınların sayı artır. Gələcək vətəndaşların tərbiyəsi, savadı, mədəniyyəti, zehni inkişafı, vətənpərvərliyi, ilk növbədə, cəmiyyətə yeni nəsil bəxş edən qadından asılıdır. O, ölkənin ictimai həyatında da böyük uğurla çalışır. Qadın kişi ilə bərabər iqtisadiyyatın, mədəniyyət, elm və incəsənətin bütün sahələrində fəal iştirak edir. İndi elə bir ixtisas, elə sahə tapmaq olmaz ki, orada qadın əməyi tətbiq olunmasın. Qadınlarımızın bir qismi mühüm dövlət vəzifələrində uğurla işləyir. Bu gün bizim parlamentdə deputatların 14 nəfərini qadınlar təşkil edir. Dünyanın ən inkişaf etmiş ölkələrində parlament üzvləri içərisində qadınların sayı bu qədər deyil.
Lakin ümumilikdə götürəndə qadınlarımızın keçdiyi yüksəliş yolu heç də rahat olmamışdır. Əsrlər ötdükcə, qadın zamanın sınaqlarından çıxdıqca, onun cəmiyyətdə tutduğu mövqe də yüksək qiymətləndirilmişdir. Azadlıq və istiqlal yollarında qadın hərəkatı bütün dünyaya yayılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə hər üç istiqamətdə kompleks dövlət siyasətini həyata keçirən vahid qurum formalaşdırıldı. Hazırda biz müxtəlif dövlət proqramları və layihələrin həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparırıq. Bü gün Azərbaycanda 80-dən artıq qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Qarşılaşdığımız problemlərin həlli dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının əməkdaşlığını tələb etdiyindən, biz həmin qadın cəmiyyətləri ilə əlaqəli işləyirik. Onlardan bir çoxu qadınların respublikanın ictimai, iqtisadi, siyasi və mədəni həyatına cəlb edilməsi istiqamətində fəaliyyət göstərirlər. Qadınların ictimai həyata cəlb edilməsi üçün qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif mərkəzlər yaradılmışdır, qadınların psixoloji və sosial reabilitasiyası üzrə hüquqi, tibbi və başqa məsləhətlərin verilməsi təşkil olunmuşdur.Bu əməkdaşlığın uğurları göz qabağındadır.
Məlumdur ki, ailə, qadın və uşaq problemlərinin həlli mühüm bəşəri məsələlərdən biri olaraq qalır. Odur ki, biz də, öz növbəmizdə, daim axtarışlar aparır, beynəlxalq təcrübəyə əsaslanaraq ailələrin rifahının yüksəlməsi, qadınların ictimai - siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi üzrə ardıcıl işlər görürük.
- Dövlət Komitəsi olaraq gələcəkdə hansı layihələri həyata keçirəcəksiniz?
- Fəaliyyətimizin növbəti ilinin yekunları göstərir ki, gördüyümüz işlər ictimaiyyətdə müsbət rəy yaratmışdır. Bizim həyata keçirdiyimiz tədbirlər planında qadın hüquqlarının təbliği, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi bir məqsəd kimi qarşıya qoyulmuşdur. "Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli Fərmanın icrası ilə əlaqədar olaraq qadın və kişilər haqqında, qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunmaları üzrə regionlardan məlumat toplamışıq. Nəticələr göstərir ki, dövlət idarəçiliyinin yüksək pillələrində qadınlar əvvəlki illərdəki kimi yenə az sayda təmsil olunurlar. Təhsil, səhiyyə, mədəniyyət sahəsində isə qərar qəbuletmə səviyyəsində qadınların sayı artmışdır.
Hazırda biz dövlətimizin gender siyasətinin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə nazirlik və dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslərdən ibarət əlaqələndirici şura yaradılması prosesinə başlamışıq. Azərbaycan cəmiyyətinin həyatında qadınların rolunun məqsədyönlü şəkildə artırılmasına yönəlmiş dövlət siyasətini icra edən komitəmiz tərəfindən Avropa Şurasının ekspertləri ilə birgə hazırlanmış "Gender bərabərliyi haqqında" Qanun 2006-cı ildə qəbul edilmişdir. Bu Qanuna əsasən, dövlət kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. Kişi və qadınların siyasətdə və ictimai həyatda bərabər iştirakı insan hüquqlarının ayrılmaz hissəsidir.
Bu gün respublikada qadınları öz hüquqları barədə məlumatlandırmaq məqsədilə hüquqi biliklərin yayılmasına yönəlmiş maarifləndirmə kampaniyası davam etdirilir.Komitəmiz tərəfindən regionlarda qadınların və kişilərin bərabər hüquqları, qadınların qərar qəbuletmədə və seçkilərdə iştirakı, zorakılığa qarşı mübarizə mövzularında maarifləndirmə işləri aparılır. Qərar qəbuletmədə qadınların sayını artırmaq prioritet vəzifələrdəndir. Lakin gender siyasətinin məqsədi yalnız statistik göstəricini artırmaq deyil, eyni zamanda, ictimai şüuru dəyişməkdir.
Bu yaxınlarda Heydər Əliyev Fondu, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu arasında "XXI əsrdə zorakılıqsız cəmiyyət" layihəsinin imzalanma mərasimi keçirilmişdir.
Məlum olduğu kimi, zorakılığın qarşısının alınması bütün dünyada aktual məsələlərdəndir. Bu sahədə dövlət siyasətinin rəhbər prinsipləri ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş və həmin siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən imzalanan layihə ölkədə zorakılığın aradan qaldırılması sahəsində görülən tədbirlərin davamıdır. Onun əsas məqsədi əhalinin maarifləndirilməsi, gender bərabərliyi, insan alveri və erkən nikahlarla bağlı bir çox istiqamətlərdə məlumatlandırma kampaniyasının həyata keçirilməsidir.

Digər xəbərlər