PDF Oxu

Müsahibə

  • 8

Bahar Muradova: "Qondarma erməni soyqırımı ABŞ tərəfindən tanınsa, Amerikaya olan inam itəcək"

Bahar Muradova: "Qondarma erməni soyqırımı ABŞ tərəfindən tanınsa, Amerikaya olan inam itəcək"
- Bahar xanım, parlament seçkiləri ərəfəsində ölkədəki bəzi siyasi qüvvələr və beynəlxalq təşkilatlar "Seçki Məcəlləsi"nə və "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərin edilməsinin vacibliyini qeyd edirlər. Buna münasibətiniz?
- Bu il Azərbaycan üçün önəmli ildir, qarşıdan parlament seçkiləri gəlir. Bu məqamda qeyd etmək istərdim ki, biz qısa müddət öncə bələdiyyə seçkilərinə yekun vurduq. Seçki çox yüksək səviyyədə keçdi, insanlar azad şəkildə öz seçimlərini edə bildilər. Hesab edirəm ki, parlament seçkiləri də eyni şəffaflıqla baş tutacaq.
Bilirsiniz, Azərbaycanda seçkilərin keçirilməsi üçün qanun var və bu qanunla yüksək səviyyədə seçki keçirmək mümkündür ki, hər seçkidə biz bunun şahidi oluruq. Əgər hansısa ciddi dəyişikliklərdən söhbət gedirsə, o dəyişiklikləri indi etmək düzgün deyil.
"Siyasi partiyalar haqqında" qanunla bağlı bizim hər zaman fikirimiz belə olub ki, mövcud qanun yenidən işlənməlidir. Sözügedən qanunda bir çox məsələlər günün tələblərinə cavab vermir. Qanun yenidən işlənərkən cəmiyyətdəki bütün maraqlı tərəflərin fikirləri nəzərə alınmalıdır.
- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı səviyyəsini necə qiymətləndirirsiniz, sizcə münaqişənin hərbi yolla həllinə dair Azərbaycanda səslənən bəyanatlar nədən qaynaqlanır?
- Nə qədər ki, münaqişə həllini tapmayıb müharibə çağrışları səslənəcək və buna normal yanaşmaq lazımdır. Artıq insanların səbri tükənmək üzrədir. Problemin həlli ətrafında intensiv diplomatik danışıqlar aparılır, ortada hansısa sənədlər var, bu sənədlər üzərində fikir mübadiləsi aparılır, amma konkret bir razılaşma yoxdur. Belə davam etdikcə əlbəttə hansısa müharibə çağrışları olacaq.
Torpaqlarını hərbi yolla azad etmək Azərbaycanın müstəsna hüququdur. Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, nə vaxt görsək ki, artıq danışıqlar yolu ilə işğal olunmuş torpaqların azad edilməsi mümkün deyil, biz işğal edilmiş torpaqlarımızı hərbi yolla azad edəcəyik. Buna bütün Azərbaycan cəmiyyəti hazır olmalıdır.
Biz münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük veririk və danışıqların bir nəticə verəcəyinə inanırıq. Lakin bu Ermənistana əsas verməməlidir ki, danışıqlar vasitəsi ilə vaxt uzatsın. Zaman artıq Ermənistanın əlehinə işləyir, onlar qərar qəbul etməlidirlər ki, nə istəyirlər - münaqişənin sülh yolu ilə həllini, yoxsa hərbi yolla həllini?
Status-kvo dəyişməlidir, bu belə qala bilməz. Dünyada söz sahibi olan dövlətlər Ermənistana təsir göstərməlidirlər. Necə ki, bunu Türkiyə-Ermənistan protokollarının imzalanması zamanı etdilər.
- Milli Məclisdə ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina etmək və ya Türkiyənin həmsədrlər institutunda təmsil olunması ilə bağlı çağrışlar səsləndi. Buna münasibətiniz necədir?
- Hamı bilir ki, Türkiyə ATƏT-in üzvüdür və Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT üzvü olan bütün ölkələrin köməyindən istifadə etmək olar, eləcə də Türkiyənin. Şəxsən mən ATƏT-in həmsədr ölkələrindən birinin digər ilə əvəz olunacağının məsələnin həllinə dərhal müsbət təsir edəcəyi fikrində deyiləm.
ATƏT-in Minsk qrupunun üzvləri dünyanın fövqəl dövlətləridir və öz aralarında bir razılığa gəlib, Qafqazı hərb meydanına deyil, sülh meydanına çevirmək istəyini ortaya qoysalar onda problem həllini tapa bilər.
- Bu gün ABŞ Konqresində qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi müzakirə ediləcək. Sizcə ABŞ Konqresi qondarma soyqırımı tanıyacaqmı?
- Amerika Qafqazdakı problemlərin aradan qaldırılması istiqamətində üzərinə düşən məsuliyyəti və ona olan gözləntiləri nəzərə alacaqsa bu addımı atmamalıdır və atmayacaq da. Yox, əgər ABŞ regionda yeni cəbhə açmaq, Türkiyə ilə münasibətləri tamamilə korlamaq istəyəcəksə və bir qrup erməninin maraqlarını ifadə edəcəksə, bu addımı atacaq.
Düşünürəm ki, qondarma erməni soyqırımının ABŞ tərəfindən tanınması və ümumlikdə dünyada tanıdılması məsələsi yarıda saxlanmalıdır. Əks halda Türkiyə-Ermənistan protokollarının taleyi sual altında qalacaq və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Amerikaya olan inam itəcək.

Digər xəbərlər