PDF Oxu

Müsahibə

  • 7

“Ümid" müxalifətə sahib çıxmaq istəyir

“Ümid" müxalifətə sahib çıxmaq istəyir
- Nəsimi bəy, "Ümid", ADP və "Azadlıq" blokunda təmsil olunan partiyalar blok yaratmağa hazırlaşır. Bu proqramın həyata keçirilməsi hansı ideya əsasında həyata keçiriləcək?
- Müxalifətin bir yerdə seçkiyə qatılması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, bütövlükdə, müxalifət seçkilərə bir blokda qatılsa, daha yaxşı olar. Yəni, seçicilərin seçim etməsi o zaman daha asan olar. Bu baxımdan, blokun tərəfdarıyıq. Amma bununla bağlı konkret heç bir qərar yoxdur. Ancaq müxtəlif formalar əsasında müzakirələr gedir. Bu gün də həmin müzakirələr davam etməkdədir.
- Söhbət hansı partiyalardan gedir?
- Müxalifətdə bu gün mövcud olan və vaxtilə "Qarabağ və Respublika Uğrunda Hərəkat"da (QRUH) təmsil olunmuş partiyaları nəzərdə tuturuq. O cümlədən, "Demokratiya Uğrunda İttifaq"da ("DUİ") bu prosesdə iştirak edə bilər. Birlik koalisiyasına nail oluna bilərsə, təbii ki, bu, çox normal haldır. Yox, əgər birlik alınmasa hansı məqbul forma olacaqsa, onu götür-qoy edəcəyik.
- Müsavatın həmin sırada adı çəkilməməsini "Ümid"-Müsavat qarşıdurması kimi qəbul etmək olarmı?
- Hesab etmirəm ki, onunla bağlıdır. Ola bilsin ki, Müsavat partiyası müxalifətin bir blokda təmsil olunmasında maraqlıdır. Yəqin ki, gələcəkdə bu istiqamətdə aparılan müzakirələrdə iştirak edəcək. Amma faktiki olaraq, bizim onlarla olan münasibətlərimizlə bağlı deyil.
- Amma İsa Qəmbərov, Arif Hacıyev və digər funksionerlər birmənalı şəkildə bəyan ediblər ki, "Ümid"in təmsil olunduğu hər hansı blokda iştirak etməyəcəklər. Bundan sonra hansı danışıqlardan söhbət gedə bilər?
- Biz onların bu birlikdə təmsil olunması ilə bağlı dediklərinin qərar olmadığı qənaətindəyik. Hesab edirik ki, müxalifətin birliyini pozmaq heç kəsə öz fəaliyyətində baş ucalığı gətirməz. Bu baxımdan, onlar belə bir bəyan versələr də bu tam qərar deyil. Orada hansısa funksioner subyektiv fikir səsləndirib. Bütövlükdə, partiya qərar qəbul etsə ki, hər hansı bir blokda iştirak etməyəcək, o halda, biz də onların qərarlarına münasibətimizi ortaya qoyacağıq.
- A.Hacıyev verdiyi açıqlamasında bəyan edib ki, "Ümid", ADP, "Azadlıq" blokunda təmsil olunan partiyaların blok yaratması fantastik məsələ ola bilər...
- Onun niyə belə deməsi mənə məlum deyil. Ölkədə demokratik seçki istəyən müxalifət təşkilatları bir araya gəlməlidir.
- Nəsimi bəy, "Ümid" partiyasının AXCP (i) ilə, sonra ADP ilə problemləri mövcud idi. Hazırda Müsavat partiyası ilə problemləri yaşanır. Nə baş verir ki, partiyanız özünə partiyalar sferasında konkret yer tapa bilmir?
- Bilirsiniz, hər bir partiyanın özünün məqsədi, problemləri, siyasi maraqları var. Həmin siyasi maraqlar çərçivəsində müəyyən proqramlar həyata keçirir. Bu nöqteyi-nəzərdən "Ümid" partiyasının da bəzən aktivlik nümayiş etdirməsi müttəfiqləri tərəfindən normal qarşılanmır. Onlar məsələlərə qısqanclıqla yanaşırlar. Belə hallar mövcuddur. Bu, bizdə narahtlıq yaratmır.
- Siz "DUİ"-nin adını çəkdiniz. Amma Mirmahmud Fəttayev blok yaratmaq üçün bir çox partiyalarla danışıqlar apardı. Amma nədənsə, "Ümid" partiyasına yaxın getmədi. Bunun fonunda "DUİ"-ni yenidən öz tərəfinizə çəkmək cəhdiniz necə başa düşülməlidir?
- Bilirsiniz, biz müxalifətə sahib çıxmaq istəyirik. Yəni, bu gün ola bilsin ki, kimsə, yalnız özünün kiçik, xırda maraqlarından kənara çıxa bilmir. Ordan o tərəfə fəaliyyət göstərməklə bağlı konkret məqsədi yoxdur.
- "Ümid" qarşıdan gələn parlament seçkilərinə müstəqil qatılacaq, yoxsa yenidən axtarışlarını davam etdirəcək?
- Yox, görsək ki, bu birliklər, bloklar alınmır. Təbii ki, özümüz müstəqil şəkildə seçkidə iştirak etməklə bağlı hazır qərarımıza müraciət edəcəyik.
- "Ümid" partiyasının Müsavatla olan münaqişəsi tam şəkildə aradan qaldırılması demək olar?
- Bizim tərəfimizdən belə bir münaqişə aparılmır. Çünki hesab etmirik ki, Müsavat partiyası bizim rəqibimizdir. Ona görə də, bizim belə problemimiz yoxdur. Amma onlar hesab edirsə ki, biz onların rəqibiyik və belə bir fəaliyyətdədilər, qoy bunu onlar cavablandırsınlar. Yenə deyirəm ki, biz onları rəqib hesab etmirik və gələcəkdə də rəqib olmaq haqqında düşünmürük. Ona görə də, bizim tərəfimizdən onlara qarşı hər hansı bir addım yoxdur.
- Bu mənada, demək olar ki, Müsavatın təzyiqləri qarşısında "Ümid" partiyası tamamilə əks-mövqedə geri çəkildi?
- Xeyr. Partiyamız hər cəhətdən, nəinki Müsavat, eləcə də, digər müxalifət partiyalarından üstündür.

Digər xəbərlər