PDF Oxu

Müsahibə

  • 10

Elman Nəsirov: "Qazaxıstanın ATƏT-ə sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətlənməsinə təsir göstərəcək"

Elman Nəsirov: "Qazaxıstanın ATƏT-ə sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətlənməsinə təsir göstərəcək"
- ATƏT-ə sədrliyin Qazaxıstan tərəfindən icra edilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı töhfə verə bilər? Çünki Qazaxıstan dövləti münaqişənin başlanması ilə bağlı ətraflı məlumata malikdir. - Qazaxıstanın xarici işlər naziri artıq ATƏT-ə sədrlik edir. Ümumiyyətlə, Qazaxıstanın ATƏT-ə sədrlik etməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət və mənfi təsirləri mümkündür. Əvvəla, müsbət təsirlərdən danışaq. Azərbaycan və Qazaxıstan dövlətləri arasında çox sıx səmimi dostluq münasibətləri mövcuddur. Hər iki dövlətin türk mənşəli olması, türk dilinə məxsusluğu, eləcə də, onlar arasında tarixi əlaqələrin geniş olması, nəticə etibarilə Qazaxıstanın ATƏT-ə sədrlik etdiyi müddətdə Minsk Qrupunun fəaliyyətində dönüşə gətirib çıxara bilər. Eyni zamanda, Qazaxıstanla Rusiya arasında xüsusi münasibətlər var. Hətta bu əlaqələr strateji müttəfiqlik münasibətləri səviyyəsinə gəlib çatıb. Hər iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. İndiki məqamda münaqişənin həllinə ATƏT-ə sədrlik edən dövlət yox, daha çox Rusiya təsir etmək imkanlarına malikdir. Qazaxıstanın xarici işlər nazirinin ATƏT-ə sədrlik etməsi, öz növbəsində, Rusiyanın sözügedən beynəlxalq təşkilatda imkan və potensialını daha da artıracaq. Son zamanlar Azərbaycanla Rusiya arasında əlaqələrin daha da intensivləşməsi, xüsusilə, Bakıda ilk dəfə Azərbaycan-Rusiya Humanitar Forumunun keçirilməsi də, bu baxımdan münaqişənin həllində uğurlu perspektivdən xəbər verir. - Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf dinamikası olsa, həmçinin, ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, ancaq hələ də Ermənistanı işğalçı dövlət kimi tanımayıb. Bu ziddiyyətli məqamı nə ilə izah etmək olar? - Bəli, Rusiya Ermənistanı işğalçı dövlət kimi tanımayıb. Opponentlərimizin bizə verəcəyi sualları da fikirləşməliyik. Əgər biz Rusiyaya nə üçün Ermənistanı işğalçı dövlət kimi tanımırsınız sualını versək, onlar da bizə dünyanın hansı ölkəsi Ermənistanı işğalçı ölkə kimi tanıyıb ki, sualını verər. BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatımı bu ölkəyə işğalçı olduğu üçün sanksiyalar tətbiq edib? Biz bunun şahidi olmamışıq və çox təəssüflər ki, indiki dövrümüzün acı reallığıdır. - İtaliya Senatının Cənubi Qafqazda vəziyyətlə bağlı qəbul etdiyi qətnamədə Yeni Avropa üçün Paris Xartiyasında, öz əksini tapmış sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu fakt Rusiyanın bizə verəcəyini bildirdiyiniz suala cavab deyil? - İtaliya belə bir mövqeni ortaya qoymaqla müsbət addım atır. Ancaq Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, eləcə də, Rusiya tanıyıb. Tanımaqla praktiki addımların atılması tamam fərqlidir. İtaliya və Almaniya parlamentləri qondarma erməni genosidi məsələsini müzakirəyə çıxarmış və dəstəkləmiş dövlətlərdir. Bu iki dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, hələ də Ermənistanı işğalçı dövlət elan etməyib. Bu cür ikili yanaşmalar bizi narahat edir. 2008-ci ilin avqust hadisələri zamanı Rusiyanın Gürcüstana münasibətdə yeritdiyi məlum siyasət və həmin siyasətə dünyanın reaksiyasını, keçmiş postsovet məkanında Rusiyadan sonra ən güclü ölkə olan Ukraynadakı prezident seçkiləri nəticələrinin rəsmi Vaşinqtonun maraq və mənafelərinə zidd olmasını nəzərə alsaq, regionda yeni siyasi proseslərin getdiyini söyləmək olar. Bu siyasi proseslərin liderinin Rusiya olması reallığını artıq hiss edirik. Belə olan halda, Rusiya və ABŞ-la münasibətlərin gərginləşdirilməsi Azərbaycanın maraqların uyğun deyil. Ermənistanı işğalçı ölkə kimi tanımır deyə, Rusiya ilə münasibətləri gərginləşdirsək, bu ölkənin Ermənistanla münasibətlərinin daha da sıxlaşmasına zəmin yaratmış olacağıq. Bu isə dövlət maraqlarımıza tamamilə ziddir. Biz, daha çox çalışmalıyıq ki, Rusiyanın Ermənistan siyasətini neytrallaşdıraq və Rusiya ilə iqtisadi-siyasi təmaslarımızı artıraq. Beləliklə, Rusiyanın Ermənistanı ənənəvi müdafiə siyasətini zəiflətməyə cəhd etməliyik. - Azərbaycan, Rusiyanın iqtisadi maraqlarına görə, bəzən digər dövlətlərin maraqlarının üstündən keçdi. Məsələn, qazın Rusiyaya satılması və Əsrin Neft Müqaviləsinə yenidən baxılaraq, Yaponiya şirkətinə aid pay bölgüsünün sonradan Lukoyla verilməsi və s. hadisələr fonunda ölkəmiz hər zaman Rusiyanın maraqlarına uyğun addımlar atıb. Bunların qarşılığında Rusiya tərəfindən konkret güzəştlər görməmişik... - Sizin dedikləriniz həqiqətdir. ABŞ iqtisadi potensial baxımdan Rusiyadan dəfələrlə güclüdür. Amma buna baxmayaraq, Rusiya güclənməkdədir. İndiki vəziyyətdə ABŞ bir sıra məsələlərdə Rusiya faktorunu nəzərə almağa məcburdur. Xüsusilə, İran və Əfqanıstanda ABŞ-ın ciddi problemləri var və bunların həllində Rusiya variantı onlar üçün çox sərfəlidir. Belə olan halda, Rusiya ilə ABŞ arasında razılaşmanın qurbanı olmaq istəmirik. Azərbaycan situasiyanı düzgün qiymətləndirməli və Gürcüstan kimi, birmənalı şəkildə, ABŞ siyasi xəttini yürütməməlidir. Biz, heç bir halda ABŞ-dan imtina etmirik və Avratlantik məkana inteqrasiyada çox maraqlıyıq. Ancaq inteqrasiya o demək deyil ki, Azərbaycan NATO-ya getmək istəyir. Ölkəmizin milli təhlükəsizlik konsepsiyasında NATO-ya daxil olmaq məsələsi məqsəd kimi qoyulmayıb. Nəzərə almalıyıq ki, ABŞ-ın çox yaxın müttəfiqi olan Gürcüstanın məlum davranışı necə cəzalandırıldı və rəsmi Tbilisi hansı köməyi ala bildi. Azərbaycan atdığı addımlara görə, çıxılmaz vəziyyətə düşməməlidir. Qeyd edim ki, ölkə Prezidenti İlham Əliyevin yeritdiyi siyasət ən məqbul, balanslı və çevik siyasətdir. Eyni zamanda, dəyişən və dəyişə bilməsi istisna olunmayan şəraitə adekvat olaraq addımlar atmaq hüququnu da özündə saxlayır. - 1992-ci ildə erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etdiyi ərəfədə ABŞ ölkəmizə qarşı "907-ci" qətnamə tətbiq etdi, eləcə də, BMT Baş Məclisinin 62-ci sessiyasında ABŞ yenidən Ermənistan mövqeyindən çıxış etdi. ABŞ-ın ölkəmizə qarşı ikili standartlardan qaynaqlanan münasibətinin arxasında hansı məqsədlər durur? - BMT-nin 62-ci sessiyasında təkcə ABŞ yox, ATƏT-in Minsk Qrupunun hər üç həmsədr ölkəsi Azərbaycana zidd mövqe nümayiş etdirdi. ABŞ 1992-ci il oktyabrın 24-də Azadlığa Müdafiə Aktına 907 saylı əlavə edib və o vaxtdan 2006-cı ilədək həmin akt çərçivəsində Pribaltika ölkələri istisna olmaqla, keçmiş postsovet ölkələrinə 27,7 milyard dollar yardım ayırıb. Bu, ABŞ Dövlət Departamentinin rəsmi məlumatıdır. 27,7 milyard dollar məbləğin 11,7 milyard dollarını Rusiyaya, 700 milyon dollarını Gürcüstana, 495 milyon dollarını Ermənistana ayırıb. Azərbaycana isə 261 milyon dollar yardım ayırdığı haqqında məlumat var. Bu da 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra reallaşdırılmış yardımlardır. Bu gün ABŞ qondarma Dağlıq Qarabağ rejiminə Azərbaycanı məlumatlandırmadan yardımlar ayırır. Bu isə ölkəmizin ərazi bütövlüyünü tanıması haqqında yürütdüyü siyasətə daban-dabana ziddir. Bu məsələni Azərbaycan tərəfi bilir və ABŞ hökuməti qarşısında dəfələrlə qaldırıb. Onların bizə cavabı bundan ibarətdir ki, ABŞ-da hakimiyyətin üç qanadı var və bunlar bir-birinə münasibətdə sərbəstdir. Qeyd edirlər ki, bu yardımları Dövlət Departamenti və Ağ Ev deyil, məhz Konqres ayırır və ona qarşı heç bir addım ata bilmirik. Bu izah həm düz, həm də səhvdir. Düzdür ki, ona görə ki, həqiqətən başqa dövlətlərə yardımları ABŞ Konqresi təsdiqləyir. Səhvdir ona görə ki, bütün qərarlar ABŞ prezidenti tərəfindən təsdiqlənir və o istənilən halda bu qərarlara mənfi münasibət ifadə edə bilər. O, özünün veto hüququndan istifadə edə bilər. Bunun isə hələ də şahidi olmamışıq. - Elman müəllim, bildirdiniz ki, Konqres yalnız iqtisadi müzakirələrə baxa bilər. Lakin mart ayında qondarma erməni soyqırımı məsələsinin müzakirə olunacağı nəzərdə tutulur. Hər hansı siyasi məsələnin həmin qurumda müzakirə olunması nə dərəcədə düzgündür? - ABŞ Konqresində siyasi, iqtisadi, hərbi, büdcə və digər məsələlər müzakirə olunur. Bu baxımdan, həmin qurumda siyasi məsələlərin müzakirəsində qeyri-qanuni hal yoxdur. Ancaq ABŞ prezidenti istənilən bir məsələyə veto qoyarsa, o qüvvəyə minə bilməz. Prezidentin vetosunu aşmaq üçün isə Konqresin 538 deputatı üçdə iki səs toplamalıdır. Bu, çox müşkül məsələdir. Amerikanın 1-ci prezidentindən 40-cı prezidentinədək vetoları aşmaq səviyyəsi hesablanıb. Məlum olub ki, prezidentlərin vetosunu aşmaq həddi yalnız 4 faizdir. Güman edirik ki, qondarma erməni genosidi məsələsi Konqresin müzakirəsində təsdiqlənməyəcək. ABŞ prezidenti Barak Obama respublikaçılar partiyasına aid olmasa da, Corc Buşun siyasətini bilavasitə davam etdirir. - ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyokovu bu ölkənin Mozambikdəki səfiri İqor Popov əvəz edəcək. Bildiyiniz kimi, bir müddət bundan öncə də, Minsk Qrupunun amerikalı həmsədri dəyişdirilmişdi. Ümumiyyətlə, diplomatların bir-birini əvəz etməsi münaqişənin həllinə müsbət təsir göstərə bilər? - Kadrların kimliyinin və səriştəsinin tapşırılan sahənin inkişafında rolu böyükdür. Əsas strategiyanı isə dövlət rəhbərləri müəyyənləşdirir. Ayrı-ayrı şəxslərin Rusiyanı təmsil etməsi bu ölkənin mövqeyində heç bir dəyişikliyə səbəb ola bilməz. Hər hansı məsələ ilə bağlı yeniliyi ölkə rəhbərləri müəyyənləşdirir. Kadrlar isə həmin yeniliyi, sadəcə olaraq, həyata keçirirlər. Bu nöqteyi-nəzərdən, Popovun Minsk Qrupuna gəlişi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyində yenilik yaratmayacaq.

Digər xəbərlər