"Müxalifət düşərgəsində qüvvələr nisbəti bərabərdir"
- Müxalifət partiyaları arasında parakəndəliyin aradan qaldırılması üçün onların birləşdirilməsi ideyası ilə çıxış etmisiniz. Aparılan danışıqların nəticəsi nə yerdədir?
- Danışıqların nəticəsi ortadadır. Əgər buna nəticə demək olarsa...
- Konkret hansı nəticədən söhbət gedir?
- Bu gün Azərbaycan mətbuatında nələr yazılırsa, ondan artıq nəticə yoxdur.
- Mediadan oxuduğumuza görə, yalnız Müsavat partiyası ilə birlik razılığı əldə etmisiniz. İdeyanız bununla kifayətlənəcək?
- Xeyr, "Azadlıq" bloku da danışıqlara qoşulub. Artıq iki aydır ki, bu istiqamətdə müzakirələr gedir. Yəqin ki, yaxın günlərdə müsbət və ya mənfi olmasından asılı olmayaraq, bir nəticəsi olacaq.
- Müxalifət partiyaları arasında birliyin yaradılması ideyası istiqamətində danışıqlar aparılarkən, Müsavat başqanı İsa Qəmbərov bir-birini "KQB"-yə və ya ayrı-ayrı qüvvələrə işləməkdə günahlandırdı. Bu faktın danışıqlara mənfi təsir göstərdiyini demək olar?
- Xeyr. Nə olacaqsa, olacaq. Bu cür açıqlamaları təbii hesab edirəm. Hər kəs öz fikrində sərbəstdir. Əgər kimsə düşünürsə ki, bu ideya ətrafında aparılan danışıqlara mənfi təsir göstərir, bu, onun öz işidir.
- Hər halda ayrı-ayrı müxalifət partiyalarını Rusiyaya, İrana və s. ölkələrə işləməkdə günahlandırmaq onlara başucalığı gətirməz...
- Bu barədə danışmaq istəmirəm. Hər kəs dediyinə özü cavabdehdir.
- Bildiyimizə görə, "MHB" lideri Lalə Hacıyevadan üzr istəmisiniz...
- Mən vəziyyəti nəzərə alaraq, bunu etmişdim. Hesab edirəm ki, bu doğru qərar idi. Bunu etməklə xəncərimin qaşı düşmədi. Hər zaman demişəm ki, millətçilik və dövlətçilik mövqeyindən çıxış edən hər kəs, o cümlədən, "Səs" və "Yeni Azərbaycan" qəzetləri mənə doğmadır.
- Müxalifətdaxili sükutu pozan İ.Qəmbərov oldusa, qarşılıqlı ittihamlara start verən də ALP-nin sədr əvəzi Əvəz Temirxan oldu. Bu barədə nə deyə bilərsiniz?
- İstənilən fikri təbii saymaq lazımdır. Onun subyektiv fikri ilə bölüşüb-bölüşməməyim isə fərqli məsələdir. Bu gün mən bu istiqamətdə aparılan danışıqlara münasibət bildirməkdən çəkinirəm.
- Mirmahmud bəy, müxalifət partiyalarının bir-birini kəskin tənqid və təhqir etməsi nəticə etibarı ilə onları haraya aparır?
- Kim haraya hesablayırsa, oraya.
- Sizcə, parlament seçkiləri öncəsi bu cür pərakəndəlik müxalifətin seçkiyə hazırlıq prosesinə mənfi təsir göstərəcəkmi?
- Təsir edə də, etməyə də bilər. Bunu zaman göstərəcək. Şübhəsiz ki, təsirsiz ötüşməyəcək.
- Yaxın gələcəkdə KXCP-Müsavat-AXCP (i) birləşməsi mümküdür?
- Hələ gündəmdə belə bir məsələ yoxdur. Təbii ki, ayrılan müxalifət qüvvələri birləşməlidir. Amma bu gün həmin qüvvələrin birləşməsi istiqamətində konkret fəaliyyət yoxdur.
- Əgər sizin birlik yaratmaq ideyanız baş tutarsa, parlament seçkilərin hansı formada qatılacaqsınız?
- Məlumat üçün deyim ki, bu, blok şəklində olmayacaq. Parlament seçkilərinə hansı formada qatılacağımıza dair məsələni müzakirə etməyimiz üçün bir araya gəlməliyik. Ancaq bununla bağlı toplantı keçirməmişik. Məsələnin çətin tərəfi budur. Əldə olunan nəticənin elan olunması üçün, öncə, mətbuat konfransı keçirdikdən sonra ətraflı məlumat verəcəyik. Hələlik, konkret qərar yoxdur.
- Həmin birlikdə hansı partiyaların təmsil olunması nəzərdə tutulur?
- "Azadlıq" bloku, Müsavat və "Demokratiya Uğrunda İttifaq"ın bu məsələni birlikdə müzakirə etməsini nəzərdə tutmuşuq. Müzakirələrdə digər siyasi partiyalar da iştirak edə bilər. "DUİ"-nin toplantısında adları çəkilən partiyaların müzakirələrdə iştirak etməsi səs çoxluğu qazanıb.
- Müxalifətin zəif olması onların bir-birini qəbul etməməsi səbəbindən qaynaqlana bilər?
- Müxalifət düşərgəsində qüvvələr nisbəti bərabərdir.
- Əgər birlik ideyası baş tutmasa, KXCP seçkilərə hansı formada qatılmağı düşünür?
- Onda alternativ variant üzərində düşünəcəyik.
- Bu müstəqil olacaq, yoxsa "DUİ" çərçivəsində?
- Yəqin ki, "DUİ" çərçivəsində olacaq.
- Bəs seçici siyahılarının dəqiqləşdirilməsi prosesi hansı formada aparılacaq?
- Həm KXCP, həm də "DUİ" olaraq bu istiqamətdə işimizi davam etdiririk. Əlavə və dəyişikliklərin olacağı istisna deyil.