PDF Oxu

Müsahibə

  • 14

Bu seçkilərdə də müxalifətin məğlubiyyəti realdır

Bu seçkilərdə də müxalifətin məğlubiyyəti realdır
- Kamil müəllim, seçkilərə bir xeyli qalmasına baxmayaraq, artıq müxalifət düşərgəsində siyasi partiyalar parlament seçkilərinə blok şəklində qatılmaları ilə bağlı fikirlər səsləndirirlər. Siz, bu seçkilərə hansı şəkildə qatılacaqsınız?
- Məlum olduğu kimi, bu il parlament seçkiləri ilidir. Azad Respublikaçılar Partiyası da builki seçkilərə qatılmaq qərarına gəlib. Bu məsələ partiyamızın keçirdiyi Siyasi Şurasının iclasında da müzakirə olunub və partiyamızın rayon təşkilatlarına da məlumat verilib. Artıq bu sahədə təbliğat-təşviqat işlərinə başlanılıb. Bildiyiniz kimi, Azad Respublikaçılar Partiyası dövlət qeydiyyatından keçmiş siyasi qurumdur. Eyni zamanda, partiyamız Yeni Azərbaycan Partiyasının rəhbərlik etdiyi siyasi partiyaların Məşvərət Məclisinin üzvüdür. Yəni, biz siyasi partiya olaraq, bu kampaniyada iştirak etmək qərarına gəlməklə parlamentdə nümayəndələrimizin təmsil olunmasına çalışacağıq. Qeyd edim ki, namizədlərimizin müəyyən edilməsi və seçkilərə hazırlıqla bağlı mart ayında partiyanın növbəti toplantısı keçiriləcəkdir. Sözsüz ki, bütün təbliğat-təşviqat işlərimizi Seçki Məcəlləsində müəyyən olunan qanuna uyğun aparacağıq.
- Əgər Məşvərət Məclisi seçkilərə blok şəklində qoşulmaq haqqında qərar verərsə, sizin partiyanız tərəfindən irəli sürülən namizədlərinizin müəyyənləşdirilməsi məsələsi necə olacaq?
- Bilirsiniz, hələlik, fikir mübadiləsi məsələsi gedir. Doğrudur, Məşvərət Məclisi 2005-ci ildə keçirilən parlament seçkilərinə "İslahat Siyasi Bloku" şəkilində gedərkən, biz də bu bloka qatıldıq. Təbii ki, bu variant yenə də mümkün olsun. Qeyd etdiyim kimi, Məşvərət Məclisinin sədri Yeni Azərbaycan Partiyası olduğu üçün, sözsüz ki, bu partiyanın məsləhətləşmələrinə uyğun hərəkət edəcəyik. Həmçinin, onu da vurğulayım ki, əgər hər hansı dairədən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd daha güclüdürsə, o zaman, təbii ki, həmin namizədin müdafiəsi istiqamətində təbliğat-təşviqatımızı aparacağıq. Bizim əsas devizimiz, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də iqtidar-müxalifət mübarizəsində iqtidar təmsilçilərinin parlamentdə daha çox üstünlük əldə etməsinə nail olmaqdır.
- Bu gün müxalifət partiyaları iddia edirlər ki, Seçki Məcəlləsində müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Siz necə düşünürsünüz?
- Bilirsiniz, müxalifət adlı qurum daxilində bu iddialar, ənənəvi olaraq, həmişə irəli sürülb. Bildiyiniz kimi, hər seçkiöncəsi müxalifət eyni ssenari üzrə hərəkət edib. Məqsəd isə, sonrakı məğlubiyyətə siyasi don geydirməkdir. Müxalifət başqa cür də edə bilməz. Çünki öz məğlubiyyətlərinə daha çox əmin olduqları üçün bu ssenarini davam etdirirlər. Onlar yaxşı bilir ki, Seçki Məcəlləmiz çox düzgün və mükəmməldir. Lakin müxalifət elə bir ağıllı layihələr irəli sürməyə qadir olmadığı üçün, bu iddialarla çıxış etməklə, özlərini sığortalamaq istəyirlər.
- Kamil müəllim, bu, real faktdır ki, iqtidar komandası cəmiyyətdə güclü müxalifətin formalaşması tərəfdarı olub. Təəssüf ki, bu gün güclü müxalifət hələ də formalaşa bilmir. Sizcə, bunun səbəbi nədir?
- Bu gün özünü "ana müxalifət", "lider müxalifət", "ən güclü müxalifət" adlandıranlar, əslində, qeyri-legitim müxalifətdir. Bir anlığa 1993-cü il iyul hadisələrini xatırlayaq. Bu hadisələri törədən o qüvvələrdir ki, ölkədə vətəndaş müharibəsi şəraitinin yaranmasına, qardaşı-qardaşa qarşı qoymaq vəziyyətinə gətirib çıxartdılar. Vəzifələrini, işlərini donduran bu müxalifət ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli və istəyilə yenidən Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra ortaya çıxaraq, özlərinin varlıqlarını nümayiş etdirməyə başladılar. Hər seçkidə biabırçı uğursuzluqlara düçar olan müxalifətin sosial bazası olmadığı üçün ümidləri özlərinə aid olan informasiya vasitələri olub. Bugünkü müxalifət elə köhnə hava ilə oynayır. Onlar elə zənn edirlər ki, gecə-gündüz hay-küy salıb, mitinq, aksiya keçirmək olar. Ancaq aksiya keçirmək üçün qüvvə olmalıdır. Hansı qüvvə ilə aksiya keçirmək istəyirlər? Bir də partiyada 3-4 nəfərdən başqa bir adam var ki, aksiya da keçirsinlər?
- Kamil müəllim, bizə verilən məlumatlara görə, Qərbin anti-Azərbaycan mövqeli donor təşkilatları müxalifətə artıq 2,5 milyon dollar pul ayırıb ki, Azərbaycanda seçkiərəfəsi fəallaşmanı artırmaq, hətta müəyyən iğtişaşlar törətməyi nəzərdə tutan təlimatlar verildiyi bildirilir. Sizcə, müxalifət belə bir çirkin niyyətləri ilə hara gedə bilər?
- Sözsüz ki, bu gün bəzi dövlətlər Azərbaycanın istər xarici, istər iqtisadi sahədə əldə etdiyi uğurlardan narahatlıq çəkirlər. Bu səbəbdən də, həmin qüvvələr müxalifətə qrantlar verməklə öz istəklərinə nail olmaq istəyirlər. Lakin bu, mümkünsüz haldır. Çünki Azərbaycan nə 1993-cü ildəki dövlətdir, nə də xalqın düşüncəsi əvvəlki düşüncədir. Eyni zamanda, müxalifətin xarici qrantların çaldığı oyunla oynamaqları nə birinci və nə də sonuncu deyil. Lakin ölü vəziyyətdə olan müxalifətin dirilməsi də mümkünsüzdür.
- Bu günlərdə Müsavat partiyasının başqanı belə bir açıqlama verərək bildirib ki, bəzi müxalifət qüvvələri hakimiyyətə, bəziləri isə İrana və Rusiyaya işləyirlər. Sizcə, bu, onların özü-özlərini ifşa etməsi deyilmi?
- Bilirsiniz, əslində, Müsavat başqanı İ.Qəmbərov cəmiyyətə məlum olan faktı etiraf etməklə, bir daha göstərdi ki, bu gün özünü müxalifət adlandıran bu qüvvələr və siyasi qurumlar İran, Rusiya və Azərbaycanda marağı olan digər region dövlətlərinə bu və ya digər formada xidmət etməklə məşğuldur. Belə olan halda, sual ortaya çıxır: bugünkü müxalifət, o cümlədən, İsa Qəmbərovun özü hansı qüvvələrə işləyir? Görünür, bu etirafları ilə artıq çıxılmaz vəziyyətə düşən müxalifət ucuz siyasi şou yaratmaqla, ictimaiyyətin gözündə öz siyasi reytinqini saxlamaq məqsədi güdür. Ancaq qeyd edim ki, bu ucuz şoular müxalifətə biabırçı uğursuzluqlar qismət etməklə bərabər, cəmiyyətin onlara olan nifrətini birə-on qat artırır. Ona görə də, bu seçkilərdə də müxalifətin uğursuzluğa düçar olacağı şübhə doğurmur.
- Sizcə, tükənmiş hazırkı müxalifətin artıq yeniləşməsinə ehtiyac duyulurmu?
- Sözsüz ki, bu məsələyə dəfələrlə toxunulub. Bu gün, həqiqətən də, yeni düşüncə, yeni fikirli, sağlam və obyektiv fikirə malik olan müxalifətin yaranmasına ehtiyac duyulur. Təsəvvür edin ki, 1993-cü ildən bu günə kimi eyni simalar, eyni düşüncəyə malik olanlar müxalifətin arxivində ştatlı işçisi olaraq qalmaqdadırlar. Bu günə kimi nə ediblər? Xalqa nə veriblər? Xalq bu adamların nəyə və hansı düşüncəyə malik olduğunu gördükləri üçün bütün seçkilərdə biabırçı uğursuzluqla üzləşiblər. Ona görə də, bu gün müxalifətin formalaşmasına, yeniləşməsinə, sağlam düşüncəyə malik olan konstruktiv müxalifətin olmasına böyük ehtiyac var.

Digər xəbərlər