Bələdiyyələrə əlavə səlahiyyətlər verilə bilər
- Arif müəllim, bələdiyyələrin hesabatlılığı ilə bağlı qanun layihəsinin parlamentin yaz sessiyasının gündəliyinə salınması və müzakirələrə çıxarılması gözlənilirmi?
-Komitənin sonuncu iclasında da bu məsələ gündəmə gəldi və belə suallar yarandı ki, bələdiyyələrin hesabatları daimi, müntəzəm, yoxsa bir dəfə və hansı hallarda olmalıdır. Ona görə, hesab edirəm ki, bunlar hamısı gərək əməlli-başlı ölçülsün-biçilsin və müvafiq qanunvericilik aktında öz əksini tapsın, yazılsın. Bu, ümumiyyətlə, böyük, ağır bir məsələdir. Eyni zamanda, burada çətinlik bir də ondan ibarətdir ki, bu yöndə bu tipli hazır bir qanun yoxdur. Düzdür, müxtəlif ölkələrin qanunvericiliyində bu yöndə müəyyən müddəalar var, onlar ayrı-ayrı qanunlarda öz əksini tapıb, ancaq demək istəyirəm ki, hansısa bir hazır qanuna baxıb, onu götürüb üzərində işləyib, ona oxşar və yaxud ona əsaslanan bir sənəd ortaya qoymaq imkanımız son dərəcə məhduddur. Bu isə, heç şübhəsiz, bizdən çox vaxt tələb edir. Hazırda yalnız onu deyə bilərəm ki, konseptual nöqteyi-nəzərdən bu məsələnin bir çox məqamları öz həllini tapıb. Bu baxımdan, elə başa düşürəm ki, bu sessiyanın axırına kimi bu məsələ bütövlükdə öz həllini tapa bilər və tapacaq.
- Bəs bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı işlər nə yerdədir?
- Bu qanun layihəsi də hələ tam təkmil, başa çatdırılmış vəziyyətdə deyil. Onun da üzərində işlər gedir. Yəni, bu qanun layihəsi ilə də bağlı işləri, hələlik, tam başa çatdıra bilməmişik.
- Bu layihədə, konkret olaraq, bələdiyyələrə hansı səlahiyyətlərin verilməsindən söhbət gedir və ya verilməsi nəzərdə tutulur?
- Bilirsiniz, biz həmin qanun layihəsində heç də nəzərdə tutmuruq ki, bu gün bələdiyyələrə hansısa səlahiyyətlər verilsin və ya verilməsin sadəcə, nəzərdə tutulur ki, müvafiq Dövlət Proqramı olsun. Çox güman ki, belə bir proqram da olacaq və bələdiyyələrin maddi-texniki bazası, hazırlıq səviyyəsi nəzərə alınmaqla, bələdiyyələrə müxtəlif səlahiyyətlər verilsin. Biz hazırda bunun mexanizmini işləyirik. Ancaq iş burasındadır ki, bir tərəf deyir, burada bir çox məsələlərin üstündən keçirsiniz, digər tərəf isə deyir, əksinə, çox ciddi, sərt qanunvericilikdir, onu bu formada qəbul etmək olmaz. Odur ki, bax, bu məsələlər sözügedən qanunun tam başa çatdırılmasını və müzakirələrə çıxarılaraq, qəbul olunmasını ləngidir.
- Yeri gəlmişkən, qarşıdan, konkret olaraq, bu ay hökumətin parlament qarşısında növbəti hesabatının verilməsi gözlənilir. Bu baxımdan, siz hökumətin son birillik fəaliyyətini necə qiymətləndirirsiniz? Onu da qeyd edək ki, müxalifət və müxalifətçi deputatlar tərəfindən hökumətin, xüsusilə, son birillik fəaliyyəti ilə bağlı ciddi tənqidlər, ittihamlar sərgilənməkdədir. Bunları necə, əsaslı hesab edirsinizmi?
- Əlbəttə, hökumətin fəaliyyəti ilə bağlı səsləndirilən tənqidləri, ittihamları əsaslı hesab edə bilmərəm. Ümumiyyətlə, heç bir obyektiv insan bu tənqidi fikirləri əsaslı hesab edə bilməz. Sadəcə, bir misal çəkmək istəyirəm. Görürsünüz ki, dünyada bu dəqiqə vəziyyət, xüsusilə, iqtisadi və maliyyə sektorunda vəziyyət nə yerdədir. Bunun fonunda Azərbaycan bu bəlaların çoxundan özünü qoruya bildi və bilib. Bu isə, ilk növbədə, hökumətin, prezidentin, dövlət başçısının işidir. İndi belə olan təqdirdə, bunu necə tənqid etmək olar? Mən demirəm ki, hər şey idealdır. Düzdür, müəyyən nöqsanlar da var, ancaq iş olan yerdə, təbii ki, bunlar da olmalıdır, qaçılmazdır. Bütövlükdə, hesab edirəm ki, hökumətin işi, ələlxüsus, son birillik fəaliyyəti çox yüksəkdir və yüksək qiymətləndirilməlidir.
- Daha çox hansı sahələrdə islahatların həyata keçirilməsinə ehtiyac var və duyulur?
- Buna bir kəlmə ilə ayaqüstü cavab vermək olmaz. Çox məsələlərdə, sahələrdə islahatlara ehtiyac var. Cənab Prezident elan edib ki, 2010-cu il ekologiya ili olacaq. Bunun özü elə böyük islahatlarla əlaqəli məsələdir. Bu məsələni dövlət prioriteti kimi qaldırıb prezident tərəfindən səslənməsi özü elə sizin sualınıza cavabdır, görün, Azərbaycanın iqtisadi imkanları nə qədər artıb və artırılıb ki, bu məsələləri reallaşdırmağa, qaldırmağa qadirdir. Eyni zamanda, bir daha hesab edirəm ki, hər sahədə islahatlara ehtiyac var. Həyat var, deməli, ona uyğun da inkişaf, islahatlar olmalıdır. Bir yerdə dayansan o getməyəcək.
- Sizcə, bu gün daha çox kommunal sahələrdə islahatlara ehtiyac yoxdurmu?
- Əlbəttə, bu sahə də islahatlara getməlidir. Şəxsən mən belə hesab edirəm ki, kommunal sahə, ümumiyyətlə, bələdiyyələrə verilməlidir. İntəhası, onun da vaxtı var. Bu dəqiqə kommunal sahəni bələdiyyələrə versək, yerli özünüidarəetmə orqanları pis vəziyyətə düşər.
- Bu məsələ, yəni, kommunal sahənin idarə olunması ilə bağlı səlahiyyətlər məsələsi də bələdiyyələrə əlavə səlahiyyətləri nəzərdə tutan qanun layihəsinə daxil edilibmi və yaxud edilməsi gözənilirmi?
- Yenə də təkrar olaraq, bildirmək istəyirəm, biz demirik ki, həmin sənəddə bələdiyyələrə filan səlahiyyət verilsin, filan səlahiyyət verilməsin. Burada, sadəcə, səlahiyyətlərin verilməsi, yoxlanılması və icra mexanizmi nəzərdə tutulur və tutulacaq.