ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirakı əhəmiyyətli olub
- Bahar xanım, bu günlərdə rəhbərlik etdiyiniz nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasından qayıdıb. İstərdik ki, öncə bu səfər haqqında məlumat verəsiniz.
- Fevralın 18-19-da Vyanada keçirilmiş ATƏT Parlament Assambleyasının qış sessiyasında bir sıra məsələlər müzakirə olundu. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti bu sessiyada fəal iştirak etdi və ümumilikdə səfərin nəticələrini əhəmiyyətli qiymətləndirmək mümkündür. Bu sessiyada növbəti sessiyaya hazırlıq məsələlərinə də baxıldı. Eyni zamanda, xüsusi müzakirə mövzusu Əfqanıstandakı vəziyyətlə bağlı oldu. Sessiyanın ilk açılış günündə - Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Joao Soareş, Baş katib Spenser Oliver və digər məsul şəxslər təşkilatın ötən müddətdəki fəaliyyəti ilə bağlı hesabatla çıxış etdilər. Onlar seçki proseslərində ATƏT-in müşahidəçi missiyalarının fəaliyyəti, Ukraynada keçirilmiş son prezident seçkiləri və qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə münasibət bildirdilər. Eyni zamanda, ATƏT-ə sədrlik edən Qazaxıstanın parlament sədri Qasımcomərd Tokayev ölkəsinin sədrlik dövründə qarşıya qoyduğu prioritetlərdən danışdı. ATƏT-in fəaliyyətdə olan yeni sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev isə bu il ərzində ATƏT-in Sammitinin, o cümlədən, Almatıda ATƏT və Avrasiya Parlamentarlar Forumunun təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. Ən əsas diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, bu il ATƏT-in növbəti sammitinin keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, son sammitdən 10 ildən xeyli vaxt keçib. Sonuncu dəfə 1999-cu ildə ATƏT-in İstanbul sammiti keçirilib və nəzərə alsaq ki, bu il ATƏT-in yaradılmasının 35 ili tamam olur, onda sammitin bu il keçirilməsi də əlamətdarlığı ilə fərqlənəcək.
- Təşkilatın komitələrində hansı məsələlər müzakirə olundu?
- Üç komitədə - siyasi, insan haqları və iqtisadi komitələrdə növbəti sessiyaya hazırlıq və Osloda qəbul ediləcək bəyannamədə hansı məsələlərin daxil edilməsi üzərində müzakirələr keçdi və hər komitədə bunun üçün xüsusi nümayəndələr müəyyən olundu. Çıxışlarda səslənən təkliflər, rəylər də nəzərə alınmaqla yaya qədər bu sənədin hazırlanması üzərində iş həyata keçiriləcək. Siyasi komitədə yenə də Əfqanıstan məsələsi müzakirə olundu, milli azlıqlar üzrə xüsusi komissarın məruzəsi və digər məlumatlar dinlənildi.
ATƏT-in sədri çıxış edəndə, mən Dağlıq Qarabağda keçiriləcək seçkilərlə bağlı ATƏT-in konkret mövqeyinin nədən ibarət olması barədə sual verdim. O, mənim sualıma konkret cavab vermədi, Qarabağ məsələsi ilə əlaqədar ümumi fikirlər səsləndirməklə kifayətləndi. Mən buna etirazımı, şifahı şəkildə Qazaxıstan nümayəndə heyətinə bildirdim və həmin sualı yazılı şəkildə ATƏT-in Baş katibinə ünvanladım. Həmin sualı verməkdə məqsədimiz Dağlıq Qarabağdakı separatçı rejimin elan etdiyi seçkilərin beynəlxalq normalara cavab vermədiyini diqqətə çatdırmaq və ATƏT-in bu məsələyə münasibətini öyrənməkdən ibarət idi. Amma təəssüf ki, orada da sualımıza cavab ala bilmədik. Onu da qeyd etmək istəyirəm ki, indiyədək ATƏT belə seçkiləri tanımayıb. Növbəti dəfə də təşkilatdan belə rəy gözləyirik.
İqtisadi komitədə müəyyən məsələlər müzakirə olundu. İclasda növbəti sessiyaya hazırlıqla bağlı bəyannaməyə düşə biləcək fikirlər müzakirə olundu. Qurumun İnsan Haqları Komitəsində isə əsasən Vilnüs Bəyannaməsi və insan alveri ilə bağlı məsələ ciddi müzakirə mövzusu oldu. Bilirsiniz ki, ATƏT-in seçkilərlə bağlı müşahidəçilik missiyası mövcuddur. Uzunmüddətli missiyanı Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, qısamüddətli missiyanı isə parlamentlər həyata keçirir. Maraqlı odur ki, həmin missiyaların rəyi heç vaxt bir-birinə uyğun gəlmir və ziddiyyət təşkil edir. Bu sessiyanın yadda qalan məqamlarından biri də bu oldu ki, ATƏT belə daxili problemlərinin həlli istiqamətində müzakirələrə daha çox yer verdi. Amma qurumun daxili problemləri hələ aradan qalxmayıb. Ona görə təşkilat daxilində problemlərin həll edilməsi günün ən vacib məsələlərindən biridir.
- Səfər zamanı başqa nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirildimi? Bu görüşlər parlamentlərarası əlaqələrə nə dərəcə müsbət təsir göstərir?
- Bəli, bütün xarici səfərlər zamanı əsas diqqət yetirilən məsələlərdən biri ikitərəfli münasibətlərin inkişafıdır. İkitərəfli görüşlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük imkandır. Konkret, bu səfərə gəlincə, deyə bilərəm ki, sessiyanın ilk günü Avstriya parlamentinin sədri adından bütün nümayəndə heyətlərinə ziyafət verildi. Bu ziyafətin gedişində mən Avstriyanın parlament sədri ilə görüşdüm. Görüşdə ikitərəfli əlaqələr müzakirə olundu. Sessiyanın birinci günündə mənim Avstriya parlamentinin ikinci spikeri N.Baorla görüşüm oldu. Görüşdə parlamentlərarası əlaqələr müzakirə olundu. Ümumiyyətlə, hər sessiya zamanı Avstriya parlamentinin rəhbərliyi ilə görüşlərim ənənəvi xarakter alıb. Əvvəki görüşlərdə hər dəfə Avstriyanın Azərbaycanda səfirliyinin açılması təklifi ilə çıxış edirdim. Bu görüşdə mənə məlumat verildi ki, yaxın vaxtlarda Avstriyanın Azərbaycanda səfirliyi açılacaq. Bu hadisə Azərbaycan haqqında həmin dövlətdə məlumatların daha da genişlənməsinə səbəb olacaq. Səfirliyin açılış mərasimində Avstriyanın yüksək dövlət rəsmilərinin iştirakı da gözlənilir. Digər görüşümüz isə Avstriya parlamentində Cənubi Qafqaz qrupu ilə oldu. Növbəti görüş isə Fransa nümayəndəsi Ronal Blyunla oldu. Nəzərinizə çatdırım ki, bu şəxs Marsel şəhərini təmsil edir. Mənə məlum idi ki, Dağlıq Qarabağ separatçı rejiminin "parlament sədri" Marseldə olub və həmin şəxs də ona "Şərəf" mükafatı verib. R.Blyunun separatçılara qarşı bu hərəkətinə etiraz etdim. O, etiraf etdi ki, belə hadisə olub və bu erməni seçicilərinin istəyi ilə baş verib. Onu Azərbaycana dəvət etdim və bunda da əsas məqsəd odur ki, fransalı parlamentari əsil həqiqətlərlə tanış olsun. O, aprel ayında Azərbaycana gələcək. Hesab edirəm ki, bütövlükdə, keçirdiyimiz görüşlər çox səmərəli oldu.
- Bəs Çexiya səfəri haqqında nə deyə bilərsiniz?
- Çexiyaya səfər zamanı bu ölkənin parlamentində bir sıra görüşlər keçirdik.
Senatın sədri Prjemısl Sobotka ilə görüşdə Çexiya-Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə edilib, strateji tərəfdaşlıq səviyyəsinə çatan əməkdaşlıqdan məmnunluq ifadə olunub. P.Sobotka keçən ilin sentyabrında Bakıya səfərindən razı qaldığını bildirərək, səfər zamanı onu müşayiət edən iş adamlarının iki ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidini ifadə edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparılıb. Mən beynəlxalq məsələlərdə Azərbaycanın mövqeyi haqqında qarşı tərəfi məlumatlandırdım, eləcə də, bir sıra təhdidlərə birgə mövqedən yanaşılmanın vacibliyini qeyd etdim.
Daha sonra nümayəndə heyətinin şərəfinə Çexiya Parlament Senatı sədrinin müavini Yirji Lişka adından nahar verildi. Senatorlar Yan Hornik və Vatslav Koukalın da iştirak etdiyi nahar vaxtı ikitərəfli əlaqələr, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Növbəti görüş isə Çexiya Parlamenti Nümayəndələr Palatasının sədri Miloslav Vlçeklə olmuşdu. M.Vlçek Azərbaycanla münasibətlərə mühüm önəm verdiklərini, özünün şəxsən bu əlaqələrin inkişafında maraqlı olduğunu bildirdi. O, Azərbaycan ilə əməkdaşlığın təkcə iqtisadiyyat deyil, bütün sahələri əhatə etməsinin vacibliyini vurğuladı. M.Vlçek Çexiyanın Azərbaycan üçün Avropa Birliyinə "qapı" rolunu oynamağa hazır olduğunu da bildirdi. Söhbət zamanı onu Bakıya səfərə dəvət etdim.
Bizim digər görüşümüz isə Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Vatslav Eksner, Katerjina Koneçna, Yan Şvippel, Petr Bratski ilə oldu. Dostluq qrupunun rəhbəri, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Yan Hamaçek Azərbaycanın Çexiya üçün Cənubi Qafqaz regionunda həlledici dövlət olduğunu demiş, ölkəsinin Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri inkişaf etdirməyə maraq göstərdiyini bildirdi. Cari ilin mayında Çexiyada parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdıran Y.Hamaçek, bu seçkilərin nəticəsindən asılı olmayaraq, Azərbaycanla əlaqələrin inkişafına əminliyini ifadə edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmış, eləcə də, ATƏT çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Səfər çərçivəsində nümayəndə heyətimiz Çexiyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşdü, Azərbaycan səfirliyinin və Çexiya Senatının üzvlərinin təşəbbüsü ilə Senatın binasında keçirilən "Qanlı Yanvar" hadisələrinə həsr olunmuş foto-sərgini ziyarət etdi.
- Bahar xanım, məlum olduğu kimi, martın 4-də ABŞ Konqresində uydurma "erməni soyqırımı" haqqında qətnamə müzakirəyə çıxarılacaq. Konqresin bu addımına münasibətiniz necədir?
- Hər bir azərbaycanlı bu məsələyə öz etirazını bildirməlidir. Bir faktı deyim ki, ermənilər xaricdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə mane olmağa çalışırlar. Mən Avstriyada bunun şahidi oldum. Xocalı hadisəsi həqiqət olduğu halda, uydurma soyqırımlara qarşı mübarizəmiz daha da güclənməlidir. Konqresdə müzakirəyə çıxarılacaq qətnaməyə etirazımızı bildirməliyik. Məsələ ilə bağlı Milli Məclisin mövqeyi bütün ictimaiyyətə bəllidir. Biz belə bir məsələyə kəskin etirazımızı bildiririk.
ABŞ superdövlət olaraq dünyadakı ciddi problemləri kənara qoyub bir qrup ermənin marağının ifadəçisinə çevrilməməlidir. Bu vəziyyət ABŞ-ın nüfuzuna xələl gətirir. Bu, ABŞ-ın demokratik imicinə xələl gətirir. Qətnamənin qəbul olunması Azərbaycanla əlaqələrə mənfi təsir göstərəcək. Həmsədr dövlət kimi ABŞ belə məsələlərdə bitərəf mövqe nümayiş etdirməlidir. Erməni elektoratının rəyini əldə rəhbər tutub bu addımı atmaq düzgün deyil. Uydurma "erməni soyqırımı"nın tanınmasını ABŞ-da prezident seçkilərində bir çox namizədlər vəd verir və sonra həmin vədin girovuna çevrilir. Hesab edirəm ki, Obama hökuməti belə məsələlərdə məsuliyyətli qərarlar qəbul etməlidir.