PDF Oxu

Müsahibə

  • 9

“Müxalifət partiyaları müstəqil fikrə və siyasətə malik deyil"

“Müxalifət partiyaları müstəqil fikrə və siyasətə malik deyil"
- Nizami bəy, "ACP"-nin siyasi proseslərdən kənarda qalması, onu deməyə əsas verirmi ki, Rəsul Quliyev bu partiyadan tədricən imtina edir?
- Onu qeyd etdim ki, "ACP" yaranandan ölkənin ictimai-siyasi həyatına daxil olub və müəyyən qədər rol oynayıb. Təəssüflər olsun ki, partiyanın fəaliyyət göstərməməsinin səbəbi qeydiyyat və bir çox məsələlərin həll olunmamasıdır. İndiki durumda Azərbaycanda siyasi partiyaların fəaliyyət göstərməsi çox çətinləşib. Səbəb də odur ki, müxalifət partiyalarına xalqın inamı yoxdur. Bu da ölkədə keçirilən seçkilərdə müxalif partiyaların heç bir uğura nail ola bilməməsinə gətirib çıxarır.
- Zəminə Dünyamalıyeva iddia edir ki, partiyanın rəhbərliyi buraxılmalı və yenidən formalaşmalıdır...
- Ümumiyyətlə, hər bir partiya üzvü öz fikirlərini partiyanın qurultayında səsləndirə bilər. Partiyanın Ali Məclisinin yığıncağında Zəminə xanım partiya sıralarından xaric olunub. Bütün bunlara baxmayaraq, həmin xanım heç bir partiyanın siyasi həyatında aktiv rol oynamayıb. Ancaq onun işi o olub ki, hansısa mətbu orqanda partiya və onun rəhbərliyinin əleyhinə müəyyən təhqiredici fikirlər söyləsin. Bunun nəticəsidir ki, Zəminə xanım 2009-cu ildə partiya sıralarından xaric olundu. Bundan sonra onun söylədiyi fikirlər bizim üçün maraqlı deyil. Biz onun dediklərini ciddi qəbul etmirik.
- Deyirsiniz ki, Z.Dünyamalıyevanın partiyanın fəaliyyətində heç bir rolu olmayıb. Amma R.Quliyev də lider olandan sonra partiyanın siyasi həyatında bir o qədər önəmli rola malik deyil. Bu ziddiyyətli məqamı necə izah edə bilərsiniz?
- Bu, ziddiyyətli məqam deyil. Partiyanın nizamnaməsinə görə, Rəsul müəllim partiyanın lideridir. Partiyanın əsas hərəkətverici qüvvələri partiyanın sədri, onun müavinləri və idarə heyətidir. Ona görə də, Rəsul müəllim dəfələrlə mətbu orqanlarda öz fikirlərini bildirib. Söyləyib ki, partiyanın siyasi həyatında partiyanın rəhbərliyi, məclisi rol oynayır. Onların da qərarlarına həmişə hörmətlə yanaşır.
- Son vaxtlar parlament seçkiləri ilə bağlı müxalifət düşərgəsində çox rəngarəng siyasi prooseslər yaşanır. Amma bu proseslərdə "ACP"-nin adı çəkilmir...
- "ACP" yaranandan bəri partiyanın yekun qərarı var. O da, bundan ibarətdir ki, partiya heç bir koalisiyada və ya birlikdə təmsil olunmayacaq. Ümumiyyətlə, ölkədə keçirilən seçkilərə gəldikdə, onu qeyd etmək istəyirəm ki, 2008-ci ildə keçirilən prezident seçkilərində partiyamız öz mövqeyini bildirmişdi. Partiyamız hazırkı Prezident İlham Əliyevin namizədliyini dəstəkləmişdi. Bu da, ondan ibarətdir ki, biz seçkidən öncə, müxalifət partiyalarının bir araya toplanmasına və seçkilərdə vahid namizəd müəyyənləşdirməsinə çalışmaq məqsədilə milli forum çağırdıq. Çox təəssüflər olsun ki, bir çox müxalifət partiyaları buna qısqanclıqla yanaşdılar. Birinci forumdan sonra keçirmək istədiyimiz tədbirlərə qatılmadılar. Seçkiyə az qalmış, yəni hər bir partiya bizim bu fikirlərimizi yenidən qabardaraq, öz mövqeləri kimi göstərdilər. Bu da, ondan irəli gəlir ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları müstəqil fikrə və siyasətə malik deyil. Onlar müəyyən qurumlardan asılı vəziyyətdədir.
- Partiya sədrləri bir-birlərinə qarşı ittihamlar səsləndirir. Bu qarşılıqlı ittihamlar "ACP" tərəfindən necə qarşılanır?
- Ümumiyyətlə, bu cür fikirlərə ürək ağrısı ilə yanaşırıq. Bu da, ondan ibarətdir ki, niyə görə, digər ölkələrdən fərqli olaraq, ölkədə siyasi qurumlar bu cür vəziyyətə düşüb. Dəfələrlə bildirmişəm ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları öz fəaliyyətlərini dayandırmalıdır. Həmin partiya sədrləri istefa verməli, onlar yeniləri ilə əvəz olunmalıdır.
- Müsavat yetkillərinin iddalarına görə, "ALP" və Müsavat partiyası arasında vəziyyətin gərginləşməsində Əvəz Temirxanın xüsusi rolu olub. Bu, nə dərəcədə inandırıcıdır?
- Öz günahlarını hansısa fərdin üzərinə yıxmaq siyasi düşərgənin köhnə vərdişlərindən biridir. Əgər siyasi proseslər gedirsə, hər hansı bir şəxsin təsir imkanları sıfıra bərabər olur. Bunlar hamısı bəhanədir. Ölkədə baş verən proseslərdə kimisə günahlandırmaq öz üzərinə düşən məsuliyyətdən qaçmaq deməkdir.

Digər xəbərlər