PDF Oxu

Müsahibə

  • 12

Beynəlxalq birlik Ermənistanın Azərbaycana qarşı təcavüzünə obyektiv qiymət verməlidir

Beynəlxalq birlik Ermənistanın Azərbaycana qarşı təcavüzünə obyektiv qiymət verməlidir
- Bayram müəllim, bu günlərdə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin üzvləri ilə görüş haqqında nə deyə bilərsiniz?
- Bu, tanışlıq xarakterli bir görüş idi. Görüşdə İctimai Birliyin İdarə Heyətinin üzvləri də iştirak edirdilər. Biz Dağlıq Qarabağın azərbaycanlı icmasının fikrini, münaqişə ilə bağlı düşüncələrimizi, tarixi həqiqətləri, Dağlıq Qarabağın Azərbaycan dövlətinin tarixi torpaqları olmasına dair faktları diqqətə çatdırdıq. Həmçinin, qəti şəkildə bildirdik ki, Azərbaycan dövləti Dağlıq Qarabağın azad olunmasına hansı yolla olursa olsun nail olacaq və biz öz torpaqlarımıza gec-tez qayıdacağıq. Qarşı tərəf də müvafiq olaraq, Dağlıq Qarabağla bağlı yetərincə geniş məlumatlara malik olduqlarını, məsələnin beynəlxalq hüquq çərçivəsində həllinə nail olunması üçün köməklərini əsirgəməyəcəyini, münaqişə ilə bağlı müvafiq dairələr qarşısında məsələ qaldıracaqlarını söylədi.
- Yeri gəlmişkən, bir türk dövləti olan Qazaxıstanın ATƏT-ə rəhbərlik etməsini Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aparılan danışıqların gələcək perspektivləri baxımından necə qiymətləndirirsiniz? Bu amil münaqişənin həllinə kömək edə bilərmi?
- Təbii ki, bir türk dövlətinin ATƏT kimi nüfuzlu bir təşkilata rəhbərlik etməsi bizim üçün sevindirici haldır. Azərbaycan dövləti də ilk andan etibarən Qazaxıstanın sədrliyi məsələsinə dəstək verib. Amma bu faktın münaqişənin həllinə hansısa formada təsir göstərəcəyini indidən söyləmək olmaz. Bunu zaman göstərəcək. Bizim üçün əsas məqam ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bilirsiniz ki, dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda ən vacib məsələlərdən biri, daha dəqiq desək, birincisidir. Bütün digər məsələlər ondan sonra başlayır. Azərbaycanın da qonşu dövlət tərəfindən işğala məruz qalması, torpaqlarının işğal olunması, bu işğal faktının bu gün də davam etməsi, işğal altında olan ərazilərimizdə bütün mədəni abidələrimizin, məscidlərimizin tamamilə məhv edilməsi faktlarını bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar bilirlər və etiraf edirlər. Biz bütün digər beynəlxalq təşkilatlar kimi ATƏT-in də istər Qazaxıstanın təşkilata rəhbərliyi dövründə, istərsə də ondan sonrakı dövrlərdə nəinki Dağlıq Qarabağ münaqişəsinin həllində, eləcə də bütün münaqişələrin həllində ədalətli davranmasını, insanpərvərlik adına doğru yanaşmasını gözləyirik.
- ATƏT-in Minsk qrupunun həmsədrləri yenilənmiş Madrid prinsiplərini Azərbaycan və Ermənistan rəhbərliyinə təqdim edib. Azərbaycanın öz fikirlərini rəsmi şəkildə həmsədrlərə təklif etməsinə baxmayaraq, Ermənistan rəhbərliyi nədənsə, yeni təkliflərə rəsmi münasibət bildirməkdən, həmsədrlərə cavab verməkdən yayınır. Bunun səbəbini nədə görürsünüz?
- Bu, birinci belə hal deyil. Dəfələrlə şahidi olmuşuq ki, dünyanın böyük dövlətlərinin də iştirakı ilə münaqişə müzakirə olunub, müəyyən məsələlərdə irəliləyişlər əldə olunub, sülh sazişi imzalanacaq deyəndə, Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə prosesdən yayınıb. Ya işğalçı dövlətdə terror baş verib, ya gülünc bəhanələrlə danışıqlar prosesindən yayınmağa çalışıb. Hazırda da biz bunu izləməkdəyik. Bütün beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəklədiyi Madrid prinsiplərinə İrəvan nədənsə birmənalı münasibət bildirməkdən qaçır. Açığını deyim, mən onların bu davranışlarını şərh edə bilmirəm, başa düşmürəm ki, əgər bir ölkənin rəhbəri gedib danışıqlar aparırsa, ilk öncə təklif olunan sənədi müsbət qiymətləndirib sonra başqa bir fikir deyirsə, buna nə ad vermək olar? Mənə elə gəlir ki, onlar özləri də nə istədiklərini bilmirlər. Səsləndirdikləri fikirlər isə boş, mənasızdır. Onların nə deməyindən asılı olmayaraq, cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycan hansı yolla olursa olsun öz ərazi bütövlüyünü bərpa edəcək, torpaqlarını mütləq işğaldan azad edəcək. Ermənilər bu reallığı dərk etməlidir ki, onlar Azərbaycanla rəqabət apara biləcək gücdə deyillər. Baxmayaraq ki, ermənilərə müxtəlif səviyyəli yardımlar hələ də davam etməkdədir. Məsələn, ABŞ Konqresi həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırdı. Yeri gəlmişkən qeyd edim ki, biz bu məsələyə etiraz olaraq ABŞ dövlət katibi Hillari Klintona da müraciət ünvanlamışdıq. Təəsüf ki, hələ də bu müracitəmizə cavab ala bilməmişik. Həmçinin, Rusiya Ermənistana hərbi sahədə yardımlar edib. Təbii ki, bu faktlardan sonra bu dövlətlərin ədalətdən, demokratiyadan danışmağa nə qədər haqqı çatır, bu da paradoksal məsələdir. Həm Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsən, həm də işğalçı dövlətə açıq şəkildə yardım edirsən, bunun nəyi demokratiyadır? Xocalıda erməni qruplaşmaları rusların 366-cı alayı ilə birgə dünyada bənzəri olmayan soyqırımına imza atırlar, amma həmin ermənilər yardımlar alırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan öz torpaqlarını azad etməyə tam hazırdır. Bunun üçün yetərli iqtisadi gücü də var, hərbi potensialı da var, mərd, igid oğulları da. Baxmayaraq ki, bu gün Azərbaycan sülh danışıqlarına sadiqdir, prezidentlər səviyyəsində görüşlər davam edir, biz münaqişənin sülh yolu ilə həllini istəyirik, amma bu həllsizlik daha davam edə bilməz. Xalqımızın səbr kasası artıq dolub və biz hər an cənab Ali Baş Komandanın əmrini gözləyirik. Dağlıq Qarabağın azərbaycanlı icması döyüşə tam hazırdır.
- Bayram müəllim, bir müddət öncə mətbuata açıqlamanızda Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin real sayının elan olunmuş statistikadan xeyli artıq olduğunu demişdiniz və yaranmış problemin səbəblərini açıqlamışdınız. Hazırda məsələ ilə əlaqədar dəqiqləşdirmə işləri hansı səviyyədə həyata keçirilir?
- Bilirsiniz ki, dövlət başçısının sərəncamı ilə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin səmərəli fəaliyyət göstərməsi üçün bir sıra addımlar atılmaqdadır. Cənab Prezidentin diqqət və qayğısı sayəsində işlərimizi yüksək səviyyədə qura bilirik. Hazırda qərargahla bağlı probelmimiz demək olar ki, həll edilmək ərəfəsindədir, bizim üçün ayrılmış binada təmir işləri yekunlaşır. Aprel ayının sonuna qədər bütün işləri tamamlamağı planlaşdırırıq. Təbii ki, bu işlər yekunlaşandan sonra qeyd etdiyiniz məsələlrin həlli istiqamətində işlər daha da sürətlənəcək.
Qeyd edim ki, ictimai birliyin qurultayı ərəfəsində icmanın sayını təxmini müəyyənləşdirmişdik. Onda Dağlıq Qarabağ əhalisinin sayı təxminən 65 min nəfərə qədər göstərilirdi. Amma hazırda bu rəqəm 75 mindən çoxdur ki, onun da 29 mindən artıq Şuşa sakini, 13 mini Xocalı, 11 mini Xocavənd, 15 mini Ağdərə rayonundan məcburi köçkün düşmüş həmvətənlərimizidir. Amma Xankəndinin əhalisinin dəqiq sayı müəyyənləşdirilməyib. Bunun da müxtəlif obyektiv səbəbləri var. Həmin əhali müxtəlif bölgələrdə məskunlaşıblar. Ümumiyyətlə, sayın dəqiq aparlıması prosesi çox mürəkkəbdir və vaxt tələb edir. Təsəvvür edin ki, icmanın üzvləri ölkəmizin demək olar ki, bütün rayonlarında məskunlaşıblar. Təkcə, Şuşa rayonunun sakinləri 59 rayonda, 220 yaşayış məntəqəsində məskunlaşıbdır.
Biz bu məsələni də qaldırmışıq ki, Dağlıq Qarabağ rayonlarının sakinlərinin ailəsində dünyaya gələn körpənin doğum şəhadətnaməsində onun Xocalı, Xocavənd, ya da Şuşa rayonunun sakini olduğu göstərilsin. Düzdür, bir müddət əvvəl bununla bağlı müəyyən problemlər olmuşdu, bəzi ailələr körpənin doğum yeri olaraq, müxtəlif rayonlarımızın adını yazdırırdılar. Amma aparılan işlər nəticəsində demək olar ki, bu məsələ də həllini tapmaqdadır.
- Bir neçə gündən sonra Xocalı soyqırımının 18-ci ildönümü tamam olacaq. Rəhbərlik etdiyiniz İctimai Birlik bu soyqırımla bağlı dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət ünvanlayacaqmı? Təəssüf doğurur ki, əsil soyqırımı ermənilər törətdiyi halda ABŞ Konqresinin Nümayəndələr Palatası uydurma "erməni soyqırımını" müzakirəyə çıxarmağa hazırlaşır. Bununla əlaqədar ABŞ Konqresinə etiraz müraciəti etməyi nəzərdə tutursunuzmu?
- Xocalı soyqırımı Azərbaycan xalqının ən böyük faciələrindən biridir. Ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri bəlkə də dünya bu günə qədər görməyib, şahidi olmayıb. Elə ailələr var ki, həmin gün tamamilə qətlə yetirilib, bir nəfər üzvü belə sağ qalmayıb. Elə ailələr də var ki, valideynlərinin hər ikisini itirib. Bu soyqırımı heç vaxt bizim tariximizdən, yaddaşımızdan silinməyəcək. Hər il fevral ayının 26-da soyqırımının ildönümü bütün respublika səviyyəsində qeyd olunur. Hazırda Azərbaycan dövləti Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində də təqdirəlayiq işlər görür, eyni zamanda ictimai təşkilatlar, diaspor təşkilatlarımız da dövlətimizin bu itsiqamətdəki səylərinə qoşulublar. "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi də bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması, əsil həqiqətlər haqqında məlumatların verilməsi istiqamətində aparılan işlərə də dəstək verir. Faciə ilə əlaqədar dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatımız qəbul olunacaq.

Digər xəbərlər