Azərbaycanın efir məkanına ictimai nəzarət daimi olmalıdır
- Nuşirəvan müəllim, Azərbaycanda efir məkanının problemləri mövzusunda daim ictimai müzakirələr getməkdədir. Ötən ilin sonlarında bu müzakirələr daha intensiv xarakter aldı. Necə hesab edirsiniz, televiziya kanalları cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin tənqidlərindən yetərincə nəticə çıxarıblarmı?
- Son dövrlər Azərbaycanın efir məkanında baş verən proseslər ciddi ictimai müzakirələrə səbəb oldu. Efirə nəzarətin, məhz ictimaiyyət vasitəsilə həyata keçirilməsi dünyada məqbul sayılan vasitələrdən biridir və dünyanın demokratik ölkələrində yaradıcılıq siyasətinə hökumət tərəfindən müdaxilə olunmur. Azərbaycanda bu mövzuda ictimai müzakirələrin keçirilməsi çox təqdirəlayiqdir. Amma buna baxmayaraq, yaradıcılıq siyasətinə nəzarət olmadıqda, televiziya rəhbərləri yaradıcılıq məsələlərinə bir az ikinci dərəcəli mövzu kimi baxırlar. Bunun nəticəsidir ki, 2009-cu ildə Azərbaycanın efir məkanında şou xarakterli verilişlərin artım tempi çox sürətlə gedirdi və bu da efirdə bayağılığın geniş yayılmasına şərait yaradırdı. Həmçinin, efirdə, əsasən, şou biznes sahəsində çalışan insanların təbliğinə üstünlük verilirdi. Əksinə, istehsalla məşğul olan insanları efirdə az-az göstərirdilər. Təbii ki, bunu müsbət qarşılamaq mümkün deyildi. Ona görə də, həmin dövrdə cəmiyyətin müxtəlif sosial qrupları, ayrı-ayrı qeyri-hökumət təşkilatları, millət vəkilləri tərəfindən və nəhayət, hörmətli akademikimiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məlum məqaləsi ilə bu məsələ ictimai müzakirələrə təqdim olundu. Bundan sonra televiziya kanallarında müəyyən dönüş hiss olunmağa başladı. Bizim müşahidələrimiz göstərir ki, efirdə şou- biznes xarakterli verilişlərin həcmi qismən azalıb. Əlbəttə ki, televiziya kanallarında birdən-birə proqram siyasətini dəyişdirmək çətindir. Efiri tamamilə yeniləşdirmək müəyyən qədər vaxt tələb edir. Buna baxmayaraq, müəyyən müsbət dəyişiklərin şahidiyik. Əgər 2009-cu ilin birinci yarısında ayrı-ayrı televiziya kanallarında şou xarakterli proqramlar gündən-günə artırdısa, artıq həmin dövrdən etibarən şou proqramların həcmi azalıb, onların yerinə isə daha çox maarifçilik xarakterli verilişlər yayımlanır. Bəzi kanallarda şou verilişlərin bir hissəsi tamamilə aradan qaldırılıb. Digər bir problem olan, aparıcıların və dəvət olunan qonaqların efir mədəniyyətinin artması istiqamətində də bəzi müsbətə doğru dəyişikliklər sezilməkdədir. Həmin şəxslərin nitqindəki qüsurlar, xoşagəlməyən ifadələr aradan qalxmaqdadır. Artıq hiss olunur ki, televiziya kanallarının rəhbərləri bu məsələlərə daha diqqətlə yanaşırlar. Qeyd edim ki, bu prosesə ictimai nəzarət daimi olmalıdır.
- Qeyd etdiyiniz problemlərin aradan qaldırılması ilə bağlı telekanalların rəhbərləri bədii şuralar yaradacaqlarını bildirmişdilər. Belə şuralar yaradılıbmı?
- Yalnız bir kanalda-ATV-də belə bir şura yaradıldı. Digərlərində belə bir şura yoxdur. Əlbəttə ki, biz çox istərdik ki, istənilən televiziya kanalında belə bir şura fəaliyyət göstərsin. Ümumiyyətlə, istənilən bir veriliş yayımlanmazdan öncə, ona qiymət verən müəyyən bir ekspert qrupunun olması çox yaxşı olardı. Amma birisiniz ki, bu, onların daxili, yaradıcılıq işləridir və biz bu məsələyə müdaxilə edə bilmərik.
- Efir məkanında ciddi məsələlərdən biri də Azərbaycan dilinin tətbiqi ilə əlaqədardır. Bu istiqamətdə problemlərin aradan qaldırılması istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Azərbaycan dili ilə bağlı məsələ həmişə bizim diqqətimizdədir. Hətta deyərdim ki, bu, bizim üçün əsas məsələdir. Əsas vəzifələrimizdən biri efir məkanında Azərbaycan dilinin hakim olması idi ki, demək olar ki, artıq buna nail olmuşuq. Bunu mən son illər gördüyümüz əsas işlərdən biri hesab edirəm. Amma bununla yanaşı, bəzi aparıcıların Azərbaycan dilini yaxşı bilməməsi, onların nitqlərində bəzi gəlmə sözlərin, xarici terminlərin mövcudluğu, qonaqların yarı rus, yarı Azərbaycan dilində danışması kimi hallar çox təəssüf ki, hələ də qalmaqdadır. Bu da, təbii ki, həmin televiziya kanallarının özlərinə də başucalığı gətirmir. Onu da deyim ki, bizim cəmiyyətimizin özündə də belə bir problem var və müəyyən insani qruplar bu məsələyə lazımi qədər diqqət yetirmirlər. Hətta Azərbaycan Respublikasının paytaxtı Bakıda yaşayan həmvətənlərimizdən elələri var ki, hələ də dilimizi öyrənə bilməyib və bu, heç də müsbət hal deyil. Ən azından, öz ana dilinə, xalqına qarşı hörmətsizlikdir, sayğısızlıqdır.
- Bəs regional televiziyaların yaradılması prosesi hansı səviyyədədir?
- Biz bu məsələ ilə bağlı fikrimizi bildirmişik və yenə də o fikrimizdə qalırıq ki, Azərbaycanın əksər rayonlarında regional televiziya kanalları fəaliyyət göstərməlidir. Bu, ilk olaraq, həmin regionların inkişafına dəstək verən bir amildir. Digər tərəfdən, seçkilərlə bağlıdır. Çünki istənilən seçkilərdə regional kanalların çox böyük rolu ola bilər. Bilirsiniz ki, ötən parlament seçkilərindən sonra iki regional televiziya kanalı - biri Yevlaxda, biri də Şəkidə fəaliyyətə başladı. Fikrimiz var ki, Şirvan şəhərində də yeni bir televiziya kanalının açılmasına nail olaq. Amma etiraf edim ki, artıq fəliyyət göstərən regional kanalların maddi-texniki bazasının və kadr potensialının zəif olması, bizi bu məsələlərdə daha ehtiyatlı davranmağa məcbur edir. Dünya maliyyə böhranı fonunda reklam bazarında yaranmış müəyyən geriləmələr də bizi daha diqqətli olmağa sövq edir. Biz regional kanalların da müasir standartlara cavab verməsini, həm maddi-texniki təminat, həm də kadr potensialı baxımından da tələblərə cavab verməsini istəyirik. Əgər tələblərə cavab verməyən televiziya kanalı yaratmağa ehtiyac olsaydı, buna qısa zamanda nail olmaq mümkündür. Amma kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilməlidir.
- Sizcə, kadr potensialı yetərincə deyil?
- Çox təəssüf edirəm ki, bu problem son zamanlar açıq - aşkar hiss olunur. Bilirsiniz ki, sovet dövründə bir televiziya kanalı və bir radiostansiya fəaliyyət göstərirdi. Amma imperiyanın süqutundan sonra Azərbaycan müstəqillik əldə etdi və bu, digər sahələrdə olduğu kimi, KİV sahəsində də müəyyən azadlıqların meydana gəlməsinə, müstəqil mühitin yaranmasına imkan verdi. Bunun nəticəsində də televiziya kanallarının və radiostansiyaların sayı həddindən artıq çoxaldı. Artıq Azərbaycanda 8 ümumrespublika, 14 regional televiziya kanalları, 10-dan artıq radiostansiya fəaliyyət göstərir, kabel şəbəkəsi - operatorumuz var. Təbii ki, kadr ehtiyacımız artıb və onu da ödəmək üçün müəyyən işlər görülüb. Amma bunlar yetərincə deyil. Televiziya rəhbərləri də həmişə bizimlə görüşlərində kadr məələsi ilə bağlı narazılıqlarını bildirirlər. Müxtəlif müsabiqələr təşkil olunsa da, televiziyalar normal, savadlı kadr tapa bilmədiklərini qeyd edirlər. Ona görə də, mən hesab edirəm ki, bu istiqamətdə işlər daha da gücləndirilməli, bu sahədə mövcud olan boşluq aradan qaldırılmalıdır.
- Azərbaycanda sahə telekanallarının yaradılmasına nə dərəcədə ehtiyac var?
- Artıq belə bir kanal fəaliyyət göstərir-"İdman-Azərbaycan" konkret sahə kanalıdır. Bilirsiniz, biz bəzən özümüzü yüksək inkişaf etmiş dövlətlərlə müqayisə edirik. Bu, təbii ki, yaxşıdır. Çünki Azərbaycanın iqtisadi inkişafı, əldə etdiyi uğurları buna imkan verir. Amma sahə xarakterli kanallar daha geniş auditoriyaya məxsus olan ərazilər üçün nəzərdə tutulub. O cümlədən, Azərbaycanın ərazisi, əhalisinin sayı, kadr potensialı, o ölkələrlə müqayisə olunacaq qədər deyil. "İdman-Azərbaycan" kanalı "Azərbaycan Radio və Televiziya Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin bazasında yaradılıb və dövlət büdcəsindən maliyyələşir. Eyni zamanda, mədəniyyət kanalının, uşaq kanalının, təhsil kanalının yaradılması da çox gözəl ideyadır. Amma bunu həyata keçirmək o qədər də asan deyil. Azərbaycan auditoiya baxımından da buna hazır deyil. O cümlədən, güclü reklam bazarının olmaması işi daha da qəlizləşdirir.
- Nuşirəvan müəllim, radioların əksəriyyətini Bakıdan kənarda dinləmək çətinləşir. Həmin tezliklərə xarici müdaxilələrə də rast gəlinir. Bu problemin həlli məsələsinə necə nail olmaq mümkündür?
- Hesab edirəm ki, bu məsələdə müəyyən qədər maarifçiliyə ehtiyac var. Azərbaycan radiostansiyalarının əksəriyyətinə biz bütün ölkə ərazisində yayım hüququ vermişik və onlar da bütün ərazilərdə yayımlanırlar. Amma sadəcə olaraq, Bakı və Abşeron yarımadasında bir tezlikdə, Bakıdan, Abşerondan kənarda başqa tezlikdə yayımlanırlar. Bizim vətəndaşlarımız da Bakıdan kənara çıxanda öz radio qəbuledicilərini həmin tezliklərə kökləməlidirlər. Xarici radiostansiyaların ölkəmizdə yayımlanması isə efirə xarici müdaxilələrdir. Bilirsiniz ki, Azərbaycan qurudan dənizdən başqa ölkələrlə sərhəddir. Mövcud praktikaya görə, bir ölkənin radiostansiya dalğaları qonşu ölkənin 70-80 kilometrlik ərazisində sərbəst yayımlana bilir. Bu məsafə dənizdə daha uzundur və 300-400 km-a qədər çata bilir. Bəzən bizim televiziya kanallarımız da, radiostansiyalarımız da onlara verilən tezlikləri tam ödəyə bilmirlər. Yəni yüksək həcmli ötürücülər əvəzinə, daha zəif ötürücülərə üstünlük verirlər ki, nəticədə belə problemlər meydana çıxır. Onların ötürücülərinin zəifliyi xarici kanalların ölkə ərazisinə girməsinə səbəb olur. Bu problemin aradan qaldırılması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz səlahiyyətləri çərçivəsində iş görür və hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə də ciddi nəticələr əldə etmək mümkün olacaq.