PDF Oxu

Müsahibə

  • 9

Demokratik cəmiyyətin formalaşmasında qadınların rolu böyükdür

Demokratik cəmiyyətin formalaşmasında qadınların rolu böyükdür

- Nurlana xanım, qadınların cəmiyyətdə rolunu və yerini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayır. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirləri qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf ediblər. Azərbaycanın görkəmli şair və yazıçıları daim öz əsərlərində qadın adını uca tutmuş, onun qəhrəmanlığından, gözəlliyindən, sədaqətindən, ailəsinə ülvi hisslərlə bağlılığından bəhs etmişlər. Hələ sovet hakimiyyəti illərində Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qadın emansipasiyası, qısa bir müddətdə, qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.
Bu gün Azərbaycan qadını öz intelekti, bilik və bacarığı, ailəyə bağlılığı ilə dünyada rəğbətlə tanınan və qəbul edilən varlığa çevrilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva cəmiyyətdə xeyirli, gərəkli əməlləri ilə seçilir. Onun humanizm prinsiplərinə əsaslanan fəaliyyəti dünyada böyük rəğbətlə qarşılanır və qiymətləndirilir. Ölkənin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın Fransanın ali ordeninə layiq görülməsi Azərbaycan qadınının nəyə qadir olduğunu göstərir. Mehriban xanım Əliyeva daim təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin inkişafına diqqət və qayğı göstərib. Onun nəcib, xeyirxah fəaliyyəti, bir daha onu deməyə əsas verir ki, ulu öndərimiz Heydər Əliyev ideyalarının dönməzliyi əzmlə, qətiyyətlə həyata keçirilir. Dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilən "Şərəf Legionu" ordeninin Azərbaycanın birinci xanımına verilməsi, onu sübut edir ki, Onun ictimai fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələri təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

- Qadın-ana, qadın-siyasətçi, qadın-ictimai xadim - bu prinsipləri həyata keçirmək qadın üçün çətin deyil ki?
Bilirsiniz, bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir. Bu inkişaf cəmiyyətimizin bütün təbəqələrinə təsir edir. Azərbaycan qadını hər zaman cəmiyyətin bütün sahələrində özünə məxsus yer tutmuş, tarixin ən çətin və həlledici anlarında həmişə öz sözünü deməyi bacarmış, şərəfli bir yol keçərək XXI əsrə qədəm qoyubdur. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir.
Qadın ana olmaqla bərabər, eyni zamanda, cəmiyyətin əsas dayaqlarından biridir. Ulu öndər qadınları şahlıq kimi qiymətləndirdiyi halda, müqəddəs ananı həmişə şahlığın tacı kimi nəzərdə tuturdu və deyirdi: "Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, aqillik zirvəsidir, yaradan, yaşadan, ərsəyə gətirən, kamala yetirəndi, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır." Elə buna görədir ki, Azərbaycan qadınının mərd, qeyrətli, ağıllı və mədəni nümunəsi xalqımızın simasıdır. Çünki analar bəşəriyyətin ilk tərbiyəçiləridir. Qadın dünyaya yeni nəsillər gətirir, onu böyüdür və tərbiyə edir. Dünyanın ən məşhur sərgərdələrini, ən böyük şəxsiyyətlərini, ən böyük siyasətçilərini dünyaya gətirən qadınlardır.
- Nurlana xanım, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasında qadınların fəallığını qənaətbəxş hesab edirsinizmi?
- Bu gün danılmaz həqiqətdir ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı on minlərlə məsləkli, əqidəli insanların  olmasıdır. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə elə buna görə də, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib.
Öz fəaliyyəti dövründə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşı, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsüsiyyətlərini olduqca yüksək dəyərləndirib: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək, qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm".
Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar. Qeyd edim ki, YAP-ın Qadınlar Şurası 1995-ci ildə yaradıldı. Partiyamızın sıralarında, ilk olaraq, ziyalı, fəal qadınlar qoşuldular. Daha sonra ildən-ilə Qadınlar Şurasının sıraları xeyli genişləndi. Ötən il ölkəmizin bütün sahələrində uğurlu il olduğu kimi, partiyamız üçün də böyük nailiyyətlər ili oldu. Statistik məlumata görə, təkcə 2009-ci ildə partiyaya 29777 nəfər üzv qəbul olunub. Bütövlükdə, partiya üzvlərinin 39,3 faizini, yəni 196340 nəfərini gənclər, 43,5 faizini, yəni 217243 nəfərini isə qadınlar təşkil edib. Bilirsiniz ki, bu günlərdə partiyamızın 500 mininci üzvü cəmiyyətə təqdim edildi. Yeri gəlmişkən, deməliyəm ki, partiyamızın həm 400 mininci, həm 450 mininci, həm də 500 mininci üzvü xanımlardır. Hesab edirəm ki, bu fakt da bizim üçün çox əhəmiyyətlidir. Bu, onu göstərir ki, qadınlar partiyamızın həyatında fəal rol oynayır. Bu fakt Azərbaycanın regionlarında qadınlarla görüşlər zamanı özünü bir daha təsdiq etdi. Son bələdiyyə seçkilərində də qadınların aktivliyi bir daha onların siyasi proseslərdəki rolunu təsdiqləyir.
- YAP bələdiyyə seçkilərində qadınların namizədliyinə böyük üstünlük verdi. Necə hesab edirsiniz, seçkinin nəticələrini qadınlar üçün uğurlu saymaq olarmı? Qarşıdan parlament seçkiləri gəlir. Bu seçkilərə necə hazırlaşırsınız?
- Əvvəlki illərlə müqayisədə, 2009-cu il də keçirilən bələdiyyə seçkilərində qadınların bələdiyyələrdə təmsil olunması yüksək göstərici ilə təmin olunmuşdur. Əgər əvvəllər bələdiyyələrdə qadınların təmsilçiliyi 3-4 faiz idisə, bu  seçkilərdə isə, bələdiyyə üzvü seçilənlərin təxminən 30 faizini qadınlar təşkil edib. Hətta bəzi yerlərdə bələdiyyə sədrliyinə də qadınlar seçilib. Bu, çox müsbət haldır. Nəzərə alsaq ki, onların mütləq əksəriyyəti YAP-ın üzvləridir, onda bu, bizim üçün ikiqat uğurdur. Çünki yerli özünüidarəetmə orqanlarına qadınların seçilməsi insanların sosial problemlərinə qadın şəfqətinin, qadın ədalətinin, nəhayət qadın məhəbbətinin qatılması deməkdir.
 Artıq parlament seçkilərinə start verilibdir. Bu gün ölkədə fəaliyyət göstərən bütün qurumlar parlament seçkilərinə hazırlaşır. İndiyə qədər Azərbaycanda keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının sıralarında olan qadınlarımız çox fəal iştirak ediblər. Çox böyük təəssüf hiss ilə deyirəm ki, bu gün Azərbaycanda əsil müxalifət yoxdur. Yəni ölkənin inkişafına, tərəqqisinə rəvac verə bilən bir müxalifət yoxdur. Ona görə də, Yeni Azərbaycan Partiyası həmişə, ölkənin avanqard siyasi qüvvəsi kimi, bütün seçkilərdə qalib gəlib. Mən inanıram ki, YAP bu il keçiriləcək parlament seçkilərində də qalib partiya olacaq. Özünün ən ləyaqətli, ən bacarıqlı, millətinə, xalqına, dövlətinə böyük sədaqətlə bağlı olan insanları Yeni Azərbaycan Partiyasının sıralarından parlament seçkilərinə layiq biləcəkdir. Eyni zamanda, inanıram ki, bu seçkilərdə də qadınlarımız böyük üstünlüyü əldə saxlayacaqlar və inamla qələbə qazanacaqlar.

Digər xəbərlər