PDF Oxu

Müsahibə

  • 11

Bütün sahələrdə olduğu kimi, təhsildə də güclü inkişaf var

Bütün sahələrdə olduğu kimi, təhsildə də güclü inkişaf var
- Şahlar müəllim, Azərbaycan hər sahədə inkişaf edir- iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və s. Siz öz sahənizdə hansı dəyişiklikləri müşahidə edirsiniz?
- Təhsil çox mürəkkəb sahədir. Götürək elə idmanı, idman sahəsində nəticəni tez almaq olur. Amma bizim sahədə belə deyil. Bu yaxınlarda Təhsil Nazirliyi ilə TQDK-nin birlikdə fəaliyyəti barədə bir tədbirdə belə bir fikir səsləndirildi ki, orta məktəbi qurtaranların təhsil səviyyəsi lazımı həddə deyil. Əlaçı olan, 5 qiymətlərlə qurtaranları test edərkən, bilik səviyyələrinin aşağı olduğu aşkarlandı. Bütün bunlar göstərir ki, təhsildə yeniləşməyə və inkişafa ehtiyacımız var.
Düzdür, sovet təhsili bizə çox şey verdi, amma artıq yeniləşmənin, inkişafın zamanıdır.Metodikanın hər sahəsində - qiymətləndirmədə, tədrisdə yeniləşməyə ehtiyacımız var. Bəsit bir misal - riyaziyyatda yenilik əldə etmək üçün kitabı cırıb atmırıq, təkmilləşdiririk. Ədəbiyyat tədrisçisindən soruşdum ki, tədrisə Mövlana Cəlaləddini salmısınızmı? Dedi ki, yox. Modernləşdirmə budur- hər il yeni mövzular, yeni simalar tədris edilməlidir. Necə ki, şagirdlər Puşkini, Krılovu öyrənirlər, eləcə də, Cəlaləddini öyrənəcəklər.
- Azərbaycanda dövlətin təhsilə göstərdiyi qayğını necə qiymətləndirisiniz?
- Dövlət təhsilə büdcədən ayırdığı vəsait çərçivəsində yardım göstərir. Bu vasait 1,3 milyard manatdır. Heydər Əliyev Fondunun da təhsilə yardımı danılmazdır, Fondun hesabına yüzlərlə məktəb tikilib. Amma məktəb yalnız formadır. Formanı isə məzmunla doldurmaq lazımdır.Yeniləşmə o məzmunun üzərində aparılmalıdır. Müəllimin əsas iki funksiyası var: birincisi, tədris etdiyi fənni möhkəm bilməli, ikincisi, düzgün qiymətləndirməni bacarmalıdır. Əgər bu iki funksiyanın birində qüsur varsa, o zaman təhsildə qüsur olacaq.
- Mətbuatda belə bir xəbər dolaşır ki, TQDK-nin azad fəaliyyət göstərməsi qiymətləndirməyə təsir edir. Hətta komissiyanın Təhsil Nazirliyinin nəzdinə keçirilməsi barədə məlumatlar da var...
- Əslində xarici dövlətlərdə də TQDK müstəqil fəaliyyət göstərir. Onsuz da, bu bir dövlət qurumudur və onun fəaliyyətinə dövlət nəzarət edir. Test qiymətləndirməsi bizə çox şeyi qazandırdı. Onun bir özəlliyi də kənar qiymətləndirmədədir. Bəzən mətbuatda yazırlar ki, guya başlanğıcda mən testin əleyhinə olmuşam. Amma bu, ünvanıma söylənən şərdən başqa bir şey deyil. Mən əzəl başdan buna dəstək verənlərdən biriyəm.
- Yəqin sizin də məlumatınız var. Rayonlarda və kəndlərdə valideynlər uşaqların adını məktəbə yazdırır, amma Bakıda özəl tədris aldırır.
- Təhsildə bir məcburiyyət var ki, buna da icbari təhsil deyirlər. Təhsil Qanununda da yer almış icbari təhsil sisteminə görə, əgər valideyn övladını yazdırdığı məktəbdən qeyri-qanuni olaraq, başqa yerdə təhsil almasını düzənləyirsə, o, məsuliyyətə cəlb olunmalıdır. Əvvəllər belə deyildi, bu kimi hadisə baş verə bilməzdi. Amma indi buna nə icra hakimiyyəti, nə məhkəmə, nə də təhsil şöbəsi məsuliyyət duymur. Dövlət məktəblərinin yerini heç bir özəl tədris verə bilməz. Dövlət məktəblərində öyrədilən vətənpərvərlik, milli-mənəvi dəyərlər özəl tədrisdə öyrədilmir.
- Xaricdə təhsil almağa göndərilən gənclərimiz də var. Xaricdə təhsil və xarici təhsil qurumları ilə anlaşma Azərbaycana nə verir?
- Azərbaycan dövləti bir neçə il öncə, xarici şirkətlərlə İKT sahəsində mühüm bir razılıq imzaladı. O razılaşmaya qədər ölkəmizdə hər 1040 nəfərə bir kompüter düşürdüsə, razılaşmadan sonra hər 32 nəfərə 1 kompüter düşüb. Vətəndaşlarımızın xaricdə təhsil almasını asanlaşdırmaq üçün dövlətimiz mühüm anlaşmalar imzalayıb. Mən deyərdim ki, xaricdə təhsil ölkəmizə çox şey qazandırıb. Ən adi misal götürək- xaricdə təhsil alan gənc an azından qardaşı ilə özü arasındakı təhsil fərqinin şahidi olacaq.
- Bəzi ekspertlər vurğulayır ki, xaricdə təhsil alan gənclərimiz kənar təsirlərə məruz qalır, onlara milli dövlətçiliyimizə zidd ideologiyalar aşılanır. Xüsusilə, dini təhsildə problemlər var.
- Bu, artıq dini təhsil deyil. Bu, dövlətin istəyinin xaricində olan bir şeydir, kimlərsə gəncləri məqsədli şəkildə aparırlar. Bunun qarşısını almaq valideynlərə düşür. Cəmiyyət bunun qarşısında durmalıdır. Düzdür, cəmiyyətimizə din gərəkdir. Amma imkan vermək olmaz ki, din milli-mənəvi dəyərlərimizi itirsin, hakim olsun.
Azərbaycan sivil bir ölkədir, bizim insanlar da heç zaman imkan vermirlər ki, din elmi üstələsin. Dinin yaxşı tərəflərindən biri də odur ki, gəncləri pis vərdişlərdən uzaqlaşdırır. Bilirsiniz ki, indiki cavanların çoxunun avtomobili var və içkili vəziyyətdə sükan arxasında oturan gəncin aqibətini düşünmək belə istəmirəm.
Dini qorumaq lazımdır ki, ora pis əməllər daxil edilməsin və dinə nəzarət etmək lazımdır ki, milli adətlərimiz əbədiyaşar olsun. Bəzən deyirlər ki, toy haqqında qanun qəbul ediləcək. Toy niyə qanunla tənzimlənməlidir? Adətlərimiz var, toyu el ağsaqqalı idarə etməlidir.
- Son vaxtlar xarici universitetlərin Azərbaycanda filiallarının açılması dəb düşüb. Bunların bir çoxu da, sadəcə, diplom satmaqla məşğul olur. Bunun qarşısını necə almaq olar?
- Qarşısını almağın bir yolu var. Öz universitetlərimizi, məktəblərimizi o qədər inkişaf etdirməliyik ki, valideyn övladını öz məktəblərimizə qoysun. Əgər təhsilimizin səviyyəsi aşağı olarsa, siz də mən də məcbur olub xarici məktəblərə üstünlük verəcəyik. Təhsil haqqında qanuna əsasən, hansı ölkə olmasından asılı olmayaraq, Azərbaycanda məktəb açmaq istəyən xarici ölkə bizim nazirlikdə qeydiyyatdan keçməlidir. Dövlətimiz ölkə hüdudları daxilində qanunsuzluğa izin verməz.
- Təhsil haqqında yeni qanun qəbul edildi, amma ona müxalif fikirdə olanlar da tutarlı arqumentlər gətirirlər. Sizcə, bu qanunda hər şey təkmildirmi?
- Mən güman edirəm ki, yeni qanunumuz yaxşıdır. TQDK tez-tez test etməlidir və hər testdən sonra tələbəyə arayış verməlidir ki, bu tələbə nə vaxt testdən keçib və nə qədər bal alıb. Mənim özümün də razılaşmadığım müddəalar var və bununla bağlı mətbuatda dəfələrlə çıxış etmişəm.
- Azərbaycan diplomlarının xaricdə tanınmaması ilə bağlı problem sizcə nədən qaynaqlanır?
- Bunun bir yolu var. Qiymət sözü var bizim dilimizdə, nə deməkdir qiymət? Qiymət müəyyən bir proqramın mənimsənilməsinin faiz göstəricisinin rəqəmlərlə ifadəsidir. Yəni kimsə proqramı 100% mənimsəyibsə, ona 5,80% mənimsəyənə 4 və s. kimi qiymət verilir. Çox təəssüflər olsun ki, Azərbaycanda qiymət biliyin göstəricisi deyil, münasibətlərin göstəricisidir.
- Azərbaycanda təhsilin səviyyəsinin aşağı düşməsi ilə bağlı fikirlər səslənir.
- Bu xarici dövlətlərin siyasətinin bir parçasıdır. Qarabağın ərazisi 4,4 min kvmetrdir, amma 1918-ci ildə M.Ə.Rəsulzadənin qurduğu dövlətdən bu yana itirdiyimiz torpaqlar 7 dəfə bundan artıqdır- 28 min kv.metr. Belə bir sual yaranır: əvvəllər itirdiyimiz torpaqlar üçün nədən Qarabağ qədər mübarizə aparılmayıb? Çünki o zaman cəmiyyətin əksər hissəsi ziyalı və savadlı olmayıb. Amma 80-ci illərdə artıq xalqımızın əksər hissəsi savadlı idi və nə baş verdiyini hamı anlayırdı.
- Siz həm də YAP Siyasi Şurasının üzvüsünüz. YAP-nın sayı həm kəmiyyət, həm də keyfiyyət baxımından artır. Cəmiyyətdə nəyə görə YAP-a üstünlük verilir?
- Mən də bu günlərdə mətbuatda oxudum, Əli Əhmədov YAP üzvlərinin 500 minə çatdığını bildirdi. Bu, sevindirici haldır ki, partiya sıralarına daha çox gənclər qatılır. 20 ildir ki, hakimiyyətdə olan bir partiyaya, təbii ki, qocalar daxil olmayacaq, çünki onlar artıq partiyadadırlar, yarandığı gündən üzvlük alıblar. Təbii ki, indi gənclər daxil olur. Mən partiyamıza əqidəli gənclərin daxil olmasının tərəfdarıyam.
- Vahidlik prinsipi ilə bağlı məlumat verərdiniz...
- Vahidlik prinsipi bizim partiyamızın əsas prinsiplərindən biridir. Bu prinsipin yaradıcısı ulu öndərimiz olub. Onun yolunu indi Prezidentimiz davam etdirir. Bu yaxınlarda Prezidentimiz beynəlxalq iqtisadi forumda çıxış etdi və dedi: "Mən 2009-cu ildə Azərbaycanda iqtisadi inkişafı aydın şəkildə əks etdirən bəzi rəqəmləri açıqlayıram- ümumi daxili məhsulunun artımı 9,3%, sənaye istehsalının artımı 8,6%, inflyasiya dərəcəsi isə 1,5 olub.
2009-cu ildə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, biz neft fondumuzda daha çox vəsait toplaya bilmişik. Bu rəqəmlər aydın şəkildə göstərir ki, iqtisadiyyatımız dünyadakı kəskin iqtisadi dəyişikliklərə tab gətirə bildi. Təbii ki, biz də iqtisadi böhrandan əziyyət çəkdik. Ancaq biz bütün ehtiyatlarımızı səfərbər edə bildik. Bu rəqəmlər, onu göstərir ki, bizim qərarlarımız düzgün olub. Əgər biz yanlış qərar versəydik, rəqəmlər bu qədər ürəkaçan olmazdı."
- İqtisadiyyatdan söz düşmüşkən, ulu öndərmiz deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Dünən deyilən bu söz bu gün öz təsdiqini tapıbmı?
- Mən elə bilirəm ki, bizim bu sahədə qarşı-qarşıya durduğumuz dövlət Ermənistandır. Bu yaxınlarda Ermənistan prezidenti çıxışlarının birində demişdi ki, biz Azərbaycanla mütləq danışıqlara getməliyik, çünki onlar bizdən güclü inkişaf edir. Hesab edirəm ki, düşmənin dilindən səslənən bu etiraf hər şeyi ortaya qoyur.

Digər xəbərlər