Araz Əlizadə: “Şüursuz müxalifət partiya sədrlərinin sayı daha çoxdur"
- Araz bəy, ASDP qarşıdan gələn parlament seçkilərinə necə hazırlaşır və Ayaz Mütəllibovun bu seçkilərdə iştirak etməsi nə dərəcədə mümkündür?
- Partiyamızın qərarı var ki, bütün seçkilərdə iştirak edəcək. Çünki seçki yeganə siyasi mübarizə yoludur. Biz küçələrdə mitinq keçirmək, seçkiləri boykot etmək fikrində deyilik. Maddi imkanlarımız geniş olmadığına görə, biz bu seçkilərdə çox məhdud sayda namizədlə iştirak edəcəyik. Heç bir blokla birləşməyəcəyik. Çünki əfsuslar olsun ki, Azərbaycan müxalifətində birlik və bloklaşma siyasi mədəniyyəti yoxdur. Ayaz Mütəllibova gəldikdə, o, keçən seçkilərdə iştirak etmişdi. Qərarı budur ki, vətəndən kənarda olduğu halda, heç bir seçkidə iştirak etməyəcək.
- Yəni, onun iddiaları daha böyükdür, yoxsa başqa səbəblər var?
- İddiası böyük və kiçik deyil. Yəni, təcrübədən gördük ki, vətəndə olmayan şəxsin seçkilərdə iştirak etməsi düzgün deyil. Bu, seçiciləri çaşdıra bilər.
- Dediniz ki, heç bir bloka qoşulmaq niyyətiniz yoxdur. Yəqin, bununla bağlı əsaslı səbəbiniz var?
- Yuxarıda qeyd etdim ki, onların bu barədə siyasi mədəniyyəti yoxdur. Məsələn, biz indiyə qədər "Yeni Siyasət" bloku, "Mərkəzçi Partiyaların" və "Azərbaycançı Qüvvələr" birliklərində iştirak etmişik. Hər dəfə də can deyib-can eşitmişik. Aramızda heç bir münaqişə olmayıb. Lakin real məsələyə gəldikdə, birgə mübarizə aparmaq mümkün olmayıb. Hamı yorğanı öz üzərinə çəkib.
- Bu mənada, demək olar ki, hazırda bloklaşmaya meyillilik nümayiş etdirilir, irəli addımlar atılır.
- Bunlar görüntüdür. Bu, bir növ iqtidara mesaj göndərməkdir. Yəni, biz birləşib, çox böyük qüvvəyə çevrilə bilərik. Amma sıfırla sıfırı topladıqda, cəmində sıfır alınır. İkinci bir tərəfdən, xalqa deyirlər ki, biz birləşəcəyik, o zaman siz bizim arxamızda duracaqsınız. Amma xalq görür ki, birləşsələr də, heç nə olmayacaq. Tutaq ki, birləşəcəyik deyən partiyalardan ən yaxşı halda, 1989-1990-cı il AXC alınacaq. Amma bu zaman xalq onları tanıdığına görə, həmin qüvvə alınmayacaq. Çünki zaman göstərdi ki, bunlar pul toplayıb, firavan həyat sürmələri üçün birləşiblər. Xalq onları maraqlandırmır.
- Blokların yaradılmasına səy göstərilməsi fonunda Lalə Hacıyeva haqqında "madam" ləqəbli "KQB" agenti kimi ittihamlar irəli sürülür. İqbal Ağazadə hakimiyyətə işləməkdə günahlandırılır və s. Siyasətçi olaraq, bu barədə nə deyə bilərsiniz?
- Son zamanlar biz birləşəcəyik deyib, öz aralarında dedi-qoduya yol verən insanlar mənə boşanma ərəfəsindəki ailəni xatırladır. Həmin zaman ərlə arvad başlayırlar didişməyə ki, sən mənə çayı vaxtında vermədin, yemək duzlu idi, ənlik-kirşanı üzünə çox çəkdin, filan kişi də sənə baxdı. Bax, buna bənzəyir.
- "Madam" ləqəbli "KQB" agenti dedi-qodudan yaranıb?
- Mən bu barədə bir söz deyə bilmərəm. Yemədiyim xörəyin dadından danışmıram.
- Amma Mirmahmud Fəttayev yayılan məlumatla bağlı Lalə Hacıyevadan üzr istəyib.
- Mənə elə gəlir ki, o, heç vaxt özünü ucuz tutmaz. Lalə xanım haqqında kim fikir söyləyib, o da üzr istəməlidir. Düşünümürəm ki, M.Fəttayev L.Hacıyeva haqqında pis fikir söyləyibsə, ona görə də, üzr istəsin. Bu, əslində, Mirmahmud ağa tərəfindən bir nümunədir ki, kişi kişi olar və danışanda sözünü bilər.
- Yəni, bu, o deməkdir ki, "KXCP" sədri İsa Qəmbərovun günahını öz üzərinə götürür?
- Bilmirəm, L.Hacıyeva haqqında kim nə deyib, həmin insanlara bir mesajdır ki, insan ağır olar və kişi qadın haqqında belə söz danışmaz.
- Deyəsən, sizin ölkədəki ictimai-siyasi hadisələrdən xəbəriniz yoxdur?
- Sadəcə olaraq, mən dedi-qodunu oxumuram. Bu cür şayiələri, dedi-qoduları oxuyub analiz etmək kişiyə yaraşan iş deyil.
- Müxalifət təmsilçisi olaraq, düşərgə daxilində baş verən qarmaqarşıqlıqdan, xaosdan narahat olmaya bilməzsiniz...
- Mən vaxtilə narahat idim. O zaman, düşünürdüm ki, bu insanlar dəyişə bilər. Siyasət təmizlik tələb edir. Həyat qarayaxmadan, dedi-qodudan ibarət deyil.
- Sizin məntiqinizdən belə çıxır ki, həmin partiyaların başında duranlar natəmizlərdən ibarətdir?
- Yox, şüursuzlardan ibarətdir.
- Onun üçün hansı əməli addımların atılmasına ehtiyac var?
- Mən onların atası deyiləm ki, övladlarımı tənbeh edim. Kiçik bir partiyanın həmsədriyəm. Belə hərəkətləri görəndə də, deyirəm ki, səviyyəsi aşağıdır.
- Siz həmişə müsahibələrinizdə Müsavatı, AXCP (i)-ni və digərlərini kiçik, özünüzü böyük partiya kimi təqdim etmisiniz...
- Heç kəs məndən eşitməyib ki, mən deyim biz böyük partiyayıq. Böyük partiya olsaydıq, seçkilərdə qalib gələrdik. Bu gün biz parlamentdə təmsil olunmuruqsa, deməli, biz böyük partiya deyilik. Onsuz da, Azərbaycan müxalifətində böyük partiya görmürəm.
- Müsavat partiyasının Milli Məclisdə təmsilçisi var.
- Təmsilçi də ayrı şeydir, qalib gəlmək də. Majoritar sistemdə partiya qalib gəlmir, partiyanın təmsilçisi qalib gəlir.
- Müxalifət düşərgəsində gedən proseslərdə Əli Kərimov nədənsə susur. Bu, təəccüb doğurmur ki?
- Azərbaycan siyasi səhnəsində heç nə təəccüb doğurmur.
- Xalq Cəbhəsi Partiyası və Müsavat birləşməsi ilə bağlı təkliflər səsələndirilir. Birləşmə baş verərsə, bu, sizi təəccübləndirməyəcək ki?
- Mən yenə deyirəm, bu cür birləşmələrə inanmıram. Əgər bu, baş verərsə, Leninin dediyi kimi, yaxşı birləşmək üçün yaxşı ayrılmaq lazımdır. Amma baxanda, bunlar şəxsi ambisiyalara görə ayrıldılar. Şəxsi ambisiyaları təmin olunmadığına görə, bunların birləşməsi də qeyri-mümkündür.