Sarkisyan öz səsi ilə banlamayan xoruz kimi...
Politoloq Qabil Hüseynlinin "SƏS" qəzetinə müsahibəsi
- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində müəyyən addımların atılması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə kömək edə bilər?
- Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması, xüsusilə, sərhədlərin açılması və diplomatik münasibətlərin formalaşmasının Dağlıq Qarabağ probleminini həllinə kömək göstərəcəyini düşünmürəm. Əksinə, sərhədlərin açılması Ermənistanın iqtisadi dirçəlişinə, bölgədə və dünyada siyasi nüfuzunun artmasına, eləcə də, danışıqlar prosesi ətrafında daha sərt davranmasına gətirib çıxara bilər. Ona görə də, bu məsələlərin Dağlıq Qarabağ probleminin həllinə xeyri yoxdur, ziyanı var.
- Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, danışıqlar prosesində Dağlıq Qarabağla bağlı hər hansı güzəştlərə gedilməsi mümkün deyil. Bu nöqteyi-nəzərdən, danışıqlar prosesinin hələ də davam etdirilməsi, eyni zamanda, ATƏT-in Minsk Qrupunun fəaliyyəti nə dərəcədə zəruridir?
- ATƏT, Avropa Şurası və bunlara bənzər digər beynəlxalq təşkilatlar dünyanın taleyini həll edən böyük güclərin iradəsini həyata keçirmək üçün yaradılmış bir mexanizmlərdir. Onların fəaliyyəti formal xarakter daşıyır. Böyük dövlətlər bütün dünyanın taleyini həll edirlər və daha sonra bununla bağlı məsələləri yaratdıqları beynəlxalq təşkilatların öhdəsinə buraxırlar. Həmin beynəlxalq qurumlar da guya bu məsələlərin həlli ilə məşğul olur. S.Sarkisyan həmin böyük güclərin nə düşündüklərini və problemin həllinə necə yanaşdıqlarını bilir. Yəni, öz səsi ilə banlamayan xoruz kimi başqalarının səsi ilə banlayır. Onu da qeyd edim ki, bu güclərin hamısı xristian mənşəlidir.
- Ermənistan Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan bəyan edib ki, Ermənistanla Azərbaycan arasında müqayisəyə gəlinməz dərəcədə fərq mövcuddur. İqtisadi, siyasi və digər sahələrdə Ermənistan tamamilə geridə qalıb, hərbi-siyasi balans Azərbaycanın xeyirinə dəyişib. Bir erməni tərəfindən bu cür açıqlamanın verilməsini necə qiymətləndirirsiniz?
- Məncə, o həqiqəti söyləyib. Əvvəla, qeyd edim ki, insan resurslarına görə, Azərbaycan Ermənistanı 3,5 dəfə qabaqlayıb. İqtisadi potensialına görə, minimum 8 dəfə, ordunun inkişafına görə isə, minimum 3 dəfə üstündür. Üstəlik, nəzərə alaq ki, Azərbaycan xalqı təcavüzə məruz qalıb və onun döyüşmək arzusu daha güclüdür. Bu baxımdan, hesab etmək olar ki, Azərbaycan bütün istiqamətlərdə Ermənistandan üstündür. Amma qeyd etmək lazımdır ki, Ermənistanın ərazisində 2 ədəd rus hərbi bazası, o cümlədən, Dağlıq Qarabağda "SS 300" tipli hərbi-hava hücumundan müdafiə sistemi var. Nəhayət, Ermənistan Rusiyanın təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və bu təşkilat Ermənistana qarşı hər hansı bir təcavüzü özünə qarşı yönəlmin hesab edir. Rusiyanın təsiri və xarici müdaxilə olmasa, Azərbaycan erməni ordusunu işğal etdiyi ərazilərdən asanlıqla qovub çıxara bilər.
- BMT-nin Ermənistan nümayəndəliyi və Çexiyanın "People in Need" təşkilatının keçirdiyi sorğunun nəticələrinə əsasən, Ermənistan gənclərinin 70 faizi bu ölkəni tərk edir. Belə olan halda, Ermənistan ordusunun vəziyyəti haqqında nə demək olar?
- Ermənistanda miqrasiya prosesi sürətlidir. Həyat tərzi həddindən artıq aşağı olduğundan, erməni ailələri, o cümlədən, ailələrin gənc üzvləri bu ölkəni tərk edirlər. Ermənistan ordusunun komplektləşdirilməsi çox böyük çətinliklər hesabına başa gəlir. Bu gün ermənilər Dağlıq Qarabağda Ermənistan ordusunun olmadığını iddia edir. Ancaq Dağlıq Qarabağda yerləşdirilən hərbi hissələrin çoxu sona qədər komplektləşdirilməyib. Burada xidmət edən ordu hissələrinin şəxsi heyətinin böyük hissəsi Ermənistandan gətirilmiş əsgərlərdir. Bütün bunlara baxmayaraq, Ermənistan ordusunda ciddi əsgər çatışmazlığı var və əsgərin çağırış norması ildən-ilə daha da çətinləşir.
- Qabil müəllim, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Ermənistanla hərbi əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşması fonunda, Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə ədalətli ola bilər?
- Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq müqaviləsinin imzalanması, konkret olaraq, Fransanı danışıqlar prosesindən kənarda qoymalıdır. Çünki münaqişə başlayandan əvvəl BMT səviyyəsində belə bir qərar çıxarılıb ki, dövlətlər mümkün qədər münaqişə aparan tərəflərə hərbi yardım göstərməsin. Beləliklə də, münaqişənin daha da alovlanmasının qarşısını alsınlar. Amma danışıqlarda vasitəçilərdən olan Rusiya və Fransa münaqişə tərəflərindən birini silahlandırır. Bu, həm BMT-nin nizamnaməsinə, həm də Fransanın vasitəçilik missiyasına ziddir. Belə ki, Fransa dövləti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik missiyasını öz üzərinə götürərək, müəyyən öhdəlikləri yerinə yetirəcəyinə söz verib. Hesab edirəm ki, bu məsələ Azərbaycan diplomatiyasının kəskin etirazı ilə qarşılanmalı və müxtəlif səviyyələrdə müzakirələrə çıxarılmalıdır.