2010-cu il iqtisadi baxımdan nikbin il olacaq
- Vüqar müəllim, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsindən bu günə qədər Azərbaycan iqtisadiyyatına 70 milyard ABŞ dollarına yaxın investisiya qoyulub. Bu, Azərbaycanda münbit iqtisadi durumun yaxşı olmasından irəli gələn hal deyilmi?
- 2004-cü ildən başlayaraq, Azərbaycanın regionlarında iqtisadi baxımdan inkişaf müşahidə edilməkdədir. Əgər əvvələr regionlarda infrastrukturla bağlı problemlər var idisə, bu gün praktiki olaraq, son 6 ildə proqramda tutulan fəaliyyətlər nəticəsində ciddi irəliləyişlərə nail olunub. Son illər regionların inkişafı ilə bağlı müsbət cəhət ondan ibarətdir ki, məhz biznes strukturlarının Bakıda yerləşməsi problemini müəyyən qədər yumşaltmaq mümkün olub. Bu gün biznes strukturları yalnız Bakı və ya Abşeron rayonunda deyil, eyni zamanda, regionlarda yerləşməlidir. Son illər regionlarda zavod və fabriklərin açılması sayəsində iş yerlərinin sayının artması artıq yerli və xarici iş adamları üçün kifayət qədər cəlbedici xarakter daşımaqdadır. Regionlarda məşğulluq probleminin həll edilməsi və eləcə də paytaxtla region arasında iqtisadi fərqin aradan qaldırılmasına birbaşa təsir göstərir. Son illər regionların inkişafının müxtəlif səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycan hökuməti birmənalı şəkildə son 5 ildə regionların inkişafını prioritet sahələrdən biri hesab etdi. Təbii ki, bunun prioritet elan olunması regionlara daha çox investisiyaların cəlb edilməsi, eləcə də, həm xarici investor, həm də yerli mənbə və dövlət büdcəsi hesabına infrastrukturun yaxşılaşdırılması regionlara investorların cəlb edilməsinə imkan yaratdı. Regionlar üçün ciddi problem ondan ibarət idi ki, infrastruktur problemləri yaranmışdı. Bu problemin həlli investorların cəlb edilməsi üçün çox ciddi əsas yaratdı. Regionların inkişafı olduqca vacibdir. Bu inkişaf Azərbaycana imkan verir ki, davamlı iqtisadi inkişafı təmin edə bilsin. Çünki regionların inkişafı iqtisadi baxımdan ağırlığın Bakıdan digər bölgələrə-rayonlara paylanmasına gətirib çıxarır. Bu da o deməkdir ki, Bakı və regionlar arasında fərq son 5 ildə hiss edilən qədər azalmaqdadır. Bu, həm dövlət büdcəsinin gəlirlərində regionların payının artmasında, eləcə də, biznesin formalaşmasında özünü göstərir. Tək iqtisadiyyata 70 milyard dollar investisiyanın ölkəyə qoyulması, onun bir qisminin regionların payına düşməsi ondan xəbər verir ki, bu gün yerli sahibkarlar və xarici iş adamları regaonlarda fəaliyyət göstərməkdə maraqlıdır. Güman edirəm ki, regonlara yönəldilən və həyata keçirilən investisiya layihələrinin sayı yaxın illərdə artırılacaq. Çünki məhz regionların inkişafını stimullaşdırmaq üçün xüsusi iqtisadi zonalar haqqında qanun layihəsi müzakirə olunub. Həmin qanun layihəsinin qəbulu regionlarda xarici investisiyaların cəlb edilməsinə imkan verəcək. Bu baxımdan, qanunvericilik bazası da regionlarda vəsaitlərin cəlb edilməsinə imkan verir. Regionların inkişafının digər mühüm cəhətlərindən biri ondan ibarətdir ki, ölkə başçısının regionlarda açılan daimi iş yerlərinə baş çəkməsi, birbaşa regionların inkişafını proritet sahə elan etməsi, ölkədə hökumətin, eləcə də xarici iş adamalarının regionlara marağının artmasına gətirib çıxarır. Bu gün regionların inkişafı ilə bağlı siyasi iradə var. Qanunvericilik mühitinin təkmilləşməsi, regionlarda infrastrukturun yaxşılaşması, bütövlükdə, imkan verir ki, o sahələrə həm daxili, həm də xarici investorlar cəlb etmək mümkün olsun.
- Dünya Bankı Azərbaycanı biznesin həyata keçirilməsi üçün münbit şərait yaratmasına görə bir nömrəli islahatçı ölkə adlandırmışdı. Bu uğurların 2010-cu ildə davam etdirilməsi nə dərəcədə proqnozlaşdırılır?
- Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı son illər bir sıra ciddi addımlar atılıb. Bu addımlar həm qanunvericilik bazasının möhkəmlənməsi, həm ən ciddi investisiya mühitinin yaxşılaşdırılması, həm də bir pəncərə sisteminin tətbiq edilməsi ilə bağlıdır. Bu həm Bakıda, həm də regionlarda qeydiyyat müddətinin 17 dəfə azalmasına gətirib çıxarıb. Əvvəllər hüquqi və fiziki şəxslər qeydiyyatdan keçmək üçün uzun müddət növbəyə dayanmağa məcbur idilər. İndi isə, bir pəncərə sistemi tətbiq edildikdən sonra 3 gün ərzində hüquqi və fiziki şəxslər qeydiyyatdan keçə bilir. Eyni zamanda, regionlardan Bakıya qayıdan iş adamlarının, hüquqi və fiziki şəxslərin artıq vergi hesabatlarını vergi müfəttişini görmədən Vergilər Nazirliyinə təqdim etməsidir. Bu da investisiya mühitinin yaxşılaşmasına təsir göstərir. Vergi sahəsində aparılan digər islahatlar sadələşdirilmiş verginin hüquqi və fiziki şəxslər üçün fərqləndirilməsidir. Eləcə də rüblük yox, illik olması gətirib ona çıxarır ki, artıq regionlarda sadələşdirilmiş vergi subyektləri cəmi 2 faizlə vergi ödəyir. Fiziki şəxslər üçün bu dövriyyə 90 min manat, hüquqi şəxslər üçün 150 min manatdır. Bu da imkan verir ki, sadələşmiş vergi sistemi daxilində vergi güzəştlərindən istifadə edərək, fiziki və hüquqi şəxslər həm Bakıda, həm də regionlarda öz fəaliyyətlərini genişləndirə bilsinlər. 2010-cu il iqtisadi baxımdan nikbin il olacaq. Bu ildə Azərbaycanın bütün sektorlarında artıq canlama meyili daha da sürətləncək. Güman edirik ki, bu il tikinti və digər sektorlarda müşahidə edilən müəyyən durğunluq artıq yaxın aylarda canlanma ilə əvəz olunacaq. 2010-cu ildə dövlət büdcəsinin gəlir və xərclərinin daha artıq olması ehtimal olunur. Bu ili investisiya mühitinin yaxşılaşdırılması baxımından dövlət gəlirlərinin artması baxımından ötən illə müqayisədə daha nikbin olacaq.
- Ölkədə son vaxtlar tikinti sektorunda durğunluq müşahidə olunur. Bu durğunluq nə vaxta qədər davam edə bilər?
- Qlobal maliyyə böhranı Azərbaycanda ən çox tikinti sektoruna təsir göstərdi. Əsas səbəb tikinti sektorunda tələbatın azalması ilə bağlıdır. Çünki qlobal maliyyə böhranı başlamamışdan əvvəl, Bakıda mənzillərə tələbat çox az idi. Tələbatın formalaşmasında Rusiyada yaşayan həmyerlilərimiz xüsusi rol oynayırdı. Böhranın Rusiyaya daha çox təsir göstərməsi həmyerlilərimizin mənzilə tələbatını azaltdı. Onlar paytaxtda satılan mənzillərin 60 faizini alırdı. Yəni, Rusiyada baş verən maliyyə böhranı Azərbaycanda tikinti bazarına təsir göstərdi. Tikinti bazarında böhranın aradan qaldırılması gözlənilir. Güman olunur ki, bu ilin yayından başlayaraq, tikinti sektorunda kifayət qədər canlanma müşahidə olacaq. Canlanmanın müşahidə olunmasınını əsas səbəbi 2010-ci ildə ipoteka kreditləri proqramına xərclənən vəsaitin həcminin artırılmasıdır. Ötən il ipoteka kreditlərinə 50 milyon manat vəsait ayrıldısa, 2010-cu ildə bu rəqəm 75 milyon manata yüksələcək. Eyni zamanda, sosial ipotekaya kreditlərin verilməsi üçün 14 milyon manat vəsait ayrılacaq. Təbii ki, ipoteka proqramının genişlənməsi ipoteka krediti vasitəsilə mənzil alanların sayının artmasına gətirib çıxarır. Bununla yanaşı, tikinti sektorunda digər məqam kredit resurslarının çıxışının təmin edilməsi ilə bağlı ölkə başçısının imzaladığı sənəddir. Bu sənədlə Azərbaycan kommersantları 2009-2012-ci ildə mənfəət vergisindən azad ediləcək. Nəzərə alaq ki, kommersiya banklarının daha çox kredit verdiyi sektor tikinti sektorudr. Bu mənfəət vergisinin azad edilməsi kommersiya banklarını imkan verir ki, 2010-cu ildən başlayaraq tikinti sektoruna daha çox vəsait ayıra bilsin. Bu baxımdan, atılan addımlar ölkə iqtisadiyyatında alıcılıq qabiliyyətinin 2010-cu ildən yüksələcəyi proqnozlaşdırılır.