"Müxalifətin sosial dayaqları və çevrəsi getdikcə daralır"
- Bahar xanım, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, sonuncu bələdiyyə seçkilərində olduğu kimi, bu seçkilərdə də hakim Yeni Azərbaycan Partiyası tərəfindən gənclərə və qadınlara üstünlük veriləcək, yoxsa?..
- Bilirsiniz, bu, partiya tərəfindən seçilmiş bir taktikadır. Odur ki, bizi gözləyən, bizim iştirakımız olan bütün kampaniyalarda, bütün tədbirlərdə də bu praktikaya üstünlük veriləcək.
- Necə hesab edirsiniz, YAP budəfəki parlament seçkilərində yerlərin nə qədərini, neçə faizini tutmaq fikrindədir və ya tutmağa iddialıdır?
- Bunu bəribaşdan demək bir qədər çətindir və tezdir. Ancaq bununla belə, biz hər zaman olduğu kimi, bu dəfə də qələbəyə iddialıyıq və çox güman ki, bu qələbəni, bu çoxluğu da əldə edəcəyik. Amma bu nə qədər olacaq, bunu Azərbaycanın vətəndaşları, seçiciləri müəyyən edəcək.
- Ötən parlament seçkilərində hakim partiya öz namizədləri ilə yanaşı, bir sıra tanınmış bitərəflərə də dəstək verdi, onları müdafiə etdi. Bu dəfə də belə olacaqmı?
- Bilirsiniz, bu məsələlər indidən konkret şəkildə bəlli deyil ki, hansı bitərəf şəxs namizədliyini irəli sürəcək. Biz bunu bilmirik. Əlbəttə, bitərəf namizədlərin, müəyyən siyasi dairələrin, ümumiyyətlə, insanların seçkidə iştirakı bəlli olandan sonra, fikir yürütmək olar ki, onların hansını dəstəkləyə bilərik, hansını yox.
- Hakim partiya onun və indiki iqtidarın kursunu dəstəkləyən partiyaların namizədlərini necə, dəstəkləyə, müdafiə edə bilərmi?
- Biz hakimiyyətin siyasi xəttini dəstəkləyən və YAP-la bir yerdə olan partiyalarla həmişə əməkdaşlıq etmişik. Bu baxımdan, bu əməkdaşlıq bu dəfə də davam edəcək.
- Yeri gəlmişkən, seçkiqabağı durumu necə dəyərləndirirsiniz? Qeyd edək ki, axırıncı bələdiyyə seçkilərindən sonra müxalifət düşərgəsində seçkiqabağı mühitlə, durumla bağlı ciddi əndişələr, narahatlıqlar var.
- Bu, yəqin, daha çox onların özlərinin düşdüyü durumla bağlıdır və bu da məntiqlidir. Çünki müxalifətin sosial dayaqları, çevrəsi getdikcə daralır və get-gedə bu kimi proseslərdə iştirak etmək onlar üçün çətinləşir. Bu mənada onların narahatçılığını başa düşmək olar. Amma ümumilikdə, seçki prosesi, yəni, seçkiqabağı mühit müsbətdir və müsbət qiymətləndirilməlidir. Eyni zamanda, düşünürəm ki, bu istiqamətdə görülən işlər öz bəhrəsini verəcək və güclü qalib gələcək.
- Ümumiyyətlə, seçkiqabağı durum parlament seçkilərinin azad və ədalətli keçirilməsinə tam təminat verirmi?
- Əlbəttə, seçkiqabağı durum seçkilərin demokratikliyinə tam təminat verir. Bizim buna heç zaman şübhəmiz olmayıb, indi də yoxdur.
- Seçki Məcəlləsinin, seçki qanunvericiliyinin dəyişdirilməsi də gözləniləndirmi? Xüsusilə, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması məsələsi ilə bağlı seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi...
- Bilirsiniz, paritetlik bərabər qüvvələr arasında ola bilər. Bu sözün özü də onu ifadə edir. Ona görə Azərbaycandakı seçkilərin nəticələrinə görə, - ötən parlament seçkiləri və ondan sonra keçirilən seçkilərin nəticələrinə görə, - paritetlik hansı qüvvələrlə ola bilər, bu məsələ açıq qalır. Hər kəsin nəyə malik olduğu artıq ortadadır və elə ona uyğun da seçki komissiyaları, onların formatı müəyyənləşdirilib. Düşünürəm ki, bu format yalnız növbəti seçkilərdən sonra hansısa dəyişikliklərə uğraya bilər. Hazırda isə bu format ən uyğun və düzgün bir formatdır.
- Məqamı düşmüşkən, eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsinin yaxın zamanlarda parlament müzakirələrinə çıxarılacağı haqda məlumatlar dolaşır. Hətta bu yöndə hakim partiyanın müvafiq qanun layihəsinin də olduğu bildirilir...
- Biz sonuncu dəfə 2009-cu ilin martında referendum yoluyla Konstitusiyaya müəyyən dəyişikliklər etmişik və bu baxımdan, bu dəyişikliklər Azərbaycan qanunvericiliyində də öz əksini tapmalıdır. Bildiyiniz kimi də, bu günlərdə kütləvi informasiya vasitələri ilə bağlı Konstitusiyaya edilmiş dəyişiklikləri müvafiq qanunvericiliyimizə daxil etməyi nəzərdə tuturuq. Odur ki, bu proses davamlıdır və bundan sonra da davam edəcək. Yəqin ki, adını çəkdiyiniz qanun layihəsi də qarşıdakı dövrdə haçansa müzakirəyə çıxarılacaq və ya çıxarıla bilər.
- Bu qanun layihəsi, ümumiyyətlə, parlamentə daxil olubmu?
- Bilirsiniz, ən müxtəlif siyasi partiyaların nümayəndələri bu məsələni qaldırır və onların hər biri söyləyir ki, müəyyən layihələr var. Əlbəttə, çox güman ki, hər hansı bir layihə ayrılıqda müzakirəyə çıxarılmayacaq. Ancaq ümumilikdə, bütün bu fikirlər bir araya gətirilərək, vahid bir qanun layihəsi şəklində ortaya çıxarılacaq.