Elşən Manafov: “AXCP (i) və Müsavatın hay-küylə özlərini gündəmdə saxlamaları artıq mümkün deyil"
- Elşən müəllim, son günlər müxalifət düşərgəsində kimin müxalifət olub-olmaması məsələsi ətrafında diskussiyalar aparılır. Hətta AXCP (i) sədri Əli Kərimovun və Müsavat başqanı İsa Qəmbərovun iddialarına görə, məsələnin tam çözülməsi üçün müxalifətin formatı keçirilməlidir. Bu məsələyə münasibətiniz necədir?
- Ölkənin siyasi düşərgəsində gerçəkdən kimin müxalifət olub-olmaması ilə bağlı məsələlərə demokratik seçkilər aydınlıq gətirməlidir. Nəzərə alaq ki, adını çəkdiyiniz partiyalar sonuncu prezident seçkilərində iştirak etmədilər. Həmin partiyaların bələdiyyə seçkilərindəki iştirakı da onların apardıqları təbliğatla ziddiyyət təşkil etdi. Təbii ki, bu partiyaların siyasətdəki yeri ilə bağlı məsələ ətrafında birmənalı olmayan suallar yaranır. İndiki müxalifət partiyalarının olan-qalan resursları tükənib. Bu şəraitdə ölkədə hakim siyasi partiyanın həyata keçirdiyi siyasətə qarşı ardıcıl və məqsədyönlü siyasət yürüdə biləcək müxalifət partiyalarının formalaşmasına ehtiyac var. "Azadlıq" bloku və Müsavat partiyası arasındakı münasibətlərə gəldikdə isə, hər ikisi müxalifət düşərgəsində aparıcı və ya avanqard partiya olması ilə bağlı iddialar səsləndirirlər. Son seçki prosesi bir daha sübut etdi ki, müxalifət partiyaları siyasi sistemə təsir imkanlarını itirib. Hesab edirəm ki, qarşıdan gələn növbəti parlament seçkiləri hakimiyyət və müxalifət arasındakı münasibətlərə müəyyən mənada bir daha aydınlıq gətirəcək. Bütövlükdə, AXCP (i) "Azadlıq" blokundakı müttəfiqlərini itirmək istəmir. Müsavat isə AXCP (i)-ni öz tərəfinə çəkməklə siyasi partiyalar arasında lokomotiv rolunda oynadığını qabarıq şəkildə büruzə verməyə çalışır. İstər ötən prezident, istərsə də bələdiyyə seçkilərində "Ümid" və Müsavat arasında münasibətlərdə problemlər yaşandı. Mənə elə gəlir ki, İsa Qəmbərovun başqanlıqdan gedəcəyi təqdirdə, partiya çox ciddi problemlər qarşısında qalacaq. Çünki indidən daxili sorğu göstərir ki, Müsavat partiyasının başqanı vəzifəsinə bir neçə nəfərin iddialı olması partiyanın imkanlarının müəyyən qədər zəifləməsinə gətirəcək.
- Hansı zərurətdən parlament seçkiləri ərəfəsində AXCP (i) və Müsavat birdən-birə kimin müxalifət olub-olmaması ətrafında diskussiyaların aparılmasının vacibliyini irəli sürdülər?
- Məncə, hər iki partiyanın siyasi rəhbərliyi anlayır ki, artıq zaman qatarı gedir. Həmin qatarın ardınca onların qaçmaq istəməsi və yaxud nəyin bahasına olursa-olsun, həmin qatarda özlərinə müvafiq kupelərə sərnişin bileti almaq istəməsi ssenari şəklidir. Bu, yaranmış vəziyyətin əsas səbəblərindən biridir. İstər Müsavat, istərsə də, AXCP (i) hazırda ölkədəki siyasi proseslərə təsir imkanlarına malik deyil. Əgər belə olmasaydı, ötən bələdiyyə seçkilərində bu partiyalar bu və ya digər şəkildə özlərinə yer qazanardılar. Nəzərə almaq lazımdır ki, bələdiyyə seçkiləri daha demokratik şəraitdə keçmişdi. Qeyd edim ki, ölkədəki sol partiyaların müəyyən resurs və imkanları olmadığı üçün bu seçkilərdə iştirak etməkdən çəkindilər. Bütövlükdə isə, ölkədəki abı-hava sol və sol mərkəzçi partiyaların xeyrinədir.
- Qarşılıqlı ittihamların geniş xarakter aldığı bir vaxtda "KXCP"-nin sədri Mirmahmud Fəttayev müxalifətin birliyinin əldə olunması üçün danışıqlara başlayıb. Sizcə, onun bu cəhdi nəticə verəcək?
- M.Fəttayevin ötən ilin sonunda verdiyi müsahibələrin mahiyyətinə diqqət etsək, məlum olar ki, onun müxalifətin birləşməsi üçün göstərdiyi cəhdlər heç bir nəticə verməyəcək. Müxalifətdə fərqli maraqlara köklənmiş insanlar var. Çox təəssüf ki, bu siyasətçilər əksər hallarda özlərinin şəxsi maraqlarından çıxış edib, öz ambision mövqelərinin digər siyasi qütb tərəfindən qəbul edilməsinə çalışır. Müxalifətin hakimiyyətlə müqayisədə ciddi maliyyə resursları olmadığından, sosial bazası pərakəndə vəziyyətdə olduğundan bu, müxalifətin qarşıdakı parlament seçkilərindəki vəziyyətinə də mənfi təsir göstərəcək. Müxalifətin birləşməsi üçün cəhdlərin göstərilməsi siyasi dividend qazanmaq şanslarından başqa bir şey deyil.
- Sizcə, müxalifət partiyaları hansı maraqları bölə bilmirlər ki, onların maraqları kəskin şəkildə toqquşur?
- Təbii ki, maraqların toqquşması hazırda ölkədə mövcud olan siyasi reallıqdan irəli gəlir. Qarşıdan parlament seçkiləri gəlir. Bu seçkilər ərəfəsində ayrı-ayrı müxalifət partiyalarının müxalifətin birləşdirilməsinin vacibliyini önə çəkməsi və bununla bağlı verdiyi bəyanatlar, sadəcə olaraq, hakimiyyətə yararlanmaqdan ibarətdir.
- Qeyd etdiniz ki, müxalifət partiyaları hakimiyyətdən yarınmaq üçün müəyyən təkliflər, ideyalar irəli sürür. Bu kontekstdə Müsavat başqanı İ.Qəmbərovun müxalifət partiyalarının bəzi xarici dövlətlərə işlədiyini bildirməsi, sizcə, hansı məqsədə xidmət edir?
- Son zamanlar onun verdiyi müsahibələr müxalifətin birliyini parçalamağa və onun parlament seçkiləri ərəfəsində monovedinə xidmət edir. Düşünürəm ki, bu ittihamlar, xüsusilə, ALP-nin sədr əvəzi Əvəz Temirxana yönəlmiş ittihamlar idi. Qeyd edim ki, İ.Qəmbərovun müxalifət partiyalarına qarşı irəli sürdüyü ittihamlar MTN-nin diqqətindən də yayınmamalıdır. Əgər həqiqətən ölkədə bu qəbildən olan siyasi partiyalar və siyasətçilər varsa, müvafiq dövlət qurumları bu məsələlərə aydınlıq gətirməlidir. Əgər bu, belə deyilsə, onda İsa bəy verdiyi bəyanatlara görə aidiyyatı orqanlar qarşısında cavab verməyə borcludur. Yenə də qeyd edirəm ki, bu tip bəyanatlar müxalifət daxilində ziddiyyətlərin daha da güclənməsinə səbəb ola bilər. Təbii ki, bu şəraitdə Müsavat partiyası müxalifəti yenidən parçalamaq və müxalifəti birləşdirmək iqtidarında ola biləcək hər hansı siyasi bir qüvvə kimi öz imkanlarını qabartmaq fikrindədir. Bu səpgili bəyanatlara ancaq belə qiymət vermək olar.
- İsa Qəmbərovun açıqlamasının daha çox Rusiya və İrana yönəldiyinə diqqət yetirsək, demək olarmı ki, onun arxasında hansısa Qərbyönümlü qüvvələr dayanır?
- Çox təəssüflər olsun ki, ölkədəki sol partiyaları, xüsusilə, məni Rusiyaya və İrana işləməkdə ittiham edirlər. Əksinə, sağ-mərkəzçi, liberalyönümlü partiyaları Qərbin bölgədə və Azərbaycanda olan maraqlarını yerinə yetirən siyasi partiyalar kimi dəyərləndirirlər. Bu da uzun müddət Rusiyada sol kommunist partiyalarının hakimiyyətdə olması ilə bağlıdır. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya tərəfində dinamizmin artması, eləcə də, bu ölkənin prezidentinin operativ addımları sağ-mərkəzçi partiyaların da diqqətindən yayınmayıb. Onlar bölgədə geosiyasi güc mərkəzləri arasında gedən mübarizənin təsir imkanlarını nəzərə alıb, yəqin ki, mövqelərini götür-qoy etmək məcburiyyətində qalacaqlar. Həm Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fərqli situasiyanın yaranması, həm də sovet, postkommunist məkanının ABŞ və Rusiya arasında əldə edilmiş razılıqlara əsasən təsir dairələrinə bölünməsi ilə bağlı mətbuata sızan informasiyalar da sağ-mərkəzçi partiyalarını öz mövqelərində müəyyən dəyişikliklər etməyə məcbur edə bilər.