Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 10-dan 14-dək Belorusun paytaxtı Minsk şəhərində beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcəkdir. Tədbirdə Azərbaycanı təmsil etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi xüsusi stend icarəyə götürmüşdür. Sərgi zamanı son illərdə ölkəmizdə işıq üzü görmüş, zəngin məzmunlu və yüksək poliqrafik keyfiyyətə malik 100-dən çox adda kitabın nümayişi nəzərdə tutulmuşdur. Sürətlə inkişaf edən Azərbaycanımız, Qarabağ həqiqətləri və nəşrlərimiz haqqında sərgiyə gələnlərə daha ətraflı məlumat vermək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbərinin müavini - kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Elbəy Əli, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov, "E.L." nəşriyyatının direktoru Cəfər Bağırov və "Şirvannəşr" nəşriyyatının direktoru Qəşəm İsabəylidən ibarət nümayəndə heyəti Minsk şəhərinə ezam olunacaqdır.
Bu cür beynəlxalq sərgilərdə iştirak etmək artıq ənənə halı almışdır. Azərbaycan kitabı, mütəmadi olaraq, İsgəndəriyyə, Pekin, London, Tehran, Frankfurt, İstanbul, Minsk, Varşava və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə nümayiş olunur və böyük maraqla qarşılanır. Bu uğurlar dövlətimizin başçısı İlham Əliyevin mədəniyyətimizin inkişafına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.