PDF Oxu

Müsahibə

  • 11

Azərbaycanın Cənubi Qafqaz regionunda bütün parametrlər üzrə artan əhəmiyyəti var

Azərbaycanın Cənubi Qafqaz regionunda bütün parametrlər üzrə artan əhəmiyyəti var

- Prezident İlham Əliyev Avropa Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhenə səfər edib. Konfransın əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycanın bu konfransda iştirak etməsi, onun göstəricisidir ki, Avropa məkanında ümumi təhlükəsizlik məsələləri xüsusi yer tutur və hər bir ölkənin buna töhfə verməsi gərəkdir. Azərbaycanın Cənubi Qafqaz regionunda bütün parametrlər üzrə artan əhəmiyyəti var. Öncə nəzərə almalıyıq ki, bu bölgə özünün qeyri-sabitliyi ilə seçilir. Əsas narahatedici məqamlar da ərazi bütövlüyünə olan təcavüzlərlə bağlıdır. Həm Azərbaycan, həm də qonşu Gürcüstanın on illər ərzində yaşadığı problemlər ortadadır. Avropa strukturlarının bu məsələlərdə müəyyən rol oynamasına baxmayaraq, hələ də problemlər öz həllini tapmayıb. Ümumiyyətlə, Avropa məkanında müxtəlif destabillik faktorları var. Hesab edirəm ki, bu məsələlərlə bağlı tərəflərin hamısında narahatçılıq yaşanır. Onu müəyyən qərarlara gətirmək, ölkələrin birgə səyi ilə həmin problemləri həll etmək olduqca vacibdir. Türkiyədə də NATO-nun tədbiri keçirilməkdədir. O da Əfqanıstan məsələsinə həsr olunub. Bu ölkədə mövcud olan qeyri-sabitliyin on illər ərzində davam etməsi, təbii ki, Avropa məkanının təhlükəsizliyinə də mənfi təsir edir. Eyni zamanda, Cənubi Qafqaz məkanındakı geosiyasi vəziyyət də eynidir. Coğrafiya baxımından çoxda uzaqda yerləşmirlər və orada silah qaçaqmalçılığı, narkotik tranzit kimi və. s məsələlər bu proseslərə təsir edir. Ona görə də, Azərbaycanın bu tədbirlərdə iştirak etməsi mövqelərimizin daha açıq şəkildə ortaya qoyulmasına və Avropa təhlükəsizliyinə töhfə verməsinə imkan yaradacaq.

- Zahid müəllim, tədbirdə Cənubi Qafqazda dondurulmuş münaqişələrin müzakirəyə çıxarılması və hər hansı bir qətnamənin qəbul olunması gözlənilir?

- Şübhəsiz ki, Azərbaycan rəhbərliyi bu cür tədbirlərdə regionumuzu təhdid edən faktorları gündəmə gətirirlər. Bu da Avropanın ümumi təhlükəsizliyinin mühüm bir hissəsidir. Heç kəs düşünməsin ki, Cənubi Qafqazdakı proseslər Avropanın hər hansı bir hissəsinə təsir etmir. Bu, yanlış yanaşma olardı. ATƏT-in yaranması dövründə Helsinki nizamnaməsi qəbul olundu. Orada qeyd olunur ki, hər hansı bir Avropa ölkəsində mövcud olan destabillik prosesləri digər region ölkələrinə də təsir göstərir. Belə olan təqdirdə, bu bölgədə işləyən Avropa strukturları və onun iqtisadi təşkilatları bu bölgədə müəyyən risqlərə məruz qalırlar. Azərbaycanın ötən illər ərzində göstərdiyi səylər nəticəsində beynəlxalq aləmlə qurulmuş çox mühüm transmilli layihələr var. Artıq bu çərçivədə təhlükəsizlik sferası formalaşıb. Təbii ki, bu, ilk növbədə, iqtisadi təhlükəsizlikdir. Amma özü-özlüyündə siyasi mahiyyət daşıyır. Regionu uzun illər ərzində öz əsarəti altında saxlayan dairələrin təsirləri sındırılaraq, Avropa ilə çox yaxşı əməkdaşlıq münasibətləri qurulub.
Ancaq Dağlıq Qarabağ münaqişəsi, Cənubi Osetiya və Abxaziya məsələləri bu prosesi ciddi şəkildə təhlükə qarşısında qoyur. Belə olan halda, Azərbaycan tərəfi çalışır ki, bu cür tədbirlərdə Avropanın diqqətini bu problemlərin həll olunmasına yönəltsin və burada müəyyən siyasi dəstək əldə olunsun. Bəzən münaqişələr ona görə uzun müddət yaşayır ki, müxtəlif təcavüzkarlar ayrı-ayrı dövlətlər tərəfindən himayə olunur. Bu cür müdafiə mahiyyət etibarilə münaqişələri dondurulmuş vəziyyətdə saxlayır. Əslində isə, həmin münaqişələr dondurulmayıb. İstənilən bir anda həmin münaqişələr genişmiqyaslı müharibələrin başlanmasına səbəb ola bilər. ABŞ Konqresinin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Denis Bler bu günlərdə ciddi açıqlama çıxış edib. O bildirib ki, Ermənistanla Azərbaycan arasında olan münaqişə yenidən alovlana bilər. Bunun reallığının nə ilə bağlı olduğu da hər kəsə aydındır. Belə olan təqdirdə, bu cür tədbirlərin keçirilməsi Azərbaycana öz sözünü deməyə geniş imkanlar açır.

- Dağlıq Qarabağ ərazisindən Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılması üçün BMT-nin qəbul etdiyi 4 qətnamə mövcuddur. Sizcə, bu qətnamələrin icra edilməməsi həmin qurumların qərarlarının formal xarakter daşıdığını və səlahiyyətsizliyini deməyə əsas verir?

- Formalizmdən və səlahiyyətsizlikdən daha çox, məsələnin mahiyyəti beynəlxalq siyasi maraqlara və beynəlxalq konyukturaya söykənir. Həmin qurumların kifayət qədər mötəbər imkanları var ki, poseslərə nüfuz edərək, öz qərarlarının icrasını lazımınca təmin etsinlər. BMT-nin müxtəlif silahlı qüvvələri və ya strukturları, xüsusilə də, NATO kimi beynəlxalq hərbi təşkilatı bu proseslərə cəlb etməsi üçün real gücə malikdir. Beləliklə də, təcavüzkarı müəyyən partiya rejimi qarşısında qoya bilər. Bəzən məsələ elə bu cür beynəlxalq siyasi mövqelərin yaranmasından qaynaqlanır. Yəni, qərar verən təşkilatlar sonrakı dönəmdə ardıcıl olmayanda qeyd etdiyimiz siyasət də formalaşmır. Əgər BMT-nin, ona bağlı qurumların və ya hər hansı ölkənin, ardıcıl olaraq, Ermənistana qarşı sərt siyasi mövqeyi özünü göstərərsə, bu, artıq ümumavropa məkanında bir münasibətin formalaşması deməkdir. Şübhəsiz ki, bu vəziyyət iqtisadi qərarlara da təsir edəcək. Həmin ölkələr nəzərə alacaqlar ki, Ermənistan təcavüzkar ölkədir, qanunları tanımır, bu ölkə ilə münasibətlər risqlidir və onunla heç bir əlaqə qurmayacaqlar. Bu hadisə baş vermir deyə, Ermənistan da hərəkətlərindən stimul alır.
Hesab edirəm ki, həmin dövr üçün çıxarılmış qətnamələr tamamilə mötəbər və yerində idi. Burada hər hansı formallıq yoxdur. Gerçək olaraq, Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında BMT-nin 4 qətnaməsi qəbul olundu. O cümlədən, Avropa Şurasının Baş Assambleyasının Məclisində də oxşar qətnamə qəbul olunub. Belə olan təqdirdə, ən başlıca məsələ qərarların icrasını təmin edəcək mexanizmin meydana çıxarılmasıdır. Bəli, BMT bir sıra münaqişələrə müdaxilədə gecikir, laqeydlik göstərir və ya qərarları kəsərli xarakter daşımır. Amma BMT-nin ayrı-ayrı dövrlərdə nüfuz etdiyi münaqişələr dayandırılıb və həmin məsələlər normal məcraya düşüb. Dünyada mövcud olan ən mötəbər qurum yenə də BMT-dir. İnsanların da bu qurumdan nələrisə tələb etmək reallağı var.

- BMT-nin üzvü olan müəyyən dövlətlər hələ də Ermənistanı işğalçı dövlət kimi tanımayıb. Bu, həmin dövlətlərin məsələlərə ikili standartlardan yanaşdığını göstərir?

- Diplomatiya, siyasi maraqlar, iqtisadi konyukturalar və regionun idarə olunması üçün ən müxtəlif mexanizmlərin formalaşdırılması cəhdləri işğalçıya öz adı ilə qiymət verilməsini ləngidib və ya bunu tamamilə mümkünsüz edib. Keçmiş dövrlərdə də tarixdə bu cür nümunələr olub. Ayrı-ayrı işğalçı ölkələrə qarşı bu cür himayəedici addımlar, nəticədə ağır nəticələr doğurub. Bu gün Ermənistan başqa dövlətlər tərəfindən himayə olunmaqdadır. Bu siyasi dəstək yalnız lobbi qurumlarına bağlana bilməz. Bu məsələnin kökü daha güclü və dərindir. Bu da ondan ibarətdir ki, müxtəlif dövlətlər Cənubi Qafqazı öz təsir dairələrinə salmaq üçün Ermənistanla sıx münasibətlər qurmaqdadırlar. Yaxud da onların başqa niyyətləri var. Bu mənada, Ermənistan özünün işğalçı siyasətini davam etdirməsi üçün yararlanır. Amma həmin dəstəyi göstərən dairələr son anda Ermənistanı hərbi cəhətdən müdafiə etməyəcəklər. Əgər kimsə Avropa dövlətlərinin Ermənistan tərəfindən vuruşacağını, onun təcavüzkar siyasətində hərbi cəhətdən iştirak edəcəyini söyləyirsə, çox yanılır. Ola bilər ki, hansısa dövlət özünün hərbi maraqları üçün silah satışına getsin və başqa yöndə bəzi addımlar atılsın. Regionda Rusiya amilini çıxsaq, Azərbaycan bu problemi bütün səviyyələrdə həll edə bilər.

- Zahid müəllim, Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Dağlıq Qarabağda antiterror əməliyyatı keçirərsə, dünya birliyinin bu məsələyə münasibəti necə ola bilər?

- Regionda uzun illər boyu müəyyən vəziyyət formalaşıb, beynəlxalq əlaqələr qurulub. Müəyyən sabitlik məkanı yaranıb və Azərbaycan bu prosesdə mühüm rol oynayıb. Əgər Azərbaycanın ötən dövr ərzində bu bölgədə mövcud olan risqləri aradan qaldırmaq addımları olmasaydı, Cənubi Qafqazdakı proseslər indiki müstəviyə gəlib çıxmazdı. Həm iqtisadi, həm də bölgənin siyasi həyatında dəyişəcək kurs, Azərbaycanın bölgədə mühüm bir yer qazanmasına xidmət etdi. İndi Avropa qurumları və xarici dövlətlər prosesin geriyə dönməsini istəmirlər. Çünki etiraf olunmalıdır ki, Cənubi Qafqazda hərbi əməliyyatların işə düşməsi ilə məsələni öz xeyrinə həll edəcək dairələr də olmamış deyil. Yəni, bu cür ehtimallar mövcuddur. Ona görə, beynəlxalq aləm Azərbaycana öz ərazi bütövlüyünü təmin etmək üçün bütün hüquqları verir. Heç bir Avropa sənədləri, eyni zamanda, Avropa Şurasına üzvlük üçün götürülmüş öhdəliklər və siyasi bəyannamələr Azərbaycanı köklü fundamental hüquqlarından məhrum etmir. Lakin məsələnin bu cür həlli bütün hallarda özü ilə bərabər çoxlu risqlər gətirir. Çünki bu, müəyyən insan itkiləri deməkdir. Prosesin gələcək dövrə proqnozlaşdırılmasını çətin edən bir məsələdir. Əlbəttə, burada münaqişə tərəfi Ermənistandır. Biz onlara qarşı əməliyyat keçirmirik. Əgər Ermənistan Dağlıq Qarabağın azad olunmasında özünü kənarda qoyacaqsa, onda Azərbaycan, sadəcə, Dağlıq Qarabağdakı qüvvələrlə üz-üzə qalacaq.
Hesab edirəm ki, dövlət başçısı İlham Əliyevin maksimal cəhdləri və əsas siyasi kursu ona yönəlib ki, Ermənistan beynəlxalq cəhətdən müdafiəsiz qalsın və Azərbaycan bu prosesi təkbaşına həll etmək imkanlarını tam əldə etsin. Ermənistan bütün hallarda hərbi təsir və təzyiq görməsə, ən mühüm qərarları belə yerinə yetirməyəcək. Yəni, məsələ yenə də Azərbaycan əsgərlərinin gücü ilə öz həllini tapacaq. Biz bu situasiyanın yaranmasına çalışırıq ki, Ermənistan həmin dövrdə beynəlxalq hərbi dəstək qazanmasın.

Digər xəbərlər