Bu günlərdə Cənubi Qafqaz regionu və onun ətrafında cərəyan edən hadisələr fəallığı ilə seçilir. Bu fəallığın fonunda bölgənin təhlükəsizliyi bölgə dövlətlərini daha çox narahat etməyə başlayıb. Burada dondurulmuş münaqişələrin mövcud olması, İranın nüvə siyasəti, Türkiyə-Ermənistan protokollarının ratifikasiya olunmasında yaranmış qalmaqal daha çox diqqəti cəlb edən məsələlərdir. Hətta bu günlərdə bölgədə müharibənin başlayacağı ehtimalların olması da beynəlxalq ictimaiyyətin nəzər və diqqətinin bölgəyə yönəlməsinə səbəb olmuşdur. Bu məsələlər və bölgənin təhlükəsizliyi məsələlərinin isə bu günlərdə keçirilməkdə olan Avropa Təhlükəsizlik Konfransında müzakirə olunması gözlənilir.
Regionda cərəyan edən bu və digər siyasi proseslərlə bağlı politoloq Qabil Hüseynlinin məsələlərə münasibətini öyrəndik.
- Qabil müəllim, bildiyiniz kimi, İranın apardığı nüvə siyasəti başda ABŞ olmaqla, bütün dünya ictimaiyyətini narahat edən məsələdir. Son günlərdə isə ABŞ-ın İranın öz siyasətindən əl çəkməyəcəyi təqdirdə, ona qarşı müharibənin başlayacağını bəyan edib. Sizcə, belə bir müharibənin başlaması nə qədər mümkündür?
- İrana qarşı tətbiq olunan sanksiyalar son günlərdə büruzə verməyə başlayıb. Bəlkə də İranın öz mövqeyindən müəyyən qədər geri çəkilməsi, məhz ona qarşı olan müharibə təhdidi ilə əlaqəlidir. İran zənginləşdirilmiş uranın Fransa və Rusiyaya göndərilməsinə razı olduğunu bildirib. Artıq İrana qarşı Avropa ölkələrinin iştirakı ilə yeni sanksiyaların siyahısı hazırlanır. Bu müharibəyə də gətirib çıxara bilər. Amma hələ ki, müharibə ehtimalı mütləq deyil.
- İddialara görə, bu günlərdə İran tərəfindən sınaqdan keçirilən raketlərin ABŞ tərəfindən vurulmasına cəhd edilib. Bəs bu, nəyə hesablanmışdır?
- Əslində, İranın buraxdığı bu raketlər sınaq xarakteri daşıyır və bu raketləri vurmaq beynəlxalq qanunvericiliyə ziddir. Həmçinin, bu raketlər dinc xarakterli raketlərdir. Düşünmürəm ki, ABŞ onları vurmağa cəhd göstərib, lakin vura bilməyib. Çünki İranın indiki raket sistemi SSRİ-nin 60-cı illərdə hazırladığı standartlara əsaslanan raket sistemidir. Onları məhv etmək o qədər də çətin deyil.
- Bu günlərdə İranın xarici işlər naziri Türkiyədə səfərdə olub. Onun səfəri zamanı əsas məqsəd İranın nüvə siyasətinə dəstək qazanmaq olsa da, buna nail olunmadı.
- Əslində, məsələ burasındadır ki, İran Türkiyədən hansı dəstəyi ala bilər? Türkiyə baş naziri təxminən iki ay bundan əvvəl İranda səfərdə olarkən qeyd etdi ki, İranın dinc məqsədlər üçün nəzərdə tutulan nüvə proqramını müdafiə edir. Bundan artıq nə ola bilərdi? Sanksiyalar məsələsini də Türkiyə qəbul eləmir.
- Yeri gəlmişkən, bu gündən etibarən Münhendə Avropa Təhlükəsizlik Konfransı öz işinə başlayır. Bu konfransda Prezident İlham Əliyevin də iştirak etdiyini nəzərə alsaq, onda bu konfransın Azərbaycan üçün əhəmiyyətini necə dəyərləndirmək olar?
- Bu çox əhəmiyyətli tədbirdir, çünki burada Avropa və dünyada təhlükəsizlik məsələləri müzakirə ediləcək. Sözsüz ki, Cənubi Qafqazda təhlükəsizlik məsələsi də müzakirə edilən məsələlərin əsas istiqamətlərindən biri olacaq. Cənubi Qafqazda kifayət qədər Avropanın təhlükəsizliyinə xələl gətirə biləcək məqamlar var. Bu məqamlar həm Gürcüstan ərazisinin Rusiya tərəfindən işğal edilməsi və rusların burda qoşun yerləşdirməsi ilə bağlıdır, həm də ki, Ermənistanın Azərbaycana təcavüzü və yenə də rusların Ermənistanda, xüsusilə, Dağlıq Qarabağ ərazisində həm hərbi bazalar, həm də müxtəlif silah növləri yerləşdirməsidir. Məsələn, S-300 tipli raketləri Dağlıq Qarabağ ərazisində yerləşdirilibdir. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti həm Ermənistan təcavüzü, həm onun törətdiyi nəticələr, həm regionda yerləşdirilən hərbi bazalar və bunun doğura biləcəyi təhlükələr, Azərbaycan ərazisinin işğalının qaldıqca müharibə təhlükəsinin qalmasının da Avropa təhlükəsizlik sisteminə tanış olması barədə məsələləri qaldıracaq və Avropa ölkələrini regiondakı anormal vəziyyətə diqqətini cəlb edəcək. Bu gərginliyin aradan qaldırılması üçün lazım olan tədbirlərin görülməsini Münhen konfransının iştirakçılarından tələb edəcək.
- Ola bilərmi ki, Cənubi Qafqazda dondurulmuş münaqişələrlə bağlı hansısa qətnamə qəbul olunsun?
- Əgər Azərbaycan və Gürcüstan səylərini birləşdirsə və Türkiyə də buna dəstək versə, belə bir qətnamənin qəbulu kifayət qədər real görünür. Əminəm ki, Gürcüstan da bu məsələdə xüsusi bir sənədlə çıxış edəcək. Çünki Gürcüstan da təcavüzə məruz qalıb, ərazisi parçalanıb, Rusiya tərəfindən qəsb edilib. Biz də eyni vəziyyətdəyik. Üstəlik, Gürcüstanla bizim aramızda strateji bir tərəfdaşlıq bağları var və mən güman edirəm ki, həm Gürcüstan, həm də Azərbaycan və Türkiyə də bu regionda xüsusi yer tutmaq istəyir və Azərbaycanı da dəstəkləyir. Hesab edirəm ki, bu üç dövlət təhlükəsizlik məsələlərində dünyanın diqqətini Cənubi Qafqazda yaranmış partlayış xarakterli vəziyyətə gətirib çıxara bilər. Çünki bu günlərdə Avropa kəşfiyyatının rəhbəri Cənubi Qafqazda müharibə təhlükəsinin kifayət qədər real olması barədə məlumat yaymışdı. Dünyanın ən təhlükəli və qarşıdurmanın ən gərgin formada mövcud olduğu region, fikrimcə, Cənubi Qafqazdır. Buna görə də, belə bir qətnamənin qəbulu mümkündür.
- Son vaxtlar AKP hökuməti Ermənistanla münasibətlərə ehtiyatlı baxış nümayiş etdirir. Bu nöqteyi-nəzərdən konfransda Cənubi Qafqazla bağlı müzakirələrdə onun qətnaməyə dəstək verməsi nə dərəcədə inandırıcıdır?
- Əslində AKP hökuməti də Ermənistanın öz öhdəliklərindən geriyə çəkilməyə başladığını görür. Buna görə də, güman edirəm ki, Ermənistana qarşı kifayət qədər qəzəblidir. Üstəlik, protokolların imzalanmasında Azərbaycan qarşısında müəyyən öhdəliklər götürübdür və bu öhdəlikləri yerinə yetirməyə çalışır.
- Ola bilərmi ki, protokollar ətrafında qalmaqallar daha da böyüsün, bu məsələ tamamilə unudulsun və arxa plana keçsin?
- Bu məsələnin arxa plana keçməsi Rusiyanın mövqeyindən asılıdır. Rusiya isə üzdə fəal görünməsə də arxada protokolların ratifikasiyasının qarşısını almağa çalışır. Son vaxtlara qədər Amerika Cənubi Qafqazda bir o qədər də fəal görünmürdü. Bu bölgənin taleyini sanki Rusiyaya həvalə etmişdi. Amma son günlər Amerikanın eləcə də, Avropa Birliyinin Cənubi Qafqazda fəallaşmasının şahidiyik. Bununla bağlı Rusiyanın hərəkətlərində narazılıqlar özünü göstərməyə başlayıbdır. Ona görə də protokollar ratifikasiya olunmaya bilər.