Əli Orucov: "Əli Kərimovun yürütdüyü siyasət sürüşkəndir"
- Əli bəy, müxalifət düşərgəsində parlament seçkiləri ərəfəsi bloklar yaradılır. Nədənsə AMİP-in adı bu sırada çəkilmir. Maraqlıdır, həmin blokların yaradılması ideyasını irəli sürənlər AMİP-lə yol yoldaşı olmaq istəmirlər, yoxsa AMİP onlarla yola getmirlər?
- Çox təəssüflər olsun ki, bəzi müxalifətdə olan "dostlarımız" iş görməkdən çox danışmağa üstünlük verirlər. Bizim də bir el misalımız var: deyir "çox danışan iş görməz". Həmin prinsipə sadiq qalaraq, onlar danışırlar, amma biz isə iş görürük. Vaxtımızı da qeyri-səmərəsiz fəaliyyətə həsr etmirik. Əgər hər hansı bir bloklaşma və ya birlik yaradılarsa, dəyirmi masalar ətrafında müzakirələr aparmaq lazımdır. Yoxsa mətbuatda qarşılıqlı ittihamlar aparmaq, lüzumsuz fikirlər yürütmək səmərəsiz şeylərdir. Partiya olaraq bloklaşmaya, eyni zamanda hər hansı birliyin yaranmasına çox həssasla yanaşırıq. Düşünürük ki, gözdən pərdə asmaq, görüntü yaratmaq, nəyinsə xatirinə deyil, ümumi işin xeyrinə yönələ biləcək birliklərin yaradılmasına tərəfdarıq. Həmçinin, elə siyasi partiya və birliklərdə təmsil olunmağa maraqlıyıq ki, həmin qüvvələr çox danışmağı kənara qoyub, real iş görə bilsin. Eyni zamanda, atdıqları imzaların, verdikləri sözün üstündə dura bilsinlər. Çox təəssüf ki, müxalifət düşərgəsində bu cür siyasi qüvvələr az dərəcədədir və ya heç yoxdur.
- İddialara görə, bloklardan kənarda uğur qazanmaq mümkünsüzdür. Bu nöqteyi-nəzərdən AMİP-in perspektivinə necə yanaşmaq olar?
- Bu fikirlə razılaşmıram. Çünki özünüz də şahid oldunuz ki, referendumda "mənəm-mənəm" deyən bəzi müxalifət partiyaları, ictimai təşkilatlar yığıldı. Uzun müddətdən sonra təşviqat kampaniyası aparmaq üçün təbliğat qrupu yarada bildilər. Amma partiya olaraq, biz bunu çox qısa zaman kəsiyində həyata keçirdik. Güc, sinəni qabağa verib, boş-boş danışmaqla ölçülmür. Güc real görülən işdən gedir. Ona görə də partiyamız təkbaşına fəaliyyət göstərsə də, bu prosesin öhdəsindən bacarıqla gəlmək iqtidarındadır.
- Düşünmək olarmı ki, AMİP-in bloklara meyil göstərməməsinin kökündə Əli Əliyev, Əli Kərimov faktorunun bir blokda olması ilə bağlıdır?
- Ümumiyyətlə, Əli Əliyev məsələsi bizim üçün yoxdur. Mən şəxsən belə bir siyasətçi və müxalifətçinin Azərbaycanda olmasını bilmirəm. Tanımıram ki, o kimdir. O ki qaldı Əli Kərimova, partiya olaraq, Azərbaycanda fəaliyyət göstərən siyasi müxalifətlə problemimiz yoxdur. Problemi özləri yaradıblar, özləri də iflic vəziyyətinə salıblar. AMİP elə siyasi qüvvələrlə əməkdaşlıq etməyə maraqlıdır ki, həmin siyasi qüvvənin fəaliyyət imkanları, nüfuzu, cəmiyyətdə yeri ən azı AMİP qədər də olmasa da ona yaxın olsun. Əli Kərimovun rəhbərlik etdiyi partiya, istərsə də, onun təmsil olunduğu "Azadlıq" bloku AMİP-lə müqayisədə, özlərinin şişirtmələrinə baxmayaraq, olduqca zəifdir. Belə bir qurumla əməkdaşlıq, əksinə, bizim işimizə ziyan vura bilər. Çünki biz istəmirik ki, kimsə AMİP-dən bəhrələnsin. Eyni səviyyəli qurum və təşkilatlarla əməkdaşlığa hazırıq.
- Dediniz ki, Ə.Kərimov hansısa problem yaradır. Bilmək olarmı, problem nədən ibarətdir və sizin onlara qarşı iradlarınız əsaslıdırmı?
- Ə.Kərimovun yürütdüyü siyasəti dayanaqlı deyil, sürüşkəndir. Bunu 2003-cü ildə də görmüşük. Baxmayaraq ki, rəsmi olaraq, AMİP-in namizədi Etibar Məmmədovun prezidentliyə namizədliyini dəstəkləmək barədə sazişə imza atmışdı. Amma o, faktiki olaraq, AMİP-ə daha çox zərbə vurdu. Bu prosesdə partiyanın seçkilərdə qazana biləcəyini, məhz Əli Kərimovun badalağı ilə itirdik. Digər səbəb isə, Ə.Kərimov müəyyən vaxtlarda partiyamızın daxili işlərinə burnunu soxmağa cəhd göstərib. Bütün bunlar onu göstərir ki, başda sədri olmaqla AXCP (i) səmimi deyil. Onlar heç vaxt səmimi əməkdaşlıq etmək iqtidarında olmayacaqlar. Faktlara əsaslanaraq, deyə bilərəm ki, bu cür problemləri onlar yaradıblar.
- Siz bizim üçün maraqlı olan ittihamlar irəli sürdünüz. Sürüşkən deyəndə, ilk növbədə, qədim peşə sahibləri yada düşür...
- Siyasətdə sürüşkənlik o mənanı ifadə edir ki, dayanaqlı siyasət ardıcıllıqdan uzaqdır. Bunu nəzərdə tutub deyirəm.
- Çox maraqlıdır, axı siz Əli Əliyevlə uzun müddət eyni cəbhədə mübarizə aparmısınız. Amma indi belə bir siyasətçinin xatırlamadığınızı deyirsiniz?
- Söhbət müəyyən elektorata malik, özünün arxasınca bir qrup insan aparan, ölkənin taleyinə, cəmiyyətə nüfuzu edə biləcək siyasətçidən gedir. Bu gün hər kəs özünü siyasətçi adlandıra bilər. Amma siyasətçi kateqoriyasına şamil edilməsi, artıq başqa məsələdir.