PDF Oxu

Müsahibə

  • 13

Rusiya itirə-itirə gedir

Rusiya itirə-itirə gedir
- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində intensiv danışıqlar aparılır. Bunun fonunda Ermənistan hökuməti konstruktiv mövqeyə zidd addımlar ataraq, Dağlıq Qarabağ məsələsi ilə bağlı heç zaman güzəştə getməyəcəklərini bildirirlər. Bu cür ziddiyyətli vəziyyəti necə izah edərsiniz?
- Ermənistan bu cür mövqe ortalığa qoymaqla müstəqil dövlət olmadığını sübut etmir. Bu, dolayı yolla Rusiyanın mövqeyidir ki, bütün dünya ictimaiyyətinə Ermənistanın mövqeyi kimi çatdırılır. Bəllidir ki, Qərbin Qafqazda mövqelərini möhkəmləndirmək səyləri var. Rusiyanın forpostu olan Ermənistan yeganə dövlətdir ki, Qərblə əməkdaşlıq məsələsində müstəqil siyasət yeridə bilmir. Ona görə də Rusiya ilə Qərb ölkələri arasında olan konfliktləri həmişə Ermənistan özündə əks etdirir. Son zamanlar Türkiyənin danışıqlar prosesində fəallaşması, ABŞ-ın yeni dövlət administrasiyasının Qərbin regionda mövqeyinin gücləndirilməsilə bağlı atdığı addımlar Rusiyanı əks-tədbirlər görməyə sövq edir. Bu da, bilavasitə, Rusiyadan asılı olan Ermənistanın mövqeyində öz əksini tapır.
Hesab edirəm ki, regionda Rusiyanın mövqeyi zəiflədikcə, Ermənistanın mövqeyi də zəifləyəcək. Bundan sonra hər hansı konstruktiv addımın atılmasından söhbət gedə bilər. 2008-ci ildə Gürcüstana qarşı elan etdiyi 5 günlük müharibə ilə Qərbə uduzan Rusiya indi uduzduqlarını kompensasiya etməyə çalışır. Müəyyən danışıqlara vasitəçilik etməklə bunu həyata keçirməyə çalışır. Bu, bir daha onu göstərir ki, Rusiya səmimi deyil və buna, nəinki biz, Ermənistanın özü də inanmır. Rusiyaya qarşı çıxmaq iqtidarında olmayan Ermənistan onun siyasətini yeritməyə məhkumdur. Ermənistanda NATO ilə əməkdaşlığa meyilli olan qüvvələr var ki, onlar Qərblə əməkdaşlığı Rusiya ilə əməkdaşlıqdan üstün tuturlar. Əgər bu, yaxın gələcəkdə baş verərsə, onda Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət irəliləyişlər əldə etmək olar.
- Belə çıxır ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardakı fəallığı səmimiyyətdən uzaqdır?
- Bəli, Rusiya siyasəti qeyri-səmimidir. Rəsmi görüşlərdə, bunu demək mümkün olmasa da, müstəqil ekspertlər bunu deməkdən çəkinmirlər. Dağlıq Qarabağ münaqişəsini Rusiya ortalığa atdığı üçün onun həllində maraqlı deyil. Yəni, Rusiya Qafqazda itirdiklərini geri qaytarmaq üçün Ermənistandan istifadə edir. Orada həm Rusiyanın hərbi bazaları, həm də iri strateji obyektləri var ki, onlar da Rusiyanın mülkiyyəti hesab olunur. Ancaq bu, mümkün olan variant deyil. Çünki Rusiya itirə-itirə gedir. O əvvəlcə Əfqanıstanda, İraqda, Balkanlarda itirdi, Gürcüstanda isə itirmək üzrədir. Bu, onu göstərir ki, Rusiya yaxın gələcəkdə kiçik dövlətlərə parçalanmaq təhlükəsi qarşısında qalacaq. Məcbur olacaq ki, Qafqazdan əlini çəksin. 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsi, bir daha göstərdi ki, Rusiya rəqabətdə Qərbə uduzur. Rusiya güclü dövlət olsa da, uğursuz siyasi sistemi nəticəsində Qərbə uduza-uduza gedir. Yəni, 5 günlük müharibə zamanı milyardlarla ABŞ dolları məbləğində ziyana düşən Rusiyanın siyasi sisteminin nə qədər çürük olduğu özünü bir daha göstərdi. Arzu edərdik ki, yaxın gələcəkdə Rusiya öz imperiya siyasətindən əl çəksin, dinc-yanaşı yaşama siyasətini həyata keçirməklə əməkdaşlığa üstünlük versin. Onda Qafqazdakı münaqişələri yatırtmaq mümkün olar. Dağlıq Qarabağda, Cənubi Osetiyada və Abxaziyada müharibələrin birbaşa sponsoru, məhz Rusiyadır. Rusiya bu alovu qızışdırmaqla məşğuldur. Bu cür siyasətindən əl çəkməyəcəyi təqdirdə də, problemin həlli uzanacaq. Yəqin ki, Rusiya yürütdüyü siyasətin nəticəsi olaraq, tez bir zamanda, Qafqazdakı mövqeyindən geri çəkilərək, öz problemləri ilə məşğul olacaq.
- Məhərrəm müəllim, əgər Azərbaycan öz problemini özü həll etmək məcburiyyətində qalarsa, o zaman Rusiya mövqelərini tamamilə itirmiş, nüfuzundan məhrum olmuş vəziyyətə düşməyəcəkmi?
- Rusiya ilə bağlı Azərbaycanın yeritdiyi siyasət çox düzgün siyasətdir. Biz Gürcüstan kimi birtərəfli, Qərbyönümlü siyasətə üstünlük vermirik. Müstəqil dövlət olaraq, həm ABŞ, həm də İran və Rusiya ilə balanslaşdırılımış siyasət yeridirik. Bu da öz düzgünlüyünü göstərir. Nə qədər ki, Rusiya kimi təhlükəli bir qonşumuz var, hər hansı radikal addımlar atmaq və birbaşa müharibəyə girişmək uğursuzluğa gətirib çıxara bilər. Amma Azərbaycanın yeritdiyi siyasət onun nüfuzunu artırır. Belə olan halda da, Rusiya Azərbaycanla münasibətlərində yumşalmağa məhkumdur. Xüsusilə də, Rusiya-Gürcüstan müharibəsi zamanı ölkəmizin yeritdiyi təmkinli siyasət nəticəsində Rusiyanın Azərbaycana marağı daha da artıb. Hesab edirəm ki, ölkəmiz ordu quruculuğundakı nüfuzunu gücləndirməklə, güclü dövlətlərin apardığı siyasətə qiymət verməlidir. Bütün hallarda çalışmalıyıq ki, Azərbaycan iqtisadiyyatı güclü olsun, regionda lider olduğu kimi, digər dövlətlərlə müqayisədə də öz gücünü göstərsin. Yəni, 21-ci əsrdə anlamalıyıq ki, hər hansı bir problemin həlli üçün dövlətimiz öz gücünə arxalanmalıdır. İndiki dövrdə güc hər şeyi həll edir. Mən bir vətəndaş olaraq, məmnunluq hissi keçirirəm ki, Azərbaycan iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkədir və öz gücünü bütün dünyaya göstərir. Bu mövqe gələcəkdə inkişaf etdirilməli və Azərbaycan bu yolla öz problemlərini həll etməlidir.
- Bu yaxınlarda ABŞ Konqresinin üzvü Con Şadeq Konqres üzvlərinə müraciət edərək bildirib ki, ABŞ regionda özünün ən güclü müttəfiqi olan Azərbaycanın maraqlarını unutmamalıdır və Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət ayırmalıdır. Proseslər göstərir ki, ABŞ hökuməti məsələyə ikili standartdan yanaşmaqda davam edir. Siz bunu nəzərə alırsınız?
- ABŞ öz dövlət maraqlarını hər zaman hər şeydən üstün tutub. ABŞ-ın Azərbaycanla yaxın müttəfiqliyini nəzərə almaqla yanaşı, onun Ermənistanda Rusiyanın mövqeyini zəiflətməyə çalışdığını da anlamalıyıq. Onun əsas məqsədlərindən biri də Ermənistanda Qərbpərəst rejimin yaradılmasına nail olmaqdır. ABŞ nə qədər demokratik ölkə olsa da, onda xristian təəssübkeşliyi mövcuddur. Ona görə də, biz Qərbin ikili standartlarını həmişə görmüşük, indi də görürük. Təbii ki, Amerikanın maraqları hər şeydən üstün olduğuna görə, Azərbaycan çalışmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli də birbaşa onün milli maraqları ilə üst-üstə düşsün.

Digər xəbərlər