- Son günlər sizin partiya daxil olmaqla, müxalifət düşərgəsində partiya sədrlərinin fəallığı müşahidə olunur. Bəzi partiya sədrləri, xüsusilə İsa Qəmbərov digər partiya funksionerlərini İrana, Rusiyaya, MTN-nə işləməkdə günahlandırır. İqbal Abğazadə isə Avropanı fəth edəcəyi ilə bağlı açıqlamalar verir. Bütün bu prosesləri parlament seçkiləri ərəfəsi süni fəallıq adlandırmaq olar?
- Siyasətçilər arasında Mirmahmud Fəttayevin səmimiliyinə və öz əqidəsinə sadiq olduğuna inanıram. Kimisə nədəsə ittiham edənlər, ən azı düşünsünlər ki, özlərinin nə isə var. Onu da bildirim ki, biz həmin düşərgəyə aid deyilik. Bizim düşərgəmiz yoxdur, yalnız vahid mövqeyimiz var və konstruktiv müxalifətik. İsa Qəmbərovun kimisə nəyəsə görə ittiham etməsinə gəldikdə, dəfələrlə xahiş etmişik ki, üzdə olan siyasətçilərin və Əlizadə qardaşlarının "KQB"-dəki arxivləri açılsın. Nədənsə, bunu etmədilər. Ola bilsin ki, İ.Qəmbərov düşərgəsində olanlar haqqında "KQB"-dən nə isə məlumatı var. DTK-nın şefi Vaqif Hüseynov öz xatirələrində yazır ki, 20 Yanvar öncəsi Primakov ona birmənalı şəkildə göstəriş vermişdi. Kimə toxunursuzsa, toxunun, İ.Qəmbərova toxunmayın. O, bizə hələ çox lazım olacaq. Ona görə ki, İsa bəy oradakı kadrları yaxşı tanıyır. O ki qaldı İqbal Ağazadənin Avropanı fəth etməsinə, düşünmürəm ki, orada onu kimsə tanısın.
- Vaqif Hüseynovun xatirələrinə istinadən, dünya tarixində ilk rəsmi açıqlamadır ki, hansı dövlət qurumu öz agentini ifşa edir...
- V.Hüseynov heç kimi ifşa etmirdi. O sistemdən gedəndən sonra bu açıqlamanı vermişdi.
- Yəni, bu düşünülmüş proses idi?
- O proseslərin gedişindən bilirdi ki, həmin insanın "fəaliyyəti" nəticəsində Azərbaycana zərər dəyir. O xalqı ayıq salmaq istəyirdi.
- Hazırkı mərhələdə vaxtilə agent işləyən partiya sədrlərinin xalqın adından danışması, dövlət, milli maraqlardan çıxış etməsi nə dərəcədə ədalətlidir?
- 20 ildir ki, ASDP-yə rəhbərlik edirəm. Bu 20 ildə bir dəfə də olsun, xalqın adından istifadə etməmişəm. Yalnız partiyamızın adından danışmışam. Xalqın adından yalnız bir nəfər-Prezident danışa bilər.
- Əgər danışırsa...
- Danışırsa, bu, onun siyasi savadsızlığını göstərir.
- Bu nöqteyi-nəzərdən, həmin adını çəkdiyiniz və çəkmədiyiniz partiya sədrlərinin siyasi təcrübəyə ehtiyacı olduğunu düşünmək olar?
- Əfsuslar olsun ki, bizdə olan bir çox partiya sədrləri 1985-ci illərin sonu, 1990-cı illərin əvvələrindəki səviyyədən yuxarı qalxa bilməyiblər.
- Bunun səbəbi nədir?
- Yalnız ondadır ki, bunlar xülya ilə yaşayırlar.
- Onlar öz açıqlamalarında dəfələrlə etiraf ediblər ki, hakimiyyətə gəlmək üçün deyilənlər əsas deyil...
- Əgər hakimiyyətə gəlmək onlar üçün əsas deyilsə, nəyə görə həmişə hakimiyyət haqqında mübarizədən danışırlar. Məsələn, bilirik ki, bizim hakimiyyətə gəlmək imkanımız yoxdur. Amma proqram ortaya qoyuruq, onu müzakirəyə çıxarırıq.
- Maraqlıdır, niyə görə, hər dəfə sizin hədəfinizdə İsa Qəmbərov durur?
- Mənim hədəfimdə heç vaxt İ.Qəmbərov olmayıb. Ümumiyyətlə, mən Xalq Cəbhəsindən çıxmış liderlərdən danışıram. Çünki onlar xalqı güdaza verdilər. Əgər onlar deyirlərsə ki, bu gün Azərbaycanda demokratiya yoxdur, bunun əsas günahkarı özləridir. Azərbaycan 1990-cı illərin əvvələrində demokratiyaya hamilə idi. Bu bəylər isə, hamiləliyi zor gücü ilə dayandırmağa, uşağı saldırmağa çalışırdılar.
- Etibar Məmmədov da AXCP şinelindən çıxmışdı. 20 Yanvar hadisələrində, Laçının işğalında, hansısa silahlı hərbi birləşmələrin yaradılmasında müəyyən qədər rolu olmuşdu. Siz onun haqqında hansısa bir mənfi fikir söyləmirsiniz?
- Mən İ.Qəmbərov haqqında da heç bir fikir söyləmirəm. Siz sual verdiniz ki, İsa bəy deyir agentlər var. Mən də dedim ki, ola bilsin, İ.Qəmbərov Ali Məclisin sədri olarkən və kimlərəsə işləyərkən, həmin məlumatları əldə edib.
- Son vaxtlar Mirmahmud Fəttayev müxalifətin birlik formatının yaradılması ideyası ilə çıxış edir...
- Qəti əminliklə deyim ki, bu format yaradılmayacaq. O, yalnız ürəyində olanı sidqi-ürəklə həyata keçirmək istəyir. Bu hərəkətinə görə onu Don Kixot adlandırıram. Çünki Don Kixotda olmayan şeyə inanırdı.
- Onda "KXCP" sədri ittiham hədəflərindən biridir?
- Əqidəm "KXCP" sədri ilə üst-üstə düşməsə də, fikrimcə, onun səhv yolda olması olmayan şeylərə inanmasından irəli gəlir. Bu insan öz dediklərinə özü inanır.
- Bu M.Fəttayevin hansısa təklifləri qarşı tərəflərin razılaşmayacağı səbəbindən yaranır, yoxsa konkret səbəblər mövcuddur?
- Onda gəlin, baxaq görək ki, onlar hamısı Xalq Cəbhəsindən niyə ayrıldılar? Ona görə ayrıldılar ki, hər birinin şəxsi ambisiyası öz istəyindən üstün idi. Bu istəyi də yerinə yetirilməyib. Ona görə də indi birləşmək qeyri-mümkündür.
- Parlament seçkiləri ərəfəsi müxalifətin hansısa formatda birləşməsi inandırıcı görünə bilər?
- AXCP (i), ADP və Müsavat "Azadlıq" bloku yaratdılar. Nəyəsə nail ola bildilərmi? İnsan öz dediyinə inanırsa, bu, çox gözəl şeydir. Ancaq onlar öz dediklərinə də inanmırlar. Toplananların yerini dəyişdikdə, cəm dəyişmir.
- Onda inandırıcıdır ki, İ.Qəmbərov bu il başqanlıqdan gedəcək?
- O qədər gedib-qayıdanları tanıyıram.
- Son vaxtlar müxalifət düşərgəsində kimin müxalifət olması məsələsi müzakirə predmetinə çevrilib. Hətta "Azadlıq" blokunda bu məsələ çox ciddi münaqişəyə səbəb olub...
- Ümumiyyətlə, müxalifətsiz cəmiyyət olmur. Amma müxalifət daxilində gedən münaqişə, onu göstərir ki, bu insanların ayrı işi-gücü yoxdur.