Bu gün müxalifət düşərgəsində növbəti ziddiyyətlər başlanmaqdadır. Belə ki, parlament seçkiləri ərəfəsi düşərgədə yenidən canlanma müşahidə edilməyə başlayıb. Bəzi partiya sədrləri düşərgədaxili acınacaqlı vəziyyətdən istifadə edərək, təşəbbüsü ələ almaq, aparıcı partiya lideri kimi tanınınmaq imicini qazanmaq üçün müxtəlif birlik formatları ilə çıxış etməyə başlayıblar. Xüsusilə də, "Demokratiya Uğrunda İttifaq" "KXCP" sədri Mirmahmud Fəttayevi "elçi" sifətində partiya sədrləri ilə danışıqlara göndərməklə bu qurumun düşərgədə aparıcı partiyalardan və qurumlardan olduğunu nümayiş etdirməyə çalışırlar. Amma bu qurumun, bu təşəbbüslərin və danışıqların nəticə verməyəcəyi şübhəsizdir. Ən azı ona görə ki, zaman-zaman belə bir birlik formatlarının yaradılmasına cəhd göstərilib, amma partiya sədrlərinin yüksək iddialarda olmaları formatların iflasa uğramasına gətirib çıxarıb. "Azadlıq" partiyasının sədri Əhməd Orucla söhbətimiz də bu və digər məsələlərlə bağlı fikirlərini bildirdi.
- Əhməd bəy, məlum olduğu kimi, "Demokratiya Uğrunda İttifaq" müxalifət düşərgəsində olan pərakəndəlikdən bir növ istifadə edərək, təşəbbüsü ələ almağa cəhd edir və parlament seçkiləri ərəfəsi müxalifətin birliyinə nail olmaq üçün "KXCP" sədri Mirmahmud Fəttayevi "elçi" sifətində partiya sədrlərilə danışıqlara göndərir. Sizcə, qurumun bu təşəbbüsünün bir nəticəsi olacaq?
- Bildiyiniz kimi, "DUİ"-nin təşəbbüsü birinci dəfə deyil. Ötən bələdiyyə seçkiləri zamanı da müxalifətin istər əvvəllər, istərsə də bugünkü pərakəndə durumu barədə məlumat vermişdik. Elə bu pərakəndəliyinin nəticəsidir ki, müxalifətin gücü və fəaliyyəti hər seçkidə uğursuzluqla nəticələnir. Doğrudur, faktiki olaraq, hakimiyyət bələdiyyə seçkilərində də yalançı müxalifəti səmimiyyətə, real müxalifət kimi təqdim etməyə cəhd etdi. Lakin seçkilərdəki uğursuzluq müxalifətin kim və nəyə qadir olduğunu göstərdi. İndi də parlament seçkiləri ilidir. Həmin dediyimiz yalançı müxalifət öz şəxsi ambisiyalarının girdabına çevriliblər. Bu seçkidə də "DUİ" öz təşəbbüsü ilə çıxış etmək istəyir. Bu baxımdan "Azadlıq" bloku ilə Müsavat partiyasına müraciət etmişik. Bizim nümayəndə müraciət etdiyimiz partiya və blokun rəhbərlərilə görüşlər keçirəcək.
- Ancaq Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev və ALP-nin sədr əvəzi Əvəz Temirxan bəyan edirlər ki, özlərinə layiq bildikləri formatda seçkilərə gedəcəklər. Sizcə, "özlərinə layiq" dedikdə, nəyi nəzərdə tuturlar?
- Bilirsiniz ki, artıq müəyyən müddətdir ki, müxalifət müxtəlif adlarla müxtəlif formatlar, qurumlar, birliklər yaradıb. Təbii ki, hər bir partiya yaratdığı format və ya qurumlar öz maraqlarından çıxış edirlər. Öz şəxsi maraqlarını milli maraqlardan üstün tutan partiya sədrləri nəticədə uğursuzluqla üzləşə-üzləşə gəlirlər. Həm "Azadlıq" bloku, həm də Müsavat partiyası Qarabağ problemi düyününün açılmasının arxasında dayanan Qərbin xüsusi maraqlarını nəzərə alıb, çox vaxt onlardan çəkinərək heç bir rəy bildirmirlər. Belə olan halda, görünür, özləri bizim cərgədə layiqli görünmürlər. Ancaq istərdik ki, istər "Azadlıq" bloku, istərsə də Müsavat bizə layiq olmağa çalışsalar qoy bizim cərgəyə qoşulsunlar. Lakin bu faktı gizlətmək lazım deyil ki, bu şəxslər zaman-zaman öz şəxsi maraqlarına nail olmaq üçün Avropaya qaçaraq, bizim mentalitetə layiq olmayan dəstələrə qoşulub, bəzi xarici dövlətlərin səfirliklərilə bir olmağa çalışıblar. Biz dəfələrlə partiya sədrlərini əyri yoldan çəkindirməyə çalışmışıq. Bu isə, bizim balacalığımızdan yox, böyüklüyümüzdən irəli gəlir.
- Əhməd bəy, kimlər sizə qarşı daha iddialı çıxışlar edir?
- Bu gün Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Ona görə də, bizə qarşı iddialı olanlar, yuxarıdan aşağı baxanlar ictimaiyyət tərəfindən qəbul edilmirsə, belə hay-küy salmağın nə mənası? Görünür, bu adamlar şəxsi ambisiyalarının qurbanı ola-ola, bu qədər uğursuzluqla üzləşdiklərini hələ də anlaya bilmirlər. Artıq bu yol 17-18 ildir ki, davam edir. Başa düşmək lazımdır ki, düzgün yola, nəinki qayıtmağın vaxtı çatıb, əksinə, vaxtından çox keçib.
- Müsavat Ali Məclisinin iclasında başqan İsa Qəmbərov bəyan etdi ki, müxalifət partiyalarının bir qismi hakimiyyətə inteqrasiya etdi, bir qismi isə, Rusiya və İrana işləyir. Sizcə, İsa bəyin bu bəyanatı gecikmiş bəyanat olmaqla nəyi dəyişdi?
- Bilirsiniz, hələ biz hakimiyyətdə olduğumuz ildən kimin kim olduğunu bugünkü hakimiyyət yox, biz açıqlamalıydıq. Təəssüf ki, 1991-ci ildə hakimiyyətdə olan zaman hər kəs öz şəxsi maraqları müstəvisində hərəkət edirdi. Lakin bu gün cəmiyyətimizdə milli maraqları daha üstün tutanlar var və bunun şahidi oluruq. Ancaq şəxsi ambisiyalarının girdabına düşənlər bu gün də əvvəlki düşüncədən uzaqlaşa bilmirlər.
- Əhməd bəy, çox maraq doğuran hal ondan ibarətdir ki, İ.Qəmbərovun məlum bəyanatından sonra ona ilk narahatçılıqla münasibət bildirən "Ümid" partiyasının sədri İqbal Ağazadə, AXCP (i) sədri Əli Kərimov, AMİP lideri Etibar Məmmədov və ADP sədri Sərdar Cəlaloğlu oldular. Sizcə, onların narahatlığı nə ilə bağlı idi?
- Onlar mətbuatın müraciətinə cavab olaraq çıxış ediblər. Bir də, sizcə, hər çıxışı güclü çıxış hesab etmək olar? Güclü çıxış edəndirlərsə, seçkilərdə qalib gəlsinlər. Hay-küylə, qışqırıqla adam özünü güclü saymamalıdır. Belələri zəiflər və bacarıqsızlardır. Görünür, biz onlardan güclü olduğumuza görə, narahatçılıq göstərirlər.
- Sizcə, mətbuatda İ.Ağazadənin və Ə.Kərimovun hansısa qüvvələrə işləməsilə bağlı fikirləri nə dərəcədə doğrudur? Çünki İ.Qəmbərovun bütün çıxışlarındakı sətiraltı ifadələrində bu şəxslərin müaxalifətin inteqrasiyasına maneə olan əsas simalar olduğunu bəyan edir.
- Bilirsiniz, mənşəyindən asılı olmayaraq, Azərbaycandan kənar, Azərbaycanın milli maraqlarına uyğun olmayan qüvvələrin mövqeyində olmaq mümkünsüzdür, cinayətdir. Doğrudur, bu gün ölkəmiz Avropa Birliyinin üzvüdür, ona görə də, inkişafın tərəfdarıyam. Lakin Avropa adı altında həmin dövlətlərin Azərbaycanda oyunlarının qəti əleyhinəyəm. Qaldı ki, sizin adlarını çəkdiyiniz şəxslərə, müxalifət partiyalarının keçirdiyi tədbirlərdə onlara fikrimi açıq-aydın bildirmişəm. O cümlədən də, ADP sədri Sərdar Cəlaloğlunu dəfələrlə tənqid etdim. Nəticədə, partiya tərəfindən çox ciddi tənqidlərə, söyüşlərə məruz qaldım. Bir də, o qədər başdanxarablar var ki... Görünür, Sərdar Cəlaloğlu da "söyüş söyməyi bacarır". Üç ay söyüş söydülər, gördülər ki, cavab verilmir, ondan sonra sakitləşdilər. Hər halda, bu siyasi meydan hər kəsin kim və nəyə qadir olduğunu aydın göstərir.