PDF Oxu

Müsahibə

  • 9

NABUCCO Ermənistandan keçə bilərmi?

NABUCCO Ermənistandan keçə bilərmi?

- Dünyadakı maliyyə böhranının Azərbaycana təsirini və 2009-cu ildə ölkəmizin sosial-iqtisadi inkişafını necə qiymətləndirirsiniz?

- 2009-cu ilin əsas sosial-iqtisadi göstəricisi ondan ibarət oldu ki, Azərbaycan dünya iqtisadi böhranının təsirinə daha az məruz qaldı. Bunu beynəlxlaq maliyyə qurumları tərəfindən verilən hesabatlar da bir daha sübut etdi. Məsələn, ölkəmiz qlobal rəqabət hesabatında 51-ci yeri tutdu. Yəni öz əvvəlki yerini 18 pillə yaxşılaşdırdı. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatında Azərbaycan korrupsiya reytinqində kifayət qədər irəliləyiş əldə etdi və ölkədə korrupsiya ilə ciddi mübarizə aparılması bir daha sübut olundu. Beynəlxalq kredit agentlikləri Azərbaycanın kredit reytinqini yüksəltdi və bu istiqamətdə pozitiv dəyişiklik baş verdi. Bu qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatına beynəlxalq miqyasda verilən qiymətdir. İqtisadiyyatın konkret istiqamətlərinə gəldikdə isə, burada ən əsası ümumi daxili məhsulun artımını (ÜDM) qeyd etmək lazımdır. Belə ki, bu ildə ÜDM-in artımı 9 faizdən artıq olub. Həmçinin, qeyri-neft sahələrindən olan kənd təsərrüfatında 5 faizdən artıq artım müşahidə olunub. Bunlarla yanaşı, Azərbaycan manatının sabitliyi qorunub. Baxmayaraq ki, ölkəmizlə müqayisə olunan bəzi MDB ölkələri, xüsusilə, Rusiya və Qazaxıstan kimi ölkələrdə milli valyutaları sürətlə devalvasiya oldu. Ancaq Azərbaycan manatı öz sabitliyini qoruyub saxlaya bildi. Həmin ölkələrdə inflyasiyanın sürətlənməsinə rəğmən, ölkəmizdə inflyasiya ikirəqəmli həddən birrəqəmli həddə endi. Hətta ilin yekunlarına görə, ölkəmizdə inflyasiyanın səviyyəsi iki faizdən də aşağı düşüb. Bu da, ona imkan verdi ki, əhalinin nominal gəlirləri inflyasiyanın yeminə çevrilməsin. Qonşu ölkələrdə bank sektorunun iflasa uğramasına baxmayaraq, Azərbaycanın maliyyə-bank sektorunda sabitlik qorundu. Əksinə, ilin sonunda ölkə banklarının aktivləri 11 milyard manatdan, kredit qoyuluşlarının həcmi 7,9 milyard manatdan, əhalinin əmanətləri 2,2 milyard manatdan, bankların kapitalı isə 1,7 milyard manatdan artıq oldu. Bütün bu göstəricilər onu göstərir ki, ötən ilin sonunda əvvəli ilə müqayisədə irəliləyiş əldə olundu və daha yaxşı vəziyyətə gəldik. Bunlar Azərbaycanın maliyyə-bank sektorunun nə qədər dayanıqlı olduğunu göstərir.
Ötən ildə Azərbaycanın dövlət büdcəsində ciddi bir kəsir yaranmadı və dövlət öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirdi. Sadəcə, investisiya layihələrinin bir hissəsi əvvəlcədən nəzərdə tutulduğu qaydada təxirə salındı. Sonrakı illərdə onların realiziasiyası həyata keçiriləcək. Xüsusi qeyd edim ki, əhalinin nominal gəlirlərində - maaş və pensiyalarda artım qeydə alınıb ki, bu rəqəm 10 faizə yaxındır. Yəni, inflyasiyanın çox aşağı olması əhalinin gəlirlərinin nominal artımına real məzmun verdi. Regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunda yaradılan yeni müəssisələr və iş yerləri 2009-cu ilin əsas xarakterik xüsusiyyətlərindəndir.

- Ötən ildə ölkəmizdə cəmi 1,5 faizlik inflyasiya qeydə alınıb. Bu rəqəm qlobal maliyyə böhranının Azərbaycana təsirinin tamamilə olmadığı fikrini söyləməyə əsas verirmi?

- 1,5 faizlik inflyasiya, nəinki Azərbaycanla müqayisə oluna bilən ölkələrdə, hətta qlobal səviyyədə kifayət qədər aşağı həddə olan inflyasiyadır. Bu cür inflyasiyaya ram edilmiş, nəzərdə tutulmuş inflyasiya deyilir. Adətən, böhranın təsiri altında olan digər ölkələr öz valyutalarının məzənnəsini saxlaya bilmədi və valyutalar sürətlə ucuzlaşdı. Bu da həmin ölkələrdə qiymətlərin sürətlə yüksəlməsinə və nəticədə inflyasiyanın meydana gəlməsinə səbəb olub. Azərbaycanda isə Prezident İlham Əliyev 2009-cu ilin yanvar ayında Nazirlər Kabinetinin müşavirəsində əvvəlcədən manatın məzənnəsinin sabit saxlanılmasını hökumətin qarşısında vacib şərt kimi qoymuşdu. Bunun üçün Mərkəzi Bank manatın məzənnəsinin sabitliyinin qorunması üçün 2 milyard ABŞ dollarından keçməli oldu. Həmin vəsaitin hesabına da manatın məzənnəsinin sabitliyi qorundu. Bu, baş verməsəydi, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da inflyasiya yaranacaqdı. Əgər Mərkəzi Bank bu məqsədlə 2 milyard dollar vəsait xərcləməsəydi, elə həmin məbləğdə Azərbaycanda məhsul və xidmətlər bahalaşacaqdı. Həmin məbləğ əhalinin cibindən çıxacaqdı. Yəni, ölkə hökumətinin vaxtında addım atması bu cür problemlərin ölkəmizdən yan keçməsinə əsas yaratdı. Görülən tədbirlərin nəticəsi 2010-cu ildə də ölkəmizdə ciddi inflyasiya təhlükəsinin gözlənilmədiyini göstərir.

- Vüsal müəllim, nəhayət, 2010-cu ildə NABUCCO layihəsinin reallaşacağını söyləmək olar?

- Prezident cənab İlham Əliyev ötən ilin sonlarında verdiyi müsahibələrinin birində Azərbaycanın NABUCCO ilə bağlı mövqeyini qəti və konkret olaraq müəyyənləşdirmişdi. Azərbaycan heç bir halda NABUCCO layihəsinin reallaşması üçün qabağa düşən ölkə olmayacaqdır. Yəni, bizim nə bu kəməri maliyyələşdirmək, nə də ki, onun əsaslandırılması üçün hansısa dövlətlərlə, xüsusilə, Rusiya ilə oynamaq fikrimiz yoxdur. Əgər Şərqi və Cənubi Avropaya qaz lazımdırsa, qoy, onlar NABUCCO kəmərinin çəkilməsi ilə bağlı bütün təşkilatı, siyasi, iqtisadi və maliyyə məsələləri həll etsinlər. Yalnız bundan sonra Azərbaycan bu kəmər vasitəsilə öz təbii qazını Avropa bazarlarına nəql etməyə hazır olduğunu dəfələrlə bildirib və sözünün arxasında duracaq. Yəni, biz bütün hallarda Azərbaycan təbii qazının mümkün qədər yüksək qiymətə, daha aşağı tranzit tarifləri ilə, daha çox diverstifikasiya etməklə və siyasi dividendlər əldə etməklə satmaq istəyirik. Azərbaycan dövlətinin prioriteti budur. Bu baxımdan, hesab edirəm ki, hazırda NABUCCO-nun taleyi ciddi sual altındadır. Üstəlik, Ukraynadakı hakimiyyət dəyişikliyini və Ukrayna-Rusiya arasında gərginliyin yaxın perspektivdə müşahidə olunmayacağını nəzərə alsaq, bu da NABUCCO-nun reallaşmasına əlavə bir zərbədir.
Düşünürəm ki, Azərbaycanın öz qazını satması üçün kifayət qədər bazarlar var. Xüsusilə, Dövlət Neft Şirkəti ilə "Qazprom" arasında imzalanmış və yuxarı həddi bilinməyən qaz müqaviləsi var. "Qazprom" nümayəndələri dəfələrlə deyiblər ki, Azərbaycan nə qədər qaz satmaq istəyərsə, biz o qədər almağa hazırıq. Çünki Azərbaycanla Rusiya arasında tranzit ölkə yoxdur və biz tranzit tarifləri vermirik. Ölkəmizlə Rusiya arasında boru-kəmər infrastrukturu var ki, ona görə də yeni infrastruktur yaradaraq, əlavə xərcə düşməyəcəyik. Azərbaycan Rusiyanın qaza ehtiyacı olan regionlarına kifayət qədər yaxındır ki, bu da daşınmaz əmlak xərclərini aşağı salır. Bu, Azərbaycanla yanaşı, Rusiya üçün də çox əlverişli bir bazardır. Çünki Rusiya Azərbaycandan təbii qazı alaraq, özünün cənub regionlarını asanlıqla təmin edəcək.
Bu gün İranın şimalını təbii qazla təchiz etmək məsələsi də gündəmdədir. Azərbaycan bu ölkəyə də qaz ixracatını artıracaqdır. Yəni, Azərbaycan üçün heç bir təhlükə yoxdur və ölkəmizin təbii qaz diplomasiyası kifayət qədər uğurludur. Bu baxımdan, ölkəmizin hər hansı layihədən, o cümlədən, NABUCCO kəmərindən asılı vəziyyətə düşəcəyini təsəvvür etmək olmaz. NABUCCO daha çox Avropanın maraqlarına xidmət etdiyinə görə, onun qayğısını da Avropa çəkməlidir.

- Bu kontekstdən çıxış edərək, demək olarmı ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu durmadan artmaqdadır?

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı nöqteyi-nəzərindən çox mühüm bir ölkədir. Təbii qaz, neft mənbəyi olaraq, həm də bunların daşınması üzrə tranzit ölkədir. Azərbaycan siyasi rəhbərliyinin Avratlantik məkana inteqrasiya olunmaqla bağlı verdiyi bəyanatlar və yürütdüyü siyasət bunun bilavasitə göstəricisidir. Yəni, Azərbaycan öz təbii resurslarından heç bir halda enerji millətçiliyi məqsədilə istifadə etmir. Ölkəmiz öz təbii resurslarını regionun və Avropanın rifahı naminə istifadə etmək niyyətlərini dəfələrlə bəyan edib. Bu yaxınlarda növbəti texnologiya üzə çıxacaq. Bu, o deməkdir ki, təbii qazın satılması üçün kəmərlərin çəkilməsinə ehtiyac yoxdur. Təbii qazın satılması üçün sıxılmış təbii qazın balonlarla və tankerlərlə daşınması texnologiyası var. Hazırda Azərbaycan bu texnologiyanın üzərində işləyir. Bir sıra Avropa ölkələri, o cümlədən, Bolqarıstan Azərbaycandan sıxılmış qaz almaq istəyir. Ölkəmiz öz sıxılmış qazını tankerlər vasitəsilə Qara Dəniz üzərindən Avropaya çatdıra bilir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həm siyasi niyyətimizi, həm də təbii resurslarımızın hazır olduğunu dəfələrlə bəyan edib. Sadəcə, o qalır ki, Avropa öz əlini uzatsın və bu mənbədən istifadə etsin. Bu gün Türkmənistanın və İranın NABUCCO-ya qoşulması da Azərbaycandan əhəmiyyətli dərəcədə asılıdır. Eyni zamanda, Türkiyənin NABUCCO layihəsində oynadığı rol Azərbaycanla bu ölkə arasındakı münasibətlərdən asılıdır. Bu da Azərbaycanın region üçün kifayət qədər əhəmiyyətli bir ölkə olduğunu göstərir. Əgər yaxın perspektivdə NABUCCO layihəsi reallaşarsa, Avropanın təbii qaza olan tələbatının təxminən 10 faizə qədərini bu kəmər ödəyəcək. Bu baxımdan, ölkəmiz NABUCCO kəmərinin çəkilməsində əsas oyunçu sayılır. Yetər ki, Avropa özünün siyasi iradəsini ortaya qoysun.

- Bəzi Avropa ölkələrindəki, xüsusilə də, ABŞ-dakı erməni diasporası NABUCCO-nun layihəsinin Ermənistandan keçməklə Avropaya çatdırılması iddialarını ortaya atırlar. Bu layihənin reallaşmasına erməni maraqlarının mane olduğunu demək olarmı?

- Ermənilər NABUCCO layihəsinin ləngiməsinə səbəb olacaq qədər güclü millət deyil. Amma NABUCCO layihəsinin Ermənistandan keçməsi real variantdır. Yetər ki, Ermənistan özünün işğalçı siyasətinə son qoysun və Azərbaycanın işğal altındakı bütün ərazilərini boşaltsın. Bundan sonra, təbii ki, Azərbaycanla bu ölkə arasında bütün kommuniksiyaların bərpa olunması ehtimalı var. Bu üzdən də NABUCCO-nun Gürcüstan üzərindən deyil, daha yaxın yolla Ermənistan, eləcə də, Qarabağ və Naxçıvan üzərindən Türkiyəyə keçməsi realdır. Təki Ermənistan öz iddialarından əl çəksin.

- Vüsal müəllim, Azərbaycanla Türkiyə arasında qazın nəqli məsələsində bəzi problemlər var. Bu məsələlərin nə zamanadək uzanacağını demək olar?

- Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Azərbaycanla Türkiyə haqqında "Bir millət-iki dövlət" fikrini irəli sürüb və bu deyim bu gün çox aktualdır. Gərək biz bu məsələləri öz aramızda vaxtında və effektiv həll edə bilək. Azərbaycanla Türkiyə arasında qaz tranziti ilə bağlı bir neçə məqam hələ də həll edilməmiş qalır. Birincisi, tranzit tarifləridir ki, Türkiyə tərəfi çox yüksək tranzit tarifləri tələb edir. Belə bir tələb var ki, Azərbaycan öz təbii qazını, ümumiyyətlə, Türkiyəyə satsın və Türkiyə özü həmin qazı Avropaya çıxartsın. Açığı, bu, təcrübədə görünməmiş bir hadisədir. İkincisi isə, təbii qazın qiymətləri ilə bağlıdır. Məsələn, Türkiyə qazın hər kubmetrini digər ölkələrdən 300 dollardan baha aldığı halda, Azərbaycandan hələ də 120 dollara alır. Bu ədalətsiz qiymətdir və bu, real bazar vəziyyətinə uyğunlaşdırılmalıdır. Türkiyə ilə, eyni zamanda, NABUCCO layihəsinin çəkilməsi məsələsində də müəyyən fikir ayrılıqları var. Düşünürəm ki, bu fikir ayrılıqları sürətlə həll edilməlidir. Əlbəttə, mən təbii qazın Türkiyəyə baha satılmasının tərəfdarı deyiləm. Təbii ki, Türkiyə bizə dost-qardaş ölkə olduğuna görə, müəyyən güzəştlər olmalıdır. Ancaq bazar qiymətləri baza rolunu oynamalıdır.
Əsas məsələ isə budur ki, bu gün Azərbaycanla Türkiyə arasında təbii qazın nəqli ilə bağlı problem həll edilmədiyinə görə, ölkəmizin "Şahdəniz-2" yatağından hasilat gecikir. Bu yataqda hasilatın ləngiməsi də Avropa bazarlarına təbii qazımızı bir o qədər gec çıxarmağımıza səbəb olur. Bu, o deməkdir ki, bizim rəqiblərimiz, xüsusilə, Rusiya "Şimal və Cənub Axını" vasitəsilə Avropa bazarlarına bizdən daha tez çatacaq və mövqelərimizi sıxışdıracaq. Bu baxımdan, Azərbaycan və Türkiyə mövcud problemlərin həllinə ciddi səy göstərməlidir. Bu, baş verərsə, ən yaxşı halda Azərbaycan öz təbii qazını 2015-2016-ci illərdə Avropaya çıxara bilər. Ümid edirəm ki, 2010-cu ildə Azərbaycanla Türkiyə arasında qaz alqı-satqısı ilə bağlı məsələlər tamamilə həllini tapacaq.

Digər xəbərlər