PDF Oxu

Müsahibə

  • 14

İsa Qəmbərov əsassız ittihamlarla çıxış edir

İsa Qəmbərov əsassız ittihamlarla çıxış edir

- Şəbnəm xanım, Müsavat başqanı İsa Qəmbərov bəzi partiya sədrlərini MTN, Rusiya və İrana işləməkdə günahlandırır. Bəzi qəzetlərin iddialarına görə isə, İ.Qəmbərov bu fikirləri, xüsusilə, İqbal Ağazadəyə ünvanlayır. Bəs siz necə düşünürsünüz?

- Partiyamız bununla bağlı dəfələrlə öz mövqeyini bildirib. Bu gün Azərbaycanda "agentura sistemi" adamlarla həyata keçirilmir. Hər kəsin mobil telefonu, giriş-çıxış saatları var. Konkret ad söyləyirlərsə, buyurub faktlarla təsdiq etsinlər. 1988-1990-cı illərdən qalma bir söz-söhbətdir ki, guya kimsə harasa işləyir. Mənə elə gəlir ki, köhnədənqalma, inkişaf etməmiş fikirlərlə siyasət yürütmək olmaz. Yaxşı olardı ki, İsa bəy də bu kimi əsassız ittihamlarla məşğul olmaq əvəzinə, partiyasını gücləndirsin. Eyni zamanda, seçkiöncəsi normal şəkildə partiyasının quruculuğu ilə məşğul olsun. Bu, onun üçün daha xeyirli olar.

- Nəzərə almaq lazımdır ki, "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın ("QRUH") dağılmasının başlıca səbəbi İ.Qəmbərovun İ.Ağazadəyə qarşı olan müəyyən iddiaları olub...

- Belə bir ifadə səslənmirdi. O zaman, sadəcə olaraq, Müsavat tərəfindən belə fikir səslənirdi ki, MSK-dan və seçki komissiyalarından "Ümid" partiyasının namizədləri geri çəkilsin. İstər referendum, istərsə də, bələdiyyə seçkilərində "Ümid" partiyasının MSK-dakı nümayəndəsi protokollara imza atmadı. Amma mənim üçün maraqlıdır, Müsavat yetkilisi orda olduğu zaman hansı addımı atmışdı? Vaxtilə, bu partiyanın nümayəndəsi seçkilərdə təmsil olunduğu zaman hansı fəaliyyəti göstərmişdi? Müsavat o qədər demokratik və ədalətlidirmi ki, bu gün "Ümid" partiyasının nümayəndəsinin geriçəkilmə şərtini qoyur. Problem yalnız bundan ibarət idi. Ona görə də, biz bu şərtlə razılaşmadıq. Ümumiyyətlə, "Ümid" partiyası ilə heç bir zaman heç bir partiya şərtlə danışa bilməz. Biz kifayət qədər yerimizi və mövqeyimizi bəlli etmiş bir partiyayıq.

- Arif Hacıyev də bəyan edib ki, "Ümid" partiyası tərəfindən protokolların imzalanmasını adi qarşılayıb. Gözlənilən hal kimi dəyərləndirirlər...

- Gözlənilən hadisədirsə, niyə bunu illər öncə, Müsavat nümayəndəsindən görə bilmədik?

- MSK da bəyan etdi ki, həqiqətən, "Ümid" partiyası protokolları imzalayıb...

- İlkin protokola partiyamızın nümayəndəsi Akif Qurbanov imza atmayıb. A.Qurbanovdan başqa, bütün nümayəndələr imza atıb. Yerlərdə bir-iki nümayəndəmiz imza ata bilər, amma MSK-dakı nümayəndəmiz nə referendum, nə də ki, bələdiyyə seçkilərində ilkin protokola imza atmayıb.

- "Ümid" partiyası ilə Müsavat partiyası arasında nə baş verir ki, onlar bir-birinə qarşı kəskin ittihamlarla çıxış edirlər?

- Bilirsiniz, "QRUH"-un dağılmasının ən ilkin səbəbi o idi ki, "Ümid"dən fərqli olaraq, istər Müsavat, istərsə də AXCP (i) mətbuatda bələdiyyə seçkilərində nə qədər namizədlərin irəli sürülməsi ilə bağlı şişirdilmiş rəqəmlərlə çıxış edirdi. Partiyamız isə, namizədlərini rəsmən elan etdiyi sayda irəli sürdü. Amma Müsavat partiyası mətbuata şişirdilmiş rəqəmlə, guya 500 namizədlə iştirak etdiyini bildirib. Seçkilərə koaliasiya şəklində getsəydik, o zaman bu rəqəm aydın gözə çarpacaqdı. Sadəcə, bu say onları narahat etdiyinə görə, Müsavat əlindən gələni etdi ki, seçkiyə birlikdə getməyək.

- İ.Ağazadənin Ə.Kərimovla, İ.Qəmbərovla, A.Hacıyevlə çox ciddi problemləri mövcuddur...

- Əgər xatırlayırsınızsa, onların hamısı Xalq Cəbhəsi eşalonundan çıxmış adamlardır. Bu gün müxalifət cəmiyyəti içərisində təkcə "Ümid" partiyasıdır ki, o zamankı cəbhədən gəlmədi.

- Niyə Ayaz Mütəllimovun yaratdığı partiyadan gəldi. Yəni İ.Ağazadə A.Mütəllimovla bir cinahda olan şəxs olub...

- VHP iki yerə parçalandı. Azərbaycan müxalifət tarixində ilk dəfə olaraq, biz öz adımızdan imtina etdik və "Ümid" adlandırdıq.

- Sizcə, İ.Qəmbərov, Ə.Kərimov və digərləri Xalq Cəbhəsinin şinelindən çıxdıqlarına görə İ.Ağazadəyə qarşı bu dərəcədə radikal mövqedə dayanırlar?

- Bəli.

- Onlar İ.Ağazadəni hakimiyyətlə işbirliyində də ittiham edirlər?

- Əgər onların dəlil-sübutu varsa, buyursunlar. Mən "Ümid" partiyasının funksioneri kimi cavab verməyə hazıram.

- Çox maraqlıdır ki, "KXCP"-nin sədri Mirmahmud Fəttayev də müxalifətin yeni bir birlik formatının yaradılması üçün danışıqlar aparır. Həmin siyahıda "Ümid" partiyasının adı çəkilmir...

- Bu gün Azərbaycanda müxalifət düşərgəsində hər hansı bir güc, birlik yaradılacaqsa, orada "Ümid" partiyası olacaq. "Ümid"siz heç bir müxalifət partiyası bir addım ata bilməz. Çünki digər müxalifət partiyalarından fərqli olaraq, bizim fəaliyyətimiz göz önündədir.

Digər xəbərlər