PDF Oxu

Müsahibə

  • 9

Qarşıdurmalar müxalifətin parçalanmasını dərinləşdirir

Qarşıdurmalar müxalifətin parçalanmasını dərinləşdirir
Siyasi arenada nəzəri cəlb edən maraqlı olaylar sırasında diqqət cəlb edən amil müxalif partiya sədrlərinin bir-birinə olan ittihamlarının açıq müstəviyə keçməsidir. Yəni bir qədər əvvəl partiya sədrləri bir-birini yalnız təsir altında saxladıqları mətbu orqanlar vasitəsi ilə söyüb-təhqir etdirirdilərsə, bu gün artıq özləri rəqiblərini söyüş atəşinə tuturlar. Hətta biri digərini müxtəlif qüvvələrə işləməkdə də ittiham edirlər. Müsavat başqanı İsa Qəmbərovun AXCP (i) sədri Əli Kərimova, ADP sədri Sərdar Cəlaloğluna və "Ümid" partiyasının sədri İqbal Ağazadəyə ünvanlanan "bəzi partiya sədrləri MTN-ə, bəziləri isə Rusiya və İrana işləyirlər" ittihamı vəziyyətin açıq şəkildə kəskinləşdiyini göstərir. Düzdür, tənqid və təhqir olunan partiya sədrləri ittihamları qəbul etmək istəmirlər. Müsavat başqanını müxalifətin inteqrasiyasını pozmaqda günahlandıran ittiham tərəfləri İ.Qəmbərovun özünü Qərbin Bakıdakı təmsilçisi rolunda çıxış etməkdə günahlandırıblar. "Ümid" partiyasının sədri İqbal Ağazadə bildirib ki, Rusiyanın regionda təsirinin artması Qərbi ciddi narahat etməyə başlayıb. Ona görə də, İ.Qəmbərov kimi əlaltılarından istifadə etməklə, Moskvanı ictimaiyyət arasında gözdən salmağa çalışırlar: "İstənilən halda İ.Qəmbərovun mətbuata verdiyi açıqlamalarına nəzər yetirsək, Rusiyanın tənqid olunmasına rast gəlmək olar. Bu isə heç də boş yerdən meydana çıxmır. Başqana Qərbin maraqlı dairələri tərəfindən sifarişlər verilir. O da ağzını açıb gözünü yummaqla Rusiyanın əleyhinə ittihamlar səsləndirir". Bir sözlə, müxalifət düşərgəsində qarşılıqlı ittihamlar geniş xarakter daşımaqdadır. Bu isə müxalifəti perspektivi üçün heç də yaxşı nəticələr vəd etmir. Çünki qarşılıqlı ittihamlar nəticə etibarilə daxili durumun gərginləşməsinə gətirib çıxarır. Sonda isə partiyaların müəyyən hissəsinin dağılması və sıradan çıxması ilə nəticələnir. Bəzi siyasi təhliçilər də bunu istisna etmirlər. Politoloq Cəmil Əlizadənin bizimlə söhbətində dediyinə görə, ortaq məxrəcə gələ bilməyən partiyaları fəaliyyətlərini biri-birini sıradan çıxarmağa yönəltməsi siyasətdə heç də müsbət dəyərləndirilmir: "Cəmiyyətin diqqətini özünə cəlb etmək üçün ucuz şoular düzəldilməsi yolverilməzdir. Bu, siyasi əxlaqa uyğunlaşmayan haldır. Demək olar ki, Müsavat, "AXCP" (i), ADP, "KAXCP" və bu kimi iddialı partiyalar sədrlərinin səhv siyasətlərinin nəticəsi olaraq dağılmağa məhkum olacaqlar".

Digər xəbərlər