PDF Oxu

Müsahibə

  • 7

Ukraynadakı prezident seçkiləri demokratik prinsiplər əsasında keçirildi

Ukraynadakı prezident seçkiləri demokratik prinsiplər əsasında keçirildi
Müsahibimiz Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimovdur
- Eldar müəllim, məlum olduğu kimi, bu günlərdə Ukraynada növbəti prezident seçkiləri keçirilib və seçkilər ikinci tura qalıb. Prezident seçkilərini yaxından izləmiş, müşahidə etmiş bir şəxs kimi, son seçkilərin ilkin nəticələri ilə bağlı nə demək istərdiniz?
- Son illər Ukraynada keçirilən bir neçə seçkini yaxından izləmişəm. O cümlədən, 2004-cü ildə keçirilən və "narıncı inqilab" kimi tarixə düşən məlum prezident sçkilərini də müşahidə etmişəm. O zaman da, həqiqətən, Viktor Yanukoviç seçkilərdə qalib gəlmişdi. Sadəcə, hazırda prezident səlahiyyətlərini icra edən Viktor Yuşşenko, onun tərəfdarları və himayədarları "narıncı inqilab" yolu ilə Yanukoviçin hakimiyyətini əlindən alıb, qəsb etdi. Bu seçkidən sonra Ukraynada keçirilən bir neçə seçkini də yaxından izləmiş şəxs kimi tam əminliklə deyə bilərəm ki, Yanukoviç və onun partiyası bütün seçkilərdə birinci olub. Bu dəfə də məhz belə oldu. O, bu seçkidə də seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq, ikinci tura keçən iki namizəddən biri, daha doğrusu, birincisi oldu. Belə demək mümkünsə, Yanukoviçin Ukraynada dəyişməz, sabit elektoratı var. Eyni zamanda, onu Ukraynada hakimiyyətdə görmək istəyən insanlar, qüvvələr həmişə üstünlük təşkil edir. Bu baxımdan, bu dəfə də Yanukoviçin qalib gələcəyinə və nəhayət, Ukrayna prezidenti olmasına heç bir şübhəm yoxdur.
- Necə fikirləşirsiniz, bir vaxtlar Ukraynada "narıncı inqilab" ssenarisini gerçəkləşdirmiş, reallaşdırmış qüvvələr, dairələr Yanukoviçin, nəhayət, Ukrayna prezidenti olmasına imkan verəcəklərmi?
- Başqa cür ola da bilməz. İnanmıram ki, artıq ikinci dəfə Ukrayna xalqı "narıncı inqilab"a getsin və ya buna sürüklənsin. Belə demək mümkünsə, Ukrayna xalqı artıq "narıncı inqilab"ın "dadını" görüb. Görüb ki, bu inqilab son 5-6 il ərzində Ukrayna xalqının və dövlətinin başına nə oyunlar gətirib. Ona görə şəxsən mən Ukraynada, nəinki "narıncı inqilab", heç bir inqilab ssenarisini görmürəm və real saymıram. Bu dəfə Yanukoviçin prezident olacağına heç bir şübhə yoxdur.
- Bildiyiniz kimi, Yuşşenkonun dövründə daha çox Qərb, ABŞ- meyilli siyasət sərgilənirdi. Sizcə, bundan sonra necə olacaq?
- Elə son seçkilər də göstərdi ki, Yuşşenkonun timsalında Ukrayna xalqı Qərbmeyilli siyasətə "yox" dedi, bu siyasəti qəbul etmədi. Belə olan halda, çox güman ki, bundan sonra da Qərbmeyilli siyasət Ukraynada qəbul edilməyəcək. Belə demək mümkünsə, onlar ötən dövr ərzində Qərbmeylli siyasətin "dadını, ləzzətini" gördülər. Özünüz də yaxşı bilirsiniz ki, Yuşşenkonun səhv siyasət yürütməsi ucbatından Rusiya ilə böyük gərginliklər yaşandı, Ukraynaya və Ukrayna vasitəsilə Avropaya nəql olunan qaz kəməri qaz ixracı dayandırıldı və sair və ilaxır. Eyni zamanda, məlumdur ki, ukraynalılar da beloruslar, ruslar kimi slavyan dilli xalqlardır. Yəni, bütün bunların fonunda bu xalqların, dövlətlərin bir-birindən ayrılıqda kəskin konfrontasiya şəraitində yaşaması real və mümkün görünmür.
- Belə olan halda, Rusiyameyilli siyasət, sizcə, Ukrayna xalqının və dövlətinin nicat, xilas yolu olacaqmı?
- Rusiyaya meyillilik Ukrayna xalqının və dövlətinin elə nicat yoludur. Onlara hər şey, əsasən, Rusiyadan gəlirdi və gəlir. Eyni zamanda, Rusiya Belorusun müstəqilliyini əlindən almayıb ki, Ukraynanın da müstəqilliyini əlindən alsın. Bunlar müstəqil dövlətlərdir, ancaq bununla belə, tarixi köklərə, ənənələrə də malikdirlər. Bayaq da qeyd etdim ki, Ukrayna əhalisinin 50 faizdən çoxu ruslardır. Belə olan halda, təbii ki, bunlar Rusiyameyilli olacaqlar. Durub ABŞ və yaxud Qərbmeyilli olmayacaqlar ki?
- Onu da qeyd edək ki, Yuşşenkonun dövründə Azərbaycanla strateji müttəfiqlik əlaqələrinə çox böyük önəm verilirdi. Həmçinin, MDB məkanından daha çox GUAM məkanında, çərçivəsində əməkdaşlığa üstünlük verilirdi. Bəs, Yanukoviç hakimiyyətə gələrsə, necə olacaq və ya nə ola bilər?
- Əgər Yanukoviç seçilsə, - mənim buna heç bir şübhəm yoxdur, - o, Yuşşenkodan daha çox GUAM-a, GUAM çərçivəsində əməkdaşlığa, o cümlədən, Azərbaycanla münasibətlərə, əlaqələrə önəm, dəyər verəcək. Şəxsən mən Yanukoviçlə bir neçə dəfə görüşmüşəm, yaxından təmasda olmuşam. Onun rəhbərlik etdiyi Regionlar Partiyasının qurultayında da iştirak etmişəm. Bu baxımdan, bilirəm ki, Yanukoviç daha çox Azərbaycan meyillidir, nəinki Yuşşenko və digərləri. Yuşşenko daha çox Gürcüstan meyilli, inqilab meyilli adamlardandır, o qrupa aiddir.
- İstərdik tamamilə başqa bir məsələyə də münasibətinizi öyrənək. Məlumdur ki, bu günlərdə dost və qardaş Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğan növbəti dəfə qonşu Rusiyada rəsmi səfərdə olub və bu ölkənin rəhbərliyi ilə görüşlərində bir daha Qarabağ məsələsi ətrafında müzakirələr aparıb. Siz bu səfərlə, bu müzakirələrlə bağlı nə fikirdəsiniz?
- Bu səfərə müsbət yanaşıram və onu əhəmiyyətli hesab edirəm. Doğrudan da, bu səfər zamanı istər Qarabağ, istər Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi, istərsə digər məsələlərlə bağlı söhbətlər aparılıb. Hərçənd, Rusiyanın baş naziri Putin bəyan etdi ki, sərhədlərin açılmasının Qarabağ probleminin həllinə aidiyyəti yoxdur, bunsuz da sərhədlər açıla bilər, ancaq mən elə bilirəm ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması yalnız və yalnız Azərbaycanın razılığından keçir. Yəni, mən Rəcəb Tayyib Ərdoğanın kişiliyinə inanıram, onun verdiyi sözə, Azərbaycan xalqına vədinə əməl edəcəyinə heç şübhə etmirəm. İnanıram ki, sərhədlər o zaman açıla bilər və açılacaq ki, Azərbaycanın işğal olunmuş əraziləri Ermənistan, ermənilər tərəfindən qeyd-şərtsiz geri qaytarılacaq. Mən inanmıram ki, işğal olunmuş ərazilər geri qaytarılmamış Türkiyə Böyük Millət Məclisi sərhədlərin açılması ilə bağlı məlum protokolu imzalasın. Baxmayaraq ki, ABŞ-dan tutmuş digər nüfuzlu ölkələrə qədər hamısı tərəfindən Rəcəb Tayyib Ərdoğana, Türkiyə hakimiyyətinə ciddi təzyiqlər, basqılar var, ancaq istər Ərdoğan, istər Türkiyə hakimiyyəti bu təzyiqlərin hamısına mərdliklə, kişi kimi sinə gəlir və bundan sonra da gələ biləcək.
- Sizcə, məlum görüş Qarabağ münaqişəsinin həllinə hansısa bir müsbət təsir göstərə bilərmi, göstərəcəkmi?
- Çox sevinirəm ki, Türkiyənin baş naziri bu məsələ ilə bağlı bir daha öz qəti mövqeyini ortaya qoydu. Eyni zamanda, Rusiyanın baş nazirinin məlum fikirlər söyləməsi də müəyyən narahatlıqlar yaratdı və yaradır. Ola bilər ki, o, bu fikirləri Rusiyanın milli maraqları və mənafeyi baxımından deyirdi. Amma o, desə də belə ki, sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinə təsiri olmayacaq, mən bununla heç cür razılaşmıram. Bizdə Türkiyə ilə eyni türkdilli dövlətik, xalqıq. Dilimiz bir, dinimiz bir, adət-ənənəmiz bir olan qardaş Türkiyə bu günə qədər Azərbaycanı necə müdafiə edibsə, bundan sonra da axıradək məhz bu cür müdafiə edəcək. Mən eyni zamanda Rusiyanı da qınamıram. Bu ölkə açıq-aşkar Ermənistanı müdafiə edir. Bununla yanaşı, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən digər iki həmsədr dövlət də - ABŞ da , Fransa da hər zaman gizli-aşkar Ermənistanı müdafiə edir, dəstəkləyir. Bu da, heç şübhəsiz, din amilindən, xristian təəssübkeşliyindən irəli gəlir. Bu baxımdan, yəqin ki, qardaş Türkiyə də öz azərbaycanlı qardaşlarını heç nəyə satmayacaq, qurban verməyəcək.

Digər xəbərlər