PDF Oxu

Müsahibə

  • 15

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində...”

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində...”
Son zamanlar regionda müxtəlif hadisələr cərəyan etməkdədir. Məlumdur ki, Türkiyənin baş naziri RF-də rəsmi səfərdə olub. Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi və bu münaqişə bu il öz həllini tapa bilərmi? Bu və ya digər suallarla politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan RF-yə səfəri zamanı Dağlıq Qarabağ məsələsini də müzakirə etdi. Bu da faktdır ki, son zamanlar iki ölkə arasında münasibətlər inkişaf etməkdədir. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərəcək?
-Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya səfəri zamanı bir çox məsələlər müzakirə olunmuşdur. Xüsusilə də, Rusiya ilə Türkiyə arasında ticari, iqtisadi məsələlərlə bağlı müzakirələr aparılmışdır. Burada bizim üçün önəmli olan əsas məsələ o idi ki, Dağlıq Qarabağ münaqişəsinin Rusiya rəsmiləri ilə müzakirə edilməsidir. Həqiqətən də, Rəcəb Tayyib Ərdoğan istər Rusiyanın baş naziri ilə, istərsə RF prezidenti ilə görüşlərində, istərsə də universitetdə görüşü zamanı Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi məsələsini gündəmə gətirmişdir. Qeyd etdiyim məsələlər ətrafında müzakirələrlə yanaşı, regiondakı həllini tapmamış münaqişələr haqqında, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müzakirələr aparılmışdır. Rusiya bir çox hallarda, sözsüz ki, ali səviyyədə bəzən pərdələməyə çalışır, amma yeritdiyi xarici siyasət, deməyə əsas verir ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqələndirirlər. Yəni Rusiyanın siyasətində Türkiyə ilə münasibətlərində və müzakirələrində, bu, aydın şəkildə hiss olunur. Bu, heç bir halda təsadüf kimi qəbul edilə biləz. Rəcəb Tayyib Ərdoğan Moskva səfəri zamanı, Rusiyanın xarici işlər naziri də Ermənistana səfər etmişdir. Bu, bir sıra məqamlardan xəbər verir. Birincisi, hesab edirəm ki, RF-nin rəsmiləri ilə Türkiyənin baş naziri arasında qeyd edilən istiqamətdə müzakirələr aparılması fonunda Rusiyanın xarici işlər naziri də Ermənistan hakimiyyət orqanlarına konstruktiv addımlar atmağa çağırmaq üçün səfər etmişdir. Bu da, ondan xəbər verir ki, münaqişənin tənzimlənməsi istiqamətində proseslər dinamiklik kəsb edir. Fikrimcə, bu, öz töhfəsini verəcəkdir. Düzdür, konkret olaraq, hələlik, hər hansı bir nəticədən danışmaq tezdir.
Artıq məlumdur ki, regionda istər Türkiyənin, istərsə də Rusiyanın maraqları kifayət qədər ciddidir. Sözsüz ki, regiondakı proseslərə Rusiyanın nəzarəti kifayət qədər güclüdür. Hesab edirəm ki, Türkiyənin məhz Rusiya ilə bu istiqamətdə danışıqların aparılması müsbət nəticələr verəcəkdir.
- Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmağında nə qədər səmimidir?
- Hər bir ölkənin öz marağı olduğu kimi, Rusiyanın da özünün maraqları var. Artıq elə bir siyasi vəziyyət yaranmışdır ki, Rusiya hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hər hansı bir addımın atılmasına çalışır. Bu məsələdə RF səmimidir və yaxud əksinə, bunu müəyyənləşdirmək çətindir. Amma hazırkı vəziyyət isə bunu tələb edir. Yəni Rusiya bu addımı atmağa məcburdur. Bildiyimiz kimi, regionda iri enerji layihələri həyata keçirilir və bu enerji layihələrinin həyata keçirilməsində, Avropanın və ABŞ-ın ekspertlərinin etiraf etdiyi kimi, başlıca iştirakçılar Azəraycanla Türkiyədir. Rusiya müəyyən addımlar atmağa məcburdur ki, məhz Azərbaycan və Türkiyə də onun dəstəklədiyi layihələrin həyata keçirilməsində iştirak etsinlər. Ona görə də, istər Türkiyəyə münasibətdə, istərsə də Azərbaycana münasibətdə RF hər hansı bir müsbət addım atmaq məcburiyyətindədir. Yəni Azərbaycanın Rusiyanın maraqlarına cavab verə biləcək enerji siyasətini yeritməsi üçün Rusiya bu gün hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hər hansı bir addım atılmalıdır. Bildiyimiz kimi, Azərbaycanla Rusiya arasında enerji sahəsində kifayət qədər əlverişli müqavilələr imzalanmışdır. 2010-cu ilin yanvar ayından Azərbaycandan Rusiyaya illik 500 milyon kubmetr qaz ötürüləcəyi təqdirdə, 1 milyon kubmetr qaz ötürülür. Bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq və xüsusilə də, enerji sahəsində əməkdaşlığın həddindən artıq yüksək səviyyədə olmasından xəbər verir. Ona görə də, mən hesab edirəm ki, Rusiya artıq bu istiqamətdə addımlar atmaq məcburiyyətindədir. Çünki bütün bunlar onun enerji maraqlarına və ümumilikdə, milli maraqlarına cavab verir.
Ümumiyyətlə, nəzərinizə çatdırım ki, tez-tez belə fikir səslənir ki, Rusiya artıq çökmək üzrədir. Hazırda hər hansı bir dövlət haqqında belə bir fikirlər irəli sürmək, xüsusilə də, bizim nüfuzlu şimal qanşumuz haqqında bu qədər belə fikirlər irəli sürmək düzgün deyil. Azərbaycanla Rusiya arasında kifayət qədər çoxşaxəli və inkişaf etmiş əməkdaşlıq və münasibətlər mövcuddur. Mən hesab edirəm ki, Rusiya özünün digər maraqlarını həyata keçirmək üçün, regionda siyasi simasını qoruyub saxlamaqdan ötrü və regionda nüfüzunun artmasını təmin etməkdən ötrü bölgədə sabitlik yaratmağa çalışmalıdır. Regionda sabitliyi pozan əsas məsələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Mən hesab edirəm ki, son dövrlər Rusiyanın, nəinki zəifləməsi hiss olunur, əksinə, onun regionda müəyyən proseslərə təsir imkanlarının artması müşahidə edilir. Ona görə də, Rusiyanın çökməsi fikri ilə mən tamamilə razı deyiləm. Amma o ki qaldı, Rusiyanın cənubundakı hadisələrə, nəzərinizə çatdırım ki, elə bu hadisələrin dinamikliyinin artmasında xarici qüvvələrin, yəqin ki, əli var. Bir ölkə digər ölkənin daxilində bu və ya digər səviyyədə neqativ proseslər müşahidə oluna bilər. Bu, həmin dövlətin çökməsinə dəlalət edən məsələ deyil.
- RF-nin regionda mövqelərinin güclənməsi, nəticədə Qərb-RF qarşıdurmasına gətirib çıxara bilərmi? Söhbət təkcə hərbi qarşıdurmadan getmir.
- Faktiki qarşıdurma olmasa da, praktiki qarşıdurma mövcuddur. Elə məsələlər var ki, RF ilə Qərb arasında fikir ayrılıqları mövcuddur. Belə ki, Qərb, o cümlədən, ABŞ İrana qarşı sanksiya tətbiq etdiyi halda, Rusiya belə bir addım atmadı. Lakin elə məsələlər var ki, ABŞ və Rusiya arasında fikir müxtəlifliyi yoxdur. Buna hər iki ölkənin Azərbaycana olan münasibətini də deyə bilərik. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu, balanslaşdırılmış siyasətinin nəticəsidir ki, həm Qərbin, həm də RF-nin bizə münasibəti eynidir.
- Sizcə, Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması Qərb tərəfindən qısqanclıqla qarşılanmır ki?
- Əlbəttə, Rusiya ilə Türkiyə münasibətləri Qərb tərəfindən qısqanclıqla qarşılanır. Sadəcə olaraq, bu məsələlərdə Rusiyanın birbaşa adı çəkilmir. RF-nin Türkiyə ilə, eləcə də, İranla əməkdaşlığını genişləndirməsi Qərb tərəfindən qısqanclıqla qarşılanır. Düzdür, Türkiyə ilə məsələdə Qərb bunu açıq şəkildə qeyd etmir. Eyni zamanda, Rusiyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığı ABŞ-ın, Qərbin qısqanclığına səbəb olur. Bu da təbiidir, çünki Qərb Rusiyanın enerji asılılığından qurtulmaq istəyir. Bir məsələni də qeyd edim ki, RF xarici ölkələrin enerji sektoruna sərmayə yatırmaqda maraqlı olan bir ölkədir. Təbii ki, bütün bunlar Qərb və xüsusən də, ABŞ-ın qısqanclığına səbəb olan amillərdir.
- Regionda gedən proseslər sizdə bu il Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə ümid yaratmır ki?
- Düşünürəm ki, bu ilin birinci yarısında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müsbət addım atılacaq. Amma bu il münaqişənin tam həll olunmasını düşünmək sadəlövhlük olar. Söhbət bu gün mərhələli həll prinsipinə uyğun olaraq, münaqişənin həll edilməsindən gedir. Türkiyə həm Qərb qarşısında, həm də RF qarşısında belə bir tələb irəli sürüb ki, bu münaqişə tezliklə həll edilsin. Ümid edirəm ki, bu istiqamətdə addımlar atılacaq. Dağlıq Qarabağətrafı rayonların bu il işğaldan azad edilməsi gözləniləndi. Dağlıq Qarabağın statusu ilə bağlı məsələlər var ki, bu məsələlər münaqişə həll edildikdən sonra gündəmə gətirilə bilər. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, torpaqların işğaldan azad edilməsi Azərbaycanın qələbəsi olacaq.
- "Freedom House" təşkilatı "Dünyada azadlıq-2009" üzrə illik məruzəsində Azərbaycanı azad olmayan dövlət adlandırıb. Lakin hər gün söz azadlığının pozulduğu və işğalçı bir ölkə olan Ermənistan adıçəkilən məruzədə "qismən azad ölkələr" kateqoriyasına aid edilib. Bu, adıçəkilən təşkilatın məruzəsi qeyri-obyektivlikdən irəli gəlmirmi?
- Birincisi, nəzərinizə çatdırım ki, "Freedom House" və digər oxşar təşkilatlar son zamanlar bu cür qeyri-real bəyanatlar yaymaqdadırlar. "Freedom House" haqqında deyə bilərəm ki, bu təşkilat son zamanlar simasını tamamilə itirmiş bir təşkilatdır. Əvvələr belə hesabatlar zamanı strategiya seçərək, özünün əsil mahiyyətini gizlətməyə çalışsa da, son zamanlar kifayət qədər açıq şəkildə qərəzli mövqe tutur. Hesab edirəm ki, adıçəkilən təşkilat kiminsə maraqlarına xidmət edən bir təşkilatdır və fikrimcə, kimlərinsə maliyyəsi hesabına mövcud olan bir təşkilatdır. Ona görə də, "Freedom House" bu cür hesabatlarına və yaxud da bəyanatlarına qeyri-ciddi yanaşmaq lazımdır. Çünki bu təşkilatın ömrü o qədər də uzun olan deyil. Çünki istər dünya miqyasında, istərsə də Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzsuz hesab edilən bir təşkilatdır. "Freedum House" təşkilatının və konkret olaraq, qeyd etmək istəyirəm ki, qərəzli və kimlərinsə maraqlarına xidmət edən qeyri-obyektiv bir hesabatdır.

Digər xəbərlər