- Ötən ilin dekabr ayında ölkəmizdə keçirilən bələdiyyə seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?
- Ölkəmizdə keçirilən bütün seçki proseslərini demokratiyaya doğru atılan bir irəliləyiş kimi qiymətləndirirəm. Ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkiləri də, bir daha onu göstərdi ki, artıq Azərbaycanda seçki sistemi formalaşıb, burada demokratiyaya, qanunvericiliyə uyğun, şəffaf seçki keçirmək mümkündür. Bəzi kütləvi informasiya vasitələrində, xüsusilə, müxalifət mətbuatında bələdiyyə seçkilərinin nəticələrinə kölgə salmaq cəhdləri olur. Bu da təsadüfi deyil. Artıq sosial bazasını itirmiş, xalq tərəfindən dəstək almayan bu siyasi qüvvələr öz fəaliyyətini başa vurmaq üzrədir. Rəhbərlik etdiyim siyasi partiyanın da seçki sonrası verdiyi bəyanat bundan ibarət oldu ki, ötən ilin dekabr ayının 23-də ölkəmizdə keçirilən üçüncü bələdiyyə seçkiləri sırf demokratik şəraitdə, qanunauyğun, şəffaf və ədalətli keçirilib.
- Seçkilərdə ciddi uğursuzluğa düçar olan radikal müxalifət partiyaları bələdiyyə seçkiləri ilə bağlı hay-küylü bəyanatlar verir, bununla da, nəticələrin ləğv olunmasına çalışırlar. Onların mövqeyini nə dərəcədə əsaslı saymaq olar?
- Bütün seçki proseslərində müxalifətin formalaşmış konsepsiyası olur. Məsələn, 2010-cu ilin sonlarında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Bütün seçki prosesləri öncəsi müxalifətin ənənəvi olaraq, seçkilərin qeyri-demokratik keçirilməsi, onlara bərabər şəraitin yaradılmaması, müəyyən dairələr tərəfindən namizədlərinin sıxışdırılması haqqında KİV-ə məlumatlar ötürməklə sonrakı uğursuzluqlarına bəraət qazandırmağa çalışırlar. Müxalifətə məxsus KİV-lərdə təhlil aparsanız, görərsiniz ki, həmin ssenarini budəfəki bələdiyyə seçkilərində də aydın görmək olar. Çünki radikal müxalifət partiyaları bələdiyyə seçkiləriqabağı yenə eyni mövzuda ssenari ilə hərəkət etdi. Onlar bu hərəkətləri ilə ictimai rəydə guya seçkilərin əhalinin səsinin nəzərə alınmadan keçirilməsi, saxtalaşdırılması, beynəlxalq təşkilatların seçkilərin nəticələrinə qeyri-obyektiv münasibəti və s. haqqında fikir formalaşdırmaq istəyirlər. Əslində, bu, müxalifət partiyalarının seçki proseslərinə ənənəvi münasibətidir. Seçkiöncəsi müxtəlif komissiyaların, birləşmələrin yaradılması, sövdələşmələrin əldə olunması da siyasi oyunlarının tərkib hissəsidir. Siyasi fəaliyyətlərini davam etdirmələri üçün tətbiq etdikləri metoddur. Bu proseslərin hamısı növbəti məğlubiyyət üçün arqumentin hazırlanmasıdır. Çox güman ki, qarşıdan gələn parlament seçkilərində də radikal müxalifət partiyaları eyni ssenari ilə hərəkət edəcək.
- Bəzi radikal müxalifət liderləri ictimai müzakirələrdən yayınırlar. Ötən həftə qəzetimizin təşkilatçılığı ilə 20 Yanvar hadisəsinə həsr olunan dəyirmi masaya dəvət olunsalar da, müzakirələrdən qaçıblar. Sizcə, bu cür yanaşma nədən qaynaqlanır?
- Müxalifətin özündə yeniləşmə prosesi başlanmalıdır. Bu siyasətçilər artıq 20 ildən çoxdur ki, müxalif mövqedən çıxış edirlər və demək olar ki, öz potensiallarını itiriblər. Bugünkü müzakirələrdən qaçmaqları da, onu göstərir ki, xalq bu siyasətçilərin kim olduğunu dəqiq və aydın bilir. Bütün seçki proseslərində xalqın onlara etimad göstərməməsinin əsas səbəblərindən biri də onlara inamın olmamasıdır. Xalq bilir ki, onlar vaxtilə azadlıq hərəkatında cinayət törətmiş insanlardır və bu gün cavab verməkdə çətinlik çəkirlər. Bu nöqteyi-nəzərdən, onların diskussiyalardan qaçmaqları başadüşüləndir.
- Təxminən 20 ildir ki, müxalifətdə olan və heç bir uğur əldə edə bilməyən həmin partiya sədrlərinin yenilənməsinə ehtiyac duyursunuzmu? Ümumiyyətlə, sivil, konstruktiv mövqeli müxalifətin formalaşdırılması üçün hansı addımlar atılmalıdır?
- Bunun zamanı artıq yetişib. Müxalifət düşərgəsində bütün məsələlərdə konstruktiv mövqedən çıxış edən yeni müxalifət kadrları yetişməlidir. Həmin insan məsələlərə şəxsi müstəvidən deyil, sırf dövlətçilik və ictimai müstəvidən yanaşmalıdır. İndiki radikal liderlərin bütün hərəkətləri şəxsi ambisiyalara hesablanıb və onların siyasi fəaliyyəti məhz bu istiqamətə yönəlib. Radikal liderlərin siyasi potensiallarını açıq istismara verdiklərini öz silahdaşları və ətrafındakı insanlar da çox gözəl bilir. Artıq onların siyasətdə yeri yoxdur. Ümid edirəm ki, yaxın gələcəkdə konstruktiv, cavan, enerjili müxalifət formalaşar və onların sıradan çıxmasına zəruri ehtiyac yaradar.
- Kamil müəllim, bir zamanlar əksər siyasi partiyaların Məşvərət Məclisi mövcud olub. Sizin rəhbərlik etdiyiniz partiyanın da təmsil olunduğu həmin qurumun fəaliyyətinin hiss olunmaması nə ilə bağlıdır?
- Sualınız əsaslıdır. Vaxtilə iqtidaryönlü siyasi partiyaların birləşdiyi Məşvərət Məclisi fəaliyyət göstərirdi. Oraya daxil olan partiyalar müəyyən ratifikasiya qaydası ilə növbəlilik prinsipi əsasında həmin təşkilata rəhbərlik edirdi. Həmin Məşvərət Məclisi kifayət qədər siyasi proseslərə öz münasibətini bildirən siyasi təşkilata çevrilmişdi. Həmin qurum formal olaraq, hələ də fəaliyyət göstərir. Hazırda Məşvərət Məclisinə Yeni Azərbaycan Partiyası rəhbərlik edir. Güman edirik ki, YAP-ın rəhbərliyi altında siyasi partiyalar daha aktiv fəaliyyət göstərəcək və bu, növbəti parlament seçkilərində hiss olunacaq.
- Bir zamanlar KİV-lərdə Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının da həmin Məşvərət Məclisinə qoşulacağı ilə bağlı məlumatlar gedirdi. Bu məsələlər gündəmdədirmi?
- Siyasi partiyaların Məşvərət Məclisinin iqtidarın apardığı siyasətə ideoloji dəstək verən qurum kimi nüfuzu olduqca böyükdür. Bu nüfuz digər siyasi partiyaların da Məşvərət Məclisinə qoşulmasına imkan yaradır. Bəli, ötən illərdə KİV-lərdə belə bir müraciətlərin olduğu haqqında yazılar dərc olunurdu. Lakin adlarını çəkdiyiniz partiyalar tərəfindən bizə rəsmi şəkildə heç bir müraciət daxil olmayıb. Əgər belə bir müraciət olunarsa, məsələ müsbət həllini tapa bilər.
- Əgər həmin siyasi partiyalar Məşvətər Məclisində təmsil olunarlarsa, o zaman quruma daxil olan partiyalar parlament seçkilərində hansı formatda iştirak edəcək? Blok, yoxsa fərdi şəkildə?
- Ötən parlament seçkilərində Məşvərət Məclisinə daxil olan siyasi partiyalar blok şəklində iştirak ediblər. Növbəti parlament seçkilərində isə iştirakla bağlı konkret fikir yoxdur. Ola bilər ki, həmin siyasi partiyalar seçkilərdə ya bütöv blok, ya da 2-3 partiyanın birgə iştirakı formatında iştirak etsin. Bu barədə yekun qərarın cari ilin mart-aprel aylarında veriləcəyi istisna deyil.
- Bəs qurumun toplantısının nə zaman keçirilməsi planlaşdırılır?
- Fevral ayında Məşvərət Məclisinin toplantısının keçirilməsi nəzərdə tutulur. Yəqin ki, fevralın əvvəlində bu tədbir baş tutacaq.
- Qurumda neçə siyasi partiya təmsil olunur?
- Hazırda qurumda 8 siyasi partiya təmsil olunur. Onların hamısı Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmiş siyasi partiyalardır.