PDF Oxu

Müsahibə

  • 10

Arxivə atılmışların yalanları üzə çıxır

Arxivə atılmışların yalanları üzə çıxır

Ölkədə keçirilən bütün seçkilərərəfəsi birləşmək arzuları ürəklərində qalan müxalifət liderləri bu il keçiriləcək parlament seçkilərində "birlik" nümayiş etdirəcəklərini bildirdilər. Radikalların müxalifət mətbuatına verdikləri açıqlamalarına hiddətlənən ASDP həmsədri Araz Əlizadə "Səs"ə verdiyi açıqlamasında onların qeyri-real olduğunu bildirdi.
- Müxalifət, həmişə olduğu kimi, bələdiyyə seçkilərindən sonra daxili böhranlı durumu aradan qaldırmaq üçün birlik ideyası ilə çıxış edib. Sizcə, bir-birini qəbul etmək istəməyən qüvvələrin bir araya gəlməsi mümükündürmü?

- Azərbaycanda fəaliyyət göstərən partiya rəhbərləri, Lalə Hacıyevadan başqa hamısı bir partiyadan - Azərbaycan Xalq Cəbhəsindən çıxıblar. Onların həmin partiyadan ayrılmalarına ideoloji deyil, şəxsi ambisiyalar səbəb olub. Belə insanların hansısa bir təşkilatda birliyə gəlməsi mümkün deyil. Onlar müəyyən bir məqamda öz varlıqlarını sübut etmək üçün, ola bilsin ki, birlik nümayiş etdirsinlər. Amma birliyə gəlmək bir şeydir, nümayiş etdirmək başqadır. Ona görə də, mən buna inanmıram. Əgər doğrudan da, belə bir birlik yaratmaq istəyirlərsə, o zaman bütün sədrlər öz partiyalarını buraxaraq, vahid partiyada birləşib birgə fəaliyyət göstərsinlər və Azərbaycanda güclü bir sağ millətçi partiya yaransın.

- Araz bəy, müxalifətin ayrı-ayrı funksionerləri müxalifəti kriteriyalara bölürlər. Sizcə, nəyə görə, partiya sədrləri bir-birini qəbul etmir? Onların bölə bilmədikləri nədir?

- Bunun yalnız bir səbəbi var. O da sədrlərin şəxsi ambisiyalarıdır.

- Bu günlərdə Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev "Müxalifətin Əməkdaşlıq Mərkəzi"nin parlamentərəfəsi bərpa olunmasına çalışacağının bildirib. Bu fikirlərə necə baxırsınız?

- Onların yaratmaq istədikləri ancaq boş sözlər və qeyd etdikləri kağızlar olub. Elə buna görə də, belə səviyyəsiz fikirlər və yaranması mümkünsüz olan qurum və ya bloklar məni heç maraqlandırmır da. Yaxşı olar ki, öz aralarında düzgün "birlik" yaratsınlar və yola getsinlər. Gücünü heç nə ilə sübut etməyən kimsə deyə bilər mən güclüyəm. Müxalifət daxilində bunlar təbii şeylərdir.

- Yeri gəlmişkən, Pənah Hüseynov müxalifət partiyaların kifayət qədər çox olduğunu bildirərək, onların 2-3 təşkilatda birləşməsi ilə bağlı çıxış edib. Bu ideyanın reallaşması nə dərəcədə mümkündür?

- Dediyim kimi, gərək onlar de-yure bir təşkilatda birləşsinlər. Onların birləşməsinə mənim etirazım yoxdur. Gəlin unutmayaq ki, müxalifət dövlət çevrilişi edib, hakimiyyətə gəlib, daha sonra dövlət çevrilişinə cəhdlər edib, Azərbaycanda demokratiyanın boğulmasında ilk rolu oynayıb. Ona görə də, müxalifət bu fikirləri irəli sürməzdən əvvəl, öz məsuliyyətsizliyini xalq qarşısında boyunlarına almalı və xalqdan üzr istəməlidir. Bütün bunları etməyincə, xalq onları bağışlamayacaq. Həmçinin, nə qədər ki, indi fəaliyyət göstərən partiya sədrləri var, bu, mümkün deyil.

Digər xəbərlər