PDF Oxu

Müsahibə

  • 6

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağa məhkumdur

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağa məhkumdur

- Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya və Rusiyanın xarici işlər nazirinin Ermənistana səfərləri fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların perspektivini necə görürsünüz?

- Son günlər siyasi proseslərin hərarəti o qədər artıb ki, hətta qaynama məqamına çatıb. Hazırda çox ciddi siyasi proseslər baş verməkdədir. Yəqin ki, bir qədər sonra siyasi proseslərin real nəticələrini görəcəyik. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri ilə Rusiyanın xarici işlər nazirinin Ermənistana səfərinin eyni vaxta düşməsi, eyni zamanda, ABŞ-ın Dövlət katibinin yüksək rütbəli məmurunun, Azərbaycanın xarici işlər nazirinin müavini, Prezidentin Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Araz Əzimovun Moskvaya səfərlərinin eyni vaxta düşməsi təsadüfi deyil. Hadisələrin xronologiyasına nəzər saldıqda, bu qənaətə gəlmək olur ki, burada heç bir təsadüf yoxdur. Ən çox diqqət mərkəzində saxlanılan məhz Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlərdir. Bütün görüşlərdə müzakirələr də haqqında söhbət etdiyimiz məsələlər ətrafında aparılır.
Artıq 2010-cu ilin ilk ayında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dinamika hiss olunmaqdadır. Cari ilin aprel ayına qədər, yəni ABŞ Konqresində qondarma erməni soyqırımının müzakirəsi yaxınlaşdıqca, bu proseslərin daha da intensivləşməsinin şahidi olacağıq.

- Qondarma Dağlıq Qarabağ rejimi rəhbərlərinin bəyan etdiyinə görə, "Qarabağ xalqı"nın razılığı olmayınca, problemi sülh yolu ilə həll etmək mümkün olmayacaq...

- Rusiyanın baş naziri Vladimir Putin Türkiyənin Baş naziri ilə söhbətindən sonra belə bir bəyanat verdi ki, "Qarabağ xalqı" proseslərin və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəfdir. Yəni, Dağlıq Qarabağ əhalisinin mövqeyi nəzərə alınmadan, heç bir ciddi addım atıla bilməz. Təbii ki, baş nazirlərin bu bəyanatı Dağlıq Qarabağdakı erməni təəssübkeşlərini də bu cür açıqlamalar verməyə sövq edir. Hər halda, münaqişənin həlli istiqamətində diqqətdən yayınmayan proseslər getməkdədir və biz də həmin prosesləri lazımınca dəyərləndirməliyik. Həmin proses isə, ondan ibarətdir ki, Türkiyə ilə Rusiya münasibətlərinin inkişaf tempi günü-gündən artmaqdadır. Bununla yanaşı, Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdə istiləşmə tendensiyası daha çox diqqəti cəlb edir. Belə vəziyyətdə Bakı, Ankara və Moskvanın iqtisadi mövqelərinin üst-üstə düşməsi fonunda siyasi və hərbi təhlükəsizlik sahələrində də irəliləyişlərin olması gözləniləndir. Bu prosesin özü Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın tutduğu anormal mövqeyə təsirsiz ötüşməyə bilməz. Təsadüfi deyil ki, Ərdoğanın Moskvaya səfəri Ermənistanda çox ciddi narahatlıqla müşayiət olunmaqdadır. Ermənistan böyük qorxu içərisindədir ki, Rusiya Ermənistanla bağlı olan maraqlarını iqtisadi maraqlarına qurban verər. Bu fikirlər, hətta erməni mənbələri tərəfindən də etiraf olunur.

- Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, son məqamda, ölkəmizin Dağlıq Qarabağı hərbi yolla qaytaracağı barədə bəyanatından sonra, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı həmin bəyanatı kəskin tənqid edən digər bir bəyanat yaydı. Bu cür tendensiya nədən irəli gəlir?

- Bu, ondan irəli gəlir ki, Rusiya müharibənin başlanmasında maraqlı deyil. Rusiya istəyir ki, Ermənistanın mövqeyində bu və ya digər dəyişiklik olarsa, bu, Azərbaycanın hərbi gücü nəticəsində olmasın. O, çalışır ki, belə bir dəyişiklik, məhz Rusiyanın razılığı hesabına baş versin və Rusiya dinc yolla Ermənistana təzyiq edib, problemin həllində müəyyən irəliləyiş imkanı nümayiş etdirsin. Heç bir halda, Rusiya Azərbaycanın güc nümayiş etdirərək, problemin həllinə nail olmasını istəmir. Bu, onun maraqlarının ziddinədir. Əgər istənilən münaqişənin həllində dəyişiklik baş verərsə, regionda xüsusi səlahiyyətlərə malik olduğunu iddia edən Rusiya bunun məhz özünün razılığı hesabına baş verməsini istəyir. Bununla da, özünün siyasi çəkisini ortaya qoymaq istəyir. Eyni zamanda, istəyir ki, Azərbaycan tərəfini də bu addımının müqabilində adekvat addımlar atmağa vadar edə bilsin. Məncə, Moskva artıq bu mövqeyi nümayiş etdirir.

- Qeyd etdiniz ki, Rusiya Azərbaycandan adekvat cavab gözləyir. Ümumiyyətlə, Rusiyanın Azərbaycandan gözlədiyi nə ola bilər?

- Rusiyaya yaxın olan KİV-lərdə, xüsusilə, "Nezovisimaya Qazeta"da belə mövqelərə tez-tez rast gəlirik ki, Azərbaycan öz qazının satışında əsas tərəf kimi Rusiyanı tanımalıdır. Yəni, Azərbaycan öz qazını tamamilə Rusiyaya satmaq xəttini həyata keçirməlidir. Rusiya tərəfinin arzusudur ki, bu addımı atmaqla NABUCCO-nun reallaşdırılmasını alt-üst etsin. Eyni zamanda, onlar bunu ekspertlər vasitəsilə ictimai rəyə çatdırırlar. Bu fikirləri Rusiyanın dövlət xadimlərinin dilindən eşitməsək də, onlara yaxın olan siyasi və ictimai dairələrin nümayəndələrindən dəfələrlə eşidirik. Rusiya Dağlıq Qarabağ probleminin həllində regionda status-kvo vəziyyətinin dəyişməməsinin təminatını almalıdır. Münaqişə həllini tapdıqdan sonra Ermənistanın və Azərbaycanın birmənalı şəkildə ABŞ-a üz tutmaması yolunun qarşısını almaq mexanizmlərinə malik olmalıdır. Bunun yeganə yolu Azərbaycan-Rusiya sərhədlərənin birgə qoşunlarla qorunmasıdır.

- Sizcə, regionda iki yüz illik marağı olan Rusiya bu maraqlarını Azərbaycan qazına qurban verəcək?

- Qaz onun maraqlarından, sadəcə, biridir və yeganə deyil. Rusiyanın iqtisadi faktordan savayı, hərbi-siyasi təmsilçilik məsələsində də maraqları var. Yəni, Azərbaycan sərhədlərinin qorunması prosesində Rusiyanın sülhməramlı qüvvələri adı altında təmsilçilik etməsi bu ölkənin siyasi dairələrinin maraqlarına daxildir. Bunu mətbuat vasitəsilə də ictimai rəyə sırımaq istəyirlər. Belə bir tendensiya onlara yaxın KİV-lərin yazılarında da oxunmaqdadır.

- Elman müəllim, yayılan məlumatlara görə, cari ilin yanvarının sonlarında Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşün perspektivi barədə nə deyə bilərsiniz?

- Dağlıq Qarabağ münaqişəsinin həllində əsas həlledici tərəf Rusiyadır. Türkiyə - Ermənistan münasibətlərinin normallaşması layihəsinin müəllifi Ağ Ev olsa da, ancaq münaqişənin tənzimlənməsində əsas söz sahibi məhz Rusiyadır. Belə olan təqdirdə, hansısa Avropa ölkəsinin paytaxtında münaqişənin həlli ilə bağlı son qərarın qəbul edilməsi inandırıcı deyil. Əgər hər hansı qərar qəbul edilərsə, bu, Rusiyada olacaq. Hesab edirəm ki, Türkiyə ilə Rusiya arasındakı yaxınlaşma tendensiyası, Azərbaycanın elektrik enerjisi sahəsində Rusiya ilə çox ciddi münasibətlərə girməsi, ikitərəfli münasibətlərlə bağlı verilən bəyanatlar, bu proseslər fonunda Rusiyanın xarici işlər nazirinin dərhal Ermənistana səfər etməsi və s. keyfiyyətlə bağlı yeni ümidlərin yaranmasına səbəb olur. Ümidvaram ki, növbəti danışıqlarda münaqişənin həlli istiqamətində daha ciddi reallıqların şahidi olacağıq.

Digər xəbərlər