PDF Oxu

Müsahibə

  • 12

Doqquz milyonuncu vətəndaşımız Naxçıvanda dünyaya gəldi

Doqquz milyonuncu vətəndaşımız Naxçıvanda dünyaya gəldi

Müsahibimiz millət vəkili Musa Quliyevdir

- Musa müəllim, artıq Azərbaycanda əhalinin sayı artmaqdadır. Bu gün yayılan məlumatlara görə, Naxçıvan MR-in Cəhri kəndində doqquz milyonuncu Azərbaycan vətəndaşı dünyaya gəlib. Ölkədə əhalinin say tərkibi ilə bağlı ümumi fikirləriniz nədən ibarətdir?

-  Çox şadam ki, doqquz milyonuncu vətəndaşımız dünyaya gəlib. Həmin vətəndaşın ailəsini sizin qəzet vasitəsilə təbrik edirəm. Azərbaycanın qədim torpağı olan Naxçıvan diyarında doğulması simvolik, yaxşı xoş əhval-ruhiyyə doğuran məsələdir. Bu, o deməkdir ki, blokadada olan Naxçıvan yaşayır, döyüşür, mübarizə aparır, dünyaya yeni insanlar gəlir. Ümumiyyətlə, Azərbaycanda demoqrafik proseslər çox müsbət dinamikada inkişaf edir. Bunun müsbətləri yeni doğulanların, dünyaya gələnlərin həyatının, tərəqqinin, gənclərin, enerjili insanların xeyrinədir. Azərbaycanda təkrar istehsalı prosesində heç bir problem yoxdur. Bu da dövlətimizin apardığı düzgün sosial-iqtisadi, demokratik siyasətdir. Heç şübhəsiz ki, ən aparıcı hissəsi də Azərbaycanın gənc, enerjili, çalışqan, savadlı, mübariz insanlarıdır. Bu da Azərbaycanın gələcək inkişafının uğurlar deməkdir.  
- Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayır. Bu say tərkibinin artması ölkə Prezidenti İlham Əliyevin milli azlıqlara, onların yaşayış durumuna diqqət və qayğının yüksək olmasından irəli gəlmir ki?
- Azərbaycan xalqının böyüklüyüdür ki, həmişə milli münasibətlər həmişə dostluq, mehribanlıq, qarşılıqlı anlaşma müstəvisi üzərində qurulub.  Heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin bəyan etdiyi Azərbaycançılıq konsepsiyası da bizi birləşdirən, vahid bir dəyərin əsasını qoydu. Milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, Azərbaycan dövlətini sevən, onun inkişafına xidmət göstərən, bu ölkədə yaşayan, bu ölkəyə bağlı olan hər bir şəxs azərbaycanlıdır və Azərbaycanın milli sərvətidir. Bu mənada, Prezidentimiz də  Heydər Əliyevin müəyyən etdiyi həmin xətti müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir. Azərbaycanın hansı bölgəsində olursa, orada yaşayan milli azlıqlarla görüşür, problemləri ilə maraqlanır. Onların həyat səviyyəsinin yüksəlməsini, mədəniyyətlərinin özünə məxsusluğunun qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Bu da Azərbaycanda ictimai-siyasi sabitliyinin əsasını təşkil edən çox mühüm müddəalardan biridir. Müstəqilliyimizin ilk illərində müxtəlif qüvvələr Azərbaycanda milli ayrı-seçkilik salmağa, qarşıdurmalar yaratmağa çalışdılar. Amma Azərbaycan xalqının böyüklüyü və Böyük Heydər Əliyevin düzgün qurduğu siyasi xəttin nəticəsində Azərbaycana qarşı yönəldilmiş bütün sui-qəsdlər iflasa uğradı. Azərbaycan çoxlu xalqların vahid bir ailəsidir. Biz də bu ailəni gündən-günə inkişaf edən görmək istəyirik. 
-  Musa müəllim, ABŞ və Norveç səfirləri Culfa rayonunun Bənənyar kəndində baş verən xırda bir olayı böyük bir faciə kimi dəyərləndirirlər. Sizcə, bunu Azərbaycanın daxili işinə qarışmaq kimi dəyərləndirmək olarmı?
- Birbaşa Azərbaycanın daxili işlərinə qarışmaqdır. Eyni zamanda, ölkəmizdə müəyyən siyasi proseslərə daimi basqılarını göstərmək, müəyyən məsələlərdə öz nəzarəti altında saxladıqlarının çox kobud şəkildə ifadəsidir. Əslində, Naxçıvanda elə bir hadisə də baş verməyib. Hər bir yerdə müəyyən qanun pozuntusu, qarşıdurma da ola bilər. Hüquq-mühafizə orqanları da orada müəyyən intizam tədbirləri həyata keçirə bilər. Bəzən Azərbaycanın hər yerində əhalinin müxtəlif fikirləri olur. Həmin fikirləri mitinq şəkildə bildirir. Həmin kənddə də müəyyən qrup insanlar öz fikirlərini bildirmək istəyib. Müxalifət mətbuatı da bunu şişirdərək, demokratiyanın boğulması, insan haqlarının pozulması kimi göstərir. ABŞ, Norveç və digər ölkələrin siyasi dairələrinin məqsədi Azərbaycandakı prosesləri öz nəzarəti altında saxlamaq, ölkəmizə basqı, siyasi proseslərə təsir göstərmək, bəzən demokratiya, hüquq müdafiəçiləri adı altında ölkənin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil.
- ABŞ dəfələrlə öz dövlətində insan hüquqlarını pozan, insanlara qarşı zorakılıq edən faktları dünya ictimaiyyətinə bəlli olur. Hətta İraq və Əfqanıstanda dəfələrlə jurnalistlər təhqir və təqib olunub, öldürülüblər. Amma bununla dünya ictimaiyyəti hər hansı ciddi reaksiya verməyiblər. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri bu məsələyə müdaxilə etməyiblər. Bu ziddiyyətli məqamı nə ilə izah etmək olar?
- İndi ABŞ özünün dünya hegemonu kimi  hiss edir. Həmişə də özünün düşündüyü, dərk etdiyi tərzdə hamının düşünməsini məcburi və zəruri sayır. Hadisələrə və proseslərə də ölkələrdə ikili yanaşmanın təzahürüdür. Qafqaz regionunda həm Azərbaycanı, həm Gürcüstanı, həm də Ermənistanı götürsək, ictimai-siyasi proseslərin gedişi baxımından, Azərbaycan stabil ölkədir. Amma Azərbaycana olan münasibət Gürcüstan və Ermənistana olan münasibətdən tamamilə fərqlidir. Ermənistanda Serj Sarksiyan prezident seçiləndən sonra hakimiyyətlə xalq arasında çox ciddi bir mübarizə gedir. Hətta Köçəryanın dövründə müxalifət liderlərinin həbs olunması, parlamentin, eləcə də, S.Sarkisyanın hakimiyyətə gəldiyi vaxt mitinqçilərin gülləbaran edilməsi, orada 20-yə yaxın adamın öldürülməsi, 100-lərlə adamın yaralanması, həbs olunması baş vermişdi. Ondan sonrakı dönəmlərdə yenə də müxalifətin etiraz aksiyalarının zorakılıqla dağıdılmasına, demək olar ki, nə Avropa Şurası, nə ABŞ və digər ölkələrin siyasətçiləri tərəfindən heç bir reaksiya yox idi. Gürcüstanda da həmin proseslər baş verib. Demək olar ki, neçə vaxtdır ki, stabillik yoxdur. Əksinə, bu dövlətlərin iqtidarına müəyyən dəstək hiss olunur. Amma Azərbaycanda stabillik olmasına baxmayaraq, ABŞ Nümayəndələr Palatası 2010-cu ilin dövlət büdcəsindən separatçı rejim olan Dağlıq Qarabağ rejiminə birbaşa 8 milyon dollar yardım ayırıb.
- Azərbaycanda dini vəziyyəti necə qiymətləndirirsiniz?
-  Çox yüksək qiymətləndirirəm.  Bu durum dünya üçün nümunə olacaq səviyyədədir. Azərbaycanda dinlərə qarşı hörmət var, bütün dinlərin daşıyıcılarına dövlət tərəfindən başa düşülən və anlaşılan münasibət göstərilir. Ölkədə bütün dinlərin nümayəndələrinin rəhbərlərinə dini bayramlarında ölkə başçısı tərəfindən xüsusi diqqət yetirilir. Onlarla görüşlər keçirilir, təbriklər ünvanlanır. O cümlədən də, əhalimizin böyük əksəriyyətinin inancı olan islam dininin də Azərbaycanda dövlət tərəfindən yüksək səviyyədə dəstək olunur, qiymətləndirilir, hörmət olunur. İnsanların öz dini etiqadlarını azad şəkildə istifadə etmək, həyata keçirmək üçün şərait yaradılır. Bütün məscidlərlə yanaşı, kilsələr və digər məbədgahlar abadlaşır, təmir olunur. Azərbaycan dünyada ən nadir ölkələrindən biridir ki, müxtəlif dinin nümayəndələri ölkəmizdə çox anlaşma və mehriban şəraitdə yaşayır və qarşılıqlı münasibət qururlar. Bu mənada, Azərbaycanda həm tolerantlıq, həm dini etiqadın həyata keçirilməsi çox nümunəvi bir şəkildədir.
- Musa müəllim, Naxçıvan MR-in kiçik bir kəndində baş verən bu olayı bu dərəcədə şişirtməyə ehtiyac vardımı?
-  Axı, orada elə bir olay da baş verməyib. Gün ərzində dünyanın hər yerində yüzlərlə bu cür hadisələr baş verir. Buna da heç kəs bu qədər önəm vermir. Sadəcə, Azərbaycanda uzun illər davam edən çox möhkəm ictimai-siyasi sabitlik bir çox ölkələri, təşkilatları qıcıqlandırır. Onlar ölkədə nə isə axtarıb tapmağa çalışırlar ki, desinlər Azərbaycanda insanların hüququ pozulur, dövlət orqanları hər şeyə müdaxilə edir və s. Bəzi "hüquq müdafiəçiləri", siyasətçilər var ki, çörəkləri bundan çıxır. Onlar da olmayan hadisələri Azərbaycan rəhbərliyinə, iqtidarına təzyiq göstərmək üçün şişirtmək istəyirlər. İnsan haqlarını düşünən "hüquq müdafiəçiləri" 1 milyon qaçqını düşünməlidir. Daha öləkədə çaxnaşma yaratmağa səy göstərməməlidir.

Digər xəbərlər