PDF Oxu

Müsahibə

  • 10

2010-cu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli gözlənilir

2010-cu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli gözlənilir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli, ölkə Prezidenti İlham Əliyevin xarici siyasətinin əsas prioritetidir. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, dünya birliyinin tanıdığı və qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü Ermənistan da tanımağa məcbur olacaq:
- Qeyd edim ki, dövlət rəhbəri İlham Əliyev öz səlahiyyətlərinin icrasına başladığı ilk gündən bəyan edibdir ki, biz informasiya hücumuna keçməliyik, beynəlxalq birliyin münaqişənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında həlli variantını dəstəkləməsi və Ermnistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləməsi istiqamətində səylər davam etdirilməlidir. Mübaliğəsiz demək olar ki, informasiya mübarizəsində Prezidentin fəal və hücumçu mövqeyi hamıya nümunə göstərilə bilər. İstər xarici ölkələrə rəsmi və işgüzar səfərlərində, istərsə də, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərində Prezident Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ və qaçqın-köçkün məsələsinə diqqəti yönəldir.
Azərbaycan Prezidentinin AŞPA-da, Avropa Birliyində, NATO-da, BMT Baş Assambleyasında çıxışlarında, nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasəti önə çəkilir, Dağlıq Qarabağ və qaçqın-köçkünlər probleminin həllinə yönələn çağırışlar səslənir. Prezidentin özünün də qeyd etdiyi kimi, bu çıxışların məqsədi təkcə problem haqqında məlumat vermək yox, həm də Ermənistanın işğalçılıq siyasətinin doğurduğu təhlükəni bir daha diqqətə çatdırmaqdır.
- Aydın müəllim, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması Azərbaycanın diplomatik uğuru sayıla bilərmi?
- Bildirmək istərdim ki, Azərbaycan Prezidentinin Ermənistana qarşı diplomatik hücum siyasəti öz nəticələrini verməkdədir. Münaqişə ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması aparılan düzgün, məqsədyönlü siyasətin nəticəsidir. Düşünürəm ki, Türkiyənin Təhlükəsizlik Şurasına sədrlik müddətində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişlərə nail olunacaqdır. Xatırlamaq lazımdır ki, dövlət rəhbəri İlham Əliyev ən yüksək səviyyələrdə, dəfələrlə bəyan edibdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bu, həm də prezidentlərin son görüşündə bir daha əyani şəkildə ortaya qoyuldu. Bu fakt Azərbaycan dövlətinin, onun Prezidentinin prinsipial mövqeyidir. Azərbaycan xalqı sülh tərəfdarıdır və problemi sülh yolu ilə həll etmək niyyətindədir. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin sülh yolu ilə həllinə imkan vermir, danışıqlar hər dəfə dalana dirənir.
- Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun nümayəndə heyətinin Azərbaycana son səfəri zamanı xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri oldu. Bundan sonra, onları Prezident İlham Əliyev qəbul etdi. Sonda həmsədrlər mətbuat üçün açıqlama verdilər. Görüşlər zamanı Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərin problemin həlli istiqamətində razılığa gəlməsinin vacibliyini bir daha qeyd etdilər. ABŞ, Rusiya və Fransa hökumətləri hesab edir ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Buna görə də, Ermənistan prezideni öz xalqını müharibəyə yox, sülhə çağırmalıdır. Bildiyiniz kimi, yanvar ayının 10-dan Ermənistanda mitinqlər dalğası başlayıb. Bu mitinqlərdə Ermənistan prezidenti Serj Sarkisyanın istefa verməsi tələb olunur. Yaranmış vəziyyət Ermənistanın hansı durumda olduğunu aydın göstərir.
- Aydın müəllim, 2010-cu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli gözlənilir?
- Demək istəyirəm ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Ermənistana və Ermənistan müdafiə nazirinin Moskvaya səfər etməsi, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən proseslərlə bağlıdır. Digər bir tərəfdən isə, Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə-Ermənistan protokollarının imzalanmasına müsbət rəy verib. Onu da vurğulayım ki, Rusiya dövləti Ermənistanın müttəfiqi kimi bu gün bu ölkədə gedən proseslərin qarşıdurmaya gətirib çıxarmasında maraqlı deyil. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır və Rusiya dövləti ATƏT-in Minsk Qrupu ölkələrindən biri kimi müsbət təşəbbüs ortaya qoyur. Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək istəyir. Ona görə də, mümkündür ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da Rusiyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ortaya atılsın. Eyni zamanda, xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri də, şübhəsiz ki, Rusiyanın öz müttəfiqi ilə əlavə danışıqlar aparılmasından irəli gəlir.
Hər halda, 2010-cu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli gözlənilir. Bilirsiniz ki, 2009-cu ildə sözügedən münaqişənin həlli istiqamətində vacib işlər görülüb. Onun üçün də imkanlar var ki, 2010-cu ildə münaqişənin həllində Çərçivə Sülh Müqaviləsi bağlanılsın.
- Sizcə, Türkiyə-Ermənistan arasındakı imzalanan Protokolların hər iki ölkə parlamentləri tərəfindən radifikasiyası realdırmı?
- İnanmıram. Çünki Azərbaycanın işğal olunan əraziləri geri qaytarılmayana kimi, Türkiyə-Ermənistan arasında imzalanan protokollar qəbul olunmayacaq. Bu baxımdan da, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe tutmaqdan başqa çıxış yolu qalmayıb. Əgər münaqişə həll olunarsa, o zaman Ermənistan sürətlə inkişaf edə bilər, vətəndaşlarının həyat səviyyəsi yaxşılaşa bilər. Digər tərəfdən isə, Türkiyə ilə Ermənistan arasındsa sərhədlərin açılması məsələsi Ermənistanın inkişafına çox böyük təkan verəcək. Hətta sərhədlər bağlı olduğu halda, Türkiyədə işləyən ermənilər hər il Ermənistana 50 milyon dollar həcmində vəsait göndərirlər. Təsəvvür edin ki, sərhədlər açılsa, o zaman Ermənistan nə qədər inkişaf edə bilər.
Məlum olduğu kimi, hazırda Ermənistan iqtisadi problemlər içərisində boğulur. Ötən il Ermənistanın dövlət büdcəsi 3 milyard dollar idi, amma bu il 2,2 milyard dollara enib. Bütün bu kimi faktlar Ermənistanın vəziyyətinin ildən ilə çətinləşməsinə səbəb olur. Hazırda Ermənistanda fəaliyyət göstərən bütün dövlət strukturlarında ciddi ixtisarlar gedir, xaricə ezamiyyətlər həddindən artıq məhdudlaşdırılıb, işsizliyin həcmi gündən-günə çoxalır. Ermənistanda hər hansı infrastrukturun qurulmasından və ya inkişafından söhbət gedə bilməz. Yəni, Ermənistanın apardığı siyasət, özünün daxilinə çox ciddi zərbələr vurur. Hesab edirəm ki, bu gün Ermənistan hakimiyyətinin Azərbaycan torpaqlarının azad olunmasından başqa çıxış yolları qalmayıb.
Ümumiyyətlə, qeyd etməliyəm ki, biz nəyin bahasına olursa-olsun, istər sülh, istərsə də hərb yolu ilə torpaqlarımızı azad etməliyik. Belə vəziyyətdə, orduya, əsgərə qayğı dövlətin, hər bir vətəndaşın müqəddəs vəzifəsi olmalıdır. Çünki biz azərbaycanlılar üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yalnız milli maraq yox, həm də milli qürur məsələsidir. Hər bir şüurlu və namuslu Azərbaycan vətəndaşının borcu Azərbaycanın haqq işinin qələbəsinə yönələn, ölkəmizin tam suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına, onun gələcək siyasi və iqtisadi tərəqqisinə xidmət edən bu prosesdə Prezident İlham Əliyevə dəstək vermək, hər an Onun yanında olmaqdır.

Digər xəbərlər