Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir
- Xanhüseyn müəllim, siz həm partiya sədri, həm millət vəkili, həm kafedra müdiri, həm də professorsunuz. Həmçinin, ixtisasınız üzrə tanınmış beynəlxalq təşkilatlardan birinin üzvüsünüz. Həmin quruma üzv olmaq sizə nə verir?
- Bəli, mən hazırda MDB Qiymətləndiricilər Assosiasiyası Birliyinin üzvüyəm. Bir müddət isə həmin quruma rəhbərlik etmişəm. Mən "sizə" deməzdim. Deyərdim ki, "nə verib bizə". Sözügedən qurum, sözün əsil mənasında, əmlakın qiymətləndirilməsi üzrə peşəkar birlikdir. Bu təşkilat hələ 1995-ci ildə yarananda cəmi beş ölkəni əhatə edirdi. Təsisçilərindən biri "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" oldu. 1997-ci ildə Birliyin 2-ci Beynəlxalq Konfransı Bakı şəhərində keçirildi. Qonşu ölkələrdən Ermənistan həmin təşkilata bu vaxta qədər üzv yazıla bilməyib. Gürcüstan isə çox cəhdlərdən sonra 2009-cu ildə qəbul olunub. Əlbəttə ki, dünyanın hər bir yerində Vətənin nüfuzu hər birimizin onu necə təmsil etməyimizdən daha çox asılı olur.
- ASRP yaranandan ona sədrliyi siz edirsiniz. 15 ildən artıq müddətdə partiyanızda sədr ola biləcək kadr yetişməyibmi?
- ASRP-də siyasi, iqtisadi, sosial və fəlsəfi cəhətdən kamil insanlar çoxdur. Lakin mənim indiyə qədər bu partiyaya rəhbərlik etməyim həmin kadrların razılığı və təkidi ilə olub.
- Partiyanızın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti son vaxtlar zəif görünür...
- Mən bu fikirlə razı deyiləm. Fəallıq var, lakin onun kimlərəsə zəif görünməsindən söhbət gedə bilər. Bu fəallığın görünməməsi bir çox səbəblərlə izah oluna bilər. Bir var bu aktivliyi zaman tələb edir, bir də var zaman özü buna, hələlik, ehtiyac duymur. Bizim partiya cılız, sensasion və yersiz nümayişkarlıqdan daim uzaq olub. Bir də ki, partiyanın fəaliyyəti onun sədrinin tez-tez efirdə və ya qəzet səhifələrində görünməsi ilə ölçülmür. Əsas məsələ milli və beynəlxalq məkanda cərəyan edən hadisələrin düzgün təhlilindən, onun Azərbaycan cəmiyyəti üçün nəticələrinin öyrənilməsi və müvafiq addımların atılması təşəbbüslərindən ibarətdir. Bilirsiniz, siyasi partiyanın əsas missiyası cəmiyyətin ictimai-siyasi həyatında aktiv rol oynamaq, ən əsası isə seçkilərdə yaxından iştirak etməkdir. ASRP hər zaman demokratik prinsiplərə əsaslanaraq, keçirilmiş bütün seçkilərə qatılıb. Hər halda, əsas məsələ əqidənin bütövlüyü və amalın təmizliyidir. Eyni zamanda, hər bir siyasi partiya beynəlxalq səviyyədə tanınmalı və qəbul edilməlidir. Ona görə partiyamız beynəlxalq əlaqələrə xüsusi önəm verir. Məsələn, 2008-ci ildə ASRP-nin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda "Qadınlar və dövlət quruculuğu" mövzusunda beynəlxalq konfrans keçirildi. Həmin tədbirə dünyanın 36 ölkəsindən müxtəlif səviyyəli xanımlar - məmurlar, deputatlar, rektorlar və sair təşrif buyurmuşdu. Biz bir sıra ölkələrin aparıcı siyasi partiyaları ilə əməkdaşlıqlar qurmuşuq. Rusiyanın "Spravedlivaya Rossiya" partiyasının qurultaylarında partiyamızın nümayəndə heyəti təmsil olunurdu. Mən həmin qurultaydakı çıxışda Dağlıq Qarabağ münaqişəsinə daha böyük üstünlük verdim. Eyni zamanda, ASRP-nin tədbirlərində də müvafiq qaydada dəvət olunan qonaqlar iştirak edirlər. Vətənimizin ən böyük dərdi olan Qarabağ problemi hər zaman partiyanın diqqətindədir. Bununla bağlı, dünyanın aparıcı ölkələrinə, beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər, bəyanatlar qəbul olunub.
- Partiyanızın növbəti qurultayı nə vaxt keçiriləcək?
- Nizamnaməyə görə 2013-cü ilin yazında nəzərdə tutulub.
- Siz onda da partiya sədri kimi namizədliyinizi irəli sürmək niyyətindəsiniz?
- Bizdə bu məsələ ilə bağlı kollegiallıq çox güclüdür. Onu partiyanın üzvləri bilər. Bir də ki, zamanın hökmü.
- Xanhüseyn müəllim, qanunvericilik yaradıcılığına münasibətiniz necədir?
- Cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi həyatının tənzimlənməsi və idarə edilməsində qanunlar həlledici rol oynayır. Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqda elmdir. Ölkəmizdə artıq qanunlar sistemi bir-birini tamamlamaqla, həm də həyat mexanizminin ahəngdar idarə edilməsinə imkan verir. Lakin arzu edərdim ki, qanunlarımızı təkcə onun yaradıcıları və peşə adamları yox, bütün cəmiyyət üzvləri olduğu kimi mənimsəsin. Bu zaman qanunların ictimai həyata müdaxiləsi və onların təsir gücünün maksimum təmin edilməsinə nail olmaq mümkündür.
- Bir iqtisadçı kimi, necə fikirləşirsiniz, büdcədə neftin qiymətinin 45 dollardan hesablanması düzgün addım idi?
- Xam neftin hər barreli indi 80 dollar civarındadır. Dünyada belə proqnozlar var ki, neftin ucuzlaşması hələ yaxın gələcəkdə də davam edəcək. Lakin mənim fikrimcə, 2010-cu ilin sonunda neftin qiyməti yüksəlməlidir. Bir də ki, xörəyi bişirəndə, duzunu çox atmazlar. Onu yeyəndə istənilən səviyyədə duzlamaq olar. Hesab edirəm ki, büdcədə neftin qiymətinin 50 dollardan hesablanması düzgün addımdır. Yəni, əlavə daxil olan gəlirlər onsuz da bizim büdcəmizə gələcək. Digər tərəfdən də may ayında büdcəyə yenidən baxaraq, əlavə və dəyişikliklər edilməlidir. Həmin vaxt qiymət məsələsinə də yenidən baxıla bilər.
- Ümumiyyətlə, ölkə iqtisadiyyatının durumunu necə qiymətləndirirsiniz?
- Özümüzə özgələrin gözü ilə baxmaq daha real və həqiqətə uyğun olardı. Dünyanın bir çox nüfüzlu beynəlxalq qurumları Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirirlər. Məsələn, Azərbaycan 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayına qədər Dünya Bankının araşdırma apardığı 10 sahənin 7-də islahatlar həyata keçirən və "Doing Business 2009" hesabatında sahibkarlıq fəaliyyətinin əlverişli baxımından dünya reytinqində ən böyük yüksəlişi əldə edən ölkə elan olunub. Eyni zamanda, Azərbaycan həmin reytinqə görə 183 ölkə arasında bir nömrəli islahatçı ölkə kimi qəbul edilib. Ölkəmizin iqtisadiyyatına digər müsbət rəy Dünya İqtisadi Forumu tərəfindən verilib. Həmin beynəlxalq təşkilatın "2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabat"ında ölkəmizin son iqtisadi uğurları yüksək qiymətləndirilib. Bu dövrdə ölkəmizin reytinqi qlobal rəqabətliliyi indeksinə görə, 133 ölkə arasında 18 pillə irəliləyib və 2008-ci ildəki 69-cu yerdən 2009-cu ildə 51-ci yerə yüksəlib. Dünyanın nüfuzlu nəşrlərindən sayılan "İnternational Living" jurnalı ölkələrin 2009-cu il üçün müxtəlif kateqoriyalar üzrə reytinq göstəricilərini açıqlayıb. Jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib. Bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir. Qlobal maliyyə böhranı şəraitində öz tarazlığını qoruyub saxlayan mərkəzin və regionların sosial-iqtisadi inkişafının ahəngdar gedişinə çox müsbət qiymət verən Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Vedjevçak "Azadlıq" radiosuna verdiyi müsahibəsində deyib: "Ümumi vəziyyəti 10 balla qiymətləndirsəydik, Azərbaycana verərdim". Dünyanı bürüyən iqtisadi böhran reallıqları nəzərə alındıqda, bu, çox uğurlu nəticədir.