Fuad Qəhrəmanlının "SƏS" qəzetinə müsahibəsi
- AXCP (i) və Müsavat partiyasının birləşməsi məsələsi yenidən gündəmə gətirilib. Sizcə, bunun reallaşması nə dərəcədə mümkündür? Əgər belə bir birləşmə baş verərsə, bu, hansı siyasi dividendə hesablana bilər?
- Əvvəla, qeyd edim ki, belə bir ideya nə AXCP (i)-yə, nə də Müsavat partiyasına məxsusdur. Bu ideyanı o şəxslər ortaya atıb ki, hər hansı partiyada qərarların qəbul olunmasında iştirak etmirlər. Əgər bu ideya adları çəkilən partiyalarda gündəmdə yoxdursa, bunun kimlərsə tərəfindən gündəmə atılması sağlam məqsədləri ifadə etmir. Yəni, bu fikir partiyaların iradəsinə zidd və istəklərinə qarşı olaraq ortaya atılır. Nəticədə bu ideya gerçəkləşmir. Bu məsələ ilə bağlı xəyal qırıqlığı, ümidsizlik yaranır. Guya ki, hər hansı birliyin yaradılması gündəmdə idi və bu da baş tutmadı kimi, dezinformasiyalar yayılır. Bu birliyin baş tutacağı təqdirdə də, onun ictimai-siyasi aktivliyə mənfi təsir göstərəcəyi haqqında fikirlər səsləndirirlər. Bu baxımdan, hesab edirəm ki, bu ideyanın gündəmə gətirilməsinin özü sağlam deyil. Əgər belə bir zərurət olarsa, bu, ilk növbədə, həmin siyasi partiyaların yekdilli orqanlarında müzakirə olunmalı, bu istiqamətdə danışıqlar aparılmalı və daha sonra cəmiyyətə məlumat verilməli idi. Həqiqətdə belə bir ideya yoxdursa, deməli, yayılan məlumatların da heç bir əsası yoxdur.
AXCP (i) "Azadlıq" blokunda fəaliyyət göstərir və öz müttəfiqləri ilə kifayət qədər isti münasibətləri var. AXCP (i)-nin bu blokdan kənarda hər hansı birlik modelində iştirakı real deyil. Kimlərsə AXCP (i) ilə eyni sırada fəaliyyət göstərmək istəyərsə, qarşıdan parlament seçkiləri gəlir və müxalifətin daha geniş birliyinin yaradılması məsələsi gündəmdədir. Bu baxımdan, bu istiqamətdə olan təşəbbüslər, həmin siyasi qüvvələrin "Azadlıq" blokuna inteqrasiyası çərçivəsində baş tuta bilər. Bizim partiya ilə Müsavat partiyasının parlament seçkilərində birgə iştirakına ehtiyac yaranarsa, bu məsələ "Azadlıq" blokundakı müttəfiqlərimizlə birlikdə həll olunacaq.
- Fuad bəy, az öncə qeyd etdiniz ki, birləşmə ideyasını ortaya atanlar partiyalara aidiyyatı olmayan şəxslərdir. Burada söhbət konkret kimdən gedir?
- Bəli, həmin şəxslər nə AXCP (i)-nin, nə də Müsavatın rəhbərliyində təmsil olunur. Hər iki partiya adından söz demək səlahiyyətlərinə sahib olan şəxslərdən heç biri bu barədə danışmır və belə bir məsələnin olduğunu təsdiqləmir. Deməli, bu barədə danışanlar partiyanı təmsil etmək, partiya adından danışmaq səlahiyyətləri olmayan şəxslərdir. Bu da partiyaların mövqeyini əks etdirmir.
- Dediniz ki, əgər AXCP (i) ilə Müsavatın birliyi məsələsi gündəmə gələrsə, bu birləşmə "Azadlıq" bloku çərçivəsində baş tuta bilər. Amma zamanında Müsavat partiyası bu blokda olub və onun yenidən "Azadlığ"a qayıtması nəyi dəyişə bilər?
- Siyasi proseslər dinamik xarakter daşıyır. Siyasət riyaziyyat deyil ki, sabit düsturlarla hərəkət olunsun. Müsavat partiyası o zaman "Azadlıq" blokunda olub ki, həmin vaxt ölkədə böyük ictimai-siyasi kampaniya gedirdi və parlament seçkilərinin keçirilməsi planlaşdırılmışdı. Həmin vaxt müxalifətin bütün səylərinin birləşdirilməsinə zərurət var idi. Sonrakı mərhələdə Müsavat partiyasının parlamentdə təmsil olunmaqla bağlı fikiləri "Azadlıq" blokunda təmsil olunan partiyaların fikirləri ilə haçalandı və yanaşmalar fərqli oldu. Bu vəziyyətdə Müsavat partiyasının "Azadlıq" blokundan ayrılması baş verdi. Təbii ki, Müsavat partiyası bu blokda yenidən olmaq istəyərsə və inteqrasiya zərurəti yaranarsa, proseslərə baxışlarımızda ortaq mövqeyə gəlinməlidir. Bu, olmayacağı halda, onun blokda yenidən təmsil olunması məsələsi də reallaşmayacaq. Arzu edərdik ki, Müsavat partiyası "Azadlıq" bloku çərçivəsində bizimlə birgə parlament seçkilərinə qatılsın. Sonradan hansı proseslərin baş verəcəyi isə sonrakı dəyərləndirmədir. Bu baxımdan, bizim hər hansı blok çərçivəsində əməkdaşlığımız konkret prinsiplər və ortaq maraqlar əsasında mümkün olacaq. Hesab edirəm ki, indiki situasiyada məhz bu cür ortaq maraqlara və məqamlara zərurət var. Müsavat partiyasının bu amillərin kontekstində "Azadlıq" blokunda təmsil olunması proseslərin xeyrinə olardı.
- Bürclər əsasında müxtəlif istiqamətlərdə proqnozlar verən Səbuhi Rəhimli, mətbuata verdiyi açıqlamalarının birində AXCP (i) və Müsavat partiyası arasında birliyin baş tutmayacağı təqdirdə, bunun Əli Kərimov üçün çətin bir dövr olacağını deyib. Bu məsələyə sizin münasibətiniz necədir?
- Biz siyasətlə məşğuluq və siyasəti müəyyənləşdirərkən, siyasətlə bağlı fikirlərimizi bildirərkən, proqnozlar verərkən, ilk növbədə, mövcud şərtlər, inkişaf tendensiyaları, siyasi faktorların siyasi proseslərə təsir imkanları nəzərə alınır. Bütün bunlardan kənarda ulduzlar əsasında proqnozlar vermək, artıq siyasətin özünə qeyri-ciddi və qeyri-siyasi yanaşmadır. Çalışaq ki, siyasətin qeyri-ciddiləşməsinə rəvac verməyək və ulduz falları ilə siyasi prosesləri proqnozlaşdırmağa çalışmayaq. Çünki bunlar cəmiyyətin inkişaf qanunuyğunluqlarına, siyasi proseslərin xarakter və mahiyyətinə zidd spekulyativ fəaliyyətlərdir. Biz bu cür məntiqdən və yanaşmalardan uzağıq. Hesab edirik ki, bu gün Azərbaycanda gedən siyasi proseslərin özünəməxsus dinamikası, inkişaf tendensiyaları və bunlara təsir göstərən faktorlar var. Hansısa münəccimin sözü ilə siyasi proseslərə yanaşmaq ölkədəki siyasi proseslərin mahiyyətini və cəmiyyətin dəyişikliklərlə bağlı tələbatlarını nəzərə almamaqdan irəli gələn yanaşmadır.
- Eyni məsələ ilə bağlı "Yeni Müsavat" qəzetində də Rauf Arifoğlunun proqnozları yer alır. R.Arifoğlunun bu cəhdini nə ilə izah edərdiniz?
- Mən Rauf Arifoğlunun bu məsələdə nəyə meyilli olmasını deyə bilmərəm. Ayrı-ayrı fərdləri müzakirə etməyi düzgün saymıram. Qeyd edirəm ki, ulduz falları ilə siyasi proseslərə təsir göstərilməsi, həm diletantlıq, həm də ictimai rəyə təsir göstərmək istəyən və siyasi proseslərin iştirakçısı olmayan qüvvələrin işidir. Bu hal təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində də baş verir. Hesab edirəm ki, bu cür işlənmiş üsullara müraciət etmək perspektivsizdir və bunlar sağlam niyyəti ifadə etmir.
- Fuad bəy, müxalifət partiyaları arasında qarşıdurmalar səngimək bilmir. Məsələn, Müsavat və "Ümid" partiyaları kontekstində müxalifətin hansı birliyindən danışmaq olar?
- Müxalifət bütöv bir komanda deyil və burada ayrı-ayrı siyasi baxışlar var. Müxalifət partiyaları arasında siyasi proseslərə zaman-zaman fərqli yanaşmalar mövcud olur. Bu hal normaldır və bunu qəbul etməməyin özü antidemokratik təfəkkürdür. Dünya ölkələrinin əksəriyyətində müxalifət partiyaları bir arada deyil və onların da zaman-zaman fərqli mövqeləri ortaya çıxır. Hər kəs öz siyasi baxışlarını ifadə və təqdim edir. Cəmiyyətin dəstəyi də seçki prosesində həll olunur. Müxalifət partiyaları arasında fikir ayrılıqlarını və siyasi proseslərə baxış fərqliliyini parçalanma və qarşıdurma səviyyəsində təqdim etmək düzgün deyil.
- AXCP (i) uzun müddətdir ki, qurultay keçirməyə çalışsa da, bunu reallaşdıra bilmir. Bəziləri bunu daxili intriqalar, bəziləri isə partiyanın qurultaya nümayəndə tapa bilməməsi ilə əlaqələndirir. Əslində, qurultayın baş tutmamasının səbəbi nədir?
- Əgər AXCP (i) arasında hər hansı daxili intriqalar mövcud olsaydı, bu, hər kəsə bəlli olardı. Partiyanın qurultaya nümayəndə tapa bilməməsi haqqında yayılan məlumatlar isə, Azərbaycanda müxalifətin olmaması görüntüsünü yaratmağa xidmət edir. Bu cür məlumatlar həqiqətə uyğun deyil.
- Ola bilərmi ki, Əli Kərimov partiyanın qurultayında sədr seçilməsin?
- Ola bilməz.