PDF Oxu

Müsahibə

  • 9

Serj Sarkisyanın Avropa Məhkəməsinə verilməsi hüquqi əsaslara söykənir

Serj Sarkisyanın Avropa Məhkəməsinə verilməsi hüquqi əsaslara söykənir

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan hökuməti Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarına görə Ermənistan prezidentini Avropa Məhkəməsinə verməyə hazırlaşır. Politoloq Cümşüd Nuriyev "Səs" qəzetinə verdiyi açıqlamasında bu və digər məsələlərə aydınlıq gətirdi.
- Cümşüd bəy, Azərbaycan hökuməti Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarına görə Ermənistan prezidenti Serj Sarkisyanı Avropa İnsan Haqları Məhkəməsinə verməyə hazırlaşır. Sizcə, Avropa Məhkəməsində bununla bağlı ədalətli qərar qəbul edə biləcəkmi?

- Əvvəla, bir məsələni qeyd edim ki, Avropa İnsan Haqları Məhkəməsi Ermənistan prezidenti Serj Sarkisyanın Xocalı soyqırımında əlinin olması ilə bağlı dəlilləri istəyib. Məhkəmə bu istəyini Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin iddiasına cavabında ifadə edib. ASİMDER rəhbəri Göksel Gülbey jurnalistlərə müsahibəsində bildirib ki, S.Sarkisyanın Xocalı faciəsində iştirakı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə etdikləri müraciətə cavab alıblar. Məhkəmədən göndərilən cavabda deyilir ki, müraciət icraata götürülüb və dəlillər 8 yanvar 2010-cu ilədək Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunmalıdır: "Müraciətimizə cavab verilməsi bizi sevindirib. Məhkəmə bizdən S.Sarkisyanla bağlı dəlil istəyir. Biz əlimizdəkilərdən əlavə, Azərbaycanın Qarsdakı baş konsulluğundan da dəlillər istəyəcəyik. Ən qısa müddət ərzində dəlil və sənədlərlə birlikdə yenidən müraciət edəcəyik".
Göksel Gülbey bildirib ki, S.Sarkisyan Xocalı soyqırımına görə cavab verməlidir: "Avropa İnsan Haqları Məhkəməsinin ədalətli qərar verəcəyinə inanırıq. Çünki S.Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əsrini verib və soyqırımında birbaşa iştirak edib. Bu dövrdə 1 milyon 200 min Azərbaycan vətəndaşı yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Bü səbəbdən S.Sarkisyan Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavab verməlidir".
Ermənistan prezidentinin cinayətkar olması bütün dünyaya bəllidir. Lakin bu fakt qanun formada dünyaya çatdırılmalıdır. Yuxarıda söylənildiyi kimi, S.Sarkisyan 1990-1993-cü illərdə "Xüsusi müdafiə" deyilən dəstənin başçısı olmaqla yanaşı, əldəqayırma "Dağlıq Qarabağ"ın müdafiə naziri olub. Sonra isə, Ermənistan prezidentinin rəsmi şəkildə imzaladığı fərmana əsasən, Xocalı hadisələri zamanı orduya rəhbərlik edib. Həmin hadisələr zamanı ingilis jurnalisti Tomas Uvar, xüsusilə, Xocalı faicəsilə bağlı çoxlu faktlar götürüb. Həmin faktlardan biri olan S.Sarkisyanla aparılan müsahibəsidir. Jurnalist S.Sakisyana "Xocalıda baş verənlərə münasibətiniz necədir" sualına "Biz münasibətləri çox qabartmaq istəmirik, sakit danışmaq istərdim. Ancaq Azərbaycana yaxşı dərs verdik. Onlar elə bilirdilər ki, dinc əhaliyə əl qaldırmayacağıq. Amma onlar bu hadisə ilə bir daha dərslərini aldılar. Ona görə də bu hadisələrdə iştirak etdiyimə görə özümü çox xoşbəxt sayıram" cavabını verib. Bildirim ki, ingilis jurnalistinin bu müsahibəsi əvvəlcə İngiltərədə, 2005-ci ildə Moskvada "Qarabağ" deyilən topluda nəşr olunub. Bu müsahibə həmin kitabın 235-ci səhifəsində verilib. Azərbaycanda da "Ədalət axtarış" barəsi haqqında da Qanunda da bildirilir ki, mətbuatın verdiyi hər hansı bir informasiya və ya məlumatla bağla cinayət işi qaldırıla bilər. Yəni Ermənistan prezidenti S.Sarkisyanla bağlı məlumat Azərbaycan mətbuatında verilən məlumatla yanaşı, həm İngiltərədə, həm də Rusiyada "Tekst" nəşriyyatında çap olunan "Qarabağ" adlı 126 səhifəlik kitabında verilib. Bütün bu faktlara görə də, Azərbaycanın Avropa Məhkəməsinə müraciət etməyə əsasları var. Eyni zamanda, vaxtı ilə S.Sarkisyanla bir yerdə işləyənlər və bu hadisələri görənlər çox gözəl bilirlər ki, indiki Ermənistan rəhbərləri hamılıqla məhkəməyə verilməlidirlər. Bundan başqa, 1996-cı ildə Zori Balayanın "Ruhumuzun xilası" adlı kitabında açıq-aydın azərbaycanlı uşaqların necə zorlanması, 13 yaşında oğlan uşağının zorlanması ilə yanaşı, anasının döşlərini gözləri qarşasında kəsərək, uşağın ağzına salması, sonra uşağın əllərini pəncərəyə mıxlaması, dərisini soyub qanını üzünə yaxması və ana ilə uşağın işgəncə ilə 7 dəqiqəyə ölməsindən həzz almaları barədə yazılar verib. Həmçinin, Livan ermənisi Davud Mansursiriyanın yazdığı kitabın 19-cu səhifəsindən 76-cı səhifəsinə kimi, bu hadisələrlə bağlı faktları verib. Bütün bu deyilənlər, onu deməyə əsas verir ki, Azərbaycan hüquqi cəhətdən tamamilə əsaslıdır ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etsin və S.Sarkisyanın soyqırım törətməsini, həm də uşaq qatili, insan qatili olduğunu gündəmə gətirsin. İnanırıq ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi azərbaycanlılara qarşı Ermənistan prezidenti ilə bağlı ciddi qərar çıxaracaq. Avropa Məhkəməsinin çıxardığı qərar həm mənəvi, həm də siyasi cəhətdən bizə lazımdır. Çünki torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında borcumuzu ödəmiş oluruq.

- Cümşüd müəllim, dünyada belə bir faktın mövcudluğu barədə misal göstərə bilərsinizmi?

- Bəli, belə faktlar var. Yuqoslaviyada, Bosniya və Hersoqovanoda belə bir fakt həyata keçirilib. Zimbabvedə bu məsələ məhkəmədədir, Somalidə bu problem gündəmdədir. Ona görə də belə faktlar çox olmaqla yanaşı, həm də S.Sarkisyanın Xocalı genosidində iştirak etməsi danılmazdır. Eyni zamanda, bu faktlar erməni saxtakarlıqları ilə bağlı "Saxtalaşdırılmış tarixin sirləri" kitabında öz əksini tapıb. Yaxın günlərdə bu kitab bütün dillərdə çap olunacaq və bütün dünyaya çatdırılacaq. Bütün bu dəlillər, onu deməyə əsas verir ki, Azərbaycan bu məsələdə tamamilə haqlıdır.

- Bildiyiniz kimi, Münhen görüşü ərəfəsi Azərbaycan tərəfi Ermənistanla bağlı BMT-yə etdiyi müraciəti geri götürmüşdür. Azərbaycanın BMT-dəki nümayəndəsi Aqşin Mehdiyevin bəyan etdiyinə görə, bu məsələ yenidən gündəmə gətirilib. Sizcə, bu, nəyi dəyişə bilər?

- Azərbaycan beynəlxalq hüquq normalarına görə sülh danışıqlarının getdiyi bir şəraitdə, qarşı tərəfə təzyiq göstərməmək, eyni zamanda, beynəlxalq aləmdə sülh danışıqlarının tərəfdarı olduğunu bir daha sübut etmək üçün bu addımı atmışdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə işğalçı ölkənin rəhbəri S.Sarkisyan arasında keçirilən 8 görüşdə Ermənistan tərəfi ciddi bir addım atmayıb. Lakin Azərbaycan Prezidentinin ən böyük uğurudur ki, 2009-cu ilin noyabr ayında Moskvada imzalanmış üçtərəfli - Rusiya-Azərbaycan-Ermənistan arasında saziş zamanı Ermənistan prezidenti rəsmi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu fakt faktlığında qalır. Azərbaycan bu məsələni yenidən gündəmə gətirir ki, Ermənistan bütün məsələlərdə ikiüzlülük edir, saxtakarlıqla məşğuldur.
İkinci bir tərəfdən, bu qurum, əslində, ABŞ-ın əlində bir alətdir. Yəni, bir növ, dünyanı əlində saxlamaq və öz işğalçı siyasətinə don geydirmək alətidir. Burada başqa, bir məsələ də var - xristian həmrəyliyi. Lakin Azərbaycan haqlı tərəf olmasına baxmayaraq, bu dövlətlərin özlərinin iqtisadi maraqlarına görə, hardasa Ermənistanın yanında olmağa çalışırlar. Amma Azərbaycan Prezidenti 31 dekabrda ictimaiyyətə müraciət etdi. Azərbaycan xalqını həm həmrəylik, həm də yeni il bayramı münasibəti ilə təbrik etdi. Ölkə Prezidenti çıxışı zamanı Azərbaycan dövlətinin iki prinsipini ortaya qoydu: birincisi, Azərbaycanın ərazi bütövlüyü; ikincisi isə Dağlıq Qarabağ heç bir zaman müstəqil olmayacağı. Ölkə Prezidenti bu məsələdə həm öz iradəsini, bacarıqla yürütdüyü uğurlu siyasətini ortaya qoydu, həm də Azərbaycanın iqtisadi, siyasi, hərbi, hüquqi üstünlüklərini ortaya qoydu. Ona görə də, Azərbaycanın haqq işində geri çəkilməyə yeri də yoxdur.

- Cümşüd müəllim, prezidentlərin yanvar ayında keçirilməsi nəzərdə tutulan növbəti gözlənilən görüşlərindən müsbət nə gözlənilir?

- Bu gün Ermənistan bütün sahələrdə iflic vəziyyətindədir. Çünki ölkə daxilində qarşıdurma çox güclüdür. Artıq yanvarın 10-dan Ermənistanda mitinqlər dalğası başlayır. S.Sarkisyanın hakimiyyətdən getmək məsələsi gündəmdədir. Digər tərəfdən, mart ayının 10-da Türkiyə ilə imzalanmış protokolların rəsmi karta müddəti bitir. Fransa Ermənistana maddi yardım göstərməkdə davam edir. Yəni bütün bunların fonunda bir məsələ qalır ki, Ermənistanın ağılsız yürütdüyü siyasət onu çıxılmaz vəziyyətə saldığı üçün bu yoldan geri çəkilməlidir. Ona görə də bu görüşlərdən, açığı ciddi bir şey gözləmirəm. Çünki S.Sarkisyan prezident deyil, dövlətin başında duran bir kukladır. Onu idarə edirlər, o, idarə etmir. Eyni zamanda, həmin görüşlər zamanı o dövlətlərin marağı təmin olunmadığına görə, bu görüşlərdən ciddi bir şey gözləmirəm. Qaldı ki, S.Sarkisyanın istefasına, o, Dağlıq Qarabağ üstündə hakimiyyətə gəldiyi üçün bu müstəvidə də hakimiyyətdən gedəcək.

- Bu gün Ermənistanda keçiriləcək mitinqlər dalğasında Serj Sarkisyanın istefası tələb olunur. Siyasi təhlilçilərin dediyinə görə, bununla Dağlıq Qarabağ münaqişəsinin ətrafında aparılan danışıqların uzadılması planlaşdırılıb. Bu, nə dərəcədə arqumentli mövqedir?

- Bilirsiniz, Ermənistan bir dəfə bundan istefa etdi. O zamankı Ermənistanın prezidenti Levon Ter-Petrosyan ümummilli liderimiz Heydər Əliyevin arqumentləri qarşısında geri çəkilmişdi və razılıq vermişdi. Həmin vaxtlarda S.Sarkisyan başda olmaqla onun adamları parlamentə daxil olaraq adamlara atəş açmışdılar. Bu gün artıq Ermənistanda sınaqdan çıxıb. S.Sarkisyanın hakimiyyətdən getməsinin isə Azərbaycana xeyiri var. Çünki Ermənistan bütün sahələr üzrə çökür. Ona görə də, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan öz mövqeyində qalacaq. Ancaq bütün hallarda Sarkisyan kimi qatilin hakimiyyətdən getməsi Dağlıq Qarabağ probleminin həllini sürətləndirəcək. Ona görə də, bu məsələ ilə bağlı politoloqların dedikləri fikirlərlə razı deyiləm. Bu fikirləri müxalifət mövqeli politoloqlar düşünürlər.

Digər xəbərlər